“Neftçi” İdman Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqov Suraxanıdakı idman bazası ilə bağlı səslənən iddialara münasibət bildirib.
Modern.az xəbər verir ki, o, sözügedən ərazinin Neftçi PFK İSM-ə məxsus olduğunu, vaxtilə Qarabağ FK klubuna 25 illik icarəyə verildiyini bildirib.
“Qarabağ rəhbərliyi də çox gözəl bilir ki, bu ərazi klubun inkişafı üçün onlara verilib. O vaxt Quzanlıda vəziyyət indiki kimi deyildi. Biz istəyirik ki, futbol məhz Quzanlıda inkişaf etsin. Biz bu bazada Fərid Mənsurov, Rövşən Bayramov, Rəsul Çunayev kimi idmançılar yetişdirmişik. Gün ərzində 700-800 uşaq buraya gəlir. Suraxanıda yeganə pulsuz idman məkanıdır”, -deyən S.Sadıqov vurğulayıb ki, Suraxanıdakı baza təkcə futbol üçün deyil, ümumilikdə idmanın inkişafı baxımından mühüm rol oynayır.
O, “Qarabağ” klubuna ayrılan digər ərazilərlə bağlı da suallar səsləndirib: “Gedib "Qarabağ"a deyin ki, onlara verilən əraziyə baxmaq istəyirsiniz, görək sizi buraxacaqlarmı? Amma "Neftçi"yə yaxınlaşın, uşağınızı pulsuz idmana yazdıra bilərsiniz”.
Sadıq Sadıqov əlavə edib ki, əgər Suraxanıdakı baza da “Qarabağ”a verilərsə, yüzlərlə uşağın idman imkanları məhdudlaşacaq:
“Biz öz ərazimizi də verdik, bəs uşaqlar hara getsin? Niyə məhz oranı istəyirlər? Çünki hər cür şərait var. Məgər Tahir Gözəl başqa yerdə baza yarada bilməz? Getsin boş ərazilərdə tiksin, Quzanlıda şərait yaratsın, komandanı orada qarşılasın”.
Qeyd edək ki, məsələ ilə bağlı tərəflər arasında fikir ayrılığı davam edir.
(Futbolinfo)