Ötən gün 75 yaşlı Məzahir Pənahov daha 5 il müddətinə Mərkəzi Seçki Komissiyasının sədri seçildi.
Modern.az xəbər verir ki, beləliklə o Azərbaycanda keçiriləcək daha 3 seçki prosesinə rəhbərlik edəcək.
Məzahir Pənahov 2031-ci ilə qədər Mərkəzi Seçki Komissiyasının rəhbəri kimi ölkədə keçirilən seçkilərin təşkilinə və idarə olunmasına cavabdeh olacaq.
O 2029-cu ildə keçiriləcək VIII çağırış parlament seçkilərinə və Prezident seçkilərinə, həmçinin 2030-cu ildə keçirilməsi gözlənilən bələdiyyə seçkilərinin təşkil edilməsinə rəhbərlik edəcək.
Xatırladaq ki, 19 may 2000-ci ildən Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsini icra edən Məzahir Pənahov bu müddət ərzində çoxsaylı seçki proseslərinə rəhbərlik edib. O, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərinə, həmçinin II, III, IV, V, VI və VII çağırış Milli Məclis seçkilərinə rəhbərlik edib.
Bununla yanaşı, 2004, 2009, 2014, 2019 və 2025-ci illərdə keçirilən bələdiyyə seçkiləri, eləcə də 2006 və 2011-ci illərdə baş tutan təkrar, əlavə və yeni bələdiyyə seçkiləri onun rəhbərliyi dövrünə təsadüf edir. Eyni zamanda, 2002, 2009 və 2016-cı illərdə keçirilən Konstitusiya referendumları da onun rəhbərliyi altında baş tutub.
Beləliklə onun rəhbəri altında baş tutan seçkilərin ümumi sayı ən az 24 olacaq.