İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi diplomatik missiyanın "Telegram" kanalındakı paylaşımı səbəbindən Britaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya XİN-in bəyanatında deyilir.
"XİN-in Yaxın Şərq üzrə məsul müavini Hemiş Falkoner İran səfirliyinin sosial şəbəkələrdəki qəbulolunmaz və təhrikedici şərhlərinə cavab olaraq İranın səfirini çağırıb. Nazir müavini aydın şəkildə bildirib ki, bu növ hərəkətlər və şərhlər tamamilə qəbulolunmazdır və səfirlik Böyük Britaniyada və ya digər ölkələrdə zorakılığa çağırış kimi qiymətləndirilə bilən hər hansı ünsiyyət növünə son qoymalıdır", - deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, aprelin 15-də İranın Londondakı səfirliyi "Telegram" kanalında fars dilində yazı paylaşaraq, ABŞ və İsrailin hərbi əməliyyatları fonunda Böyük Britaniyada yaşayan iranlıları vətənin müdafiəsinə qoşulmağa çağırmışdı.
Bu paylaşıma diqqət yetirən Britaniya mediası onda "şəhidliyin" təşviqini görmüş və bunu son həftələrdə Britaniya paytaxtında yəhudi təşkilatlarına qarşı baş verən silsilə hücumlarla əlaqələndirmişdi.