Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamovun monoqrafiyası dünyanın aparıcı elmi nəşriyyatlarından biri olan “Springer” tərəfindən nəşr edilib.
Modern.az xəbər verir ki, tədqiqat işi 5G rabitə sistemləri, radar, naviqasiya və peyk texnologiyaları üçün ağıllı antena sistemlərinin nəzəri və tətbiqi aspektlərinə həsr olunub (//link.springer.com/book/9783032154880).
Monoqrafiyada müasir simsiz rabitə və siqnal emalı sahəsində aktual problemlər kompleks şəkildə təhlil edilir, ağıllı antena sistemlərinin modelləşdirilməsi, layihələndirilməsi və optimallaşdırılması istiqamətində elmi yanaşmalar təqdim olunur. Eyni zamanda, müxtəlif tətbiq sahələri üçün bu sistemlərin effektivliyinin artırılmasına yönəlmiş metod və alqoritmlər ətraflı şəkildə araşdırılır.
Tədqiqat işi müvafiq sahədə çalışan alimlər, mühəndislər, eləcə də magistr və doktorantlar üçün mühüm elmi mənbə kimi dəyərləndirilə bilər.