Kameral gömrük auditinin aparılması qaydaları, müddətləri və iştirakçıların öhdəlikləri konkretləşdirilir.
Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Layihəyə görə, kameral audit gömrük bəyannamələrindəki məlumatların xarici ticarət fəaliyyəti ilə bağlı kommersiya, maliyyə və nəqliyyat sənədləri əsasında araşdırılması yolu ilə aparılacaq.
Yeni qaydalara əsasən, kameral audit malların buraxılışından sonra 60 iş günündən gec olmayaraq həyata keçiriləcək və eyni bəyannamə üzrə təkrar audit aparılmayacaq.
Audit müddəti zəruri hallarda, xüsusilə beynəlxalq sorğularla bağlı olaraq 30 iş gününədək uzadıla bilər.
Audit zamanı uyğunsuzluqlar aşkar edildikdə, xarici ticarət iştirakçısına 5 iş günü ərzində bildiriş göndəriləcək və ondan əlavə məlumat, sənəd və izahatların təqdim edilməsi tələb olunacaq. Bu məlumatlar 10 iş günü müddətində təqdim edilməlidir.
Təqdim olunan sənədlər gömrük orqanı tərəfindən 10 iş günü ərzində araşdırılacaq və uyğunsuzluq təsdiqlənərsə, bu barədə 5 iş günü müddətində qərar qəbul edilərək şəxsə göndəriləcək.
Əlavə sənədlər üzrlü səbəb olmadan təqdim edilmədikdə, gömrük orqanları mövcud məlumatlar əsasında gömrük ödənişlərini hesablamaq və qərar vermək hüququna malik olacaq.
Bundan başqa, kameral auditin nəticələrinə əsasən, zərurət yarandıqda plankənar səyyar gömrük auditi də həyata keçirilə biləcək.