Modern.az

İnteqrasiya yoxsa assimilyasiya?

İnteqrasiya yoxsa assimilyasiya?

Aktual

19 Fevral 2014, 23:59

Sahib Əsədbəyli

XXI əsrin ikinci onilliyini yaşayırıq. Dünya tarixi özünün ən yüksək tərəqqi dövrünü yaşayır. Elm və texnologiya sürətlə inkişaf edir, bəşəriyyət hər keçən gün yeni kəşflərə şahidlik etmiş olur.  İnkişaf etmiş, dünyaya inteqrasiya edən ölkələr sırasında Azərbaycanın da adı çəkilir. Ancaq təəssüflər olsun ki, özümüz deyib, özümüz də təsdiq edirik. İnkişaf anlayışını şərtləndirən bir neçə amil var ki, burada da subyektlər bir yox, bir neçədir. Ölkənin inkişafını səciyyələndirən əsas əlamətlərdən birincisi xalqının fundamental biliyə, dərin düşüncə və məntiqə, bir sözlə yüksək intellektə malik olmasıdır. Daha onun ayrı-ayrı şəhərlərində salınan park və xiyabanları, paytaxtının yüksək işıqlandırılma effekti sayəsində nüfuzlu Avropa şəhərləri ilə müqayisə edilməsi ilə inkişaf amili xarakterizə edlmir.

Cəmiyyətimizdə səthi və kökündən yanlış dərk edilən anlayışlardan olan intellekt anlayışı özündə millilikdən, vətən sevgisindən başqa nəyi desən ehtiva edir. Hərçənd mütaliə sözünün mənasının belə başa düşülməsi qəliz olan  bir ölkədə intellekt anlayışından geniş aspektdə söhbət açmaq bir qədər çətindir. Ancaq, Nizami Gəncəvi demişkən; kamil bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan. Odur ki, necə deyərlər dad yarımçıq əlindən.

Sistemsiz mütaliə ilə məşğul olan yaradıcı intellektuallar sayəsində artıq inteqrasiya anlayışını assimilyasiya ilə səhv salmışıq.  Bunun nəticəsidir ki, dili söz,  əli qələm tutan hər bir kəs xalqın milli-mənəvi  dəyərlərini tənqid edir, onlara qərb təfəkkürünün bizim üçün tamamilə yad ünsürlərini aşılayır. Onların arxasınca gedən gənclik isə bir neçə müddətdən sonra yanlış dərketmələrlə  üz-üzə qalır. Nə isə, bu haqda keçən yazılarımın birində bəhs etmişdim. Odur ki, keçək digər məsələyə...

İnkişafın beynəlmiləl xarakterinin milli xüsusiyyətlərə təsiri onunla şərtlənir ki, milli xüsusiyyətlər təkmilləşərək öz inkişafında beynəlmiləl cəhətlərlə zənginləşir. Əsl milli sərvətlər, mütərəqqi cəhətlər həmişə beynəlmiləl keyfiyyətlərlə uyğunlaşır. Millətin ərazi, dil, iqtisadi və mənəvi həyat birliyi əsasında formalaşan xüsusiyyətlərindən ən başlıcası milli hisslərdir. Milli psixologiyanın əsas ünsürlərindən biri olan milli hisslər bir tərəfdən millətin həyat şəraitinin, digər tərəfdən isə insanların xalq birliyinə xas olan hisslərinin qanunauyğun pilləsi kimi formalaşır. Birinci halda milli hisslər millətin ictimai, iqtisadi inkişafına, mədəni məişət xüsusiyyətlərinə emosional münasibəti kimi, ikinci halda isə insan hisslərinin millətə xas olan qanunauyğun varisi kimi çıxış edir. 

İnteqrativ inkişaf anlayışını assimliasiyaya sürükləyən  əsas amillərdən biri də  cəmiyyətimizdə ictimai nəqliyyat da daxil olmaqla, gündəlik məişətdən tutmuş rəsmiliyədək, ünsiyyətdə xarici dildən ifrat istifadə edilməsidir. Hansı ki, ölkədə xüsusilə paytaxtda elə bir idarə, müəssisə və təşkilat  tapmaq olmaz ki, orada xarici dildən istifadə olunmasın.

Təbii ki,  xarici dildə danışmaq bacarığı  təqdirəlayiq haldır. Xüsusən, beynəlxalq münasibətlərsiz  keçinməyin mümkünsüz olduğu zəmanəmizdə geniş çevrəni əhatə edən hər hansı dili öyrənmək, bir çox sektorda çalışan şəxslər üçün hətta zərurət hesab olunmalıdır. Daha canının hayında olan xəstənin belə, xarici dildə danışması az qala prioritet halına gətiriləcək qədər xarici dildən istifadə etmək qəbuledilməzdir. Hansı ki, ölkədə fəaliyyət göstərən xəstəxanaların əksəriyyəti fanatik "poliqlot" olan həkimlərlə zəngindir. Bu ölkədə sevgilin və ya ailənlə maraqlı həftəsonu keçirmək üçün kinoteatra getmək də xarici dil bilmək tələb edir. Hansı ki, ölkədə fəaliyyət göstərən kinoteatrların böyük əksəriyyətində Azərbaycan dilindən başqa hansı dildə desən,  film nümayiş etdirilir.

Hətta kitab mağazalarında belə, ana dilində olan kitablar azlıq təşkil edir. Azərbaycan klassikası bir yana artıq keçən  əsrin ədəbiyyatı da muzey eksponatı səciyyəsi kəsb edirsə, bu ölkənin milli dəyərlərindən bəhs etmək də getdikcə qəlizləşir. Belə olan halda isə analoji vəziyyət qanunauyğun hesab olunmalıdır.  
Bütün tarixi dövrlərdə insanların həyatında adət-ənənələr, xalqının dili, dini, milli-mənəvi dəyərləri tənzimləyici rol oynamışdır.Həyat tərzinin tarixi inkişaf prosesində yaranmış adətlərə əməl edilməsi hamının vətəndaşlıq borcudur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?