Modern.az

“Bir Elin Manifesti” - Möcüzə

“Bir Elin Manifesti” - Möcüzə

Aktual

19 Sentyabr 2025, 12:36

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:

***

“Qorxulu nağıllar”ın müəllifi S.S.Axundovun ruhuna ehtiramla.2025-ci ilin mart ayının 31-i idi. Göygöl rayonunun Yeni Zod kəndində yaşayan 71 yaşlı Məhəmmədəli baba nəvələrini başına topladı və dedi:
-Babalarım, bu gün haqqında nə bilirsiniz?
Babanın böyük nəvəsi Selcan dedi:
-Baba, 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılar Bakıda, Gəncədə, Lənkəranda soyqırıma məruz qalıblar. Bu gün onların anım günüdür.
-Düz deyirsən, canım mənim, ürəyim mənim! Bəs bizim baba yurdumuz Göyçə mahalında nələr olub? Bu haqda nəsə bilirsinizmi?
Selcanın özündən 2 yaş balaca qardaşı Elcan cəld cavab verdi:
-Baba, mən bilirəm ki, Göyçə mahalında Səməd ağanı və Aşıq Nəcəfi ermənilər əzabla öldürüblər. 
-Çox sağ olun, balalarım, bəs mənim babamın başına gələn faciədən xəbəriniz varmı? 
Nəvələr başlarını buladılar. Məhəmmədəli baba dedi:
-Yaxına gəlin və diqqətlə dinləyin. Görün sizin babanızın babasının, yəni mənim babamın başına o vaxt necə böyük müsibətlər gəlib. Bu tarixi faciəni tarix kitabları yazmasa da, siz öz yaddaşınıza yazın.
Nəvələr babanın dizlərini qucaqlayaraq isti odun sobasının böyründə oturdular. Məhəmmədəli babanın gözləri nəvələrin üzündən yayınıb məchul bir nöqtəyə zilləndi və uzaqlardan gəlirmiş kimi yorğun, həzin bir səslə danışmağa başladı.
                                                              ***
Dədəmiz Qorqudun təsvir etdiyi Göyçə gölünün dörd tərəfindəki yamyaşıl yerlər, obalar Göyçə mahalı adlanırdı. Bu mahaldakı gözəl kəndlərdən biri də bizim dədə, baba yurdumuz Ağkilsə kəndi idi. Çalmalı dağının ətəyində yerləşən bu kəndin sakinləri əmin-amanlıq içində yaşayırdılar. 200 il bundan əvvəl Rusiya höküməti İrəvan xanlığını istila etdi. Qacarlar və Osmanlı dövlətləri  ərazisindən erməni ailələrini köçürdüb bizim torpaqlara yerləşdirdi.
1917-ci ildə Rusiyada çar höküməti yıxıldı. Həm rus ordusundan, həm də türk ordusundan tərxis olunan, qaçaq olub gələn ermənilər özləri ilə döyüş sursatları da gətirdilər. Ac canavara dönən erməni zabit və əsgərləri azərbaycanlı əhali yaşayan yerlərə silahlı basqınlar etməyə, əhalinin mal-qoyununu, taxılını, ərzağını alıb aparmağa başladılar. Göyçə mahalının hər yerində silahsız, köməksiz əhalinin ermənilər tərəfindən çapılıb-talandığına dair xəbərlər yayıldı. Bizim Ağkilsə kəndinin adamları da bu vəhşiliyin, terrorun qurbanları oldular.
1917- ci ildə yaz fəslinin son ayının yenicə girən vaxtı, yəni may ayının təxminən 24-25-i imiş. Çar ordusunun zabiti olmuş erməni  polkovnik Silikovun( Silikyanın) silahlı quldur dəstələri vergi yığmaq bəhanəsi ilə Ağkilsə kəndinə hücum edirlər. Camaat arvad-uşağı, mal-qoyunu kənddən çıxarıb yaylağa aparırlar ki, erməni şərindən qoruna bilsinlər.
Mənim nənəm Sinə həmin vaxt hamilə imiş. Babam onu at arabasına mindirib “Üçdaşlar” adlanan yaylağa aparır. Həmin vaxt nənəmin doğuş sancısı tutur. Arabanın böyür-başına parça tuturlar. At arabasının altında dünyaya vaxtından bir qədər də tez gələn uşağa Osman adını verirlər. Silikovun dəstəsindəki talançılar geri qayıtdıqdan bir-iki gün sonra camaat da yaylaqdan kəndə qayıdır.
Aradan aylar keçir, ancaq erməni silahlı birləşmələri sakitləşmək əvəzinə get-gedə harınlaşırlar,  güclənirlər. 1918-ci ilin mart ayında Azərbaycanın hər yerində qırğınlar törədirlər. Azərbaycan xalqının ən sevimli bayramı olan Novruz bayramını yasa, faciəyə çevirirlər. Bayram günlərində Göyçə mahalının kəndlərindən gələn qara xəbərlərin sayı artır. Şişqaya kəndində camaatı tövləyə doldurub od vurmaları insanlarda vahimə, qorxu hissini daha da artırır. Salamat qalan ailələr onlara səmt olan Gədəbəy, Kəlbəcər ellərinə üz tuturlar, arvad-uşağı təhlükədən-ölümdən, binamusluqdan qorumağa məcbur olurlar.
Bayramdan 3-4 gün keçəndən sonra Qaraqoyunlu, Ağkilsə, Hüseynquluağalı, Sarıyaqub kəndlərinin camaatı Çalmalı dağını keçib Kəlbəcərin Dal Qılınclı kəndinə doğru qaçmağa məcbur olurlar. Onlar da elliklə borana düşüb qırılıblar. Meyidlərin çoxu 3-4 ay tarın altında qalıb. O qırğından az adam, az ailə xilas ola bilib.
                                                            ***
-Hə, əziz balalarım, Qurbanlar tayfasından bir neçə ailə, eləcə də babam Məhəmmədəli Kəlbəcərə doğru getmək üçün başqa bir yol seçirlər. Onlar “Üçdaşlar” deyilən yaylaq yerindən Kəlbəcər üzdəki “Kasagələn” yaylağına gedən yola üz tuturlar. Arvad-uşağın, qocaların  üstündə gedən üç-dörd nəfər silahlı kişidən biri də mənim babam olub.
Bu talesiz qaçqınlar dağın gədiyini keçən vaxt boran onları haqlayır. Çovğunla yağan qar adamları təntidir. Geri qayıtmaq bu boranda ölümə bərabərdir. Çətinliklə dağı keçib Kəlbəcər üzə keçsələr də, hava sakitləşmir. Qarla qarışıq gələn güclü çovğun adamları el yolundan çıxarır, bürüb-büküb dərin dərəyə doğru yönəldir. Güclü şaxta əllərində bağlama, müəyyən əşya aparan bir neçə adamın barmağını , sifəti açıq olan daha bir neçə adamın da burnunu, qulağını aparır.
Gözlərini heyrətlə açaraq babasını dinləyən 13 yaşlı Tunar soruşdu:
-Baba, barmağı, qulağı, burunu şaxta necə aparır, haraya aparır?
Məhəmmədəli baba Tunarın başını tumarlayaraq dedi:
-Buna “donvurma” deyirmişlər. Güclü şaxta insanın açıqda olan bədən orqanlarını dondururmuş. Don vurmuş həmin orqanlara qan işləmirmiş. Don vurandan sonra barmağı, qulağı, burunu ya oxalayan kimi, ya da istiyə verən kimi qopub düşürmüş, adamlar şikəst qalırmışlar.
Uşaqlar heyrətdən nəfəslərini içlərinə çəkərək sükunət içində qulaq asırdılar. Kimsə yerindən tərpənmirdi, kimsə cınqırını belə çəkmirdi.
Baba sözünə davam etdi:
-Hə, əzizlərim, çarəsiz insanlar qanlı dağların ölüm təhdidindən  qurtarmaq üçün dibsiz-dərin dərəyə doğru enirlər. Külək elə sürətlə əsir ki, qarı lay-lay çökəklərə  doldurur. Dərə boyu yığılan narın qar tezliklə dağın yamaclarına, yalın ağızlarına qədər qalxır. Küləyin sovurub gətirdiyi böyük qar kütləsi tar əmələ gətirir.  Qaçqın dəstəsinin böyük bir hissəsi tarın altında qalır. Tara düşməyən adamlar Ayrım binəsi kəndinə enirlər, baş verən faciəni danışırlar.Sabah tezdən Ayrım binəsi və ona qonşu Kilsəli kənddən gələn adamlar borana, tara düşənləri xilas etməyə tələsirlər. Bəzi cəsədlərin canavarlar, tülkülər tərəfindən dağıdıldığını görürlər. İnsan əti yeyərək quduran canavarları cəsədlərdən güllə səsi ilə aralayırlar. Tara düşməyib yamaclarda yıxılıb qalan, don vuran insanları xilas edə bilirlər. Heyhat, tarın altında qalanları çıxartmaq mümkün olmur.
                                                            ***
Kilsəli kənddən köməyə gələnlərin biri də Məmməd oğlu Fərhad imiş. O, dağın yamacındakı tarın üstündə bir qaraltı görür və əvvəlcə elə düşünür ki, kiminsə papağı düşüb qalıbdı. Bir az da yaxına gəlir  və görür ki, bu tarın içindən görünən papaq insanın başındadır. İnsanın sifətinə qədər qar yığılıb, ancaq nəfəsi gedib-gəlir. Adamın nəfəsi qarı bir az əridib, kiçik buğ qalxır. Fərhad bu adamın sağ olduğuna inanır və yoldaşlarını köməyə çağırır. Köməkləşib ağac kürəklərlə qaraltının ətrafındakı qar laylarını dağıdırlar.
Fərhad görür ki, bu onun uşaqlarının kirvəsi, canı qədər sevdiyi Məhəmmədəlidir. Məhəmmədəli kürəyini bir qayaya söykədiyindən və tar onu ayaq üstündə basdığından qar layları boğazına qədər çıxıb, ağız-burnunu tam tutmadığından ölməyib.
Babamın sinəsinə qədər qarı təmizləyəndə görürlər ki, çarşaba bürünmüş bir körpəni babam qucağına sıxaraq son ana qədər saxlayıbdı. Təxminən 14-15 günlük olan bu çağanın da nəfəs alıb-verdiyini görürlər. Körpəni bir kənara qoyub qarı təmizləməyə davam edirlər. Görürlər ki, babamın çiynindən tüfəng, sinəsindən güllə qatarı asılmışdır. Qatarın altında qarın nahiyəsində çarşaba bağlı daha bir körpə uşaq var. Bu uşağı da açıb götürürlər və salamat olduğunu, ölmədiyini görürlər. Fərhad dəli kimi qışqırır:
-Möcüzədi, vallah möcüzə. Kirvəm də salamatdır, uşaqları da. İlahi, sənin qüdrətini tanımayana nəhlət olsun!
Babamın ətrafını basmış qarı tamamilə təmizləyirlər. Görürlər ki, nənəm Sinə babamın dizlərini qucaqlamış halda ölüb. Zahı qadın özündə güc tapıb babam kimi ayaq üstə qala bilsəymiş, bəlkə də, sağ qalarmış.
Nənəmi tardan çıxarıb bir kənarda yapınçıya bükürlər. Artıq həyat əlamətləri itməkdə olan iki həftəlik qız uşağını da ananın qucağına qoyurlar. Daha sonra onları aparıb Kilsəli kəndin qəbiristanlığında ikisini də bir yerdə dəfn edirlər.
Məhəmmədəlini və hələ bir yaşı tamam olmamış oğlunu yapınçının üstünə qoyub təcili kəndə aparırlar. Evdəki yanan peçi söndürürlər. Məhəmmədəlini yun yorğana büküb yun döşəyin üstünə qoyurlar. Onun körpə oğlunu da o cür bələyib taxt üstündə yatızdırırlar.
Beləliklə, Məhəmmədəli babamın özü də, 10 aylıq oğlu Osman da sağ qaldılar. Hə, əziz balalarım, balaca Osman anasız pis günlər çəkdi, ancaq ölmədi. Yaşadı, böyüdü, evləndi. Dünyaya gələn ilk övladı mən oldum. Atam öz atasının adını mənə verdi. Məndən sonra da iki qızı dünyaya gəldi. Babamın nəsli kəsilmək, tükənmək təhlükəsindən qurtardı.
Ancaq biləsiniz ki, ermənilər çox böyük müsibətlər törətdilər, çox ailələrin bütün üzvlərini öldürdülər. Bizim insafımız, ədalətimiz önündə onlar qəddar, zalım oldular.
-    Baba, bəs siz çox sevdiyiniz kəndinizdən, evinizdən niyə çıxdınız?-deyə balaca Tunar soruşdu:
-    Hə, əzizlərim, biz 1988-ci ilə qədər Göyçə mahalının Ağkilsə kəndində yaşasaq da, ermənilərin Qarabağa ərazi iddiaları ilə bağlı bizi dədə-baba yurdumuzdan qovdular.
Ermənilər Qarabağı da, ətraf rayonları da işğal etdilər. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ordumuzu gücləndirdi. Qəhrəman əsgərlərimiz 1920-ci ildə 44 günə erməni ordusunu torpağımızdan qovdu.
Babasının danışdığı əhvalatdan heyrətlənən Tunar dedi:
-Baba, biz Göyçəyə gedə biləcəyik?
-Bəli, əziz balalarım! Siz Göyçəyə də, İrəvana da gedə biləcəksiniz. Bu gün bizim əsgərlərimiz babamın borana düşdüyü həmin dağda- “Kasagələn” ilə “Üçdaşlar” arasındakı zirvədə dayanırlar. Sərhədlərimizi mərdliklə qoruyurlar. Oradan baxanda bizim Ağkilsə kəndinin evləri açıq-aydın görünür. Bir gün babalarımızın müqəddəs ruhu sizi doğma yurd yerlərinə səsləyəcəkdir.
O gün gələcək! Siz dədə-babalarınızın ocaqlarını gur yandıracaqsınız. Bunun üçün oxuyun, dünyanı dərk edin! Keçmişi yaxşı öyrənin ki, gələcəkdə səhv etməyəsiniz!


Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!