Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:
***
Təbriz Dilicanın səfalı bir kəndində anadan olmuşdu. 1988-ci il hadisələri zamanı valideynləri ilə birlikdə kənddən didərgin düşmüşdülər. Kənddən uşaq vaxtı çıxmasına baxmayaraq doğma kəndin hər cığırını yaddaşına həkk eləmişdi, o cığırlarda onun ayaq izləri vardı.
2020-ci il 44 günlük Vətən müharibəsindən sonra doğma kəndlərinə qayıdacağı günü səbirsizliklə gözləyirdi. Nəhayət o gün gəlib çatdı. Təbriz yurda qayıdıb kəndlərini ziyarət etdi. Ermənilər kəndi viran qoymuşdu. Daş üstə daş qalmamışdı. Evlərin ancaq xarabalıqları seçilirdi. Turşsu bulağından içmək üçün kəndən aralandı.
Dolaylı yollarla üzü yuxarı çıxanda önündən nəyinsə keçdiyini hiss etdi. Dayanıb o yan, bu yana baxdı. Ətrafda diqqət çəkən bir şey görmədi. Yolda da bir hənir, hərəkət yox idi. Dərindən nəfəs alıb yoluna davam etdi. İkinci döngəni dönəndə sanki önündən bir uşağın qaçdığını gördü. Maşını yana verib yerə endi. Meşəyə tərəf, uşağın qaçdığı istiqamətə boylandı. Cığırla üzü meşəyə bir uşaq getdiyini gördü. Ay uşaq, kimsən-deyə səsləndi. Uşaq ağacların arasında görünməz oldu. Uşağın arxasınca meşəyə tərəf getdi. Heç kim yox idi. Öndə yarpaqların tərpənməsini hiss etdi, o tərəfə irəlilədi. Yol getdikcə qalın meşənin dərinliyinə uzanırdı. Qabaqda ağacların arasında sıxılıb qalmış, az qala ağacın qabığına yapışmış bir uşaq çəkməsi gördü. Çəkməni ağacdan aralayıb əlinə aldı, yarı pozulmuş etiketi oxunurdu.1988... Təbrizi vahimə basdı:- Bu il nə deyir mənə?!
Yarpaqların titrəyiş səsi onu diskindirdi. Səs gələn tərəfə baxdı. Bayaqkı uşaq bir az aralıda dayanmışdı. Ona yaxınlaşıb kim olduğunu soruşmaq istədi. Uşaq yenə yoxa çıxdı, ancaq yarpaq səsləri duyulurdu. Təbrizin bədəni ürpəşdi. Hava da yavaş-yavaş qaralırdı. Artıq geri yol yox idi, irəli getməli idi. Yarpaqların titrəyiş səsini izləyə-izləyə gəlib çayın qırağına çatdı. Ətrafda ins-cins yox idi. Bircə çayın şırıltısı eşidilirdi. Yuxarıda bir sərt qayalıq var idi. Fikirləşdi ki, bəlkə qayanın başından baxsa, getməyə bir yol tapar.
Qayanın üstünə çıxarkən koğuşda insan sümükləri gördü. Nə edəcəyini bilmədi: - Mən haradayam, bu nədir belə?! Bu uşaq kim idi, məni bura niyə gətirdi?!
Təbriz özünü ələ alıb cəsədə yaxınlaşdı. Paltarlar da çürüyüb torpağa qarışmışdı. Birdən diqqətini kəllə sümüyünün altındakı şüşə çəkdi. Tez şüşənin üstünü təmizlədi. Bu qatlanmış şüşə albom idi. Belə albom Sovet dönəmində bəzi ailələrdə var idi. Cəftəsi çürümüşdü. Albomu aralayanda dəhşətə gəldi. Aman Allahım! Bu odur! Qaçqınlıqdan 3 il əvvəl rəhmətə getmiş kəndçimiz. Bəli, bu o qadının rəsmidir. Bəs cəsəd kimindir?-deyə, özü özünə sual verdi. Yadına düşdü ki, bu həmin qadının gecə erməni zülmündən qaçarkən itkin düşən 10 yaşındakı oğludur. Həmin gecə o uşaq evlərindən yalnız anasının şəklini götürə bilibmişdi...
Xəyallar içində vurnuxan Təbriz nə edəcəyini bilmirdi. Bir də ayıldı ki, qaranlıq düşüb. Necə olsa da cəsədi dəfn edib sonra getmək qərarına gəldi. Bu əsnada əmin oldu ki, doğrudan da ruhlar yaşayır, Təbrizi bura gətirən oğlanın ruhu kimi...
Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.