Modern.az

Süleyman Rüstəmin 120 illik yubileyi keçirilib - FOTOLAR

Süleyman Rüstəmin 120 illik yubileyi keçirilib - FOTOLAR

Aktual

Bu gün, 13:08

Poeziya səmasının sönməz günəşi xalq şairi Süleyman Rüstəmin Azərbaycan ədəbiyyatı tarixində misilsiz xidmətləri olub. O, çox zəngin, mənalı, şərəfli, parlaq, lakin keşməkeşlı, təzadlı, mürəkkəb bir ömür yolu keçib. Ona həm də sağlığında ikən canlı klassik, poeziyamızın patriarxı olmaq nəsib olub. Akademik Bəkir Nəbiyev deyirdi: “Süleyman Rüstəmin poeziyası Azərbaycan Respublikasının müxtəsər poetik ensiklopediyasıdır.”

Ülvi şəxsiyyət sahibi olan S.Rüstəmin əsərlərində öz doğma respublikasının, xalqının müstəqilliyinin əldə edilməsi, azad yaşaması arzusunda olduğunun şahidi olursan.Onun bir vətəndaş kimi, mərd azərbaycanlı oğlu kimi cəsarətlə yazdığı misralar qəlbi Vətən eşqi ilə alışıb yanan, millətini öz səadəti kimi səadətdə bulanan, hürr görmək istəyən Vətən aşiqinin istəkləri, qəlb çırpıntıları kimi səciyyələndirilir.

Vətənpərvər, vətən aşiqi kimi hər zaman şeirlərində qələmə aldığı sərt və hədəfə tuşlanan misralarını düşmənlərin bağrına güllə ilə dələn, yurdunu daim qəm-qüssədən, kədərdən, ələmdən uzaq görməyə vərdiş edən, vətənini cənnətməkan, hürr görmək istəyən S. Rüstəmin Qarabağ hadisələri fonunda əsl azərbaycanlı kimi „Bizə əl qaldıranın çiynində başı qalmaz, Qanlı zülm ocağında daş üstə daşı qalmaz“ deyib oğul və qızlarımızı Vətən torpaqlarının, Qarabağın müdafiəsinə səfərbər etməsi xalqı rulandırır, onlarda qələbəyə inamı gücləndirirdi. Hələ, keçən əsrin 60-cı illərində şair yazırdı:”Oyan, xalqım. Xorenlər iş başındadır, Xudayarlar bekar gəzir”.Bu, birbaşa çağırış idi. Onun, 1988-ci ildə Ali Sovetin sessiyası zamanı televiziya ilə birbaşa yayımda Parlamentin sədri kimi xitabət kürsüsündən  tarixi çıxış edərək özünün “Qarabağ“ şeiri ilə Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olduğunu dünyaya bəyan etməsi ədibin necə cəsarətli, mərd olmasından xəbər verirdi.

Akademik Məmməd Arif Dadaşzadə isə ədibin şəxsiyyətinə başqa bir prizmadan yanaşaraq yazırdı:“Süleyman Rüstəmdə öz məsləkdaşları olan gənc ədibləri həvəsləndirmək, onlara   kömək etmək, onları təşkil etmək bacarığı vardır”.

Zəmanəmizin ən qüvvətli və qüdrətli liriklərindən biri olan S.Rüstəmin poeziyasında lirizmi, axıcılığı, özünəməxsus tərzdə yumoru sezməmək olmur. Daim gənclik eşqi ilə alovlanan, yanan şairin əsərlərində gənclik mövzusu, məhəbbət mövzusu üstünlük təşkil edir. Bu mövzu şairi ömrünün sonuna qədər heç bir zaman tərk etmədi.

Eşqinə gülləri, çiçəkləri, bülbülləri şahid çəkən, adına nəğmələr qoşan, eşqi, saf, ülvi sevgini  dünyada sədəqə kimi qəbul etməyən şair günəş qədər sevdiyi cananına, könül verərək məhəbbətini sanki ürək qanıyla misralara köçürür, qəlb çırpıntılarını öz sevgilisinə, ürək parəsinə şövqlə çatdırırdı.

Ömrünün mənasını, ürək döyüntülərini, qəlb sızlarını Vətən torpağına məhəbbətdə, sədaqətdə görən, könlü həyat simfoniyasından, ömür nəğmələrindən yoğrulan şair daim şeirlərində Vətənin gözəlliyini, füsunkarlığını, müqəddəsliyini onların bənzərsiz ana beşiyi qədər doğma olduğunu böyük sevgi ilə, iftixarla, qürur hissi ilə ifadə edirdi.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, ictimai və dövlət xadimi Süleyman Rüstəmin bu il anadan olmasının 120 illik yubileyi respublikada təntənə ilə qeyd olunur. Ədibin zəngin şeir-sənət dünyasının, musiqi kəhkəşanının seyrinə dalmaq onun xatirəsini dərin ehtiramla yad etmək məqsədilə bu günlərdə  Azərbaycan Texniki Universitetində  “Könüllülər” Kitabxana İctimai Birliyi, Mədəniyyət TV və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə şairin 120 illiyinə həsr olunmuş “Məhəbbətin çiçəklənir ürəyimin yarasında” adlı ədəbi bədii gecə keçirilmişdir. Universitetin foyesində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının Yubileyə həsr olunmuş kitab və qəzet sərgisi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.

Tədbir monitorda şairin həyat və yaradıcılığından bəhs edən videoçarx və şairin öz ifasında şerlə başladı. Tədbiri giriş sözü ilə açan Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə ədib haqqında geniş nitq ilə çıxış edərək dedi:” Bu gün Azərbaycanın ən qabaqcıl ali təhsil ocaqlarından sayılan, bu yaxınlarda özünün 70 illiyini təntənə ilə qeyd edən Azərbaycan Texniki Universitetinin bu əzəmətli, tarixi akt zalında XX əsr Azərbaycan ədəbiyyatının klassiki, sovet dövrü poeziyasının banisi, görkəmli ictimai və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı, xalq şairi Süleyman Rüstəmin anadan olmasının 120 illiyinə həsr olunmuş "Məhəbbətin çiçəklənir ürəyimin yarasında" adlı ədəbi-bədii gecə – yubiley gecəsi keçirilir. Tədbirin məhz burada keçirilməsi heç də təsadüfi deyildir. Öncə onu qeyd etmək istəyirəm ki, S.Rüstəm 1923-cü ildə o vaxtlar Politexnik texnikumu adlanan, bugünkü ali təhsil ocağında təhsil alıb. 1986-cı ildə ustad sənətkarın özünün iştirakı ilə onun 80 illik yubiley mərasimi də bu universitetdə keçirilib. Az öncə monitorda izlədiyiniz S.Rüstəmin çıxışı məhz bu səhnədə olub. Şairin vəfatından sonra onun bütün yubiley tədbirləri ənənəvi olaraq burada keçirilib. Ənənəni davam etdirərək ədibin 120 illiyini bu gün sizinlə birlikdə burada keçirir, ruhunu şad edirik. Digər tərəfdən, S.Rüstəm gənclik şairi, məhəbbət şairi olduğundan Texniki Universitetin tələbələrinin, gənclərin şairin yaradıcılığı, onun Azərbaycan ədəbiyyatı tarixindəki rolundan xəbərdar olmaları zənnimizcə məqsədəuyğundur.

S.Rüstəm yaradıcılığına münasibət birmənalı deyil. Bir az qisim onu partiya, komsomol şairi adlandırır, əksər qisim isə içərisində mən də daxil olmaqla S.Rüstəmi alovlu, vətənpərvər şair, azadlıq, müstəqillik aşiqi, hürriyyət carçısı, istiqlal şairi kimi səciyyələndirir, dəyərləndirir. O, Azərbaycan ədəbiyyatında ürəkləri riqqətə gətirən, qəlb çırpındıran, könül sızıldadan misralar, poetik boyalar, ölməz mahnı mətnlərinin müəllifi kimi həm sevilən şair, nasir, dramaturq, eləcə də tərcüməçi, publisist kimi tarix yazıb.

S. Rüstəm 1906-cı ildə martın 12-də Bakı şəhərində dünyaya göz açıb. Atasının dəmirçixanası indiki Akademik Milli Dram Teatrının yerində fəaliyyət göstərirdi. O, hələ kiçik yaşlarında atasına kömək etmək üçün tez-tez dəmirçixanaya gələr, zindana çəkic vurardı. Sonralar bu zindan, çəkic səsləri sanki balaca Süleymanın ömür notları, həyat simfoniyası kimi poetik boyalarla şairin yaradıcılığında öz əksini tapıb.

Tale elə gətirdi ki, S. Rüstəm adi dəmirçi oğlundan parlament sədrinə qədər parlaq, şərəfli yol keçdi, ayrı-ayrı dövrlərdə müxtəlif məsul vəzifələrdə çalışdı, yüksək dövlət mükafatlarına layiq görüldü.

S.Rüstəm xoşbəxt şairdir. Ona görə ki, heç də hər bir şairə sağlığında canlı klassik olmaq, poeziyamızın patriarxı adını daşımaq nəsib olmur. Bu xoşbəxtliyi haqq etmiş S.Rüstəm neçə-neçə nəsl ədibin yetişməsində müstəsna rol oynayıb. Hətta 1927-ci ildə Gəncə şəhərində müəllimlik edən, dövri mətbuatda dərc edilən şeirləri ilə tanınan Səməd Vurğunun Bakıya köçərək böyük bir şair kimi formalaşmasında, Moskvada təhsil almasında  S.Rüstəmin böyük zəhməti olmuşdur. Eləcə də türk dünyasının böyük şairi Nazim Hikməti Bakıya dəvət edən, onu Azərbaycan oxucusuna tanıdan da S. Rüstəm olub. Qeyd edim ki, Nazim Hikmətin ilk kitabı Türkiyədə deyil, məhz Azərbaycanda S.Rüstəmin redaktorluğu ilə nəşr olunub.

S.Rüstəmin qəzəlləri vətənpərvərlik, lirik şeirləri, satirik şeirləri – çox böyük məna kəsb edən digər əsərləri Azərbaycan ədəbiyyatının ən dəyərli sənət incilərindən hesab olunur.

S.Rüstəm ən qüvvətli, ən qüdrətli lirik şairlərdən biridir. Onun lirikası həddən artıq həzindir, poetikdir. Daim gənclik eşqi ilə yazıb-yaradan ədibin lirik şeirlərinə, qəzəllərinə zamanəmizin çox görkəmli bəstəkarları müraciət edib, ölməz mahnılar, sənət əsərləri yaradıblar. Başda xalq artisti Zeynəb Xanlarova olmaqla çox böyük sənətkarlar onun mahnılarına müraciət edib. Bu gün də gənc müğənnilər bu ənənəni layiqincə davam etdirirlər”.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, şair, publisist Rəşad Məcid şairin həyat və yaradıcılığının bəzi məqamlarından bəhs etdi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən şairin Yubileyi ilə bağlı həyata keçirilən tədbirlərdən söz açdı. Xüsusilə vurğuladı ki, şair cənub mövzusunda əsərlər yazmaqla Azərbaycan poeziyasına yeni poetik çələng bəxş eləyib. “O tay bu tay”, “O sahil bu sahil”, “Bakılı Təbrizli”, “Vətənin birliyi”, “Bütöv millət” kimi anlamlarının elmdə, ədəbiyyatda yaşamasını dillər əzbərinə çevrilərək beyinlərimizə, şüurumuza nüfuz etməsinin əsas səbəbkarlarından biri və birincisi məhz S. Rüstəm olub. Şairin Şəhriyarla yazışmaları xüsusi önəm kəsb edir.Natiq şairin “Təbrizim” şerindən parçalar səsləndirdi.Rəşad Məcid çıxışının sonunda dəyərli xalq şairi Süleyman Rüstəmin sənətinə belə yüksək dəyər verildiyinə, onun irsinin gənclərə belə səviyyədə ötürülməsinə və ədibin ruhunun şad edilməsinə görə tədbir iştirakçılarına təşəkkür etdi.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Rafael Hüseynov çıxışında tədbirin bir poeziya bayramı olmasını önə çəkdi və bu ədəbi məclisin Azərbaycanın biləvasitə ədəbiyyatla, mədəniyyətlə  bağlı olan hansısa mərkəzində deyil, məhz Texniki Universitetində keçirilməsinin tarixi mənasını  və öz məntiqini vurğulayaraq dedi: “Texniki Universitet mühəndislər, cəmiyyətimizin ayrı-ayrı sahələrində quruculuqla məşğul olan mütəxəssislər, insanlar yetişdirir. S.Rüstəm də biləvasitə ruh mühəndisliyi, cəmiyyət quruculuğu, millət quruculuğu ilə məşğul olmuş bir insan idi.S.Rüstəm XXI əsrdən artıq 120 ilinin tamam olduğu hündürlükdən nəzər salınarkən əsla sadə bir şair olmayan Azərbaycan düşüncəsində, Azərbaycan mənəviyyatında mühüm və həlledici yeri olan bir insan kimi qavranılmalıdır.  Bu səbəbdən müasir insanlar onu yaxşı tanımalı, qiymət verməlidirlər. Çünki,gördüyüm və bildiyim dərəcədə hələ o böyük şəxsiyyətin ədəbiyyatdakı, cəmiyyətdəki missiyasının mənasını sona qədər dərk edə bilməyiblər...”. Daha sonra natiq qüdrətli söz sərkərdəsi S.Rüstəmin uzun müddət həm deputat, həm də Parlament sədri kimi fəaliyyətindən bəhs etdi, şairlə olan xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

Tədbirə həmçinin,şairin ruhunu şad etmək üçün Azərbaycanın görkəmli ədibləri, şəxsiyyətləri olmuş Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Akademik Məmməd Arif Dadaşzadə, Sefəddin Dağlı, Ənvər Əlibəyli, Nəbi Xəzri, Araz Dadaşzadə, Dilbər Axundzadənin ailə üzvləri də təşrif buyurmuşdular.

Tədbirdə, Rafael İslamovun rəhbərlik etdiyi ansamblın müşayiəti ilə xalq artisti Gülyaz Məmmədova, müğənnilər Rövşən Əziz, Hüseyn Məlikov, Sərxan Bünyadzadə, Xəyal Qasımov, Rasim Səfər şairin sözlərinə yazılmış mahnılarla tədbir iştirakçılarına musiqi çələngi bəhs etdilər.İstedadlı aktyor, qiraətçi Toğrul Rzanın ifasında şairin “Qarabağ” şeri məclisə xüsusi rəng qatdı.

Sonda Süleyman Rüstəmin nəvəsi Günəş Rüstəmzadə tədbirin təşkilatçılarına və iştirakçılarına ailə üzvləri adından minnətdarlığını bildirdi və Süleyman Rüstəmin  vaxtilə yazdığı şerlə çıxışını bitirdi:

Yadigar qoymalıdır xalqa hər insan, ölsə,

Etməsinlər deyə hər an onu nisyan, ölsə.

Qəhrəmanlar deyəcəkdir yenə: nakam öldüm,

Vətən uğrunda əgər can verib, asan ölsə.

Xalqın azadpərəst oğlu silinməz yaddan

Edib öz canını öz xalqına qurban ölsə.

Vətəni sevməyənin əsrdə qalmaz əsəri,

Gəzəcək seri ağızlarda, Süleyman ölsə.

              

Azadə Əsgərzadə

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!