Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə magistraturaya qəbul imtahanının təkrar mərhələsi keçirilib. Belə ki, bu imtahan mayın 17-də əlverişsiz hava şəraiti səbəbindən imtahanda iştirak edə bilməyən bakalavrlar üçün təşkil olunub.
Maraqlıdır, magistratura pilləsi üzrə təkrar imtahanın keçirilməsi builki nəticələrə və ixtisaslar üzrə keçid ballarına necə təsir göstərəcək?
Mövzu oilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, imtahanın təxminən bir ay sonra keçirilməsi həmin bakalavrlara əlavə hazırlıq imkanı yaradıb və bu amilin nəticələrə müəyyən təsir göstərəcəyi gözlənilir.
“Ətrafımda olan bir neçə bakalavrın nəticələrini müqayisə etdikdə görürük ki, onlar ilk imtahanla müqayisədə ballarını artırmağa nail olublar. Təkrar imtahanda 15 mindən çox iştirakçının yer aldığını nəzərə alsaq, bu faktor ümumi nəticələrə də təsirsiz qalmayacaq.
Ümumilikdə, builki qəbul kampaniyasında müsabiqəyə qatılan bakalavrların sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Eyni zamanda, təkrar imtahanın keçirilməsi də statistik göstəricilərə təsir edən amillərdən biridir. Bu səbəbdən ixtisaslar üzrə formalaşacaq keçid ballarında müəyyən dəyişikliklərin olacağını gözləmək mümkündür.
Mayın 17-də keçirilən əsas imtahandan sonra hesab edilirdi ki, əsas dəyişikliklər daha çox 45-70 bal intervalında müşahidə olunacaq. Lakin son vəziyyət göstərir ki, müsabiqə gərginliyi artıq 70-75 bal intervalında formalaşır. Bu baxımdan 75 və daha yüksək bal toplayanların dövlət sifarişli yerlərə qəbul şansları daha əlverişli görünür".
E.Əfəndi həmçinin vurğulayıb ki, 75 baldan aşağı nəticə göstərənlər üçün isə müsabiqənin daha gərgin keçəcəyi proqnozlaşdırılır:
"Xüsusilə MBA yönümlü və rəqabətin yüksək olduğu ixtisaslarda ötən illə müqayisədə keçid ballarında artım müşahidə oluna bilər. Bu artım bəzi ixtisaslarda minimum 1-2, maksimum isə 4-5 bala qədər ola bilər.
İmtahanların çətinlik səviyyəsinə gəlincə, mayın 17-də keçirilən imtahanda humanitar istiqamətlər üzrə məntiq fənninin nisbətən çətin olduğu qeyd edilirdi. Təkrar imtahanda isə bəzi iştirakçılar məntiq və informatika fənləri üzrə müəyyən çətinliklərin qaldığını bildirsələr də, ümumi narazılıqlar əvvəlki imtahanla müqayisədə daha az olub".
Ekspertin sözlərinə görə, mövcud tendensiyalar builki qəbul prosesində rəqabətin daha da artacağını göstərir. Bu isə bir sıra ixtisaslar üzrə keçid ballarının yüksəlməsi ilə nəticələnə bilər.