Modern.az

Arif Rəhimzadə ilə Misir Mərdanovun 15 İyun xatirələri

Arif Rəhimzadə ilə Misir Mərdanovun 15 İyun xatirələri

Ölkə

Bu gün, 17:59

1993-cü ilin iyun hadisələri Azərbaycanın müasir tarixində dönüş nöqtəsi hesab olunur. Ölkədə siyasi böhran, hərbi qarşıdurma təhlükəsi və idarəçilik böhranının hökm sürdüyü bir vaxtda baş verən proseslər sonrakı inkişaf mərhələsinin əsasını qoydu. Həmin günlərin canlı şahidləri olan YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə və sabiq təhsil naziri Misir Mərdanov Modern.az-a açıqlamalarında 33 il əvvəl yaşanan hadisələri xatırlayıb, Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycanın taleyində oynadığı roldan danışıblar.

Sabiq deputat, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Modern.az-a açıqlamasında bildirib ki, 1993-cü ilin iyun hadisələri ərəfəsində Azərbaycanda vəziyyət son dərəcə ağır idi:

“May ayında hakimiyyət AXC-nin əlinə keçmişdi. Ölkədəki vəziyyət kritik həddə çatmışdı. Elə bir şərait yaranmışdı ki, yüksək vəzifə və gəlir sahibi olan şəxslər istisna olmaqla, demək olar, heç kim mövcud durumdan razı deyildi. Xalq da, hakimiyyət də vəziyyətin idarəolunmaz həddə çatdığını anlayırdı. Buna görə də, ozamanki iqtidar tərəfindən Heydər Əliyevə müraciət edildi.

Heydər Əliyev çox təcrübəli və müdrik siyasətçi idi. Onu Bakıya dəvət edənlərin nə istədiyini yaxşı bilirdi. Həmin dövrdə ölkənin düşdüyü böhrandan çıxmaq üçün onun təcrübəsinə və təşkilatçılıq bacarığına ehtiyac duyulurdu. Lakin ona vəzifə vermək istəmirdilər. Nəhayət, çoxsaylı müraciətlərdən sonra iyunun 9-da Heydər Əliyev Bakıya gəldi”.

Arif Rəhimzadənin sözlərinə görə, həmin günlərdə Prezidentlə Heydər Əliyev arasında bir sıra görüşlər keçirilib və nəticədə onun parlamentə sədr seçilməsi barədə razılıq əldə olunub:

“Hamı ona səs verməyə hazır idi. Hətta vaxtilə ondan incimiş və ya onun tərəfindən cəzalandırılmış şəxslər də. Bir faktı da deyim, o vaxt prezident Aparatında çalışan və mətbuat məsələlərinə baxan bir şəxs vardı ki, Heydər Əliyevin özünə münasibətinin yaxşı olmayacağını bildiyi halda onu dəstəkləyəcəyini demişdi.  Parlamentin iclasının çağırılması üçün imza topladıq. Lakin parlament sədrliyinə seçkilər zamanı Heydər Əliyevin adının bülletenə salınmasına belə imkan vermədilər.

Heydər Əliyev Ali Sovetin iclasında ölkədəki vəziyyəti ətraflı təhlil etdi. Bir tərəfdən Ermənistanla müharibə gedirdi, digər tərəfdən Sürət Hüseynovun qaldırdığı qiyam, Talış-Muğan hadisələri və Şuşanın işğalından sonra yaranmış ağır durum hökm sürürdü”.

O bildirib ki, həmin dövrdə ölkədə yaranmış böhranın miqyası son dərəcə böyük idi:

“Müdafiə naziri olmuş Rəhim Qazıyev parlamentdə çıxış edərək dedi ki, sadəcə səsvermə ilə problemi həll etmək mümkün olmayacaq. Çünki ölkədə fövqəladə vəziyyət yaranmışdı. Gəncədə Sürət Hüseynov silahlı qüvvələrə rəhbərlik edir və açıq şəkildə Bakıya gələcəyini bildirirdi. Hətta o, Bakıda dar ağacı quracağını və iqtidar nümayəndələrini asacağını da söyləyirdi.

Belə bir şəraitdə AXCP-dən heç kim Gəncəyə gedə bilmirdi. Yeni Azərbaycan Partiyasının nümayəndələri olaraq Əbülfəz Elçibəyə müraciət etdik və onun razılığı ilə Gəncəyə gedərək vəziyyəti öyrəndik. Lakin geri qayıtdıqdan sonra dediklərimizə inanmadılar və bizi ittiham etdilər”.

Arif Rəhimzadə qeyd edib ki, Heydər Əliyevin Gəncə səfərindən sonra vəziyyət dəyişməyə başlayıb:

“Heydər Əliyev Gəncədən qayıtdıqdan sonra iyunun 15-də parlamentin sədri seçildi. Bundan sonra Azərbaycanın dirçəliş mərhələsi başladı. Qanunsuz silahlı birləşmələr ləğv edildi, nizami ordu quruldu. Ardınca atəşkəs əldə olundu, neft müqavilələri imzalandı və ölkənin inkişaf mərhələsi başlandı.

Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə bir sıra təhlükələrlə, hətta sui-qəsd cəhdləri ilə üzləşdi. Lakin onun xalqımıza və dövlətimizə ən böyük hədiyyəsi  müəllifi olduğu siyasi kursun davamlılığını təmin etməsi oldu. Sonradan İlham Əliyevin hakimiyyətə gəlməsi ilə iqtisadi inkişaf sürətləndi, Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv seçildi.

44 günlük Vətən müharibəsində əldə olunan qələbə də həmin siyasətin nəticəsidir. Azərbaycan bu gün daha güclü, daha nüfuzlu dövlətdir”.

Sabiq təhsil naziri, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov 1993-cü ilin hadisələrinin canlı şahidi olduğunu bildirib:

“O zaman Bakı Dövlət Universitetində prorektor işləyirdim. Vəziyyət son dərəcə gərgin idi. Hər an vətəndaş müharibəsinin başlanması təhlükəsi vardı. Sürət Hüseynovun silahlı dəstələri Nəvai postuna qədər gəlib çıxmışdı. Digər tərəfdən ölkənin cənubunda Talış-Muğan Respublikası elan edilmişdi. Hakimiyyət faktiki olaraq vəziyyəti idarə etməkdə çətinlik çəkirdi”.

Misir Mərdanovun sözlərinə görə, həm xalq, həm də hakimiyyət çıxış yolunu Heydər Əliyevin Bakıya qayıdışında görürdü:

“Ölkənin ağır vəziyyətini nəzərə alaraq bu məsuliyyəti öz üzərinə götürdü. O, Gəncəyə gedərək vəziyyətlə tanış oldu, daha sonra parlamentdə ətraflı məlumat verdi və iyunun 15-də parlamentin sədri seçildi”.

Misir Mərdanov bildirib ki, sonrakı proseslər Azərbaycanın taleyində həlledici rol oynayıb:

“İki gün sonra Əbülfəz Elçibəy öz ata-baba yurduna- Kələkiyə getdi. Daha sonra referendum keçirildi və Heydər Əliyev Prezident seçildi. Mən həmin referendumun iştirakçılarından biri olmuşam. Əminliklə deyə bilərəm ki, əgər həmin dövrdə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bugünkü Azərbaycan mövcud olmazdı. O, ölkəni ağır böhrandan çıxardı və müstəqil dövlət quruculuğunu davam etdirdi.

Bu gün Azərbaycanın və Azərbaycan xalqının əldə etdiyi uğurların təməlində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti dayanır. Bunu hər kəs bilməli və unutmamalıdır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ