Banklardan kredit ala bilməyən və ya uzun prosedurlarla qarşılaşan vətəndaşların bir qismi çıxış yolunu bank olmayan kredit təşkilatlarında (BOKT) görür. Sadələşdirilmiş müraciət prosesi ilk baxışdan cəlbedici görünsə də, sonradan ciddi maliyyə çətinliklərinə səbəb olur. Aparılan sorğular göstərir ki, vətəndaşlar bu təşkilatların əlçatanlığını müsbət qiymətləndirsələr də, yüksək faiz dərəcələrindən narazıdırlar.
Modern.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, vətəndaşlar çıxılmaz vəziyyətdə qaldıqda, xüsusən də rəsmi iş yerləri olmadıqda, məcburən yüksək faizlərlə razılaşıb həmin təşkilatlardan kredit götürürlər. Bu isə gələcəkdə ödənişlə bağlı ciddi problemlər yaradır.
Respondentlər BOKT-ların vətəndaşların bu çıxılmaz vəziyyətindən istifadə etdiklərini bildirirlər:
"İşləmədiyin halda dövlət bankları kredit vermir. Məncə, müraciətlər məhz bu səbəbdən olur. Faizlər təbii ki, çox yüksəkdir. İşləməyən insan məcbur qalıb krediti götürür, sonradan isə əmlakını satıb borcu ödəməli olur. Bunları azaltsalar, daha yaxşı olar".
İllər öncə BOKT-ların yaradılmasında əsas məqsəd banklara girov qoymadan kredit ala bilməyən aztəminatlı ailələrə dəstək olmaq, onlara müəyyən iş qurmaq üçün güzəştli şərtlərlə kredit vermək və kütləvi yayılan sələmçiliyin qarşısını almaq idi. Lakin ölkədə bu təşkilatların fəaliyyəti zamanla əsas məqsədindən yayınmağa başlayıb.
İqtisadçı Xalid Kərimli hesab edir ki, BOKT-ların cəlb etdiyi pulun maya dəyərinin yüksək olması və daha riskli müştəri qruplarına xidmət göstərməsi faiz dərəcələrinin yuxarı olmasını şərtləndirir:
"Banklar daha böyük strukturlar olduqları üçün dövriyyələri böyükdür və inzibati xərcləri, idarəetmə xərcləri kreditdə nisbətən aşağı olur. BOKT-lar isə əsasən daha kiçik strukturlardır və xərcləri nisbi ifadədə daha yüksəkdir. Daha riskli təbəqəyə kredit verildikdə isə daha yüksək faiz tələb olunur və risk gözləntisi formalaşır".