Venesuelada baş verən güclü zəlzələlər nəticəsində həlak olanların sayı 230 nəfəri keçib, yaralıların sayı isə 4 300-dən çoxdur.
Modern.az xəbər verir ki, bu barədə "İnterfaks" Venesuelənin səhiyyə naziri Karlos Alvaradoya istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, yerli vaxtla axşam saat 19:00-a olan məlumata əsasən, 4 300-dən çox zərərçəkənə tibbi yardım göstərilib.
"Əfsuslar olsun ki, tibb müəssisələrimizə gətirilən 235 pasiyentdə həyat əlaməti qeydə alınmayıb və ya onlar xəstəxanaya çatdırılarkən dünyasını dəyişiblər", – deyə Alvarado Venesuela televiziyasının efirində bildirib.
O qeyd edib ki, zərərçəkənlərin əksəriyyəti yüngül xəsarətlər alıb. Bununla yanaşı, orta və ağır dərəcəli xəsarət alanlar da var və onların bir çoxuna cərrahi müdaxilə edilib.
Xatırladaq ki, bundan əvvəl zəlzələlər nəticəsində azı 188 nəfərin öldüyü, 1 520 nəfərin isə yaralandığı bildirilirdi.
Qeyd edək ki, çərşənbə günü axşam və cümə axşamı səhər saatlarında Venesuelada 7,2, 7,5 və 4,5 maqnitudalı üç zəlzələ qeydə alınıb. Ən çox zərər ölkənin şimalında yerləşən La-Quayra ştatına dəyib. Bölgədə fövqəladə vəziyyət elan olunub, xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir və dəyən zərərin qiymətləndirilməsi aparılır.