Modern.az

Vətən müharibəsinin yaratdığı reallıqlar regionun təhlükəsizliyinin qarantıdır

Vətən müharibəsinin yaratdığı reallıqlar regionun təhlükəsizliyinin qarantıdır

Aktual

Bu gün, 13:12

Altı il əvvəl - 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi 30 ilə yaxın davam edən münaqişənin gedişində həlledici mərhələ oldu. Müharibə nəticəsində Azərbaycan Ordusu bir sıra şəhər, qəsəbə və kəndləri, həmçinin mühüm strateji yüksəklikləri nəzarətə götürdü. Döyüşlər zamanı 300-dən çox yaşayış məntəqəsi azad edildi.

Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, Suqovuşan və çoxsaylı kəndlər nəzarətə götürüldü. Noyabrın 8-də Şuşanın Azərbaycan Ordusunun nəzarətinə keçməsi hərbi əməliyyatların gedişində mühüm dönüş nöqtəsi oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri üçtərəfli bəyanat imzaladılar. Bu, Ermənistanın kapitulyasiyası idi və sənədə əsasən, Ermənistan qüvvələrinin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması nəzərdə tutuldu. Nəticədə Ağdam noyabrın 20-də, Kəlbəcər noyabrın 25-də, Laçın isə dekabrın 1-də Azərbaycana qaytarıldı. Bu,  döyüş meydanındaki hərbi uğurun siyasi-diplomatik davamı idi. 

2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. 
44 günlük müharibə Azərbaycanın hərbi imkanlarını və uzun illər ərzində formalaşdırdığı hərbi potensialı nümayiş etdirdi. Müharibə dövründə Azərbaycan cəmiyyətinin orduya dəstəyi də mühüm ictimai-siyasi amil kimi önə çıxdı. Vətən müharibəsi Azərbaycan cəmiyyətində dövlətçilik, ərazi bütövlüyü və şəhidlərin xatirəsi ilə bağlı həmrəyliyi də gücləndirdi.

44 günlük müharibənin nəticələri ölkənin hərbi və diplomatik imkanlarının yeni mərhələyə keçdiyini göstərdi. Eyni zamanda, İkinci Qarabağ müharibəsi müasir hərbi texnologiyaların, pilotsuz uçuş aparatlarının, artilleriya və kəşfiyyat imkanlarının birgə tətbiqinin əhəmiyyətini də nümayiş etdirdi.

Sentyabrın 27-nin Anım Günü kimi qeyd olunması müharibədə həyatını itirənlərin xatirəsinin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadələrindən biridir.

2020-ci ildən sonra Qarabağda yeni siyasi və təhlükəsizlik reallığı formalaşdı. Azərbaycan 2023-cü ilin aprelində Laçın istiqamətində Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsi qurdu. Bu addım dövlət sərhədinə nəzarəti təmin etdi və təhlükəsizliyi gücləndirdi. 

2023-cü il sentyabrın 19-da isə Azərbaycan erməni separatçılarının təxribatlarına cavab olaraq Qarabağda antiterror əməliyyatlarına başaldı. Əməliyyat 23 saat və sentyabrın 20-də atəşin dayandırılması barədə razılaşma əldə edildi. Bundan sonra Qarabağdakı separatçı qurumun silahlı strukturlarının buraxılması və silahların təhvil verilməsi prosesi başladı, tarixi torpaqlarımızda separatizmin kökü kəsildi, Azərbaycanın dövlət suverenliyi bərpa olundu. 

Beləliklə, 2020-ci ildə ərazilərin böyük hissəsi üzərində nəzarətin bərpası ilə başlayan proses 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ üzərində faktiki dövlət nəzarətinin tam bərqərar olması ilə yeni mərhələyə keçdi. Bununla da Azərbaycan 30 illil işğala son qoydu.

2020-ci ildən sonra Azərbaycan–Ermənistan münasibətlərində əsas məsələlərdən biri müharibə nəticəsində yaranmış yeni reallıqların sülh sazişinin mətninin paraflanması oldu. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzaladılar. Həmin görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in razılaşdırılmış mətnini parafladılar.
Vaşinqton Bəyannaməsində dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin qurulması, həmçinin regionda kommunikasiyaların açılması məsələləri vurğulandı. Sənəddə Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən bağlantının yaradılması və regional nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi də qeyd olunur.

Eyni zamanda, tərəflərin müraciətindən sonra ATƏT-in Minsk Prosesi və onunla bağlı strukturların bağlanması istiqamətində prosedur başlandı. ATƏT-in müvafiq qərarı 2025-ci il sentyabrın 1-də qəbul edilərək bu strukturların fəaliyyətinə son qoyuldu.

Müharibədən sonrakı mərhələnin əsas istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yaşayış yerlərinə qayıdışının təmin edilməsidir.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində yaşayış məntəqələrinin yenidən qurulması, nəqliyyat və enerji infrastrukturunun yaradılması, sosial obyektlərin tikilməsi, əhalinin mərhələli şəkildə geri qayıdışı təmin olunur. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri həm də regionun iqtisadi potensialının yenidən formalaşdırılmasını əhatə edir. Bu mərhələdə əsas məsələlərdən biri də keçmiş məcburi köçkünlərin dayanıqlı şəkildə məskunlaşdırılması, yeni yaşayış məntəqələrinin iqtisadi fəaliyyət üçün əlverişli hala gətirilməsi, regionun ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyasıdır.

Beləliklə, 44 günlük müharibədə Azərbaycanın qazandığı böyük Zəfər sayəsində  regionda yeni reallıq yarandı. Bu reallıq isə bütövlükdə regionun təhlükəsizliyinin qarantıdır.

Könül Nurullayev

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?