Modern.az

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Aktual

Bu gün, 15:02

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verib.

Modern.az xəbər verir ki, dövlət başçısı başsağlığı məktubunda Hikmət Çətinin Azərbaycan–Türkiyə münasibətlərinin inkişafına böyük töhfə verdiyini vurğulayıb.

“Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.

Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!” – məktubda deyilir.

Qeyd edək ki, Hikmət Çətin 1937-ci ildə Türkiyənin Diyarbəkir vilayətinin Licə rayonunda anadan olub. O, 1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri, 1997-1999-cu illərdə isə Türkiyə Böyük Millət Məclisinin sədri olub. Müxtəlif dövrlərdə baş nazirin müavini və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifələrində çalışıb. 2004-2006-cı illərdə NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı