Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin ilk məhkəmə prosesi keçirilib.
Modern.az xəbər verir ki, bunu müxalifətdə olan “Güclü Ermənistan” fraksiyasının deputatı Anuş Mirzoyan yerli mətbuata bildirib.
Ermənistanın Şunik vilayətinin Şəki kəndində tutulan azərbaycanlı əsgər erməni qadına atəş açmaqda ittiham olunur.
Məhkəmə prosesi Gorus şəhərində başlayıb. Deputatın sözlərinə görə, ilk prosesdə iki vəsatət təqdim edilib.
Dövlət ittihamçısı məhkəməyə Azərbaycan əsgərinin həbs müddətinin daha 3 ay uzadılması ilə bağlı vəsatət təqdim edib. Məhkəmə vəsatəti təmin edib.
Deputatın sözlərinə görə, təqsirləndirilən şəxsin qaçması, məhkəmə prosesinə mane olması və yeni cinayət törətməsi ilə bağlı risklərin aradan qalxmadığı qənaətinə gəlinib.
İkinci vəsatəti zərərçəkmiş erməni qadın Ani Avetisyanın səlahiyyətli nümayəndəsi, vəkil Liana Qriqoryan təqdim edib. Vəkil işə yeni qoşulduğunu və materiallarla tam tanış olmadığını əsas gətirərək məhkəmə iclasının təxirə salınmasını istəyib.
Deputat Anuş Mirzoyan əlavə edib ki, məhkəmədə Ermənistanın Sünik vilayətindəki Şəki kəndinə qanunsuz daxil olaraq erməni qadına atəş açmaqda ittiham olunan azərbaycanlı əsgərin özü də iştirak edib. Sağlamlıq problemləri səbəbindən zərərçəkmiş Ani Avetisyan isə məhkəməyə gəlməyib.
“Biz bu məsələnin ardıcıl şəkildə izlənilməsini davam etdirəcəyik”, – deyə deputat bildirib.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib. Orada onu saxlayıblar.
Nəsimi Musayevə Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi açılıb.
O, Ermənistan vətəndaşı, 1987-ci il təvəllüdlü Ani Avetisyanı odlu silahla yaralamaqda da ittiham olunur.