Məşhur Rumıniya yazıçısı, filosofu, ritorika sintezçisi Emil Çoran (Emile Mihai Cioran) deyirdi ki: “Bu dünya əlimizdən hər şeyi ala bilər, bizə hər şeyi qadağan edə bilər, amma özümüzü yox etməyi əngəlləməyə heç kimin gücü çatmaz”.
Son zaman Azərbaycanda az qala hər ötən gün bir neçə intihar xəbəri eşidirik. Bütün xəbər portalları, köşə yazarları bu kütləvi intiharların ölkədəki böhran, əhalinin olduqca çətin maddi vəziyyəti ilə əlaqədar olduğunu yazdığı halda, psixoloqlar öz çıxışlarında bunun psixoloji problem olduğunu deyirlər.
Bəlkə psixoloqlar yanılır? Ya da ki, onlar ölkədə ajiotaj yaranmasın deyə onlara verilən xüsusi tapşırığa görə belə deyirlər. Kim bilir!? Bəlkə intiharın ən düzgün şərhlərini psixoloqlar yox, məşhur yazıçılar verib. Məsələn, Kamyu: “Hər intihar bir qaçışdır”. Ya da ona cavab verən Sartr: “İntihar qaçış deyil, rəddedişdir!”.

Azərbaycan vətəndaşının bugünkü yaşamına baxanda psixoloqlardan çox Kamyu ilə Satra haqq qazandırmaq olur. Çünki bu qədər adam eyni vaxtda psixoloji sarsıntı keçirib kütləvi intihar edə bilməz. Keçirirsə belə, demək ki, eyni səbəbdəndir. Bu səbəb də birbaşa ölkədəki böhranla, əhalinin qalaqlanmış borcları, işsizliyi ilə əlaqəlidir. O zaman Kamyu haqlı ola bilər: bu adamlar intihar edərək, bütün maddi çətinliklərindən qaçırlar. Satra da haqq vermək olur: qaçmırlar, rədd edirlər.
Əslində, kütləvi intihar, çox sayda insanın birlikdə və ya eyni səbəblə özünü öldürməsi anlamına gəlir. Azərbaycanda ard-arda edilən intiharlara bu adı verməkdə yanıla bilərəm. Bunların birlikdə yaşanmadığı dəqiq olsa da, eyni səbəbdən olmağı dəqiq deyil. Hər halda ən doğrusunu intihar edənlər bilir...
Eradan əvvəl 133-cü ilin yazında Normandiya mühasirəyə alınanda normandiyalıların çoxu təslim olmaq əvəzinə intihar etməyi seçmişdi. Oxşar hadisə 1336-cı ildə Litvada da yaşanmışdı. 1945-ci ildə Almaniyada 900 nəfər Qızıl Ordudan qorxaraq intihar etmişdi. Bundan başqa da tarixdə bir çox kütləvi intihar hadisələri var. Yəqin ki, bunları niyə xatırlatdığımı anladınız? Dediyim odur ki, bəlkə illər, əsrlər sonra da tarixə bizim eranın 2016-cı ili Azərbaycanda yaşanmış kütləvi intihar hadisələri ilə düşəcək?!
Mən hesab edirəm ki, bu, intihar və ya kütləvi intihar deyil, qətldir. Özü də kütləvi qətl...
Sevgilisini, arvadını, dostunu, borclu olduğu insanı öldürənlər başqasının qatilidirsə, özünü öldürənlər də öz qatilidirmi? Yoxsa bütün bu ölümlərin başqa bir səbəbkarı var? Bəs kimdir o qatil?
Bəlkə “istəsən götür, istəməsən götürmə” prinsipi ilə camaata dollarla kredit verib, sonra da hər devalvasiyada onların boğazından yapışan banklardır qatil? Bəlkə hər məhəllənin faziə pul verən, pulu azca gecikən kim insanların qapısında bar-bar bağıran, hər tərəfindən qızıl asılan yaşlı sələmçi xalalardır qatil? Bəlkə ərzaqın, dərmanın qiymətini qaldıranlar, bu qədər insanın maaşını kəsənlər, işindən çıxaranlardır qatil? Bəlkə bütün bunların təməlini qoyan kapitalizmdir qatil?
Hər ölənin geridə buraxdığı canlı kimsələr, cansız nəsnələr var. Bu gün özünü öldürənlərin geridə bacı-qardaşını, övladlarını buraxdıqlarını düşünəndə həmin adamların gələcəkdə hansı intiqam hissi ilə, hansı qəzəblə üsyan edəcəyini heç təsəvvür edə bilmirəm. Bu, mütləq bir tarixdir.
Dövlət idarələrinin, bankların qabağında, meydanlarda, ya da gizli yerlərdə özünə od vurub yandıranlar, hansısa dirəkdən, ağacdan özünü asanlar yaxşı bilirlər ki, təkcə öz canına qıymaqla işlətdiyin cinayət üçün sən heç bir dövlət məhkəməsində mühakimə olunmursan və sənə heç bir hökm oxunmur. Əgər hər hansı İlahi məhkəmənin olduğuna da inanmırsansa, işin lap asandır...