Fransa hökuməti yaşayış xərclərinin artmasına qarşı keçirilən etirazlar fonunda minimum əməkhaqqının dekabrın 1-dən etibarən 1,6 faiz artırılması barədə qərar qəbul edib.
Modern.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə məlumat yayıb.
Baş nazir Sebastyan Lekornyunun sözlərinə görə, həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndələri ilə keçirilən görüşlərdən sonra tam iş günü çalışanlar üçün minimum aylıq əməkhaqqının 1 502 avroya (2 860 manat) çatdırılması razılaşdırılıb.
Lekornyu bu artımın son 20 ildə qeydə alınan ikinci ən böyük artım olacağını bildirib.
Lakin Fransanın radikal solçu CGT həmkarlar ittifaqının rəhbəri Sofi Bine qərarı yetərli hesab etməyib. O, noyabrın 17-də növbəti tətilə çağıraraq əməkhaqlarının 10 faiz artırılmasını tələb edib.
Biznes birlikləri isə minimum əməkhaqqının artırılmasına qarşı çıxıblar. Onların fikrincə, bu qərar məşğulluğa mənfi təsir göstərə bilər.