Ukrayna Prezidenti Volodimir Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram" kanalında məlumat yayıb.
O, müharibənin dayandırılması istiqamətində Hindistanın daha fəal rol oynamasının vacibliyini vurğulayıb.
Zelenski diplomatik prosesdəki vəziyyət barədə Modi-yə məlumat verdiyini bildirib.
Ukrayna liderinin sözlərinə görə, Kiyev Əbu-Dabidə keçiriləcək görüşün gündəliyinə daxil olan bütün məsələlər üzrə fəal hazırlıq aparır. O qeyd edib ki, Ukrayna hər zaman konstruktiv mövqe nümayiş etdirir və Rusiyadan da gərginliyin azaldılması istiqamətində eyni hazırlığı gözləyir.
Zelenski vurğulayıb ki, Hindistanın Baş naziri dəfələrlə, o cümlədən Rusiya lideri ilə danışıqlarında müharibəni davam etdirmək deyil, sona çatdırmaq vaxtının gəldiyini bildirib.
Prezident qeyd edib ki, Hindistan müharibənin başa çatmasını sürətləndirmək üçün hansı addımları ata biləcəyini və digər dünya liderləri ilə dialoq çərçivəsində necə töhfə verə biləcəyini müəyyənləşdirməlidir.
O, mümkün əməkdaşlıq istiqamətlərindən biri kimi ərzaq təhlükəsizliyini göstərib. Zelenski Rusiyanın Qara dənizdə taxıl ixracına mane olduğunu bildirib və Hindistanın ərzaq dəhlizlərinin yaradılmasında vasitəçilik etməyə hazır olduğunu qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, dəniz yollarının bloklanması təkcə Rusiyanın iqtisadiyyatına deyil, müxtəlif ölkələrdə yaşayan yüz milyonlarla insana da zərər vurur.
Zelenski tərəflərin bu və digər ikitərəfli məsələlərlə bağlı əlaqələri davam etdirmək barədə razılığa gəldiklərini bildirib.