Dünya üzrə dövlət borcunun həcmi son 25 ildə kəskin artaraq 2000-ci ildəki 19,7 trilyon dollardan 2025-ci ildə 111 trilyon dollara yüksəlib. Beləliklə, qlobal borc yükü bu müddətdə 5 dəfədən çox artıb.
Modern.az-ın məlumatına görə, ən kəskin sıçrayışlar isə 2008-ci il maliyyə böhranından sonra və 2020-ci ildə pandemiya dövründə qeydə alınıb. Qlobal borcun formalaşmasında əsas pay ABŞ və Çinin üzərinə düşür. ABŞ-ın dövlət borcu 38,3 trilyon dollar, Çinin borcu isə 18,7 trilyon dollar təşkil edir. Bu iki ölkə birlikdə dünya üzrə ümumi dövlət borcunun təxminən 51 faizini formalaşdırır.
Məlumata görə, borcun artımında bir neçə əsas mərhələ fərqləndirilir. 2000–2007-ci illərdə artım qlobal iqtisadiyyatla paralel, nisbətən mülayim olub. 2008–2009-cu illərdə maliyyə böhranı səbəbindən kəskin sıçrayış baş verib. 2010–2012-ci illər Avropada borc böhranı ilə yadda qalıb. 2013–2019-cu illərdə aşağı faiz dərəcələri fonunda borclanma artıb. 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən rekord səviyyədə artım qeydə alınıb. 2022–2025-ci illərdə isə yüksək faiz dərəcələri borcun xidmət xərclərini artırıb.
Ayrı-ayrı ölkələr üzrə vəziyyətə gəldikdə, ABŞ 2020-ci ildən sonra iqtisadi stimullaşdırma tədbirləri fonunda borcunu kəskin artırıb. Çin isə əsasən infrastruktur layihələri hesabına borclanmanı sürətlə genişləndirib və illik orta hesabla təxminən 18 faiz artım müşahidə olunub. Yaponiya 2012-ci ildən sonra dollar ifadəsində borcunu qismən azaltsa da, ÜDM-ə nisbətdə ən yüksək borc səviyyəsinə malik ölkələrdən biri olaraq qalır. Avropa İttifaqında isə əvvəlki azalma mərhələsindən sonra 2025-ci ilə doğru enerji və müdafiə xərcləri səbəbindən borc yenidən artıb.