Şuşadakı abidələrin köçürülməsi, korlanması və onlara təhlükə yaradan tikinti işləri qadağan olunur.
Modern.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən onlayn iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Belə ki, layihəyə əsasən, mövcud qanunvericilikdə yer alan “abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və ya onlar üçün təhlükə yarada biləcək fəaliyyətlərin həyata keçirilməsi” ilə bağlı müddəalar daha da konkretləşdirilir.
Dəyişikliyə əsasən, Şuşa şəhərində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunur. Bundan başqa, abidələrin toxunulmazlığını poza biləcək və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işləri və abadlaşdırma tədbirlərinin aparılması da qadağan edilir.