Modern.az

DÇ-2026-nın oyunları fərqli saatlarda başlayacaq - Azarkeşlərə pis xəbər

DÇ-2026-nın oyunları fərqli saatlarda başlayacaq - Azarkeşlərə pis xəbər

İdman

Bu gün, 12:40

Futbol üzrə Dünya Çempionatının final mərhələsinin açılışına çox az müddət qalıb.

11 iyun – 19 iyul 2026-cı il tarixlərində Kanada, ABŞ və Meksikada keçiriləcək Dünya Çempionatı yeni formatda baş tutacaq.

Modern.az-ın məlumatına görə, FİFA-nın qərarına uyğun olaraq budəfəki final mərhələsində 48 milli komanda iştirak edəcək. Halbuki 1998–2022-ci illər arasında keçirilən dünya çempionatlarının final mərhələsinə 32 komanda vəsiqə qazanırdı.

2026-cı il Dünya Çempionatının oyunları Kanada, ABŞ və Meksikanın 16 şəhərində baş tutacaq.

ABŞ-də matçlar Atlanta, Boston, Dallas, Hyuston, Kanzas-Siti, Los-Anceles, Mayami, Nyu-York, Filadelfiya, San-Fransisko və Sietldə keçiriləcək.

Meksika Dünya Çempionatında Qvadalaxara, Mexiko və Monterrey şəhərləri ilə təmsil olunur.

Kanada isə Toronto və Vankuver şəhərləri ilə oyunlara ev sahibliyi edəcək.

2026-cı il futbol üzrə Dünya Çempionatının qrupları:

A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya

D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə

E qrupu: Almaniya, Kurasao, Kot-d’İvuar, Ekvador

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya

H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama

Şimail Amerika qitəsində keçiriləcək Dünya Çempionatı ilə bağlı futbol azarkeşlərini maraqlandıran əsas məsələ oyunların başlanma saatıdır.

Məsələ burasındadır ki, ABŞ, Meksika və Kanada Azərbaycanla fərqli saat qurşaqlarında yerləşir. Bu səbəbdən oyunlar FIFA-nın cədvəlinə görə, Azərbaycan vaxtı ilə axşam, gecə və səhər saatlarına təsadüf edəcək. Nəticədə də oyunları hamı rahatlıqla izləyə bilməyəcək.

Dünya Çempionatının Meksika ilə Cənubi Afrika Respublikası arasında keçiriləcək açılış oyunu (A qrupu) iyunun 11-də Bakı vaxtı ilə axşam saat 23:00-da başlayacaq. Həmin saat Meksika vaxtı ilə günortaya təsadüf edəcək.

A qrupunda Cənubi Koreya – Çexiya matçı Bakı vaxtı ilə iyunun 12-si səhər saat 06:00-da başlayacaq.

Bəzi oyunlar gecə saatlarına təsadüf edəcək. Məsələn, C qrupunda Braziliya-Mərakeş matçı Bakı vaxtı ilə gecə saat 02:00-da start götürəcək.

D qrupunun 14 iyunda keçiriləcək Avstraliya – Türkiyə oyunu Bakı vaxtı ilə səhər saat 08:00-da başlayacaq.

16 iyunda keçiriləcək İran - Yeni Zelandiya qarşılaşması Bakı vaxtı ilə səhərə yaxın - saat 05:00-da start götürəcək.

Türkiyə millisinin 2-ci turda Paraqvayla keçirəcəyi oyun da səhər saat 08:00-da başlayacaq.

Qardaş ölkənin 3-cü turdakı ABŞ-la oyunu da 26 iyunda səhər satlarında - 06:00-da baş tutacaq.

Qeyd edək ki, qruplarda birinci və ikinci yeri tutan komandalar, eləcə də üçüncü yeri tutan ən yaxşı 8 komanda (ümumilikdə isə 32 milli) 1/16 finala vəsiqə qazanacaq.

1/16 finalın oyunları 28 iyun - 3 iyul, 1/8 final oyunları 4 iyul - 7 iyul, 1/4 final oyunları 9 iyul - 11 iyul, 1/2 final oyunları isə 14 iyul - 15 iyul tarixlərində keçiriləcək.

1/16 final oyunları Bakı vaxtı ilə saat 20:00-dan 07:00-dək, 1/8 final matçlarının oyunları isə saat 20:00-dan 04:00-dək aralığında başlayacaq. Dörddəbir final oyunları müxtəlif vaxtlarda başlayacaq: 9 iyul saat 00:00; 10 iyul saat 23:00; 13 iyul 01:00 və 05:00.

Yarımfinal oyunları iyulun 14-15-də, hər ikisi Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Üçüncü yer uğrunda matç 18 iyulda ABŞ-ın Mayami şəhərində, final isə 19 iyulda ABŞ-ın Nyu-Cersi ştatındakı “MetLife” stadionunda keçiriləcək.

Üçüncü yer uğrunda oyun Bakı vaxtı saat 01:00-da, final isə saat 23:00-da başlayacaq.

Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV