Azərbaycanın müasir dövlətçilik tarixində elə şəxsiyyətlər olub ki, onların fəaliyyəti göstərdikləri sədaqət, məsuliyyət və milli maraqlara bağlılıqla ölçülür. Belə dövlət adamlarından biri də uzun illər Laçın Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Muradxan Cabbarovdur. O, mürəkkəb və taleyüklü bir dövrdə üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək, dövlətə və dövlətçiliyə xidmət nümunəsi ortaya qoymuşdur. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ona göstərdiyi yüksək etimad da təsadüfi deyildi - bu etimad Muradxan Cabbarovun prinsipiallığına, idarəçilik bacarığına və Ulu öndərə sarsılmaz sədaqətinə verilən dəyərin ifadəsi idi.
Muradxan Cabbarov nüfuzlu bir rəhbər olmaqla yanaşı, hörmətli el ağsaqqalı, ağır söz sahibi, torpağa-yurda bağlı insan kimi xatırlanır.
5 may tarixi tanınmış ictimai-siyasi xadim, uzun illər Laçın və Zəngilan rayonlarında rəhbər vəzifələrdə işləmiş Muradxan Mahmud oğlu Cabbarovun anadan olmasının 100 illiyidir. O, artıq 20 ildir aramızda yoxdur. Zaman keçsə də, Muradxan Cabbarov həyat fəaliyyəti, gördüyü işlər və qazandığı ictimai nüfuz sayəsində onu tanıyanların yaddaşında yaşamaqda davam edir. Bu baxımdan 5 may tarixi Muradxan Mahmud oğlunu bir daha xatırlamaq, keçdiyi ömür yoluna və fəaliyyətinə yenidən nəzər salmaq, xalqına xidmətlə keçən, torpağa, yurda bağlılıqla yoğrulan bir həyatın dərin mənasını anlamaq günüdür.
Uşaqlıqdan başlanan məsuliyyət hissi

Laçının dağları, sərt təbiəti, təmiz havası insanın xarakterini formalaşdırır. Muradxan Cabbarov da məhz belə bir mühitdə böyümüşdü. Doğulduğu torpaqlar onun ruhunun, düşüncəsinin, dünyagörüşünün mayası idi.
Muradxan Cabbarov 1926-cı il mayın 5-də Laçın rayonunun Kərəvüz kəndində dünyaya gəlmişdi. O, çox hörmətli bir nəslin övladı, ictimai nüfuzu ilə seçilən bir soyun nümayəndəsi idi. Ana babası Cəfər kişi regionun həmsərhəd kəndlərinin müdafiəsində fəal iştirak etmiş, yerli idarəçilik funksiyalarını yerinə yetirmiş və bu səbəbdən “Cəfər yüzbaşı” kimi tanınmışdı. Ata babası Salah kişi isə erməni-daşnak ordusu ilə döyüşdə ağır yaralanmış və vəfat etmişdi. Dayısı Musa Cəfər oğlu hərbçi olaraq 1941–1945-ci illər müharibəsində iştirak etmiş, Krım döyüşlərində ağır yaralanmışdı. Babalardan gələn milli təəssübkeşlik ənənəsi, ailə mühiti Muradxan Cabbarovun xarakterinin formalaşmasında mühüm rol oynamışdı.
Həyatın çətinlikləri onu erkən yaşdan məsuliyyətli, səbirli və möhkəm iradəli etmişdi. Ötən əsrin əvvəllərində, keşməkeşli hadisələrlə dolu bir dönəmdə Cabbarovlar ailəsi də acılı günlər yaşamış, müxtəlif çətinliklərlə üz-üzə dayanmalı olmuşdu. Muradxan 7 yaşına çatanda atası vəfat etmişdi. Atasının vaxtsız ölümü və anası Nərgiz xanımın üç övladı təkbaşına böyütməsi onun şəxsiyyətində məsuliyyət hissinin erkən formalaşmasına səbəb olmuşdu. Ailədə hökm sürən dəyərlər sistemi – torpağa bağlılıq, halal zəhmət, əxlaqi bütövlük, namus və qeyrət, dünya işlərində ilahi ədaləti pozmamaq – onun həyat prinsiplərinin əsasını təşkil etmişdi.
Bu xüsusiyyətlərlə böyüyən Muradxan Cabbarov yalnız öz taleyini deyil, gələcəkdə rəhbərlik edəcəyi insanların həyatını da düşünəcək bir insan kimi yetişmişdi.

Rəhbərliyə gedən şərəfli yol
Muradxan Cabbarov ailənin ilk övladı, böyük oğlu idi. Ata əvəzi anasının arxası-köməyi olduğunu bilirdi. Bu ailədə qeyri-adi ana-övlad məhəbbəti yaşayırdı, çünki Nərgiz xanım övladlarına iki sevgini - həm ana, həm də ata sevgisini aşılamışdı. Bu sevgi Muradxan Mahmud oğlu üçün həyatverici gücə çevrilmişdi.
M.Cabbarov 1944-cü ildə Laçın şəhər orta məktəbini bitirib, 1944-1950-ci illərdə ordu sıralarında xidmət edib. Əsgəri xidmətini başa vurduqdan sonra doğma Laçına qayıdıb. Rayona qayıdan gəncə etimad göstərilib. Biliyi, bacarığı və yüksək təşkilatçılığı ilə seçilən Muradxan tezliklə Laçın rayon Komsomol Komitəsində işə dəvət olunub. O, 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində, 1961–1967-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb.
Ali təhsilli mütəxəssis kimi yetişən Muradxan Cabbarov 1955-1959-cu illərdə Laçın rayon Komsomol Komitəsinin şöbə müdiri, daha sonra ikinci katib və birinci katib vəzifələrində çalışıb. 1959-cu ildən Laçın Rayon Partiya Komitəsinin ikinci katibi, 1960-cı ildən isə Laçın Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilib.
1962-ci ildə Muradxan Cabbarov Laçın Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə yüksəlib. Bu vəzifə yüksəlişi həm idarəçilik, həm də insanların taleyi, rayonun gələcəyi üçün böyük məsuliyyət demək idi.
Muradxan Cabbarov üçün vəzifə heç vaxt məqsəd deyildi. O, vəzifəni vasitə kimi görürdü - xalqa xidmət vasitəsi.
Birinci katib vəzifəsinə yüksəlməsi onun idarəçilik bacarığının, təşkilatçılıq qabiliyyətinin və xalq arasında qazandığı nüfuzun göstəricisi idi. Bu vəzifədə 1980-ci ilə qədər fəaliyyət göstərməsi isə Muradxan müəllimin sabit, etibarlı və nəticəyönümlü rəhbər olduğunu təsdiqləyirdi. Bu müddətdə o, Laçın torpağının, Laçın elinin yükünü çiynində çəkməli olub. Onu yaxından tanıyanlar deyirlər ki, əqidəsi, amalı, insansevərliyi ilə çoxlarına örnək olmuş Muradxan Cabbarov həm də elin adamı idi.

Quruculuq illəri - daşda, torpaqda qalan izlər
Muradxan Cabbarovun fəaliyyəti yalnız kağız üzərində qalan qərarlarla məhdudlaşmırdı. Onun gördüyü işlər torpaqda, daşda, kəndlərdə, yolların tozunda, məktəblərin divarlarında yaşayırdı. Laçın Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olsa da, o dövrdə - 60-cı illərin ortalarında respublikanın ən ucqar bölgəsi kimi problemlərdən də xali deyildi. Yolsuzluq isə bu problemlərin başında gəlirdi. M.Cabbarov Laçında yolların çəkilməsi üçün bütün imkanlardan istifadə etdi. Atla gedilən dağ kəndlərinə yeni yollar çəkildi, Şuşa-Laçın yolu əsaslı təmir edildi, genişləndirildi.
O illərdə rayonun hələ çox hissəsi, xüsusi ilə də ucqar dağ kəndləri elektrik enerjisindən məhrum idi. İnsanların rahatlığı, bu yerlərin inkişafı və abadlığı üçün rayonun bütün yaşayış məntəqələrinə elektrik xətləri çəkildi. Təbii çətinliklərə baxmayaraq, ağır zəhmət bahasına bir neçə ilə elektrikləşmə işi başa çatdırıldı.

O zamanlar Laçının ən çətin problemlərindən biri də rayon mərkəzinin su ilə təchizatı idi. Məhz Muradxan Cabbarovun təşəbbüsü ilə xüsusi layihə hazırlandı. Həkəri çayı sahilində artezian quyuları qazıldı, iri nasos stansiyaları tikildi, çətin relyef şəraitinə baxmayaraq boru xətləri çəkilərək Laçının mərkəzi içməli su ilə tam təchiz olundu.
Onun israrlı təkidləri və zəhməti nəticəsində 70-ci illərin ortalarında rayon mərkəzinə və Lçın şəhərinə yaxın yaşayış məntəqələrinə təbii qaz xətti də çəkildi. Bu, sərt uzun qış mövsümünün olduğu Laçının təbiətinin, xüsusən də meşələrin qorunması üçün əhəmiyyətli addım idi.
Ümumiyyətlə, Muradxan Cabbarovun rəhbərliyi dövründə:
Laçının elektrikləşdirilməsi geniş vüsət aldı;
kəndlər yeni yollarla bir-birinə bağlandı;
qazlaşdırma işləri həyata keçirildi;
təhsil müəssisələri, səhiyyə ocaqları, kitabxanalar, mədəniyyət evləri tikildi.
Bütün bu infrastrukturun yaradılması isə insanların həyat keyfiyyətinin yüksəlməsi, gələcəyə ümidin artması demək idi.
Muradxan Cabbarov yaxşı anlayırdı ki, bir rayonun inkişafı yalnız iqtisadi göstəricilərlə ölçülmür - bu inkişaf insanların rifahında, onların üzündəki təbəssümdə əks olunur.

Zəngilanda davam edən xidmət yolu
1980-ci ildən 1988-ci ilə qədər Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi kimi fəaliyyət göstərməsi Muradxan Cabbarovun təcrübəsinin və etimadının digər coğrafiyada davamı idi.
Zəngilan da onun üçün yad yer olmadı. Öz doğma elində, obasında olduğu kimi, Zəngilanda da böyük məsuliyyət və işgüzarlıqla çalışdı. Ümumiyyətlə, Muradxan müəllim harada çalışırdısa, oranı öz doğma yurdu kimi qəbul edir, hər şeyə eyni qayğı ilə yanaşırdı.
Muradxan Cabbarov birinci katib kimi Zəngilanın kəndlərini gəzir, camaatla söhbətləşir, təsərrüfat rəhbərlərinin, ağsaqqalların, əmək və müharibə veteranlarının məsləhətlərini diqqətlə dinləyirdi. Bunlar xalqa böyük ümidlər verirdi ki, rayonun problemləri həll olunacaq... Belə də oldu: Zəngilanda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət aldı, rayona təbii qaz çəkildi, əkin sahələrinin, üzüm bağlarının suvarılmasına mane olan problemlər aradan qaldırıldı, iqtisadi göstəriciləri yüksəldi.
M.Cabbarov gördüyü işlərlə, işgüzarlığı, xalqa sevgisi, təvazükarlığı və insanlara qayğısı ilə Zəngilan rayonunda da böyük hörmət və rəğbət qazandı...

Çətin dövrlərin icra başçısı - Ümumilli liderin etimadı
1988-cı ildə fərdi təqaüdçü kimi yenidən doğma rayona qayıdan M.Cabbarov bir müddət sonra Laçın Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri kimi fəaliyyət göstərməyə başladı. O illər Laçının tarixində ən ağır dönəm idi. Ermənilərin fəallaşması, rayonun blokada vəziyyətinə düşməsi, insanlar arasında çaşqınlıq və digər bu kimi hadisələr onun həyatında unutmadığı və ağır kədərlə yaşadığı zaman kəsiyi idi.
Təəssüf ki, 1992-ci ilin 18 mayında Laçın işğal olundu. M.Cabbarov üçün Laçını itirmək təkcə yurdunu, böyüyüb boya-başa çatdığı doğma torpağını itirmək deyil, həm də bir ömür boyu qurub-yaratdıqlarının, illərdən bəri gecəli-gündüzlü çəkdiyi zəhmətin, həyata keçirdiyi arzuların, az qala həyatının mənasının bir anda puç olması demək idi.
Ermənistanla müharibə ölkənin müxtəlif bölgələrində olduğu kimi, Laçın üçün də məcburi köçkünlük, iqtisadi çətinliklər və ağır sınaqlar gətirmişdi.
Həmin dövrdə M.Cabbarov ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirdi və onun həyatında yeni bir mərhələ başlamışdı.
Məhz belə bir dövrdə, 1994-cü ildə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Muradxan Cabbarovu Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin etdi. Bu, təsadüfi seçim deyildi. Bu, böyük etimadın, uzun illər formalaşmış peşəkarlığın və insan keyfiyyətlərinin qiymətləndirilməsi idi.
Muradxan Cabbarovun fəaliyyətinin məhsuldar mərhələsi vaxtilə Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf etmişdi. Ümummilli lider onun dövlətə, dövlətçiliyə olan sədaqətindən yaxşı xəbərdar idi.
H.Əliyevin fəaliyyəti dövründə müstəqil Azərbaycanda həyata keçirilən tarixi missiyanın iştirakçısı olmaq, qeyri-adi siyasi səriştəyə malik bir şəxsiyyətin rəhbərliyi ilə yenidən çalışmaq isə təbii ki, Muradxan Cabbarov üçün də şərəfli idi.
Muradxan Cabbarov 90-cı illərin ortalarındakı ağır dövrdə Laçına rəhbərlik edərkən təkcə idarəçi deyildi - o, yurdunu itirmiş insanların ağrısını anlayan, onların dərdini bölüşən, ümid verən bir rəhbər idi.

El ağsaqqalı - Ölkə rəhbərinin qiyməti
Muradxan Cabbarov üçün rəhbərlik hökm etmək deyildi. O, dinləməyi bacarırdı. İnsanların problemlərinə biganə qalmırdı. Məcburi köçkünlüyün ilk illərində respublikanın 64 rayonuna səpələnən Laçın əhalisinin böyük hissəsi Ağcabədi rayonunda məskunlaşmışdı. Buna görə Laçının əsas içra strukturları da Ağçabədi rayonunundakı “Taxta körpü” adlanan ərazidə yerləşdirilmişdi. Rayonun əsas dövlət və inzibati strukturları, idarə müəssisə və təsərrüfatları da burada fəaliyyət göstərirdi. Təsərrüfatın demək olar ki, tamamilə dağıldığı, zəruri infrastrukturun olmadığı, əhalinin var-yoxunun talan edildiyi belə bir şəraitdə hər şeyi sıfırdan başlamaq üçün əzm tələb olunurdu. O illər bu yükü çəkmək hər adamın işi deyildi. Saçının-saqqalının dümağ çağında yurdundan ayrılmaq, faciələrin şahidi olmaq, nə qədər ağır idisə, qəlbində Laçın sevgisini daşıyan ağsaqqal Muradxan kişi üçün el-obası ilə birlikdə olmaq özü bir təsəlli idi. O bu yaşda da həmişəki məsuliyyəti, müdrikliyi ilə Laçın elinə ağsaqqallıq edə bildi. Bu məqamda kənara çəkilmədi. Özünə rahat guşə tapıb dincəlmədi.
M.Cabbarov 1994-cü ildən 2005-ci ilədək Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədi. Bu dövrdə Laçının məcburi köçkün əhalisinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm işlərin görülməsinə çalışdı, əlindən gələni etdi.
El ağsaqqalı olmaq titul deyil - bu, insanların verdiyi qiymətdir. Bu qiymət isə yalnız uzun illərin dürüstlüyü, ədaləti və insan sevgisi ilə qazanılır. Muradxan Cabbarov da bu titula haqq edə bildi.
Yeri gəlmişkən, respublika rəhbərliyi hər zaman - istər Sovet İttifaqı dönəmində, istərsə də müstəqillik qazanıldıqdan sonrakı dövrlərdə Muradxan Cabbarovun fəaliyyətini yüksək qiymətləndirib.
O, 1963-1988-çi illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdi. Üç “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”, “Xalqlar Dostluğu” ordenləri və bir sıra medallarla təltif olunub. Təltif olunduğu ordenlər arasında ona ən əzizi isə 1996-cı ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Ümummilli lider Heydər Əliyev tərəfindən təqdim olunan “Azərbaycan Bayrağı” ordeni idi. Bu, həm də amalı Vətənə, xalqa xidmət olan bir insanın koçkünlük illərində ağır zəhmətinə verilən qiymət idi.
Laçınlı günləri yenidən görməsə də, ruhu şaddır

O, gözəl ailə başçısı, qayğıkeş həyat yoldaşı, mərhəmətli ata, çox sevimli baba idi. Acılı-şirinli günlərinin şahidi və şəriki olan, bütün çətin anlarda yanında ona dayaq, arxa duran, qayğısını çəkən Şükufə xanıma hədsiz sevgi və hörmətlə yanasırdı. Şükufə xanım çətin ömür yolunda Muradxan kişiyə əsl dost, həqiqi və əvəzsiz ömür-gün yoldaşı oldu.
2005-ci ilin mart ayında təqaüdə göndərilən Muradxan Cabbarov ömür səhifələrinin ağır-аğır sona doğru vərəqləndiyi bir vaxtda Laçına dönəcəyinə inanırdı.
Ailə üzvləri deyirlər ki, son nəfəsinə qədər bu umidin qığılcımları onu tərk etməmişdi. Amma əcəl Muradxan Mahmud oğluna yenidən Laçınlı günləri görməyə mane oldu, o, 13 aprel 2006-cı ildə 80 yaşında Bakı şəhərində vəfat etdi.
Qızı Sevda xanımın sözlərinə görə, 80 illik ömür sürmüş atası az adama nəsib olan şərəfli bir ömür yaşadı, əslinə-kökünə mənsub olan dəyərləri qoruyub saxladı:
“Heç vaxt haqqı itirmədi, ədalət tərəzisini əymədi. Bədxahları da oldu, anlamadan ona ləkə yaxmaq istəyənlər də tapıldı. Ancaq Tanrı ona doğuşdan qoruyucu həyat meyarları bəxş etmişdi: təvazökarlıq, düzgünlük, halallıq, zəhmətkeşlik, nəfssizlik, gözütoxluq, insana, dünyaya, yaradılışa sevgi dolu ürək, həssas qəlb və güclü intuisiya. Eyni zamanda, yalana, xəyanətə, fitnəkarlığa, oğurluğa, məsuliyyətsizliyə, saxtakarlığa qarşı kəskin, sərt, barışmaz mövqeyi və rəftarı da vardı. Bu möhkəm təməl üzərində tikdiyi insanlıq və ləyaqət qalasını heç nə sarsıda bilmədi. Möhkəm iradəsilə getdiyi əxlaq və əqidə yolundan dönmədi, əyilmədi...
...İnsanlar çaşqınlığa düşəndə, ümidsizliyə, inamsızlığa qapılanda o, tərəddüd etmədən yol göstərdi. El ağsaqqalı missiyasını layiqincə yerinə yetirdi. Neçə kəndə, şəhərə səpələnmiş, şəhid vermiş ailələrin, evi dağılmış, hər şeyini itirmiş, ümid işığına həsrət qalan dərdli insanların yanında oldu. Bu dağ ağırlığında yükü daşımaq kənardan asan görünə bilər, lakin reallıqda çox çətin iş idi. Qeyrət, cəsarət, uzaqgörənlik, bir də böyük ürək tələb edirdi”.

Sevda Muradxanqızı deyir ki, atası torpaq dərdini, itkilərin acı yükünü ürəyində və yaddaşında, elin qayğısını isə çiynində hər kəslə birlikdə daşıdı. Bununla belə, heç vaxt Laçının azadlığa qovuşacağına olan ümidini itirmədi, sarsılmadı. "Bədgüman olmayın, Laçına qayıdacağıq. Ola bilər mən görməyim, amma siz mütləq görəcəksiniz!" – dedi:
“Yuxularında hər gün Laçına gedirdi. Ömrünün hər anını birər-birər xatırlayıb heç vaxt danışmadığı maraqlı xatirələr söyləyirdi. Son günlərini sanki Laçında yaşayırdı. Ömrünün axırlarında bir arzusu var idi: Laçına - qayıtmaq, o torpağın havasını udub, suyunu bir də dadmaq, hər qarışına bələd olduğu dağları, düzləri bir də gəzmək. Elə Laçın həsrətilə də dünyasını dəyişdi...
...Nəhayət atamın havasından, suyundan doymadığı, dağını, düzünü, bulağını, otunu, çiçəyini sevdiyi, hər daşını tanıdığı, hər cığırına bələd olduğu Laçın artıq azaddır. Bu gün onun xoşbəxt, firavan görmək istədiyi laçınlılar yenə öz torpağında, ata yurdundadırlar, həyat davam edir. Onlar böyük zəfərin, doğma torpağa, yurda dönüşün, qələbənin sevincini, qürurunu yaşayaraq yeni həyat qururlar. Çox təəssüf ki, doğma yurdun azad olduğu günü görməyi ömür ona vəfa etmədi. Amma şübhəsiz ki, ruhu hər şeydən xəbərdardır”.
Bu gün Muradxan Cabbarov onu sevənlərin, ona dəyər verənlərin, zəhmətini itirməyənlərin qəlbində daim yaşayır. Onun həyatı bizə bir həqiqəti göstərir: insan özündən sonra nə qoyub gedirsə, onunla xatırlanır. Laçın eli yaşadıqca, Muradxan Cabbarov da yaşayacaq.
A.Qorxmaz