Azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında Rusiyanın Sankt-Peterburq şəhərinin Krasnoselski 547 nömrəli tam orta məktəbin “Mir na ladoşke” teatrında hazırlanmış eyniadlı tamaşa Ümumrusiya yaradıcılıq müsabiqəsində I yerə layiq görülüb.
Modern.az xəbər verir ki, səhnə əsəri Rusiya Federasiyasında həyata keçirilən “Gənclər və uşaqlar” milli layihəsi çərçivəsində Moskva “Pedaqoji Layihələrin Elmi-Tədris Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilati tərəfindən təşkil olunan “Gənclik. Yaradıcılıq. Bahar” Ümumrusiya uşaq və gənclərin yaradıcılıq müsabiqəsinə təqdim edilib. Peşəkar münsiflər heyəti tərəfindən tamaşa yüksək bədii tərtibatı və aktyor oyunu ilə seçilərək 93 balla qiymətləndirilib və müsabiqənin qalibi elan edilərək I dərəcəli diploma layiq görülüb. Eyni zamanda, teatrın rəhbəri, tamaşanın quruluşçu rejissoru Marina Strelsova, eləcə də “TOPJAM” breykinq studiyasının rəhbəri Maksim Şaxov aktyorların yüksək səviyyədə hazırlanmasına görə xüsusi mükafatlarla təltif olunublar.
Qeyd edək ki, “Pis uşaqlar planeti” pyesi son illərdə Rusiyanın müxtəlif müxtəlif bölgələrində, o cümlədən Vıborq, Yamal və Omsk şəhərlərində, eləcə də Sankt-Peterburqun digər bir təhsil ocağı olan Nevski 707 nömrəli orta məktəbdə səhnələşdirilərək tamaşaçılara təqdim olunub. Bütün bunlar isə müasir Azərbaycan uşaq dramaturgiyasının xarici ölkələrdə uğurla təmsil olunmasının növbəti göstəricisidir.