Tehran ABŞ-ın müharibənin dayandırılması ilə bağlı son təklifə verdiyi cavabı araşdırır.
Modern.az xəbər verir ki, bu barədə İranın “Mizan” xəbər agentliyi Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqaiyə istinadən məlumat yayıb.
XİN nümayəndəsinin sözlərinə görə, hazırkı mərhələdə nüvə proqramı ilə bağlı danışıqlar aparılmır. İranın nüvə proqramı və zənginləşdirilmiş uran ABŞ-la münasibətlərdə əsas gərginlik mövzusudur, lakin Tehran bu məsələləri daha sonra müzakirə etməyə üstünlük verir.
İranın dövlət mediasının məlumatına görə, Tehran İrana qarşı sanksiyaların ləğvini, Vaşinqtonun İran sərhədlərinə yaxın ərazilərdən qoşunlarını çıxarmasını, İran limanlarına qarşı dəniz blokadasının dayandırılmasını və bütün hərbi əməliyyatların, o cümlədən İsrailin Livandakı əməliyyatlarının dayandırılmasını təklif edir. Təklif həmçinin iki ölkə arasında 30 gün ərzində razılaşmanın əldə olunmasını nəzərdə tutur. Qeyd olunur ki, İran tərəfi mövcud atəşkəsi uzatmaq deyil, müharibəni dayandırmaq niyyətindədir.
Mayın 2-də Tramp Tehranın təklifini nəzərdən keçirdiyini, lakin bunun razılaşmaya gətirib çıxaracağına şübhə etdiyini bildirib.
Öz növbəsində, İsrailin KAN telekanalının jurnalisti Natan Qutman bildirib ki, ABŞ prezidenti Donald Tramp onunla qısa söhbəti zamanı İranın yeni proqramını “qəbuledilməz” adlandırıb.
“Bu, mənim üçün qəbuledilməzdir. Mən bunu araşdırdım, hər şeyi araşdırdım. Bu, qəbuledilməzdir”, - deyə jurnalist sosial şəbəkədəki səhifəsində Trampın sözlərini sitat gətirib.
Tramp jurnalistlə söhbətində həmçinin qeyd edib ki, İsrail onun ABŞ prezidenti olmasına görə “şanslıdır”.
“Mən və Bibi olmasaydıq, İsrail mövcud olmazdı”, - deyə o bildirib.