Gündəmin nəbzini tutmaq və baş verənlərə operativ reaksiya vermək jurnalistlər üçün prioritetdir. Lakin bəzən ciddi araşdırmalar az oxunduğu halda, şou xarakterli və ya gözlənilməz xəbərlər daha çox diqqət çəkir.
Modern.az bəzi baş redaktorlardan ən çox oxunan xəbər janrları haqda soruşub.
Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlu: "Ən çox oxunan janr insan taleyinə toxunan operativ xəbərlər, sosial hadisələr və eksklüziv informasiyalardır. Oxucu ilk növbədə həyatına, təhlükəsizliyinə və rifahına təsir edəcək məlumatları axtarır. Bu səbəbdən qəza, cinayət, məhkəmə, siyasi-iqtisadi qərarlar, sosial problemlər və tanınmış şəxslərlə bağlı xəbərlər həmişə ön sıradadır.
Oxucu artıq sadəcə "nə baş verdi" sualına cavab axtarmır. O, "niyə baş verdi", "bunun nəticəsi nə olacaq" və "bu mənə necə təsir edəcək" suallarının da cavabını görmək istəyir".
AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova: "Auditoriyamız təhsil camiəsidir və müşahidələrimə görə, ən çox maraq göstərilən janr müsahibədir. Təbii ki, mövzunun aktuallığı, müsahibin kimliyi və materialın həcmi həlledici rol oynayır. Cəmiyyət artıq uzun mətnlər oxumağa həvəsli deyil, vizual cəhətdən cəlbedici materiallara üstünlük verir. Keyfiyyətli fotolarla zəngin müsahibə və reportajlar kifayət qədər oxunur. 10-15 səhifəlik quru söz yığınından ibarət yazıları isə heç kim sonadək oxumur.
Rəsmi xəbərlər də ən çox oxunanlar sırasındadır. İnformasiya kirliliyinin artdığı dövrdə insanlar etibarlı mənbələrə üz tutur. Təhsildə qəbul qaydaları, imtahanlar, MİQ və sertifikatlaşdırma xəbərləri həmişə diqqət mərkəzindədir.
Ən az maraq göstərilən janr isə uzun məqalədir. Çünki oxucular daha çox operativ, konkret və gündəlik həyatlarında istifadə edə biləcəkləri praktik informasiyaya üstünlük verirlər".
Globalinfo.az saytının baş redaktoru Aqşin Evrən: "Məşhur bir deyim var: xəbər ən tez xarab olan məhsuldur. Bu baxımdan ən çox oxunan xəbərlər, adətən, gündəmlə bağlı olan və operativ şəkildə təqdim edilən materiallardır. Lakin blitskriq dönəmində xəbəri ilk çatdırmaq istəyi onun dəqiqliyi və etibarlılığı hesabına başa gəlməməlidir. Operativlik jurnalistikanın əsas prinsiplərindən biri olsa da, faktların yoxlanılması, informasiyanın düzgünlüyü və mənbələrin etibarlılığı prioritet olaraq qalmalıdır.
Bununla yanaşı, peşəkar təqdim olunan analitik yazılar, araşdırmalar və köşələr də aktual olduqda minlərlə oxucu toplayır. Ümumilikdə isə insanların gündəlik həyatına və maddi vəziyyətinə birbaşa təsir edən sosial xəbərlər daha çox diqqət çəkir".
Bizim.Media informasiya portalının redaktoru Alçina Amilqızı: "Səmimi desək, Azərbaycanda ən çox kliklənən xəbərlərlə cəmiyyət üçün ən faydalı olanlar həmişə üst-üstə düşmür. İnsanlar emosional reaksiya yaradan mövzulara daha meyillidir: maaş və pensiya artımı, qiymətlər, yeni iş yerləri, kriminal, sosial şəbəkə mübahisələri, şou-biznes, məşhurların şəxsi həyatı və bürclər daha çox oxunur.
Bu gün insanların böyük hissəsi xəbəri sosial şəbəkələrdən, məsələn Instagram, Telegram, TikTok və ya Facebook-dan alır, diqqət çəkən başlığa rast gəldikdə sayta keçirlər. Təəssüf ki, maarifləndirici yazılara və araşdırmalara maraq azdır. Bu da media qurumlarını çox klik gətirən materiallara üstünlük verməyə məcbur edir".
"Yeni Çağ" Media Qrupunun baş redaktoru Aqil Ələsgər: "Söhbət janrdan çox, təqdimatdan gedir. Vaxtla yarışan müasir oxucu qısa və mahiyyəti birbaşa çatdıran xəbərlərə üstünlük verir. Qısa videoların populyarlığı da bunun göstəricisidir. Lakin bu, uzun yazıların oxunmadığı demək deyil. Əgər mətn maraqlı başlayırsa, axıcıdırsa və yeni nəsə deyirsə, sonadək oxunur. Oxucu uzun mətndən yox, darıxdırıcı mətndən qaçır.
Oxucunu aldadıcı başlıqla deyil, ilk cümlədən cəlb etmək lazımdır. Əməkdaşlarımıza həmişə deyirəm ki, yazıya nəvazişlə yanaşsınlar. Bugünkü rəqabətdə sürət vacibdir, amma etibarlılıq və üslub daha önəmlidir".
Redaktor.az-ın baş redaktoru Aqil Aslan: "Müşahidələrimə görə, ən çox oxunanlar tanınmış şəxslər, nazirlər, deputatlar, şou-biznes nümayəndələri və idmançılarla bağlı məlumatlar, xüsusilə onların şəxsi həyatıdır. Kriminal xəbərlər, maaş və ya pensiya artımları, sosial ödənişlər və qiymət dəyişiklikləri də yüksək reytinq toplayır.
Siyasətə maraq nisbətən aşağı olsa da, böyük beynəlxalq gərginliklər zamanı, məsələn, Yaxın Şərqdəki qarşıdurmalar və s. bu sahəyə diqqət kəskin artır. Saytımızda isə daha çox siyasi, təhsil və sosial şərhlər, təhlillər, eləcə də futbol xəbərləri oxunur".
Ölkə.az saytının baş redaktoru İmdad Əlizadə: "Xəbərin oxunması ilk növbədə günün axarından asılıdır. Həmin gün baş verən mühüm hadisə və açıqlamalar dərhal diqqət mərkəzinə düşür.
Bundan başqa, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, xüsusilə sosial sahə və maaşlarla bağlı olanlar ən çox oxunanlar sırasındadır. Kadr dəyişiklikləri, vəzifədən azad edilmə səbəbləri və yeni təyinatların tərcümeyi-halı da böyük maraq doğurur. Kriminal və şou xəbərləri də daimi oxucu kütləsinə malikdir. Bir sözlə, xəbərin populyarlığı hadisənin miqyasından və əhəmiyyətindən birbaşa asılıdır".