Modern.az

Azərbaycan təkcə Zəfərin deyil, sülhün də müəllifidir – MÜSAHİBƏ

Azərbaycan təkcə Zəfərin deyil, sülhün də müəllifidir – MÜSAHİBƏ

Müsahibə

Bu gün, 08:57

Milli Məclisin deputatı, Yeni Azərbaycan partiyasının üzvü Nigar Məmmədova Modern.az-a müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

– Nigar xanım, Azərbaycan növbəti nüfuzlu bir tədbirə-AQEM-in 7-ci zirvə görüşünə ev sahibliyi etdi. Bu tədbirin əhəmiyyəti və Prezident İlham Əliyevin bu platforma üzərindən verdiyi mesajlar barədə fikirləriniz…

-AQEM-in Bakıda keçirilən 7-ci zirvə görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu nümayiş etdirdi. Bu platformada təmsil olunan tərəfdaşlar Azərbaycanın AQEM-in diqqətini ən vacib məsələlərə yönəltdiyini xüsusi qeyd etdilər.

Prezident İlham Əliyevin toplantıdakı çıxışı müasir beynəlxalq münasibətlərdə mövcud problemlərin təhlili baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçımızın çıxışında əsas mesajlardan biri beynəlxalq hüququn selektiv tətbiqinin qəbuledilməzliyi və ikili standartlara son qoyulmasının zəruriliyi idi. Azərbaycan 30 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri ilə üzləşsə də, beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların icrasını təmin etmək istəmədilər. Xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun isə münaqişənin həllində nəticəsiz fəaliyyəti beynəlxalq təhlükəsizlik mexanizmlərinin ciddi çatışmazlıqlarını üzə çıxardı.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan 2020-ci ilin Vətən müharibəsində ərazi bütövlüyünün bərpası istiqamətində həlledici addım atdı, 2023-cü ilin sentyabrında isə suverenliyini tam təmin etdi.
Azərbaycanın tarixi Qələbədən sonra Ermənistana sülh təklif etməsi isə dövlətimizin siyasi iradəsinin və regionda uzunmüddətli sabitliyə sadiqliyinin göstəricisidir. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqaz əməkdaşlıq və inkişaf məkanına çevrilməlidir. Bunun üçün qarşılıqlı etimadın gücləndirilməsi, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əməl olunması vacibdir.

Bakı toplantısının digər mühüm istiqaməti Azərbaycanın Avrasiya məkanında strateji birləşdirici rolunun ön plana çıxarılması oldu. Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmiz nəqliyyat, enerji, logistika və rəqəmsal bağlantılar sahəsində həyata keçirdiyi layihələrlə regional və qitələrarası əməkdaşlığa mühüm töhfələr verir. Bu siyasət Azərbaycanın həm iqtisadi, həm də geosiyasi əhəmiyyətini artırır.

Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslər üzv və müşahidəçi tərəfdaşlar tərəfindən də təqdir olunur. Nəqliyyat, rəqəmsallaşma, ekologiya, turizm, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi təşkilatın institusional imkanlarının möhkəmlənməsinə xidmət edir. Azərbaycanın məqsədi Asiya məkanında qarşılıqlı etimadı, dialoqu və təhlükəsizliyi təşviq edən daha səmərəli əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək. Bakı zirvəsində də bəyan olunduğu kimi, Azərbaycan AQEM-in dialoq, etimad quruculuğu və birgə fəaliyyət platforması kimi gücləndirilməsinə sadiqdir.

-Prezident İlham Əliyev son çıxışında Azərbaycanın gələcək inkişafı, dövlətin təhlükəsizliyi və xarici siyasəti ilə bağlı mühüm mesajlar verdi. Yeni Azərbaycan Partiyasının üzvü kimi bu çıxışı necə qiymətləndirirsiniz? Dövlət başçısının müəyyənləşdirdiyi prioritetlərin ölkənin gələcək inkişafına təsirini nədə görürsünüz?

– Hesab edirəm ki, cənab Prezidentin çıxışı tarixi və proqram xarakterli bir çıxış idi. Dövlət başçısı Azərbaycanın keçdiyi yolu, bugünkü reallıqlarını təhlil etdi, eyni zamanda gələcək inkişafımızla bağlı prioritetləri, məqsədləri və qarşıda duran vəzifələri müəyyənləşdirdi.

Bilirsiniz, Azərbaycanın keçdiyi yolu təhlil etmədən bugünkü reallıqlarımız haqqında danışmaq mümkün deyil. Biz 1992-ci ilə nəzər salmalıyıq. Həmin dövrdə Azərbaycan xalqına yetkin siyasi qüvvə lazım idi. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkənin siyasi arenasına belə bir qüvvə gəldi. Digər tərəfdən, 1993-cü il oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi də Azərbaycanın gələcək inkişafında mühüm mərhələ oldu. Çünki Azərbaycan xalqına lider lazım idi. Yeni ideyaları olan, təcrübəli, ağıllı, xalqına və Vətəninə bağlı bir lider. Bilirsiniz, rəhbərlər çox ola bilər. Bu gün dünyada çoxsaylı dövlətlər, hökumət və dövlət başçıları var. Amma lider məhz o şəxsdir ki, Vətəninə sevgisi, xalqına bağlılığı ilə yaşasın. Ümummilli Lider Heydər Əliyevin də xalqa və Vətənə bağlılığı Azərbaycanın bugünkü reallıqlarının əsasını təşkil edən mühüm amillərdən biridir.

1993-cü ildən başlayaraq ölkədə müxtəlif istiqamətlərdə islahatların aparılmasının, dövlət proqramlarının qəbul edilməsinin əsası qoyuldu. Azərbaycanın həmin dövrdə hansı təhlükələrlə üz-üzə olduğunu unutmamalıyıq. Ölkəmiz parçalanma, vətəndaş müharibəsi, siyasi qeyri-sabitlik təhlükəsi ilə üz-üzə idi. Eyni zamanda Azərbaycan Ermənistanla müharibə aparırdı. Özü də təkcə Ermənistanla deyil, onun arxasında dayanan qüvvələrlə də mübarizə aparırdı. Cənab Prezidentin ifadəsi ilə desək, Ermənistanın “dayıları” ilə də mübarizə aparmalı olurduq.

Digər tərəfdən, informasiya cəbhəsində mübarizə gedirdi. Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq lazım idi. Ümummilli Liderin həyata keçirdiyi xarici siyasətin əsas məqsədlərindən biri də məhz bu idi.
Azərbaycanın üzləşdiyi təhlükələr, Ermənistanın torpaqlarımızı işğal etməsi, vətəndaşlarımızın hüquqlarının pozulması beynəlxalq təşkilatların diqqətinə çatdırılmalı idi. Ümummilli Lider beynəlxalq tribunalardan çıxışları, bəyanatları və verdiyi mesajlarla bu həqiqətləri dünyaya çatdırırdı.

Görün, Azərbaycan bugünkü reallıqlara necə çətin və uzun bir yoldan keçərək gəlib. Bu yol iqtisadi potensialın gücləndirilməsi, hərbi qüdrətin artırılması, xarici siyasətin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi ilə müşayiət olunub. 2020-ci ildə isə Azərbaycan tarixi Zəfər əldə etdi. Ölkəmiz regionda tamamilə yeni reallıqlar yaratdı. Bu reallıqlar Azərbaycanın beynəlxalq arenadakı mövqelərini daha da gücləndirdi. Azərbaycan qlobal proseslərdə yeni reallıqlar fonunda iştirak etməyə başladı. Azərbaycan 2020-ci ildə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ədaləti bərpa etdi. Azərbaycan heç kimdən hərbi müdaxilə istəmirdi. Biz sadəcə olaraq, qəbul edilmiş beynəlxalq sənədlərin və qətnamələrin icrasını tələb edirdik.

Amma 2020-ci ilə qədər nə görürdük? ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini görürdük. Azərbaycana səfərlər təşkil olunurdu. Düzdür, o dövrdə indiki kimi selfi anlayışı geniş yayılmamışdı. Amma biz faktiki olaraq “selfi turları”, “qastronomiya turları” xarakteri daşıyan səfərlərin şahidi olurduq. Vasitəçilik mexanizmi nəticə vermirdi. Azərbaycan isə həm torpaqlarının işğalı, həm də vətəndaşlarının hüquqlarının kobud şəkildə pozulması ilə üzləşmişdi. Biz beynəlxalq təşkilatlara sual verirdik: Haradasınız? Axı, siz hər zaman insan hüquqlarından danışırsınız. Konvensiyalar, paktlar, beynəlxalq sənədlər qəbul edirsiniz. Bəs, Azərbaycan vətəndaşlarının hüquqları niyə qorunmur?

Qətnamələr qəbul olunurdu, amma onların icra mexanizmlərini görmürdük. Nəticədə Azərbaycan 2020-ci ildə həmin beynəlxalq sənədlərə əsaslanaraq öz gücü ilə ədaləti bərpa etdi.
Bundan sonra da Azərbaycan regionda sülhün təmin olunması üçün addımlar atdı. Qarabağda yaşayan erməni sakinlərə Azərbaycan Konstitusiyasına uyğun şəkildə ölkəmizin vətəndaşlığını qəbul edərək yaşamaq imkanı təklif olundu.

Amma bunun müqabilində nə gördük? Separatçı rejimin fəaliyyətinin intensivləşməsini, mina terrorunu, qanunsuz silahlı birləşmələrin fəallaşmasını, revanşist yanaşmaları gördük. Təbii ki, Azərbaycan öz ərazisində separatizmə yol verə bilməzdi. Cənab Prezidentin də ifadə etdiyi kimi, separatizmin kitabı bağlanmalı idi.
2023-cü ildə 24 saatdan da az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bununla da yeni reallıqlar yarandı və Azərbaycanın beynəlxalq arenadakı mövqeləri daha da möhkəmləndi. Bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlətdir. Amma bu, o demək deyil ki, biz hərbi potensialımızın gücləndirilməsinə ehtiyac duymuruq.



– Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Belə olan halda hərbi potensialın daha da gücləndirilməsi hansı zərurətdən irəli gəlir? Prezidentin ideoloji təhlükəsizliklə bağlı mesajlarını necə qiymətləndirirsiniz?

– Bu, çox vacib məsələdir. Cənab Prezident Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən görüşlərdə də təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırıb. Dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün onun həm iqtisadi, həm də hərbi potensialının güclü olması şərtdir. Amma bu, heç də o demək deyil ki, Azərbaycan hərbi potensialını gücləndirməklə hansısa üçüncü tərəfə, başqa dövlətə qarşı hərbi addımlar atmaq niyyətindədir. Əsla yox! Biz sadəcə olaraq, hər hansı müdaxilənin, müharibə təhlükəsinin qarşısını vaxtında almaq üçün müdafiə imkanlarımızı gücləndiririk. Hərbi potensial, iqtisadi potensial, regional və qlobal əməkdaşlıq bir-birini tamamlamalıdır. Bu istiqamətlər arasında güclü əlaqə olmalıdır.

Azərbaycanın milli təhlükəsizlik siyasətində hərbi potensialın gücləndirilməsinə, müdafiə xərclərinə və müdafiə sənayesinin inkişafına böyük diqqət yetirilir. Cənab Prezident də çıxışında bu məsələləri xüsusi vurğuladı.
Azərbaycan müdafiə sənayesini inkişaf etdirir, müxtəlif dövlətlərlə ikitərəfli əməkdaşlığı genişləndirir. Bütün bunlar ölkəmizin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Digər mühüm məsələ ideoloji təhlükəsizlikdir. Bilirsiniz, biz bu gün çox mürəkkəb bir dünyada yaşayırıq. Süni intellektin inkişafı, sosial şəbəkələrin təsiri, kiberhücumlar və digər çağırışlar ideoloji təhlükəsizliyin nə qədər vacib olduğunu göstərir.

İdeoloji təhlükəsizlik məsələsi beynəlxalq platformalarda da geniş müzakirə olunur. İqtisadi təhlükəsizliklə yanaşı, kibertəhlükəsizlik, informasiya mühitinin qorunması, bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi əsas prioritetlər sırasındadır. Mən ideoloji təhlükəsizliyi bir qədər fərqli izah etmək istəyirəm. Bu, gözə görünməyən düşmənlə mübarizədir. Biz bilmirik ki, həmin düşmən nə zaman və hansı vasitələrlə bizə “hücum edəcək.” Bu, cəmiyyətin fəlsəfəsinə, ideologiyasına, milli dəyərlərinə qarşı yönələn təhlükədir. Cəmiyyəti parçalamağa, onun birliyini zəiflətməyə çalışan təsirlər ola bilər. Ona görə də cəmiyyətin həmrəyliyi, birliyi, milli-mənəvi dəyərləri daim qorunmalıdır.

Burada yenə Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə qayıtmaq istəyirəm. Azərbaycançılıq ideologiyasının gücləndirilməsi istiqamətində atılmış addımların əhəmiyyətini unutmamalıyıq. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi buna nümunədir. Bu, dünyada yaşayan azərbaycanlıların həmrəyliyini, təşkilatlanmasını və milli kimliyini gücləndirən mühüm ideoloji addımdır. Digər tərəfdən, milli bayramlarımızın, adət-ənənələrimizin dövlət səviyyəsində qeyd olunması da milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Biz həmin dəyərləri gələcək nəsillərə ötürməliyik. Bu, çox vacibdir.
İdeoloji təhlükəsizlik məsələsinə toxunarkən təhsilin rolunu da mütləq qeyd etməliyik. Çünki təhsil nə qədər güclü olarsa, cəmiyyətin mənfi təsirlərə qarşı immuniteti də bir o qədər güclü olar.

Biz övladlarımıza elə təhsil verməliyik ki, onlar öz milli kimliklərini, dəyərlərini, tarixlərini bilsinlər. Kənardan hansısa yad qüvvənin onların düşüncəsinə, ideologiyasına təsir göstərmək imkanları məhdud olsun.
Cənab Prezidentin çıxışında Azərbaycanın xarici siyasəti ilə bağlı səsləndirilən fikirlər də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan çoxtərəfli əməkdaşlığa, qarşılıqlı faydalı münasibətlərə böyük dəyər verir. Bu siyasətin əsasını da Ümummilli Lider Heydər Əliyev qoyub. Bu gün Azərbaycan yeni reallıqlara uyğun müstəqil xarici siyasət yürüdür. Ekspertlərin və siyasətçilərin qiymətləndirmələrində Azərbaycanın artıq orta güc statusuna malik olduğu qeyd edilir. Bu, nə deməkdir? Bu, o deməkdir ki, Azərbaycan qlobal proseslərdə iştirak edir, ölkəmizin təşəbbüslərinə maraq göstərilir, onun mövqeyi nəzərə alınır.Azərbaycan müstəqil siyasəti ilə fərqlənir. Azərbaycana heç kim nəyisə diktə edə bilməz. Azərbaycan hansı tədbirdə iştirak etməyi məqsədəuyğun hesab edirsə, orada iştirak edir. Hansı prosesdə iştirak etmək istəmirsə, etmir.

Biz hansısa dövlətin münasibətindən çəkinərək öz milli maraqlarımızdan geri çəkilmirik. Azərbaycanın xarici siyasətinin əsasında milli maraqlar dayanır. Eyni zamanda Azərbaycan etibarlı tərəfdaşdır. Çünki digər dövlətlərlə münasibətlərində onların da milli maraqlarına hörmət edir. Biz əməkdaşlıqda qarşılıqlı fayda, yəni “qazan-qazan” prinsipinə üstünlük veririk. Azərbaycanın həyata keçirdiyi layihələr yalnız özünün deyil, tərəfdaş dövlətlərin də uzunmüddətli maraqlarına xidmət edir. Biz regional inteqrasiyanı gücləndirməli, yalnız qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yüksək səviyyəli münasibətlər qurmalıyıq. Çünki müasir dünyada əməkdaşlıq artıq müəyyən bir coğrafiya ilə məhdudlaşmır.

Bütün bunlarla yanaşı, Azərbaycanın əsas prioritetlərindən biri də Böyük Qayıdışdır. Biz torpaqlarımızı azad etmişiksə, vətəndaşlarımızın həmin ərazilərə ləyaqətli və təhlükəsiz şəkildə qayıdışını da təmin etməliyik. Bunun üçün iqtisadi, sosial, nəqliyyat, enerji və digər sahələrdə layihələrin həyata keçirilməsi vacibdir.



– Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni avqustun 8-də Vaşinqtonda paraflandı. Sizcə, sülh prosesi hazırda hansı mərhələdədir? Yekun sazişin imzalanması üçün əsas maneə nədir?

– Gəlin, əvvəlcə 1994-cü ilə qayıdaq. Həmin dövrdə atəşkəsin elan edilməsində Azərbaycanın əsas məqsədi nə idi? Torpaqlarımızın işğaldan azad olunması, yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımızın doğma torpaqlarına qayıtması və onların hüquqlarının bərpası. Azərbaycan uzun illər beynəlxalq təşkilatlarla diplomatik müstəvidə mübarizə apardı. Minsk qrupu çərçivəsində keçirilən görüşlər, müxtəlif beynəlxalq təşkilatlarda irəli sürülən prinsiplər və formullar nəticə vermədi. Nəyə görə? Çünki bu münaqişədə işğaçı ilə işğala məruz qalan arasında fərq qoyulmurdu. Proses uzadılırdı və heç bir real nəticə əldə edilmirdi.

2020-ci ildə Ermənistanın təxribatları, Azərbaycana qarşı artilleriya atəşləri fonunda ölkəmiz qətiyyətli cavab verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. 2023-cü ildə isə Azərbaycan Ordusu qarşısına qoyulan tapşırığı 24 saatdan az müddətdə yerinə yetirərək suverenliyimizi tam bərpa etdi. Bu, təkcə hərbi Zəfər deyildi. Bu, Azərbaycan xalqının həmrəyliyinin, birliyinin, Vətənə bağlılığının nümayişi idi. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi. Məhz bu birlik, həmrəylik  nəticəsində biz tarixi Zəfərimizi əldə etdik.

Bundan sonra Azərbaycan dayanıqlı sülh uğrunda mübarizəyə başladı. Müxtəlif səviyyələrdə təmaslar, danışıqlar aparıldı. Əbu-Dabidə vasitəçisiz görüş keçirildi. Vaşinqton sammitində isə mühüm siyasi nəticə əldə olundu. Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin paraflanması, birgə bəyannamənin imzalanması mühüm mərhələ idi.

Azərbaycan Zəfərdən sonra sülh üçün də mübarizə apardı. Bu regionda sülhün müəllifi Azərbaycandır. Baxmayaraq ki, xalqımız işğaldan, etnik təmizləmə və soyqırımdan əziyyət çəkib, biz yenə də Ermənistana sülh əlimizi uzatdıq. Əslində, sülh ən çox Ermənistana lazımdır. Çünki sülhün alternativi müharibədir. Müharibə isə fəlakətdir.  Ermənistan üçün sülh həm iqtisadi potensialın gücləndirilməsi, həm regional kommunikasiyalardan faydalanmaq, həm də yeni layihələrdə iştirak etmək baxımından əhəmiyyətlidir. Azərbaycan artıq öz infrastrukturunu inkişaf etdirib, beynəlxalq nəqliyyat və enerji layihələrində mühüm mövqeyə sahibdir. Ermənistan isə sülh nəticəsində bu imkanlardan faydalana bilər.

Ermənistan rəhbərliyi də müəyyən mərhələdə Azərbaycanla sülhdən başqa çıxış yolunun olmadığını anladı. Amma biz hələ də müəyyən revanşist yanaşmaların mövcudluğunu görürük. Burada çox vacib bir məsələ var. Ermənistan Konstitusiyasında dəyişiklik etməlidir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistanın ali qanununda ölkəmizin ərazi bütövlüyünə qarşı iddialara hüquqi əsas yaradan müddəalar aradan qaldırılmalıdır. Bu məsələ həll olunmadan yekun sülh sazişinin imzalanması mümkün deyil. Onu da xüsusi vurğulamaq istəyirəm ki, sülh sazişinin paraflanması onun imzalanması demək deyil. Bu, mühüm mərhələdir, amma yekun sülh üçün qarşıda yerinə yetirilməli olan vəzifələr var.

Ermənistan da başa düşməlidir ki, sülh ona böyük iqtisadi və siyasi dividendlər qazandıra bilər.
Azərbaycan regionun lider dövlətidir, lokomotividir. Regionda sülhün və sabitliyin təmin olunmasında əsas rol oynayan dövlətdir. Azərbaycan beynəlxalq arenada da sülhü, əməkdaşlığı təşviq edir. Sülhün dayanıqlı olması üçün praktiki addımlar atılmalıdır. Bu istiqamətdə artıq iqtisadi əlaqələrə xidmət edən müəyyən proseslərin şahidi oluruq. Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması, Ermənistana məhsulların daşınması real addımlardır. Bu məsələlər Ermənistan rəsmilərinin beynəlxalq platformalardakı çıxışlarında da əksini tapır.
Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağı öyrənməlidirlər. Amma bunun üçün revanşist düşüncədən imtina edilməli, qarşılıqlı etimadı gücləndirən addımlar atılmalıdır. Çünki sülh birillik, ikiillik proses deyil. Sülh uzunmüddətli və dayanıqlı olmalıdır. O, bütün sahələrdə inkişafa şərait yaratmalıdır. Azərbaycan öz keçmişini heç vaxt unutmayacaq. Biz xalqımıza qarşı törədilən cinayətləri, torpaqlarımızın uzun illər işğal altında saxlanılmasını unutmuruq.

Şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Sadəcə olaraq, gələcək nəsillərin sülh və sabitlik şəraitində yaşaması üçün Azərbaycan sülh əlini uzadır. Eyni zamanda hərbi potensialımızı gücləndirməyə davam edirik. Çünki dövlətimizə qarşı yarana biləcək istənilən təhlükənin qarşısını vaxtında almağa hazır olmalıyıq.

– Azərbaycan son illər Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da gücləndirir. Prezident İlham Əliyevin Türkmənistana səfəri və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatında tamhüquqlu iştirakı bu baxımdan mühüm hadisədir. C5 formatının C6-ya çevrilməsi Azərbaycana siyasi və iqtisadi baxımdan hansı imkanları açır?

– Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin aparıcı istiqamətlərindən biridir.
Burada nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, enerji təhlükəsizliyi, Xəzər dənizində təhlükəsizlik, siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi kimi mühüm istiqamətlər var.

Biz Mərkəzi Asiya ilə münasibətlərimizdən danışarkən həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı nəzərə almalıyıq. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından mühüm hadisədir.

Mən burada yenə Ümummilli Lider Heydər Əliyevin xarici siyasətinə qayıtmaq istəyirəm. Çünki Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimizin əsası məhz həmin dövrdə qoyulub. 1990-cı illərin ortalarında Mərkəzi Asiya ölkələrinə səfərlər, imzalanan sənədlər və sazişlər bugünkü əməkdaşlığımızın fundamentini təşkil edir.
Məsələn, 1996-cı ildə Azərbaycanla Türkmənistan arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu gün isə həmin əlaqələr daha geniş müstəvidə inkişaf etdirilir. Siyasi dialoq güclənir, iqtisadi münasibətlər genişlənir, humanitar sahədə əməkdaşlıq dərinləşir.

Münasibətlərin inkişafı üçün ən mühüm amillərdən biri zəngin müqavilə-hüquq bazasının mövcudluğudur.
Azərbaycanın Türkmənistan, Qazaxıstan, Özbəkistan və digər Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində bunu görürük. Özbəkistanla imzalanmış müttəfiqlik münasibətlərinə dair sənədlər də qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir. Bizi bu dövlətlərlə yalnız siyasi və iqtisadi maraqlar birləşdirmir. Ortaq tariximiz, köklərimiz, mədəniyyətimiz, milli-mənəvi və dini dəyərlərimiz var. Amma bir məqamı da xüsusi qeyd etmək istəyirəm: ortaq dəyərlərin olması çox vacibdir, lakin münasibətlərin inkişafı üçün siyasi iradə də lazımdır.
Dövlət başçılarının siyasi iradəsi əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir.

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatının ilk toplantısı 2018-ci ildə keçirilib. Bu platformanın mahiyyəti ondan ibarətdir ki, region dövlətləri ortaq problemlərin həlli üçün bir araya gəlirlər.
Su ehtiyatlarının idarə edilməsi, enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi əməkdaşlıq və digər məsələlər bu formatda daha çevik şəkildə müzakirə oluna bilər. 2023-cü və 2024-cü illərdə Azərbaycan Prezidenti bu görüşlərdə fəxri qonaq qismində iştirak edib. Sonrakı mərhələdə isə Azərbaycanın tamhüquqlu iştirakı ilə əməkdaşlıq yeni səviyyəyə yüksəlib. Burada bir məqama diqqət yetirək. Biz C5 formatından C6 formatına keçiddən danışırıq. İlk baxışdan sadəcə bir rəqəm dəyişikliyi nəzərə çarpır. Amma bu rəqəmin arxasında böyük coğrafiya, yeni nəqliyyat marşrutları, beynəlxalq bazarlara çıxış, resursların birləşdirilməsi və regional inteqrasiyanın dərinləşməsi dayanır.

Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm nəqliyyat və logistika mərkəzidir. Ölkəmiz Mərkəzi Asiya dövlətlərinin beynəlxalq bazarlara çıxışı baxımından əhəmiyyətli rol oynayır.
Burada Orta Dəhlizin rolunu xüsusi vurğulamaq istəyirəm. Cənab Prezident də çıxışında Orta Dəhliz üzrə yükdaşımaların artımına diqqət çəkdi. 2025-ci ildə artımın 10 faiz, 2026-cı ilin ilk səkkiz ayında isə 20 faiz olduğunu qeyd etdi. Azərbaycan ərazisindən tranzit yükdaşımaların 8 milyon tona çatacağı da vurğulandı.
Bu göstəricilər ölkəmizin nəqliyyat və logistika potensialına marağın artdığını nümayiş etdirir.

Azərbaycan həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat dəhlizlərində mühüm mövqeyə malikdir.
Beynəlxalq Dəniz Ticarət Limanı, inkişaf etmiş nəqliyyat infrastrukturu, enerji imkanları ölkəmizin cəlbediciliyini artırır. Mərkəzi Asiya dövlətləri isə zəngin təbii ehtiyatlara, nadir metallara, dağ-mədən resurslarına malikdirlər.
Azərbaycanın nəqliyyat-logistika imkanları ilə Mərkəzi Asiyanın resurs potensialı bir-birini tamamlayır. Digər tərəfdən, Mərkəzi Asiya dövlətləri Azərbaycan məhsulları üçün də geniş bazardır. Biz qeyri-neft sektorunda istehsal etdiyimiz məhsulların həmin bazarlara çıxışını artıra bilərik.

Enerji sahəsində əməkdaşlığı da qeyd etməliyik. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi istiqamətində mühüm saziş imzalanıb. Bu, bərpaolunan enerji sahəsində regional inteqrasiyanın gücləndirilməsi üçün yeni imkanlar yaradır. Əməkdaşlığımız yalnız nəqliyyat və enerji ilə məhdudlaşmır. Rəqəmsal inteqrasiya, Rəqəmsal İpək Yolu, kibertəhlükəsizlik də gündəlikdə duran mühüm məsələlərdir. Təsadüfi deyil ki, AQEM-in Bakı zirvəsi çərçivəsində Prezident İlham Əliyev və Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını etdilər. Yeni xətt investisiyaların cəlb edilməsi, süni intellekt üçün məlumatların emalı mərkəzlərinin, bulud xidmətlərinin və hesablama gücünün inkişafına əlavə şərait yaradır. Bu, böyük əlavə dəyərə malik yeni yüksəktexnologiyalı sahələrin və xidmətlərin inkişafı üçün perspektivlər açır. Cənab Prezidentin də bəyan etdiyi kimi, bu kabeldən Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyanın ölkələri istifadə edəcək. Beləliklə, bu gün biz qlobal layihəyə start verdik.

Biz strateji nəqliyyat və enerji xətlərindən danışırıqsa, onların təhlükəsizliyini də təmin etməliyik. Bu mənada C6 formatı sadəcə siyasi platforma deyil. Bu, iqtisadi, nəqliyyat, enerji, humanitar və təhlükəsizlik sahələrində uzunmüddətli əməkdaşlıq imkanları yaradan mühüm regional mexanizmdir.



– Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Türk Dövlətləri Təşkilatının güclənməsinə necə təsir göstərə bilər? Sizcə, Azərbaycan türk dünyasının inteqrasiyasında hansı rolu oynayır?

– Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafı birbaşa türk dünyasının inteqrasiyasına da təsir göstərir. Ümumiyyətlə, Azərbaycan müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir. İstər D-8, istər İslam Əməkdaşlıq Təşkilatı, istər Qoşulmama Hərəkatı, istərsə də digər təşkilatlar çərçivəsində ölkəmizin fəaliyyətinə nəzər salsaq, bunu aydın görə bilərik.

Azərbaycan bu platformalara sadəcə iştirakçı kimi qatılmır. Öz təcrübəsi, təşəbbüsləri və ideyaları ilə çıxış edir.
Ölkəmizin beynəlxalq platformalardakı mövqeyi təsadüfən güclənməyib. Azərbaycan müxtəlif təşkilatlarda fəaliyyəti ilə etibarlı tərəfdaş olduğunu göstərib. Xüsusilə Qoşulmama Hərəkatına sədrliyimiz dövründə ortaya qoyulan təşəbbüsləri xatırlamaq kifayətdir.

Beynəlxalq tərəfdaşlar da görür ki, Azərbaycan yeni ideyalar, təşəbbüslər və əməkdaşlıq imkanları təqdim edir.
Mən bunu bir növ ideya sərmayəsi adlandırardım. Azərbaycan hansı platformada iştirak edirsə, oraya öz təcrübəsini və ideya sərmayəsini gətirir. Türk Dövlətləri Təşkilatının güclənməsində də Azərbaycanın xüsusi rolu var. Ən mühüm məsələlərdən biri təşkilata üzv dövlətlər arasında qarşılıqlı inamın və özünəgüvənin gücləndirilməsidir. Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. Gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşəcəyini düşünürəm. Birgə təlimlərin keçirilməsi, təhlükəsizlik məsələləri ilə bağlı koordinasiyanın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda humanitar əlaqələr, mədəni əməkdaşlıq və rəqəmsallaşma istiqamətində yeni layihələrin həyata keçirilməsi mümkündür. Yəni enerji, nəqliyyat, təhlükəsizlik, rəqəmsallaşma – bütün bunlar türk dövlətləri arasında əməkdaşlığın gələcək prioritetləri kimi çıxış edir. Burada ən vacib məqam ondan ibarətdir ki, əməkdaşlıq yalnız siyasi bəyanatlarla məhdudlaşmasın. Konkret layihələr, ortaq təşəbbüslər və praktiki nəticələr olsun.

– Türk dövlətləri arasında sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, gömrük sistemlərinin rəqəmsallaşdırılması və vahid yanaşmaların tətbiqi də müzakirə olunur. Bu istiqamətdə inteqrasiya nə dərəcədə realdır?

– Mən hesab edirəm ki, bu istiqamətdə çox böyük imkanlar var. Rəqəmsallaşma, gömrük tariflərinin uyğunlaşdırılması, sərhəd və gömrük prosedurlarının rəqəmsallaşdırılması malların və məhsulların daşınmasını xeyli asanlaşdıra bilər. Bilirsiniz, burada əsas məqsəd prosedurların sadələşdirilməsi və sürətləndirilməsidir.
Nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyəti yalnız infrastrukturun mövcudluğundan asılı deyil. Eyni zamanda gömrük və sərhəd prosedurlarının çevikliyi mühüm əhəmiyyət daşıyır.

Biz Orta Dəhlizdən danışırıqsa, bu marşrut üzrə tranzit yüklərin daşınmasının sürətini də nəzərə almalıyıq.
Gömrük prosedurlarının rəqəmsallaşdırılması, tariflərin uyğunlaşdırılması, sənədləşmənin asanlaşdırılması bütün bu proseslərə müsbət təsir göstərə bilər. Digər tərəfdən, xalqlar arasında təmasların genişlənməsi də vacibdir. Beynəlxalq münasibətlərdə buna “people-to-people contacts” deyirlər. İnsanlar arasında əlaqələr nə qədər güclü olarsa, bu, digər sahələrdə əməkdaşlığın inkişafına da bir o qədər müsbət təsir göstərər.
Bu gün rəqəmsallaşma təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün prioritet məsələlərdən biridir. Ona görə də türk dövlətləri arasında rəqəmsal inteqrasiyanın dərinləşdirilməsi həm iqtisadi əlaqələr, həm də insanların qarşılıqlı münasibətləri baxımından yeni imkanlar yarada bilər.

– Siz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvüsünüz. Prezident İlham Əliyev sosial rifahın yaxşılaşdırılmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi göstərib. 2027-ci ildə sosial siyasətdə hansı istiqamətlər üzrə dəyişikliklər gözləyirsiniz?

– Cənab Prezidentin həyata keçirdiyi siyasətdə hər zaman bir əsas prinsip olub: Azərbaycan vətəndaşı dövlət siyasətinin mərkəzində dayanır. Bu, çox vacib məsələdir. Dövlət başçısı çıxışında iqtisadi potensialın gücləndirilməsindən, investisiya mühitinin yaxşılaşdırılmasından, iqtisadi göstəricilərdən danışdı. Təbii ki, bütün bunlar son nəticədə Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılmasına hesablanıb. İqtisadi potensialın güclənməsi sosial sahədə də yeni imkanlar yaradır. Bu, pensiyaların, əməkhaqlarının artırılması və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Cənab Prezident də bu istiqamətdə mesajlarını verdi. Biz iqtisadi inkişafdan danışırıqsa, onun nəticələri bilavasitə vətəndaşın gündəlik həyatında hiss olunmalıdır. Çünki dövlətin həyata keçirdiyi layihələrin, iqtisadi islahatların əsas məqsədlərindən biri insanların həyat şəraitini daha da yaxşılaşdırmaqdır. Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən layihələrdə də bunu görürük. Mən hesab edirəm ki, iqtisadi potensialın gücləndirilməsi ilə sosial rifahın yüksəldilməsi paralel şəkildə davam etdiriləcək.

– İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Qarabağ və Şərqi Zəngəzura köç prosesinin gedişini necə qiymətləndirirsiniz? Sizcə, insanların doğma yurdlarında dayanıqlı məskunlaşması üçün əsas şərtlər hansılardır?

– Bilirsiniz, biz müsahibəmiz boyunca birlikdən, həmrəylikdən danışdıq. Mən hesab edirəm ki, həmin birliyi və həmrəyliyi Böyük Qayıdış prosesində də aydın görürük. Burada dövlət, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.Gəlin, yenə tarixə nəzər salaq. 1994-cü ildə Azərbaycanın qarşısında duran əsas hədəflər nə idi? Torpaqlarımızın işğaldan azad edilməsi və vətəndaşlarımızın doğma yurdlarına qayıtması. Amma Azərbaycanın məqsədi sadəcə insanları həmin ərazilərə qaytarmaq deyil. Əsas məqsəd vətəndaşlarımızın doğma torpaqlarına ləyaqətli və təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir. Çünki bu insanlar vaxtilə öz isti yuvalarından, sabit və təhlükəsiz həyatlarından məhrum ediliblər. Ona görə də biz onların qayıdışı üçün hərtərəfli şərait yaratmalıyıq. Azərbaycan tarixi Zəfər əldə etdi. Hesab edirəm ki, biz həmin torpaqlara həm də həyatın özünü, qələbə ruhunu qaytarırıq.

Təsəvvür edin, illərdir səssiz qalan məktəblərdə yenidən uşaqların səsi eşidilir. Evlərdən ocaqların tüstüsü qalxır. Küçələrdə nəqliyyat vasitələri hərəkət edir. Bütün bunlar bizim Zəfərimizin göstəriciləridir. Üçrəngli bayrağımızın Azərbaycanın hər bir guşəsində dalğalanması da Zəfərimizin göstəricisidir. Keçmiş məcburi köçkünlərin yaşaması, işləməsi, təhsil alması, normal həyat sürməsi üçün bütün imkanlar yaradılmalıdır. Bunun üçün bütün dövlət qurumları birlikdə fəaliyyət göstərməlidir. Vətəndaş cəmiyyəti də öz təşəbbüsləri ilə bu prosesə töhfə verməlidir. Özəl sektor da fəal iştirak etməlidir. Çünki bizim məqsədimiz həmin ərazilərdə dayanıqlı sosial və iqtisadi həyatın formalaşdırmaqdır. Bu gün işğaldan azad edilmiş ərazilərdə 96 minə yaxın insan yaşayır, çalışır və təhsil alır. Bu mənzərəni görmək qürurvericidir. Həmin ərazilərdə keçirilən tədbirlərdə iştirak edərkən biz təkcə fiziki quruculuq işlərinin deyil, eyni zamanda Azərbaycanın mədəni və informasiya suverenliyinin bərpasının şahidi oluruq. Biz mədəni abidələrimizi qaytarmışıq. Tarixi irsimizə yenidən sahib çıxmışıq. Təbiətimizi, ekologiyamızı bərpa etmək imkanı əldə etmişik.

İşğaldan azad edilmiş torpaqlarımızın hər qarışı bizim üçün əzizdir. Oradakı hər bir ağac, hər bir tarixi abidə, hər bir yaşayış məntəqəsi bizim üçün böyük mənəvi dəyər daşıyır. Ona görə də Böyük Qayıdış sadəcə köç prosesi deyil. Bu, Azərbaycanın Zəfərinin bütün istiqamətlərdə möhkəmləndirilməsi prosesidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı arzulayıram. Bu gün də Azərbaycanın sərhədlərini, suverenliyini və ərazi bütövlüyünü qoruyan hərbçilərimizə cansağlığı və güc arzulayıram. Onlar Ali Baş Komandanın rəhbərliyi altında dövlətimizin təhlükəsizliyini qoruyurlar.

– Nigar xanım, sülh prosesinə yenidən qayıtmaq istərdik. Azərbaycanla Ermənistan arasında hökumətlər, vətəndaş cəmiyyəti və media nümayəndələri səviyyəsində müxtəlif təmaslar olub. Bəs, parlamentlərarası əlaqələrin qurulması istiqamətində hansı addımlar atıla bilər? Deputatlar sülhün möhkəmləndirilməsinə konkret necə töhfə verə bilərlər?

– Əlbəttə, bu prosesdə parlamentin də rolunu qeyd etməliyik. Təsadüfi deyil ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ermənistan parlamentinin sədri ilə bir neçə dəfə rəsmi ikitərəfli görüş keçirib. Bu görüşlərdə də parlamentlərin sülh prosesinə mümkün dəstəyi və dialoqun qurulması, həmçinin parlamentlərarası təmasların davam etdirilməsi, Vaşinqton razılaşmaları, normallaşma və qarşılıqlı etimadın möhkəmləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi əsas müzakirə mövzuları olub. Hesab edirəm ki, Parlament diplomatiyası siyasi razılaşmaların hüquqi, institusional və ictimai əsaslarının möhkəmləndirilməsində mühüm rol oynaya bilər.



– Özünüz neçə ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüsünüz? Bu qruplar çərçivəsində əməkdaşlıq necə qurulur?

– Mən on parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüyəm. Həmçinin, Azərbaycan–Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriyəm. Artıq bu istiqamətdə səfər həyata keçirilib, Deputatlar Palatasının komitə, müxtəlif siyasi fraksiyaların rəhbərləri və nümayəndələri ilə görüşlərimiz olub. Belə görüşlər parlamentlərarası dialoqun inkişaf etdirilməsi, qarşılıqlı mövqelərin çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Parlament diplomatiyasının üstünlüyü də məhz ondadır ki, dövlətlər arasında münasibətlərin inkişafına əlavə imkanlar yaradır.

– Sonda Türk Dövlətləri Təşkilatının gələcəyinə bir daha toxunaq. Azərbaycan bu təşkilatın daha güclü beynəlxalq platformaya çevrilməsi üçün hansı istiqamətlərə üstünlük verməlidir?

– Mən hesab edirəm ki, burada bir neçə istiqamət xüsusi əhəmiyyət daşıyır. İlk növbədə, siyasi dialoqun və qarşılıqlı etimadın gücləndirilməsi vacibdir. Çünki ortaq tariximiz, mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz olsa da, konkret nəticələr əldə etmək üçün güclü siyasi iradə lazımdır.

İkinci mühüm istiqamət iqtisadi inteqrasiyadır. Nəqliyyat dəhlizlərinin inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma, yeni enerji və logistika layihələrinin həyata keçirilməsi əməkdaşlığımızın dərinləşməsinə xidmət edə bilər.Təhlükəsizlik məsələləri də xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Çünki bu gün dünya çox sürətlə dəyişir. Yeni çağırışlar yaranır. Biz həmin çağırışlara birlikdə cavab vermək imkanlarımızı gücləndirməliyik.

Eyni zamanda humanitar əməkdaşlığın genişləndirilməsi də vacibdir. Xalqlarımız arasında təmaslar artmalı, gənclər, təhsil, elm və mədəniyyət sahələrində ortaq layihələr çoxalmalıdır. Azərbaycan bütün bu istiqamətlərdə fəal rol oynayır və bundan sonra da öz təşəbbüsləri ilə türk dünyasının inteqrasiyasına töhfə verə bilər.
Ən vacibi odur ki, biz mövcud imkanlardan düzgün istifadə edək və əməkdaşlığımızı uzunmüddətli strateji hədəflər üzərində quraq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində