Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a geniş müsahibə verib. Komitə sədri müsahibəsində dəyişən dünya nizamından, beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerindən, Qarabağ Zəfərinin tarixi miqyasından və diplomatik nəticələrindən danışıb. O, həmçinin liderlik, siyasi etimad, yeni nəslin potensialı, təhsil sistemi və süni intellektin insan psixologiyasına təsiri ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
- Səməd müəllim, çağdaş zamanda beynəlxalq münasibətlərdə proqnozlaşdırıla bilməyən vəziyyət yaranıb. Bu fonda qlobal güc balansı və beynəlxalq hüququn gələcəyi də sual altına düşür. Sizcə, dünyanın belə qeyri-müəyyənlik dövrünə daxil olmasının səbəbi nədir? Bu, mövcud dünya nizamının süqutunun əlamətidir, yoxsa yeni nizamın formalaşması prosesi gedir? Və bu prosesin hansı nəticələrə gətirib çıxaracağını gözləmək olar?
- Belə bir vəziyyətin gözlənildiyini demək, bəlkə də, düzgün olmazdı. Hər bir halda İkinci Dünya Müharibəsindən sonra yaranmış yeni dünya düzəni öz tarixi funksiyasını, missiyasını başa vurur. Artıq beynəlxalq münasibətlər sistemi və dünya ölkələri üçün tamam fərqli dövr başlayıb. Bu isə təsadüfi xarakter daşımır. Yeni dövr Berlin divarının sökülməsindən, Sovet İttifaqının dağılmasından və nə qədər qəribə səslənsə də Qarabağla başladı. Bəlkə də, bu, bir qədər pafoslu səslənir. Ancaq dünyanın bugünkü vəziyyətə gəlib çatmasının səbəblərindən biri, xüsusilə Avropa qitəsində, ədalətsizliyin ilk dəfə bu qədər açıq və ifrat formada təzahür etməsidir. Bu ilk dəfə özünü Sovet İttifaqının dağılmasından sonra Qarabağ məsələsində də göstərdi. İkinci Dünya Müharibəsindən sonra belə bir ədalətsiz yanaşmanı heç kim görməmişdi. Bu faciə bizim başımıza gəldi. Bunun da təbii ki, Azərbaycan xalqı üçün çox faciəvi nəticələri oldu. Torpaqların itirilməsi, işğal altında qalması, bir milyona yaxın qaçqın və məcburi köçkünün mövcudluğu kimi problemlərlə, ümumiyyətlə, Azərbaycanın siyasi xəritədən silinməsi təhlükəsi ilə üzləşdik. Azərbaycan xalqının xoşbəxtliyi onda idi ki, dövlətçiliyimizin sual altında olduğu həmin dövrdə bu sual işarəsini nöqtəyə çevirməyə imkan vermədik. Maraqlıdır ki, bizim tariximiz, obrazlı desək, sual, nöqtə və nida işarələrindən ibarətdir. Tariximizin ən çətin mərhələsində dövlətçiliyimizin özü sual altına düşmüşdü. Əvvəlcə həmin sual işarəsinin altından xətt çəkərək ona nöqtə qoymaq istədilər. Lakin sonradan bu sual işarəsi NİDA işarəsinə çevrildi. Lakin o zaman biz bu ədalətsizliyin qurbanına çevrilməyə məhkum edilmişdik. Bu, misli görünməmiş ədalətsizlik idi. Təsəvvür edin, bir dövlətin tərkibində yaşayırsınız, onun mövcudluğu və inkişafı naminə bütün gücünüzlə çalışırsınız, amma sonda elə həmin dövlətin özündən gözlənilməz və ağlasığmaz münasibətlə qarşılaşırsınız. Əvvəlcə 20 Yanvar faciəsi, ardınca heç bir məntiqə sığmayan şəkildə Qarabağın Azərbaycandan qoparılması, daha sonra isə Xocalı soyqımı baş verdi. İş elə bir yerə gəlib çatdı ki, biz, artıq ümumi təqvimə nifrət edirdik. Bir xalqın taleyini elə acınacaqlı vəziyyətə salmışdılar ki, mən şəxsən təqvimə baxa bilmirdim. Təqvimə baxanda il 20 Yanvarda başlayırdı, ardınca 26 Fevral - Xocalı faciəsi gəlirdi. Bundan da sonra təqvim Şuşanın işğal olunduğu günü - 8 May-ı göstərirdi. Təqvim gələcək deməkdir. İnsan təqvimə sabah nə edəcəyi, hansısa işi görmək ümidi ilə baxır. Təqvimə baxa bilmirəmsə, deməli, özümü həyatda görə bilmirəm. Azərbaycan xalqını belə bir vəziyyətə salmışdılar. Təqvimsiz, gələcəksiz bir xalq yaranacaq, insanların hərəsi bir tərəfə səpələnəcək, məmləkətsiz, torpaqsız, coğrafiyasız, siyasətsiz qalacaqdı. Təsadüfi deyil ki, bu baxımdan Ulu Öndərin gördüyü işləri dövlətin bünövrəsinin qoyulması kimi qiymətləndiririk. Heydər Əliyevin hakimiyyətə gəlişi zəruri idi. O, öz böyüklüyü, nüfuz dairəsi, düşüncəsi və şəxsi keyfiyyətləri ilə Azərbaycandan daha böyük idi. Elə buna görə də, Azərbaycanı öz çətiri altında qoruyub saxlaya bildi. O, dünya miqyasında şəxsiyyət, Sovet İttifaqını idarə edən bir siyasətçi idi. Sovet İttifaqının miqyası ilə müqayisədə Azərbaycanın ərazisi Heydər Əliyev üçün çox kiçik idi. Bu da Azərbaycanın xoşbəxtliyi idi ki, onun şəxsiyyəti daha geniş bir miqyası, daha geniş coğrafiyanı və siyasəti öz çətiri altında birləşdirə bilirdi. Nəticədə, Azərbaycan yavaş-yavaş dirçəlməyə başladı. Bir anlıq 1992-ci ildə baş verən hadisələri, yəni Xocalını düşünün. 1992-ci ilin fevralında Xocalı faciəsi baş verdi, ondan iki il sonra- 1994-cü ildə isə bütün dünya Azərbaycana üz tutdu. Söhbət “Əsrin müqaviləsi”ndən gedir. Bu iki il həm müddət, həm də tarixi baxımdan heç nədir. Ancaq cəmi iki il ərzində yerlə göy qədər fərq yaranmışdı. Artıq siyasi xəritədən silinmək təhlükəsi ilə üzləşən Azərbaycan böyük iddialarla, planlarla və ideyalarla yenidən siyasi xəritəyə qədəm qoymuşdu. Bu, Heydər Əliyevin böyüklüyüdür. Eyni zamanda, ədalətsizliyin ən ciddi nümunəsi olan Qarabağın Azərbaycandan qoparılması və Qarabağ faciəsinə səbəb olmuş ədalətsizliyə son qoyulması prosesinin ilk cizgiləri də görünməyə başladı. Atəşkəsin imzalanması, Horadizdə böyük bir əməliyyatın keçirilməsi bizim üçün böyük uğur idi. Lakin hələ heç kimin ağlına belə gəlmirdi ki, Qarabağ tamamilə azad ediləcək. Çox az adam buna inanırdı. Xocalı qatillərinin istintaq təcridxanasında çay içəcəyini, həbs olunacağını kim düşünə bilərdi? Bütün bu baş verənlərin təməlləri isə Heydər Əliyev tərəfindən atılmışdı. O, ümidsizliyin aradan qalxmasına nail oldu. Bununla da, xalq özünə qayıtmağa başladı. İnsan da, xalq da gələcəklə, ümidlərlə, sabahla yaşayır. Heydər Əliyev bu sabahı geri qaytardı. Bunu heç vaxt unutmamalıyıq. Cənab Prezident də həmişə deyir: “Bizim qələbəmiz bir gün ərzində qazanılmış qələbə deyil". 44 günlük qələbənin arxasında 35 illik fəaliyyət dayanır. Hətta mən bu məsələyə bir qədər başqa aspektdən yanaşardım. Sovet İttifaqını yanacaqla təmin edən Azərbaycana layiq olduğu heç bir ad verilmədi. İkinci Dünya Müharibəsindən sonra bir çox şəhərlərə “Qəhrəman şəhər” adı verildi. Ancaq Azərbaycanın nefti, qazı və yanacağı hesabına hər şey - təyyarələr, tanklar, maşınlar istehsal olunurdu. O zaman nə Sibir, nə başqa yerlər, nə də Qazaxıstan indiki səviyyədə idi. Neft və qaz əsasən buradan - Bakıdan çıxırdı. Bu sərvətlər hesabına qazanılmış uğur, qələbə və həmin qələbənin nəticəsində qələbəsizliyə məhkum edilmiş Azərbaycan vardı. Bu ədalətsizlik idi. Qarabağ faciəsi sadəcə 1980-ci illərdə başlamayıb. Bunun tarixini daha əvvələ - 1918-ci və 1915-ci illərə də bağlamaq olar. Bu, uzunmüddətli bir tarixdir. Ona görə deyirik ki, qələbəmiz Azərbaycanda 200 il ərzində baş vermiş problemləri həll etdi. Bu qələbə yalnız son 30-35 ilin problemlərini həll etmədi. Xankəndinin 200 il əvvəl verilmiş adının bərpası öz-özlüyündə böyük tarixi hadisədir. Ona görə də, verdiyiniz bu sual çox vacibdir, nə baş verir? Sovet İttifaqının dağılmasına gəldikdə, bu, artıq başqa söhbətin mövzusudur. SSRİ ona görə dağıldı ki, rəqabətə davam gətirə bilmədi, ikiüzlülük edirdi, bir şey haqqında danışır, başqa şeyləri tətbiq edirdi. Bilirsiniz, dünya həmişə məzmun və formadan ibarətdir. Həyatımızda hər şeyin bir məzmunu, bir də forması var. Məzmunla formanın tam üst-üstə düşməsi də düzgün deyil. Əgər onlar tam üst-üstə düşsə, sən artıq forma haqqında deyil, yalnız məzmun haqqında düşünəcəksən. Forma məzmunun içərisində əriyəcək və sən yalnız məzmun barədə fikirləşəcəksən. Əslində, dəyərin özü də bir formadır. Məsələn, ağsaqqala hörmət bir formadır. Bu, yalnız insanın daxilindəki məzmun deyil, həm də bir formadır. Yəni ağsaqqal içəri daxil olanda mən ayağa qalxacağam. Bu, müəyyən davranış forması və çərçivədir. Çərçivələrin tamamilə itməsi də düzgün deyil. Ancaq ən böyük faciə o zaman baş verir ki, məzmunla forma bir-birindən tamamilə ayrılır. Sovet İttifaqında da belə bir proses baş verdi. Forma bir yerdə qaldı. Hamı nədənsə danışırdı, hamı nəsə edirdi, ancaq məzmun tamamilə çürümüşdü. Berlin divarı dağıldı, Sovet İttifaqı süqut etdi. Ancaq bu faciənin içərisində biz də öz faciəmizi yaşadıq. Bütün bu hadisələr bizim başımızın üstündə baş verdi. Bu gün biz ona görə bir nümunəyə çevrilmişik ki, dünya faciələri içərisində həmin faciələri ilk yaşayan xalqlardan biri Azərbaycan xalqı oldu. Biz bu faciələr içərisində müəyyən təcrübə qazandıq. Çünki hər şeyə şübhə ilə yanaşmalı olduğumuzu başa düşdük. Beynəlxalq təşkilatlara həddindən artıq inanmaq olmaz. “Sənə kömək edəcəyəm, arxanda dayanacağam, sənə dəstək olacağam” kimi vədlərə çox arxayın olmaq lazım deyil. Öz gücünə arxalanmalısan. Ukraynanın beynəlxalq təşkilatlara, dövlətlərə necə arxalanıldığını gördük. Bu barədə çox danışmaq olar.

- Səməd müəllim, bu gün dünya qeyri-müəyyənlik dövrünü yaşayır. Dünyadakı qeyri-müəyyənlik Azərbaycana nə vəd edir?
- Biz qeyri-müəyyənlik şəraitində 30 ilə yaxın yaşamışıq. Yəni faciəvi bir dövr keçirmişik. Həmin qeyri-müəyyənlik içərisində öz iqtisadiyyatımızı, dövlətimizi qurmağa çalışmışıq. Çünki bunun sonunun necə olacağı bəlli deyildi. Qarabağ məsələsində bizi ədalətsiz sülhə sürükləyirdilər. Misli görünməmiş bir vəziyyət yaranmışdı, bizə "siz razılaşın, onsuz da bu reallığı dəyişdirmək mümkün deyil. Bu şəkildə sizə kömək edəcəyik” dedilər. Əslində, Azərbaycan buna öz yüksəlişi, iqtisadiyyatının güclənməsi, ordusunun ən güclü ordulardan birinə çevrilməsi, xalqın rifahının yüksəlməsi, birliyin və əlaqələrin yüksək səviyyədə təşkili ilə cavab verdi. Yəni biz dünyanın cavab axtardığı suallara faciə içərisində cavab verməyə başladıq. Bizim üstünlüyümüz bundan ibarətdir. Özümüzə, xalqımıza arxalanmağımız, milli maraqlarımızı önə çəkməyimiz, xalqla birgə olmağımız və gücümüzü düzgün istiqamətə yönəltməyimiz bizim ən böyük üstünlüyümüzdür. Bütün bunlar qeyri-müəyyənliyə verilən cavabdır. Qeyri-müəyyənlik şəraitində bu nüansları nəzərə almayan xalqlar və dövlətlər böyük faciələrlə üzləşirlər. Bu baxımdan Ukrayna və Rusiya nümunədir. Qeyri-müəyyən vəziyyətdə kiməsə arxalanan, kimdənsə nəsə gözləyən dövlət ciddi problemlərlə qarşılaşır. Yaxud Yaxın Şərqi götürək, kiməsə arxalanır, kimlərəsə güvənirdilər, düşünürdülər ki, kimsə onları müdafiə edəcək. Lakin heç kim gəlib onları müdafiə etmədi.Çətin an gələndə heç kim onları qorumadı. Söhbət Körfəz ölkələrindən gedir. Ona görə də bu qeyri-müəyyənlik şəraitində Azərbaycanın siyasi rəhbərliyinin apardığı siyasət fərqlidir. Bu siyasət qeyri-müəyyən vəziyyətdə konkret və dəqiq addımların atılmasına əsaslanır. Artıq cənab Prezident həmin addımların düsturunu açıq şəkildə bəyan edib. Düstur belədir ki, qonşu ölkələrlə, eyni zamanda onların qonşuları ilə də normal münasibətlər qurmalı, xalqın maraqlarını önə çəkməli, münasibətləri qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında formalaşdırmalıyıq. Bu, faktiki olaraq, yeni beynəlxalq münasibətlərin prinsipləridir. Biz də hazırda xarici siyasətimizi bu prinsiplər əsasında formalaşdırırıq.
- Dediyiniz kimi, Azərbaycan gözlənilməz şəkildə Xankəndi üzərində də suverenliyini bərpa etdi, Xocalı soyqırımını törədənlərin başçılarını məhkəmə qarşısına çıxardı. Siz ixtisasca psixoloqsunuz. Sizcə, Azərbaycan cəmiyyəti əldə olunan bu tarixi Qələbənin miqyasını və onun mənəvi-psixoloji əhəmiyyətini tam dərk edə bilirmi? Yoxsa bu qələbənin əsl dəyərini anlamaq üçün hələ zamana ehtiyac var?
- Elə bir hadisə baş verib ki, onu bir anın, bir ayın, bir ilin, hətta bir neçə ilin içərisində təhlil etmək mümkün deyil. İldən-ilə görürük ki, bu hadisənin miqyası həddindən artıq böyükdür. Hər il dünyanın da bunu hiss etdiyini başa düşürük. Heç də təsadüfi deyil ki, Azərbaycan düz bir aydan sonra Mayamidə G20 ölkələri ilə bir araya gələrək dünya problemlərinin həllində iştirak edəcək. Ancaq bir neçə il bundan əvvəl tamamilə fərqli, xəritədə heç kimin görmədiyi, tanımadığı, bilmədiyi bir Azərbaycan vardı. Dövlət olaraq kimlərisə axtarırdıq ki, bura gəlsin. İndi isə biz özümüz seçirik ki, kimin yanına gedək, kiminlə bir yerdə oturaq. Dünən maraqlı bir mənzərə gördüm. Cənab Prezident COP31 çərçivəsində dövlət və hökumət başçılarının birgə foto çəkdirdiyi zaman aşağı sırada dayanmışdı. Finlandiyanın prezidenti Aleksandr Stubb isə yuxarı sıradan ona tərəf əyilərək səmimi söhbət edirdi. O, Prezident İlham Əliyevə suallar verir, onunla maraqlı söhbət aparırdı. Finlandiya prezidenti Stubb bu gün Avropada ən böyük hörmətə malik siyasətçilərdən biridir. O, faktiki olaraq, Avropanın aparıcı şəxsiyyətlərindəndir. Bəlkə də liderlər qısa fikir mübadiləsi apardılar. Ancaq bu öz-özlüyündə çox vacib bir məqamdır. Bunun psixoloji baxımdan da əhəmiyyəti böyükdür. Bu gün tamamilə fərqli bir Azərbaycana sahibik. Bunu təsəvvür etmək belə mümkün deyildi. Uzun illərdir, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədriyəm. Komitəmizin fəaliyyət xüsusiyyətlərinə əsasən, dövlətin bütün beynəlxalq sazişləri və qanunları ekspertizadan keçmək üçün əvvəlcə bizim komitəyə təqdim olunur. Komitəmizin rəyi olmadan həmin sənədlər parlamentin müzakirəsinə çıxarılmır. Hər hansı beynəlxalq sənəd parlamentin müzakirəsinə çıxarılmadan əvvəl onunla bağlı komitəmizin rəyi olmalıdır. Ona görə də komitəmizin çox mühüm vəzifəsi var. Qələbəmizə qədər Azərbaycanla bağlı beynəlxalq sazişlərdə həmin sənədlərə mütləq qeyd-şərtlər əlavə edilirdi. Həmin qeyd-şərtlərə görə Azərbaycan sazişin müddəalarını işğal altında olan ərazilərə tətbiq edə bilməzdi. Bu, utancverici hal idi. Bir sözlə, dövlət olaraq natamamlıq hissi yaşayırdıq. Psixoloji baxımdan bunu belə izah edə bilərəm ki, insanda natamamlıq hissi şəxsiyyətin inkişafına mənfi təsir göstərir, daxili konfliktlərə, depressiyaya və bir sıra digər ciddi psixoloji problemlərə səbəb olur. Natamamlıq psixologiyasından şəxsi qurtarmaq üçün psixoloqlar onun üzərində işləyir, bu hissin aradan qaldırılmasına çalışırlar. Ancaq Azərbaycan heç bir psixoloqun, xüsusi dəstəyin və ya yardımın köməyi olmadan özünü bu natamamlıq hissindən qurtardı. Bu natamamlıq yalnız kağız üzərində deyildi, hər bir vətəndaşın daxilində, ruhunda mövcud idi. Bu hissi bizə təlqin etmişdilər. Ona görə təqvimə baxa bilmirdik. Ona görə bir-birimizə normal münasibət göstərə bilmirdik. Axı biz papaq daşıyırıq, xalqımız tarix boyu böyük imperiyalar və dövlətlər qurub. Buna baxmayaraq, bizi elə bir vəziyyətə salmışdılar ki, sanki öz tarixi keçmişimizi və potensialımızı sübut etməli idik. Qələbə bu natamamlıq hissini aradan qaldırdı və bizi tamamilə fərqli bir vəziyyətə gətirdi. Qələbədən sonra maneələr aradan qalxdı, özümüzə və gələcəyimizə baxışımız dəyişdi. Qapılar üzümüzə açıldı və xalqmız istedadını, bacarığını dünyaya nümayiş etdirməyə başladı. Ona görə bu gün COP29, Ümumdünya Şəhərsalma Forumu və digər beynəlxalq tədbirlər Azərbaycanda keçirilir. Hamı bura gəlir, bizdən öyrənmək istəyir, hər kəs Azərbaycana baxır. Bunun müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Mənfi tərəfi ondan ibarətdir ki, nə qədər güclü olursansa, sənə təzyiq göstərmək, müdaxilə etmək, səni idarə etmək, başqa istiqamətə yönəltmək və öz tərəfinə çəkmək cəhdləri də bir o qədər artır. Elə düşünmək olmaz ki, “artıq mən güclüyəm, bütün bunlardan qurtuldum”. Zəif olduğun zaman bir cür təzyiqlərlə, gücləndikdən sonra isə tamam başqa xarakterli çağırışlarla üzləşirsən. Müdaxilələr, təzyiqlər və bu kimi proseslər heç vaxt bitməyəcək. Sadəcə onların keyfiyyəti, üsulu və forması dəyişir. "Mən burada ağayam və hər şeyi mən idarə edəcəyəm” fəlsəfəsi aradan qalxmır. Sadəcə olaraq, zəif olanda səninlə hesablaşmırlar, gəlib səni idarə edirlər. Güclü olanda isə səninlə mübarizə aparırlar və bu mübarizə bəzən çox ciddi, gözəçarpan xarakter alır. Ancaq əslində, bu, gündəlik siyasət, diplomatiya və beynəlxalq münasibətlərdir. Beynəlxalq münasibətlər, diplomatiya və siyasət ona görə mövcuddur ki, özünə qarşı mənfi münasibətləri, müdaxilələri və təzyiqləri dəf edə, normal münasibətlər formalaşdıra biləsən. Bunun üçün özünü təqdim etməlisən. Özünü təqdim etmək isə böyük potensial tələb edir.

- Dediyinizdən belə anlaya bilərik ki, Azərbaycan müharibədən sonrakı müharibəyə daha yaxşı hazırlaşır?
- Axı, Azərbaycan yalnız bir müharibədə qalib gəlməyib. Elə düşünürük ki, müharibədə qalib gəldik və bununla hər şey bitdi. Cənab Prezident də bunu bir neçə dəfə deyib. Biz müharibədən əvvəl faktiki olaraq neftin idarə olunması üzərində qələbə qazandıq. Bütün dünyaya bəyan etdik ki, Azərbaycanın təbii sərvətlərinə heç kimin iddia və müdaxilə etməsinə imkan verməyəcəyik. Neft Azərbaycan xalqının sərvətidir. Bu baxımdan 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” faktiki olaraq qələbə idi. Ondan əvvəlki qələbələrdən də danışa bilərəm. Məsələn, atəşkəsin özü də qələbə idi. Çünki o zaman nə ordumuz, nə silahımız, nə gücümüz, nə pulumuz, nə arxamız, nə əlaqələrimiz, nə də dostlarımız var idi. Heç nəyimiz yox idi. Ancaq belə bir vəziyyətdə Horadiz əməliyyatını keçirmək, dünyaya olduğumuzu bəyan etmək və atəşkəsə nail olmaq özü böyük qələbə idi. Beləliklə, qələbələrlə yavaş-yavaş irəlilədik. İndi bəlkə də bu barədə danışmırlar. Xatırlatmaq istərdim ki, Minsk Qrupunun yaradılmasından sonra, Birləşmiş Millətlər Təşkilatı məşhur 4 qətnaməni qəbul edib. BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan ən ali beynəlxalq qurumdur. Minsk Qrupunun həmsədr ölkələri də həmin Şuranın üzvləri idi. Belə olan halda, onlar qətnamələrin qəbul edilməsinə səs verməklə kifayətlənməməli, həm də onların icrasına nail olmaq üçün öz mandatlarından istifadə etməli idilər. Ancaq belə olmadı, onlar bir tərəfdən bu qətnamələrin qəbuluna dəstək verir, digər tərəfdən isə onların həyata keçirilməsi üçün real addımlar atmırdılar. Halbuki Minsk Qrupu məhz münaqişənin həlli üçün yaradılmışdı. Görün, o dövrdə nə qədər ziddiyyətli vəziyyət yaranmışdı. Təəssüf ki, biz bu məqamlar barədə çox vaxt dərindən düşünmürük. Həmin dövlətlər orada səs verdikdən sonra öz həmfikirlərinə göstəriş verirdilər ki, qəbul olunmuş BMT qətnamələrini kənara qoyub yeni bir şey icad etsinlər. Nəyi yenidən icad etmək lazımdır? Qətnamələr var, onları götürüb tətbiq etmək lazımdır. Sən həmin təşkilatın üzvüsən və sənin nümayəndən də orada bu qətnamələrə səs verib. Bəs Azərbaycanın qələbəsi nədən ibarətdir? Qələbələrdən danışırıq. Biz həmin qətnamələrin gündəmdən çıxarılmasına imkan vermədik. Onları gündəmdən çıxarırdılar. Xüsusilə Minsk Qrupu bu dörd qətnaməni gündəlikdən çıxarmışdı. Ulu Öndərin, eləcə də cənab Prezidentin ən böyük qələbələrindən biri ondan ibarətdir ki, onlar qətnamələrin gündəmdən çıxarılmasına imkan vermədilər. Minsk Qrupu fəaliyyət göstərdiyi müddətdə beynəlxalq təşkilatlarda həmin qətnamələri təsdiqləyən yeni qətnamələr qəbul olundu. 2005-ci ildə Avropa Şurası qətnamə qəbul etdi. Bununla da Minsk Qrupunun fəaliyyəti deyil, BMT qətnamələrində əksini tapmış tələblər bir daha təsdiqləndi. Avropa İttifaqı çərçivəsində də həmin qətnamələrin müddəalarını dəstəkləyən sənədlər hər il qəbul olunurdu. Beləliklə, beynəlxalq təşkilatlarda bu qətnamələrin qüvvədə qalmasını və gündəlikdə saxlanılmasını təmin edən qərarlar qəbul edilirdi. Minsk Qrupu müəyyən təkliflər irəli sürürdü, lakin bu təkliflər qətnamələrə zidd idi. Axırda fikirləşdilər ki, gəlin, bu prosesi uzadaq, öz-özünə yox olsun, ərisin getsin. Bunun da qarşısını cənab Prezident aldı. Ona görə artıq gördük ki, bu, mümkün deyil. Beləliklə, 8 Noyabr yalnız bizim hərbi qələbə günümüz deyil. Bu həm də diplomatiyamızın qələbəsidir. Ağdamın, Laçının, Kəlbəcərin bir güllə atılmadan qaytarılması da uğurlu diplomatiyanın təntənəsiydi. Daha başqa qələbəmiz isə bizə qarşı işləyən qüvvələri kənarlaşdırmaq oldu. Ən çətin qələbə də məhz bu idi. Təsəvvür edin, müasir tarixdə bəlkə də elə bir ölkə olmayıb ki, bu miqyasda qələbə qazansın, amma ona beynəlxalq səviyyədə heç bir sanksiya tətbiq edilməsin. Azərbaycana qarşı bir dənə də olsun sanksiya tətbiq oluna bilmədi. Fransa müharibə zamanı BMT Təhlükəsizlik Şurasında buna cəhd göstərdi. Məqsəd də Azərbaycana qarşı sanksiyaların tətbiqinə nail olmaq idi. Lakin bu cəhdin qarşısı alındı. Ondan əvvəl isə Qoşulmama Hərəkatında diplomatik qələbə qazanmışdıq. Hərəkatın üzvü olan dövlətlər Təhlükəsizlik Şurasındakı mövqeləri və dəstəkləri ilə buna imkan vermədilər. Təbii ki, Böyük Britaniya da bu prosesə müsbət mənada rol oynadı. Beləliklə, Azərbaycana qarşı bir dənə də olsun sanksiya tətbiq edilmədi. Bunun səbəbi isə seçilmiş siyasi yolun düzgün qurulması idi. Azərbaycan elə bir mövqe ortaya qoymuşdu ki, beynəlxalq səviyyədə ona qarşı sanksiya tətbiq etmək mümkün olmadı.

- Bir neçə böyük ölkədə təhlillər aparılıb, insanlar arasında monitorinqlər keçirilib. Araşdırmaya görə, inamsızlıq doğuran 21 sahə arasında din sonuncu, siyasət isə 20-ci yerdədir. Siz uzun illərdir siyasətlə məşğulsunuz. Cəmiyyətdə siyasətə inamsızlıq həmişə belə olub?
- Makiavellini oxusaq, görərik ki, siyasət mahiyyət etibarilə həmişə belə olub. Dəyişən, sadəcə dünyadır. Əvvəllər siyasətin coğrafiyası və təsir dairəsi çox məhdud idi. Siyasi proseslər bu qədər geniş yayılmır, siyasətçilərin atdığı addımlar bütün dünyanın diqqət mərkəzində olmurdu. İndi isə hər bir siyasi qərar, atılan hər addım qlobal miqyasda izlənilir. Bu, bir tərəfdən müsbət haldır. Ancaq digər tərəfdən siyasətçilərin səviyyəsi, siyasi fəaliyyətə hazırlığı, qabiliyyəti və xalqın maraqlarını nə dərəcədə təmsil etməsi məsələsini də gündəmə gətirir. Bu gün Avropanın üzləşdiyi problemlərin səbəblərindən biri də siyasi liderliklə bağlıdır. Artıq Çörçill və De Qoll kimi liderlər yoxdur. Siyasətə gəlmək və siyasətdə fəaliyyət göstərmək əvvəlki dövrlərlə müqayisədə kəskin fərqlənir. Nəticədə Avropa ciddi böhranla üzləşib və özünə siyasi lider axtarır. Mən Aleksandr Stubbın adını təsadüfən çəkmədim. Çünki bu gün Avropanın maraqlarını yüksək səviyyədə ifadə edə bilən siyasətçilərin sayı azdır. İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiyanın Prezidenti Aleksandr Stubb belə liderlərdəndir. Fransa prezidenti Emmanuel Makrona baxaq. O, necə siyasətçidir? Fransa əvvəllər hansı mövqedə idi, indi hansı vəziyyətə düşüb? Mən Fransada 30 ilə yaxın işləmişəm və tamamilə fərqli bir Fransa görmüşəm. İndi isə ölkənin vəziyyətinə baxanda ciddi dəyişikliklərin baş verdiyini görürəm. Halbuki Fransa zəngin tarixi və ənənələri olan böyük dövlətdir, böyük mədəniyyətə malikdir.
- Bir vaxtlar dünyada belə bir fikir hakim olmuşdu ki, artıq liderlərin rolu azalır. Dünya liderləri, siyasəti istəmir. Bu fikirlə razısınız?
- Bir vaxtlar belə bir fikir də var idi ki, artıq siyasət bitib. Bunu Fukuyama yazır. Onun əsərinin adı “The End of History”, yəni “Tarixin sonu”dur. Çünki dünyaya demokratikləşmə dalğası gəlirdi. Sovet İttifaqı dağılırdı. Belə bir eyforiya yarandı ki, artıq tarix qurtardı. Demokratik hakimiyyət dünyanın hər yerində formalaşacaq və bununla da bir-birinə zidd olan əksqütblü siyasət, müharibələrin tarixi başa çatacaq. Çünki Fukuyamanın fikrincə, demokratiyanın bütün ölkələrdə yayılması dünyada ciddi qarşıdurmaların qarşısını alacaq və bundan sonra böyük münaqişələr baş verməyəcəkdi. Sonra Fukuyama böyük səhvə yol verdiyini etiraf etdi və dedi ki, tarix indi başlayır. Sözün əsl mənasında, bəşəriyyət həmişə onu irəli aparan, problemləri həll edən, məsələlərdə kəskin mövqe göstərən, iradə nümayiş etdirən, xalqı ardınca aparan, onu birləşdirən, onun istəklərini ifadə edə bilən,müdafiə edən, düzgün yola yönəldən şəxsiyyətlərə ehtiyac var.
- Yəni, liderlərə ehtiyac həmişə ehtiyac olacaq...
- Psixoloqlar maraqlı bir araşdırma aparıblar. Tədqiqatın əsas məqsədi insan həyatında hansı qabiliyyətin daha mühüm rol oynadığını müəyyənləşdirmək olub. Araşdırma çərçivəsində rəsm çəkmək, mahnı oxumaq, fikrini ifadə etmək, auditoriya qarşısında çıxış etmək, məntiqi düşünmək və hesablama aparmaq kimi müxtəlif bacarıqlar nəzərdən keçirilib.Tədqiqatçılar bütün bu qabiliyyətləri araşdırdıqdan sonra belə qənaətə gəliblər ki, insan üçün ən vacib bacarıqlardan biri başqaları ilə ünsiyyət qurmaq, onları anlamaq və onlarla ortaq dil tapmaqdır. Elmi dildə buna “emosional intellekt” deyilir. Liderin böyüklüyü də xalqı ilə dil tapa bilməsində, onun dilində danışmasında, xalqın istək və arzularını dünyaya çatdırmasındadır. Lider ətrafındakı insanların istək və maraqlarını ifadə etməyi, onların səsini cəmiyyətə və dünyaya çatdırmağı, hüquq və mənafelərini müdafiə etməyi bacarmalıdır. İnsanlar da məhz buna görə onun ətrafında birləşirlər. Onlar düşünürlər ki, bu insan ümumi problemləri daha yaxşı anlayır, onların maraqlarını daha dolğun ifadə edə və müdafiə edə bilər. Bu baxımdan, yalnız özünü önə çəkən, şəxsi maraqlarını güdən və ya müəyyən ideologiyanın təbliği ilə kifayətlənən şəxsi əsl lider hesab etmək olmaz. Əsl lider xalqının istəklərini, adət-ənənələrini, təcrübəsini və illər ərzində qarşılaşdığı problemləri dərindən anlayan, onların həlli istiqamətində çalışan insandır. Yenə də Ulu Öndər Heydər Əliyevin nümunəsinə qayıtmaq istəyirəm. Onun silahsız şəkildə silahlı insanların qarşısına çıxaraq onları geri çəkilməyə məcbur etməsi hər kəsin bacaracağı addım deyildi. Bu hadisə, ilk növbədə, Heydər Əliyevin şəxsi nüfuzunu və liderlik gücünü nümayiş etdirirdi. Digər tərəfdən, ərazi baxımından kiçik bir ölkə olan Azərbaycanı beynəlxalq müstəvidə elə səviyyədə təmsil etmək ki, dünyanın aparıcı dövlətləri onun mövqeyi ilə hesablaşsın, onunla məsləhətləşsinlər - bu da Heydər Əliyevin liderlik miqyasını göstərən mühüm nümunədir. İndi də eyni fikri cənab Prezidentə şamil edirəm. Biz Azərbaycanın balanslaşdırılmış siyasət yürütdüyünü deyirik. Əslində, belə siyasətin ən çətin tərəfi məhz tarazlığı qorumaqdır. Azərbaycanın siyasətinin özəlliyi də məhz bundadır. Biz bir-biri ilə rəqabət aparan, hətta qarşılıqlı casusluq fəaliyyəti ilə məşğul olan dövlətlərdən danışırıq. Burada Çin və Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. Azərbaycan hər iki ölkə ilə münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri qurulub, ABŞ-la isə Strateji Münasibətlər Xartiyası imzalanıb. Azərbaycan üçün bu, olduqca xüsusi və nadir vəziyyətdir. Belə bir nəticənin əldə olunması ilk növbədə, siyasi liderlik və düzgün diplomatik xəttin göstəricisidir.

- Bəs ölkədə gələcəkdə bu siyasi kursu davam etdirə biləcək kadr potensialı necədir? Siz uzun illər universitet rəhbəri kimi təhsil sahəsində də fəaliyyət göstərmisiniz. Bu gün dünyanın bir çox ölkəsində ixtisaslı kadr çatışmazlığı və insan resurslarının səmərəliliyi ciddi müzakirə mövzusudur. Maraqlıdır, yeni nəslin hazırlığını və gələcək liderlik potensialını necə qiymətləndirirsiniz?
- Çox yüksək səviyyədə qiymətləndirirəm. Siz qeyd etdiniz ki, mən həmişə gənclərlə işləmişəm və bu gün də həmin fəaliyyətimi davam etdirirəm. Əslində, bu məsələnin özü də insan psixologiyası ilə bağlıdır. Biz bəzi yeniliklərə alışmaqda çətinlik çəkirik, bəzilərinə isə çox tez uyğunlaşırıq. Təsəvvür edin, 20-30 il əvvəl Azərbaycanda bir gəncin üç dildə sərbəst danışacağını düşünmək olardımı? Hətta xüsusi təhsil almadan, küçədə sizə yaxınlaşıb üç dildə danışan gənclə qarşılaşmaq o dövr üçün qeyri-adi hadisə idi. İndi isə dörd-beş dildə danışan gənclərimiz var. Bir anlıq düşünün, 20-30 il əvvəl mən ingilis dilində danışanda insanlar təəccüblə baxır, “Bu, hansı dildə danışır?” deyə soruşurdular. İndi isə ölkənin istənilən yerində, mağazada, universitetdə, kitabxanada, insanların toplaşdığı müxtəlif məkanlarda ingilis, fransız, alman, çin və ərəb dillərində danışan gənclərə rast gəlmək mümkündür. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, gənclərin dünyagörüşü də tamamilə dəyişib. Onlar dünyada baş verən prosesləri bir çox hallarda bizdən daha yaxşı anlayır, təhlil edir və qiymətləndirirlər. Ona görə də hesab edirəm ki, çox gözəl gəncliyimiz var. Siz kadr potensialı ilə bağlı məsələni də qeyd etdiniz. Qələbəmizin ən mühüm məqamlarından biri də məhz gəncliyimizlə bağlıdır. Gəlin, sualınıza cənab Prezidentin fikirlərinə istinad edərək cavab verim. Qarabağı azad edən, bu yolda şəhid olan gənclərimizin böyük əksəriyyəti həmin torpaqları heç vaxt görməmişdi. Onlar 18-19 yaşlarında cəbhəyə yollandılar. Ən çoxu 20 yaşlarında idilər. Döyüşdülər, şəhid oldular, qazi oldular, medallar qazandılar və Qarabağın azadlığı uğrunda mübarizə apararaq bu qələbəni bizə bəxş etdilər. Amma həmin gənclər Qarabağı görməmişdilər. Onlar işğal altında olan torpaqlarımız haqqında dərslər keçmiş, bu ruhda tərbiyə almışdılar. Ən əsası isə öz arzularını və məqsədlərini itirməmişdilər. Onların arasında bir nəfər də fərari olmadı. Hamısı mübarizəyə qoşuldu. Bütün bunlar nəyi göstərir? Bu, həm də Azərbaycanın təhsil sisteminin və gənclərə verilən tərbiyənin nəticəsidir. Təbii ki, demirəm ki, təhsil sistemimizdə heç bir problem yoxdur. Əlbəttə, var, özü də kifayət qədər ciddi problemlər mövcuddur. Amma hansı ölkənin təhsil sistemində problem yoxdur? İstəsəniz, dünyanın müxtəlif ölkələrinin təhsil sistemlərindəki problemlərdən danışa bilərəm. Biz çox vaxt düşünürük ki, ABŞ-da və Avropada yüksək səviyyəli universitetlər var və bu, həmin ölkələrin təhsil sistemlərinin mükəmməl olduğunu göstərir. Universitetlərin yüksək səviyyədə olması ilə yanaşı, başqa bir sual da ortaya çıxır: Bəs niyə həmin ölkələrdə bu gün də savadlılıq səviyyəsi ilə bağlı ciddi problemlər mövcuddur? Niyə cəmiyyətin böyük bir hissəsi yüksək biliklərə malik deyil? Mən Amerikaya tez-tez gedirəm. Orada, əlbəttə, çox savadlı, yüksək biliklərə malik insanlar var. Amma eyni zamanda, cəmiyyətin böyük bir hissəsinin ümumi bilik səviyyəsi yüksək deyil. Bəlkə də kimsə düşünə bilər ki, insanlara bu qədər bilik lazım deyil. Xeyr, lazımdır. Ancaq bəzi cəmiyyətlərdə belə bir yanaşma mövcuddur ki, hamını eyni səviyyədə savadlandırmağa və inkişaf etdirməyə ehtiyac yoxdur. Bir neçə nəfəri seçək, yüksək bilik qazansınlar, qalanları isə özləri bilər, kim savadlanacaq, kim yox. Biz bu prinsiplə hərəkət etmirik. Biz sosialyönümlü cəmiyyət qurmaq istəyirik. Belə bir cəmiyyətdə, ilk növbədə, hər kəs üçün layiqli həyat şəraiti yaradılmalı, hamının təhsil almasına imkan verilməli və bu təhsil yüksək səviyyədə olmalıdır. Bu isə kifayət qədər çətin və mürəkkəb məsələdir. Ona görə də təhsil sistemi elə asanlıqla həll edilə biləcək sahə deyil. Amma gəncliyin gerilədiyi fikri ilə qətiyyən razı deyiləm. Bu gün gənclər kompüter, proqramlaşdırma, beynəlxalq proseslər, xarici dillər, biznes və digər sahələrdə öz üzərlərində ciddi işləyirlər. Onlar daim axtarışdadırlar, inkişaf edirlər və böyük sürətlə irəliləyirlər. Sadəcə, biz həmin gənclərin tələbatına və gözləntilərinə cavab verməkdə gecikməməliyik. Gənclər o qədər sürətlə inkişaf edirlər ki, dövlət qurumları bəzən onların istəklərini qarşılamağa çatdırmır. Bəzi hallarda bu, müvafiq qurumların imkan və hazırlıq səviyyəsinin yetərli olmaması ilə, digər hallarda isə islahatların ləng aparılması ilə bağlıdır. Nəticədə gənclərin gözləntiləri vaxtında qarşılanmır. Amma bir daha vurğulayıram, gənclik özünü çox yaxşı göstərir, yüksək potensiala malikdir. Biz işimizi elə qurmalıyıq ki, onların inkişaf tempinə uyğunlaşa, istək və tələbatlarını vaxtında qarşılaya bilək. Yenə də psixologiya məsələsinə qayıdıram. Bu, əslində, maraqlı bir psixoloji fenomendir. Bilmirəm, sizdə də belədir, yoxsa yox, amma mən artıq bir filmə əvvəldən axıra qədər baxa bilmirəm. Niyə birdən-birə hamının səbri tükənib? Niyə TikTok-da, məsələn, bir video bir neçə hissəyə bölünərək ayrı-ayrılıqda təqdim olunur? Çünki biz zamanı artıq tamamilə başqa cür qavramağa başlamışıq. Vaxtımıza heyfimiz gəlir. Düşünürük ki, bir filmə baxmaq üçün bir saat yarım sərf edənə qədər həmin müddətdə daha çox məlumat əldə edə bilərik. Beləliklə, filmə sərf etdiyimiz vaxt bizə itirilmiş zaman kimi görünür. Sosial şəbəkələrdən istifadə edənlər bunu yaxşı başa düşürlər. Bu da psixoloji dəyişiklikdir. İnformasiya çoxalıb, hətta həddindən artıq artıb. İnsan beyni isə bu qədər məlumatı qavramaq və emal etmək üçün yeni yollar axtarır. Axı beyin çox maraqlı bir aləmdir. Onu informasiyadan məhrum etsəniz, bunun hansı nəticələrə gətirib çıxardığını göstərən eksperimentlər də aparılıb. Məsələn, insanı xüsusi hazırlanmış bir otağa yerləşdirirlər, ətraf mühitdən gələn stimulları hiss etməməsi üçün xüsusi şərait yaradırlar. Hətta gözlərinə yalnız bir rəngi görməyə imkan verən örtük taxırlar. Belə şəraitdə təxminən yarım saatdan sonra insanın psixoloji vəziyyəti pozulmağa başlayır. Çünki beyin informasiya almadıqda, emosional stimullardan məhrum olduqda, həmin boşluğu özü doldurmağa çalışır. Nəticədə insan müxtəlif görüntülər və səslər hiss edə, hallüsinasiyalar yaşaya bilər.

- Səməd müəllim, psixologiya siyasətdə və jurnalistlərlə münasibətdə sizə nə dərəcədə kömək edir?
- Əlbəttə, kömək edir. Çünki bu halda artıq bilirsiniz ki, insanın davranışının arxasında hansı səbəblər dayanır, siyasətçi niyə məhz bu istiqamətdə hərəkət edir. Məşhur isveçrəli psixoloq Klapared var idi. O deyirdi ki, insanın daxilində hansı hisslərin, düşüncələrin və fikirlərin olduğunu bilmirik və heç vaxt tam şəkildə bilə bilmərik. Çünki insan öz daxili aləmini başqalarından gizlədir. Ancaq müasir dünyanın əsas xüsusiyyətlərindən biri də budur ki, artıq insan öz daxili aləmini əvvəlki kimi gizli saxlaya bilmir. Zaman keçdikcə onun düşüncələri, maraqları, meyilləri və davranışlarının arxasında dayanan səbəblər üzə çıxır. Hər bir insanın özünəməxsus daxili aləmi var və o, bu aləmi başqaları ilə bölüşmək istəmir. Çünki bunu özünə məxsus hesab edir. Hətta bəzən insanın özü də daxilində nələrin baş verdiyini tam dərk etmir. Əlbəttə, insanın daxili aləmini öyrənməyin müxtəlif üsulları var. Amma mənim diqqət çəkmək istədiyim məsələ başqadır. Müasir dünyada insanın daxili aləmi yalnız onun özünə aid, gizli bir məkan olaraq qalmır. O, getdikcə ictimailəşir. Məsələnin həm yeniliyi, həm də müəyyən mənada faciəvi tərəfi məhz bundadır. İnsanın cəmiyyətdən, hətta bəzən özündən belə gizlətdiyi hansısa düşüncəsi, marağı və ya meyli varsa, gec-tez bunun izləri üzə çıxa bilər. Çünki insan istər sosial şəbəkələrdə, istərsə də gündəlik fəaliyyətində özü haqqında müəyyən məlumatlar buraxır. Müasir texnologiyalar isə həmin məlumatları birbaşa deyil, dolayı yollarla təhlil edərək insanın kimliyini, maraqlarını və davranış xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir. Baxın, siz də süni intellektdən istifadə edirsiniz, hər gün ona müxtəlif suallar verirsiniz. Bu, artıq adi hala çevrilib. Süni intellekt və sosial şəbəkələr sizin maraq dairənizi öyrənir, sonra da həmin maraqlara uyğun materialları qarşınıza çıxarır. Ola bilər ki, siz konkret bir mövzuda axtarış etməmisiniz, amma platformanı açanda məhz maraqlandığınız məzmunla qarşılaşırsınız. Çünki sistem artıq sizin seçimlərinizi, maraqlarınızı və davranışlarınızı müəyyən qədər öyrənib. Bunlar hələ ilkin mərhələlərdir. Beş-on ildən sonra texnologiyalar insanı daha dərindən tanıya, onun düşüncə tərzini, meyillərini və daxili dünyasını daha dəqiq təhlil edə bilər. Süni intellektlə bağlı risklərdən danışılmasının səbəblərindən biri də budur. Çünki insan haqqında bu günədək gizli qalan bir çox məlumatın texnologiyalar vasitəsilə üzə çıxması ehtimalı var. Bütün bunlar insanı da, siyasəti də dəyişir. Əgər siyasətə gəlirsinizsə, bu yeni reallıqlara hazır olmalısınız. Çünki hər addımınız, hər davranışınız diqqət mərkəzində ola bilər. Sanki akvariumun içərisində yaşayırsınız. Hamı hamını görür, hər kəsin fəaliyyəti izlənilir və təhlil olunur. Bu, tamamilə fərqli bir dünyadır. Müasir dünyanın reallığı budur ki, insan da, siyasət də dəyişir.
(ardı var)