Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a geniş müsahibə verib. Müsahibənin birinci hissəsində Komitə sədri dəyişən dünya nizamından, beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerindən, Qarabağ Zəfərinin tarixi miqyasından və diplomatik nəticələrindən danışıb.
Müsahibənin ikinci hissəsini təqdim edirik
– Səməd müəllim, psixologiya siyasətdə və jurnalistlərlə münasibətlərdə sizə nə dərəcədə kömək edir?
– Əlbəttə, psixologiya mənə həm siyasətdə, həm də jurnalistlərlə münasibətlərdə kömək edir. Çünki psixologiyanı biləndə insan artıq müəyyən davranışların arxasında hansı səbəblərin dayandığını, siyasətçinin niyə məhz bu istiqamətdə hərəkət etdiyini anlaya bilir. Məşhur isveçrəli psixoloq Klaparedin belə bir fikri var: insanın daxilində hansı hisslərin, düşüncələrin və fikirlərin olduğunu heç vaxt tam bilə bilmərik. Çünki insan öz daxili aləmini gizlədir, lakin müasir dünyanın özəlliyi, hətta müəyyən mənada paradoksu ondan ibarətdir ki, artıq insanın özündən belə gizlətdiyi bir çox məqamlar üzə çıxır. Hər bir fərdin özünəməxsus daxili aləmi var və heç kim bu aləmə bir başqasını buraxmaq istəmir. Çünki insanın daxili dünyası onun özünə məxsusdur, onu yalnız özü bilir. Hətta bəzən insanın özü də öz daxilində nələrin baş verdiyini tam dərk etmir. İnsanın daxili aləminin öyrənilməsinin müxtəlif üsulları, metodları var. Ancaq söhbət təkcə insanın daxili aləmini öyrənməkdən getmir. Məsələ burasındadır ki, müasir dünyada həmin daxili aləm artıq əvvəlki kimi qapalı qalmır, getdikcə ictimailəşir. Əsl faciə və yenilik isə məhz budur. İnsan cəmiyyətdən, hətta özündən gizlətdiyi hansısa xüsusiyyətini, marağını və ya düşüncəsini gec-tez müəyyən formada üzə çıxarır. Ya sosial şəbəkələrdə iz buraxır, ya da fəaliyyətinin hansısa istiqamətində bu özünü büruzə verir. Üstəlik, bu gün həmin məlumatları birbaşa deyil, dolayı yollarla müəyyənləşdirməyin də kifayət qədər çox üsulları mövcuddur. Baxın, siz jurnalistlər də süni intellektdən istifadə edirsiniz, ona hər gün müxtəlif suallar verirsiniz. Bu, artıq təəccüblü deyil, adi hala çevrilib. Alqoritmlər sizin maraqlarınızı, davranışlarınızı öyrənir. Sonra sosial şəbəkələr və süni intellekt platformaları qarşınıza məhz maraqlandığınız mövzulara uyğun materiallar çıxarır. Hətta, bəlkə də siz həmin materialları xüsusi olaraq axtarmırsınız, amma platformanı açan kimi onlar qarşınıza çıxır. Çünki sistem artıq sizi müəyyən qədər tanıyır. Bu hələ ilkin mərhələdir. Beş-on ildən sonra texnologiyalar insanı daha dərindən tanıyacaq, onun daxili dünyasını, düşüncə və davranış xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirə biləcək. Süni intellektlə bağlı risklərin müzakirə olunmasının səbəblərindən biri də budur. Çünki hələ üzə çıxmamış çoxlu məqamlar var və texnologiyalar inkişaf etdikcə onların da aşkarlanması mümkün olacaq. İnsan dəyişir, siyasət dəyişir. Siyasətə gələn hər kəs bu yeni reallığa hazır olmalıdır. Artıq sanki insanlar akvariumun içərisində yaşayır, hamı bir-birini görür, davranışlar izlənilir, məlumatlar üzə çıxır. Bu, dünyanın tamamilə fərqli mərhələsidir.

– Dünyada baş verən proseslər fonunda psixoloqlara ehtiyac artır, yoxsa azalır? Bu baxımdan Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz?
– Məsələ psixoloqlara ehtiyacın artıb-azalmasında deyil. Ümumiyyətlə, psixologiyaya bu cür yanaşmaq düzgün olmazdı. İnsanlar psixologiya və psixoloqlar haqqında danışanda bəzən bir məqamı unudurlar ki, psixoloq həkim deyil. Psixoloqların həkim kimi fəaliyyət göstərmək, tibbi müdaxilə etmək səlahiyyəti yoxdur. Həkimlik tamamilə başqa sahədir. Əlbəttə, psixologiyanın psixiatriya ilə, sosial elmlərlə müəyyən yaxınlığı var. Ancaq psixologiya yalnız insanın daxilində baş verən prosesləri öyrənməklə məhdudlaşmır. Buraya insanın davranışı, ünsiyyəti və gündəlik həyatı da daxildir. Psixoloqların çoxluğunun yaxşı, yoxsa pis olması barədə sual, əslində, belə bir suala bənzəyir: cəmiyyətdə savadlı, yoxsa savadsız insanların çox olması yaxşıdır? Psixologiya hər bir insana lazımdır. Sadəcə, psixologiyanın iki fərqli səviyyəsini ayırd etmək lazımdır. Birinci səviyyə elmi psixologiyadır. Bu, peşəkar bilik və araşdırma tələb edən ayrıca elmi sahədir. Mən də peşəkar psixoloq kimi bu istiqamətdə fəaliyyət göstərir, dərslər deyir, araşdırmalar aparır, müxtəlif məsələləri öyrənirəm. İkinci istiqamət isə məişət psixologiyasıdır. Bu mənada hamımız müəyyən qədər psixoloquq. Çünki gündəlik həyatımızda psixoloji biliklərdən, müşahidələrdən və müxtəlif yanaşmalardan istifadə edirik. İnsanların bir-birini daha yaxşı tanıması, kollektivdə yaranan problemləri psixoloji baxımdan düzgün qiymətləndirməsi, empatiya qabiliyyətinin, yəni başqalarını anlamaq bacarığının inkişaf etməsi olduqca vacibdir. Bu, peşəkar psixoloq olmaq demək deyil. Söhbət məişət psixologiyasından gedir. Elə buna görə də məişət psixologiyasının ən mühüm məsələlərindən biri düzgün ünsiyyət qurmaq bacarığıdır.
– Son illər psixoloji mərkəzlərin sayı da xeyli artıb. İnsanların bu mərkəzlərə münasibəti isə birmənalı deyil. Bir qisim insanlar bu mərkəzlərin fəaliyyətini müsbət qiymətləndirir, digərləri isə narazıdırlar. Bir mütəxəssis kimi bu tendensiyanı necə dəyərləndirirsiniz?
– Bu, kifayət qədər mürəkkəb məsələdir. Çünki psixologiya, xüsusilə də məişət psixologiyası müəyyən mənada dəbə çevrilib. Burada dəb və peşəkarlıq anlayışlarını bir-birindən ciddi şəkildə ayırmaq lazımdır. Hansısa mərkəzin dəbə uyğun yaradılması hələ onun peşəkar səviyyədə xidmət göstərə biləcəyi anlamına gəlmir. Belə mərkəzlərin fəaliyyətinin nə dərəcədə səmərəli olduğunu əvvəlcədən müəyyənləşdirmək çətindir. Buna görə də onların fəaliyyəti ciddi ekspertizadan keçirilməlidir. Çünki söhbət artıq sadəcə məişət psixologiyasından getmir. Həmin mərkəzlər özlərini peşəkar psixoloji xidmət göstərən qurumlar kimi təqdim edirlər. Peşəkar fəaliyyət göstərirlərsə, deməli, onların əməl etməli olduqları əsas prinsiplər də var. Bu prinsiplərdən biri insana zərər verməməkdir. Ona görə də məsələ kifayət qədər ciddidir. Psixoloji mərkəzlərin sayının artması özlüyündə müsbət və ya mənfi göstərici deyil. Əsas məsələ onların hansı səviyyədə fəaliyyət göstərməsidir. Bu sahəyə müvafiq qurumlar tərəfindən nəzarət edilməli, mərkəzlərin fəaliyyəti yoxlanılmalı, peşəkarlıq səviyyəsi qiymətləndirilməlidir. Bu, çox vacibdir.
– Siyasi psixologiya sahəsində Azərbaycanın ən peşəkar mütəxəssislərindən biri olduğunuzu düşünürəm. Azərbaycandakı siyasi təşkilatların və onların rəhbərlərinin psixoloji portretini özünüz üçün formalaşdırmısınızmı? Ümumiyyətlə, bu baxımdan hansı qənaətdəsiniz?
– Bu məsələdə mənim şəxsi qənaətlərimdən daha çox Ziqmund Freydin əsərlərinə müraciət etməyinizi tövsiyə edərdim. Freydin şəxsiyyətlərin psixoloji portretlərinin öyrənilməsi ilə bağlı maraqlı əsərləri var. Məsələn, onun ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun psixoloji portretinə həsr olunmuş araşdırması, eləcə də Leonardo da Vinçi haqqında əsəri mövcuddur. Bunları ona görə xatırladıram ki, şəxsiyyətlərin, o cümlədən siyasətçilərin psixoloji xüsusiyyətlərinin öyrənilməsi yeni məsələ deyil. Məndən əvvəl də psixoloqlar bu istiqamətdə araşdırmalar aparıblar, müxtəlif şəxsiyyətlərin psixoloji portretlərini təhlil edərək əsərlərində təqdim ediblər. Hər bir siyasətçinin özünəməxsus psixoloji portreti var. Bu portretlər bəzən olduqca maraqlı, cəlbedici və diqqətəlayiq olur, bəzən isə heç də müsbət təəssürat yaratmır. Həmin xüsusiyyətlərin təhlili, onların hansı səbəblərdən qaynaqlandığının müəyyənləşdirilməsi isə ciddi və peşəkar yanaşma tələb edir. Təbii ki, psixoloq kimi mən də müxtəlif şəxsiyyətlərin psixoloji portretlərini özüm üçün müəyyənləşdirirəm. Ancaq bu qənaətlərin nə dərəcədə ictimailəşdirilməsi, hansı formada təqdim olunması tamam başqa məsələdir. Ümumiyyətlə, hər bir insanın - sizin də, mənim də öz psixoloji portretimiz, müəyyən psixoloji xüsusiyyətlərimiz var. Müvafiq metod və üsullardan istifadə etməklə həmin xüsusiyyətləri müəyyənləşdirmək praktik baxımdan o qədər də çətin deyil.

– Səməd müəllim, bayaq qeyd etdiniz ki, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri qonşularla, hətta qonşularımızın qonşuları ilə münasibətlərin yüksək səviyyədə saxlanılmasıdır. Lakin təəssüf ki, qonşularımızdan biri olan İranla münasibətlərdə zaman-zaman müəyyən problemlər ortaya çıxır. Məsələn, Göy məsciddə keçirilən görüşdə erməni şairin büstünün qoyulması, xüsusi zalın yaradılması, İran və Ermənistanın ortaq tarixinin qabardılması kimi məsələlər gündəmə gətirildi. Belə addımları necə qiymətləndirirsiniz?
– Bizim siyasətimiz ondan ibarətdir ki, təxribatlara uymayaq. Biz hər şeyi çox yaxşı görür, düzgün qiymətləndiririk. Bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyi İranla bağlı bir neçə şəxsi arzuolunmaz şəxs elan etdi. Yəni, baş verənlərin hamısından xəbərdarıq. Bu cür addımların Azərbaycanı hansısa formada qıcıqlandırmaq, ölkədə xoşagəlməz reaksiyalar doğurmaq məqsədi daşıdığını da yaxşı anlayırıq. Heç kim Azərbaycanı öz siyasətindən çəkindirə bilməz. Həqiqətləri kənara qoyaraq insanların hissləri ilə oynamağa çalışan şəxslər, qurumlar və təşkilatlar, təbii ki, sonda uduzurlar. Son bir neçə həftə və ay ərzində bunun canlı şahidi olduq. Cənab Prezident də bir neçə gün əvvəlki çıxışında xüsusi vurğuladı ki, heç kim Türkiyə-Azərbaycan münasibətlərinin arasına girə bilməz. Çünki belə cəhdlər var idi. Biz bununla bağlı başqa bir həqiqətin də əyani şahidi olduq. Biz türk ailəsinin üzvüyük. Ailənin daxilində müəyyən problemlər yarana bilər və bunu heç kim inkar etmir. Ancaq gördük ki, hər hansı problem ortaya çıxan kimi bundan istifadə etməyə çalışan qüvvələr də dərhal meydana çıxır. Münasibətlərimizə müdaxilə etmək, aramıza girmək, hətta bu əlaqələri birdəfəlik pozmaq istəyənlər var. Ona görə də cənab Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi görüşü, dövlət başçımızın da xüsusi vurğuladığı kimi, həmin qüvvələrə ünvanlanmış mühüm mesaj idi. Mesajın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanı hansısa formada özünün müəyyənləşdirdiyi siyasətdən kənarlaşdırmaq mümkün deyil. Bəs bizim siyasətimiz nədən ibarətdir? Bu barədə danışarkən çox vacib bir məqamı nəzərə almalıyıq. Siyasətimiz bir-birindən ayrılmaz iki əsas istiqamətdən ibarətdir. Məsələn, qələbəyə qədər siyasətimizin, fəlsəfəmizin və dünyaya təqdim etdiyimiz baxışın əsasını Qarabağ məsələsi təşkil edirdi. Çünki xarici siyasətimizin başlıca prioriteti Qarabağ idi. İndi isə sizə bir sual verim: Qarabağ məsələsi həll olundu, qələbə qazandıq. Bəs bugünkü xarici siyasətimizin əsas prioriteti nədir? Cənab Prezident bu məsələyə Zəfər Günü ərəfəsində aydınlıq gətirdi. Söhbət siyasətimizin ikinci mühüm istiqamətindən - azərbaycançılıq fəlsəfəsinin, Azərbaycan xalqının adət-ənənələrinin, müstəqilliyinin, suverenliyinin və dövlət siyasətinin qorunub saxlanılmasından gedir. Biz gördük ki, əslində, yeni bir ideologiya formalaşıb. Yaratdığımız mühitdə yəhudi də, xristian da, müsəlman da, sünni də, şiə də özünü azərbaycanlı hesab edir. Biri rusəsilli azərbaycanlıdır, biri yəhudi azərbaycanlısıdır, biri şiədir, digəri sünni. Ancaq onların hamısı azərbaycançılıq fəlsəfəsi sayəsində bu qələbənin əldə olunmasına töhfə verib. Axı bu qələbəni təsadüfən qazanmaq mümkün deyildi. Hər bir qələbənin öz nüvəsi, onu şərtləndirən əsas amillər var. Gəlin, həmin nüvəni təhlil edək, görək onun əsasında hansı dəyərlər dayanır. Məlum olur ki, burada dünyəvi, sekulyar dövlətçilik, yüksək səviyyəli təhsil, milli adət-ənənələr, xalqların birgəyaşayışı, dostluq, dini tolerantlıq və müxtəlif dini konfessiyaların bir-birinə hörməti dayanır. Bunlar dünyanın hər yerində mövcud olmayan dəyərlərdir. Bu da bizim qələbəmizin əsaslarından biridir. Qələbəni ayrı-ayrılıqda təhlil etdikdə onun məhz bu dəyərlər üzərində qurulduğunu görürük. Deməli, ideologiyamızın əsasını da həmin dəyərlər təşkil etməlidir. Yenidən əsas fikrimə qayıdıram. Qələbəyə qədər Qarabağ bizim prioritetimiz idi, indi isə həmin qələbəyə gətirib çıxaran amilləri qoruyub saxlamaq əsas vəzifəmizdir. Xalqın iradəsi, ruhu və gücü sayəsində Qarabağı azad etmək mümkün oldu. İndi isə həmin güc potensialını başqa istiqamətlərə yönəldə bilərik. Qərbi Azərbaycan məsələsindən tutmuş Azərbaycanın dünyanın ən müasir dövlətlərindən birinə çevrilməsi hədəfinə qədər, eləcə də gələcəkdə qarşıya çıxacaq digər vəzifələr bura aiddir. Bu potensial o qədər güclüdür ki, həmin istiqamətlərdə də uğur qazana bilərik. Çünki söhbət bizi qələbəyə aparan yoldan gedir. Həmin yolu təhlil etmək, onun əsaslarını qorumaq və davam etdirmək lazımdır. Məncə, cənab Prezidentin ən mühüm mesajlarından biri də məhz budur.

– Səməd müəllim, bununla yanaşı, sülh quruculuğu hazırda Azərbaycanın əsas prioritetlərindən biridir. Ermənistanın Baş naziri Nikol Paşinyan da dəfələrlə sülh istədiklərini bəyan edib. Lakin müsbət nəticəyə doğru irəliləyişin ləng getdiyini görürük. Bir gün 2027-ci il, digər gün 2031-ci il hədəf kimi göstərilir. Bu qeyri-müəyyənlik nəyə gətirib çıxara bilər? Yeni müharibə təhlükəsi yarana bilərmi?
– Bəli, qeyri-müəyyənlik var və insanlar nəticəni daha tez görmək istəyirlər. Lakin insanların gözləntiləri ilə reallıq eyni deyil. Bizim istəyimiz, müəyyənləşdirilmiş planımız, proqramımız, konkret tələblərimiz, hətta Ermənistanla müqavilənin imzalanması üçün irəli sürdüyümüz şərtlər, konstitusiya ilə bağlı mövqeyimiz kifayət qədər aydındır. Ətraflı detallara varmaq istəmirəm. Ancaq söhbət birbaşa bizdən getmir. Burada ümumilikdə dünyada baş verən proseslərin yaratdığı qeyri-müəyyənlikdən, eyni zamanda Ermənistanın daxili vəziyyətindən və həmin ölkənin özündə güc taparaq müəyyən qərarlar qəbul etmək iqtidarında olub-olmamasından danışırıq. Təbii ki, problemlər mövcuddur. Bir tərəfdə İran, digər tərəfdə Rusiya və Avropa, Ermənistanın daxilindəki revanşist qüvvələr, Paşinyanın bütün bəyanatlarına baxmayaraq, kifayət qədər siyasi gücə malik olub-olmaması kimi nüanslar prosesə təsir edən amillər sırasındadır. Məhz bu səbəbdən sülh sazişinin imzalanacağı tarixlə bağlı gah 2027-ci il, gah da 2031-ci ilə işarə edirlər. Cənab Prezident özü də istiqaməti göstərərək bildirib ki, sülh kövrəkdir. Sülhün kövrək olması o deməkdir ki, istənilən an hər şey baş verə bilər. Bizim vəzifəmiz isə bu istiqamətdən, seçdiyimiz yoldan dönməməkdir. Biz məhz bu yolu davam etdirdikcə qələbələrimizin ardınca kiçik nailiyyətlər də əldə edirik. Belə ki, Paşinyan qeyri-müəyyən fikirlər səsləndirsə də, digər tərəfdən TRIPP layihəsini ratifikasiya etdi, parlamentdən keçirdi, şirkət yaradıldı. Yanvar ayından ekskavatorların qazıntı işlərinə başlanacağı bildirilir. İndi baxaq görək, bu, həqiqətən həyata keçiriləcəkmi? Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrana getdi və orada bildirdi ki, sərhəd ərazisində bir nəfər də olsun amerikalı hərbçi və ya hərbi qüvvə olmayacaq. Bunu yoxlamaq da çətin məsələ deyil. Sputniklər hamıdan yaxşı bilir ki, orada hərbçilər mövcuddur, yoxsa yox. Bəzən deyirlər ki, İran heç vaxt həmin ərazidə Amerika hərbçilərinin olmasına razılıq verməz. Bilirsinizmi, Ermənistan səfirliyində üç min hərbçi var. Əslində, bu, faktiki hərbi bazanın mövcudluğundan xəbər verir. ABŞ səfirliyindəki 3 min işçidən 1500 nəfəri rəsmi olaraq hərbi geyimdədir. Həmin şəxslər arasında, rusların ifadəsi ilə desək, 500 nəfər isə "morskiy kotik" də var. Bunlar İranın düz yanında yerləşirlər. İki hərbçi bu tərəfdə, iki hərbçi o biri tərəfdə. Deməli, bütün bunlar siyasi oyunların tərkib hissəsidir. A.Mirzoyan da müəyyənləşdirmək istəyir ki, TRIPP layihəsində heç bir hərbi komponent olmayacaq. İranın istəyi isə başqadır, onlar yolun bu istiqamətdən deyil, öz ərazilərindən keçməsini istəyirlər. Ancaq burada da müəyyən ziddiyyət var. Əgər yolun İran ərazisindən keçməsini istəyirsinizsə, bizim buna etirazımız yoxdur. Vaxtilə onlar bu təklifdən imtina edəndə biz yolun başqa istiqamətdən çəkilməsini təklif etmişdik. O zaman onlar bu yolu tikə bilərdi, amma bu baş tutmadı. Maraqlıdır ki, İran üçün indi nə dəyişib? Əksinə, məntiqlə onlar yolun öz ərazilərindən keçmələrini istəyirdilərsə, biz yolu tikənə qədər, öz yollarını tikə bilərdilər. Beləliklə də, bizim yolumuz hazırdır, gəlin bura ilə öz yolunuzu birləşdirin deyə bilərdilər. Amma heç bir konkret iş görmədilər. Deməli, məsələ başqadır. Belə amillər, təbii ki, qeyri-müəyyənlik yarada bilər. Ancaq ümumilikdə, bizim bu siyasətdən imtina etməməyimiz, əksinə, onu ardıcıl şəkildə davam etdirməyimiz həm həmin layihənin, həm də sülh prosesinin reallaşmasına əsas verir. İndi görürsünüz ki, bir tərəfdən bir məsələdən danışır, digər tərəfdən başqa istiqamətdə hərəkət edirlər. Dekabrın 14-də mənim Vaşinqtonda görüşlərim olacaq. Cənab Prezident də ayın 20-də Mayamidə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. İndi görək, nə baş verəcək. Demokratlar arasında da bizi istəməyən qüvvələr kifayət qədər çoxdur. Ona görə də gecikmədən hərəkət etməliyik. Bir tərəfdən tələsməli, digər tərəfdən isə tələskənlik ucbatından gecikməməliyik. Bu, çox vacib məsələdir.
– Ermənistanın konstitusiyası məsələsini hər dəfə gündəmə gətirəndə qarşı tərəf bunu Azərbaycanın onların daxili işlərinə qarışmaqda ittiham edir. Bu ritorikanı siz necə qiymətləndirirsiniz?
– Biz həmişə Ermənistanın daxili işlərinə qarışmaq niyyətində olmadığımızı bildirmişik. Sadəcə, deyirik ki, Ermənistan Azərbaycanla münasibətlərdə, xüsusilə də ərazi bütövlüyü məsələsində öz ev tapşırığını yerinə yetirməlidir. Həmin ev tapşırığı da ondan ibarətdir ki, Ermənistan Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarından əl çəkməlidir. Yalnız bu halda Azərbaycan Ermənistanla sülh sazişi imzalaya bilər. Konstitusiyanı dəyişdirib-dəyişdirməmək artıq onların öz istəyinə, qərarına bağlıdır. Bəli, bu, onların daxili işidir. Ancaq məsələ burasındadır ki, həmin daxili sənəddə bizim ərazimizə qarşı iddia da yer alır. Azərbaycanın ərazisinə iddia necə Ermənistanın daxili işi ola bilər? Söhbət məhz bundan gedir. Ona görə də biz deyirik ki, ərazi iddialarını qaldır, digər hansı müddəaları isə saxlayırsan saxla.

– Nikol Paşinyan həm Azərbaycanda, həm də beynəlxalq siyasi müstəvidə qeyri-ənənəvi davranışları, bəzən isə gözlənilməz jestləri ilə diqqət çəkir. Sizcə, bu davranışlar onun fərdi siyasi üslubunun təzahürüdür, yoxsa Paşinyan məqsədyönlü şəkildə fərqli, qeyri-standart siyasi imic formalaşdırmağa çalışır? Bu imicin arxasında hansı siyasi strategiya dayanır?
– Paşinyanın müharibədə uduzub, kapitulyasiya sənədini imzalamasına baxmayaraq seçkidə qalib gələ bildi. Yəni onu o qədər də qeyri-ciddi saymaq olmaz. Hətta məğlubiyyətdən bir neçə il keçəndən sonra yenidən seçkiyə qatılaraq qalib gəlməsi də öz-özlüyündə maraqlı siyasi hadisədir. Onun küçədə peraşki yeməsi, ayaqqabısını təmizləməsi və digər bu kimi davranışları müasir siyasi texnologiyaların tərkib hissəsidir. Bununla o, gəncləri cəlb etməyə çalışır, özünü sadə insan, xalqdan biri kimi təqdim edir. Sanki "Mən də sizdən biriyəm, mən də peraşki yeyirəm" mesajını verir. Hətta seçkiqabağı dövrdə kifayət qədər ciddi PR kampaniyalarının aparıldığının şahidi olduq. Deməli, bu, heç də sadəlik üzərində qurulmuş spontan davranışlar deyil.
– Paşinyan xarici ölkə liderləri ilə görüşlərində də özünü bu cür təqdim edir...
– Məsələyə birtərəfli yanaşmaq lazım deyil. Əsas məsələ onun niyə məhz belə bir obrazda təqdim olunmasına diqqət yetirməkdir. Unutmaq olmaz ki, bu adam bir neçə il əvvəl "Qarabağ Ermənistandır, nöqtə" deyirdi. İndi isə öz mövqeyini 180 dərəcə dəyişərək dünyaya tamamilə başqa mesajlar verir. Biz isə deyirik ki, Qarabağ Azərbaycandır. Bu isə reallıqdır. Böyük Britaniyanın Baş naziri olmuş Uinston Çörçillin çox maraqlı bir fikri var. O deyirdi ki, siyasətçi insanlara sabah baş verəcək hadisələrlə bağlı öz baxışını təqdim etməlidir. Sabah həmin hadisələr baş vermədikdə isə bunun niyə baş vermədiyini və insanların onun sözlərinə niyə yenidən inanmalı olduğunu izah etməlidir. Çörçill təsadüfi şəxsiyyət deyildi. İndi Paşinyanın siyasətinə baxaq. O, Qarabağı vəd etmişdi, ancaq Qarabağı tamamilə itirdi. Bundan sonra müvafiq sənədə imza atdı. Ardınca isə bildirdi ki, Ermənistanın əsas problemi elə Qarabağ məsələsi olub. O belə dedi: "bizim azadlığımız ondan ibarətdir ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyaq və bundan sonra yaşayaq". Beləliklə, mövqeyini 180 dərəcə dəyişən insan sabah da eyni şəkildə mövqeyini dəyişə bilər. Ona görə də biz buna hazır olmalıyıq. Cənab Prezidentin "Bir balaca ayağımız büdrəsə, arxamızdan bıçağı yenə vuracaqlar" fikri də təsadüfi deyil. Biz bu reallığı nəzərə almalı və hazır olmalıyıq. Sadəcə, bu gün bir məsələni aydın başa düşməliyik ki, qalib tərəf bizik. Regionda atdığımız addımlar və irəli sürdüyümüz mövqe mütləq şəkildə region ölkələri tərəfindən nəzərə alınmalıdır. Söhbət yalnız Ermənistandan getmir.
– Səməd müəllim, parlament diplomatiyası da sülh quruculuğunda mühüm əhəmiyyət daşıyır. Əvvəllər, məsələn, Alen Simonyan parlamentin sədri olduğu dövrdə Azərbaycanla görüşməyə hazır olduqlarını bildirirdi. İndi də Ermənistan parlamentinin bəzi üzvləri belə görüşlərin mümkünlüyünü istisna etmirlər. Ümumiyyətlə, Milli Məclisdə Ermənistanla parlamentlərarası işçi qrupunun yaradılması məsələsi müzakirə olunubmu?
– Deputatların görüşü məsələsi müzakirə olunub. Ancaq bu görüşlərin artıq baş verdiyini də nəzərə almaq lazımdır. Siz düşünürsünüz ki, belə təmaslar olmayıb. Əslində, görüşlər olub və iki istiqamətdə həyata keçirilib. İndiyə qədər də baş verib, bundan sonra da davam edə bilər. Hansı planların olduğunu da deyə bilərəm. Məsələn, Milli Məclisin sədri Sahibə Qafarova Alen Simonyanla bir neçə dəfə görüşüb. Bundan daha yüksək səviyyəli parlament təması təsəvvür etmək çətindir. Bu görüşlər Cenevrədə və başqa məkanlarda keçirilib. Yəni Simonyan parlamentin sədri olduğu dövrdə iki ölkənin parlament rəhbərləri arasında görüşlər təşkil olunub. İkinci istiqamət beynəlxalq təşkilatlar çərçivəsindəki təmaslardır. Məsələn, Azərbaycan Avropa Şurasındakı fəaliyyətini dayandırmazdan əvvəl Ermənistan nümayəndə heyəti ilə görüşlər keçirirdik. Hazırda isə ATƏT və digər platformalarda tərəflər müəyyən formada istər-istəməz ünsiyyətdə olurlar. Məsələn, cənab Prezident Antalyaya getməyib, Paşinyan isə oradadır. Belə olan halda onların hansısa formada görüşməsi, söhbət etməsi mümkündür. Ermənistanın parlament nümayəndə heyəti orada olur, bizim nümayəndələr də iştirak edirlər. Beləliklə, təmaslar yaranır. Sadəcə, Avropa Şurası böyük bir fürsəti əldən verdi. Ermənistan-Azərbaycan parlamentlərarası görüşlərinin təşkili üçün ən ideal məkan məhz Avropa Şurası idi. Hər iki ölkə bu təşkilatın üzvü idi. Avropa Şurası vasitəçi rolunu üzərinə götürərək iki parlamentin nümayəndələrini bir masa ətrafında əyləşdirə, onların dialoquna şərait yarada bilərdi. Beləliklə, təşkilat özü də iki ölkə arasında münasibətlərin normallaşmasına töhfə vermiş olardı. Təəssüf ki, bunu bacarmadılar. Bununla belə, proses davam edir. Ancaq onu süni şəkildə sürətləndirməyə də ehtiyac yoxdur. İngilislərin çox gözəl bir ifadəsi var: confidence-building measures. Yəni qarşılıqlı etimadın yaradılmasına xidmət edən tədbirlər və addımlar. Hazırda qeyri-hökumət təşkilatları görüşür, bizim nümayəndələr Ermənistana gedir, onların nümayəndələri Azərbaycana gəlir, parlament rəhbərləri səviyyəsində də təmaslar baş tutur. Ancaq bu prosesləri süni şəkildə sürətləndirdikdə də, həddindən artıq ləngitdikdə də problemlər yarana bilər. Ona görə gündəmə gələn məsələlər vaxtında, ehtiyatla və əvvəlcədən düşünülmüş şəkildə müəyyənləşdirilməlidir. Bu istiqamətdə nə tələsmək, nə də gecikmək lazımdır. Hələlik hansısa konkret görüşlərin olub-olmaması barədə danışmaq tezdir.
– Türk Dövlətləri Təşkilatı ilə bağlı, daha doğrusu, Aşbadyan məsələsinə də toxunmaq istərdim. Bildiyiniz kimi, onunla münasibətlər pozulub. Bu barədə bəyanat da vermişdiniz. Problem qarşı tərəfdən qaynaqlanmışdı. Hazırda münasibətlərin normallaşması və əvvəlki vəziyyətə qayıdış istiqamətində hər hansı əlamət görünürmü? Qarşı tərəfdən addım atılırmı, bu məsələ müzakirə olunurmu?
– Biz həmin münasibətləri pozmamışıq. Azərbaycan 2001-ci ildə Avropa Şurasının tamhüquqlu üzvü olub və 2001-ci ildən 2024-cü ilə qədər bizi müxtəlif məsələlərə görə tənqid ediblər. İnsan hüquqları ilə bağlı, başqa məsələlərlə əlaqədar iradlar səsləndirilib. Həmin dövrdə müharibə də var idi. Ermənilər də bu proseslərdə iştirak edir, müxtəlif addımlarla çıxış edirdilər. İndi interneti açıb həmin dövrün materiallarına baxmaq mümkündür. Ancaq gəlin, məsələyə başqa tərəfdən yanaşaq. 2001-ci ildən başlayaraq 23 il ərzində Ermənistanla bağlı hansı sanksiyaları tətbiq etdilər? Heç birini. Azərbaycanı da tənqid edirdilər. Bəs həmin 23 il ərzində Azərbaycana qarşı hansısa sanksiya tətbiq olundumu? Xeyr. Nə baş verdi ki, torpaqlarımızı azad edən kimi Azərbaycana qarşı qətnamələr qəbul etməyə, bizi etnik təmizləmədə ittiham etməyə başladılar? Deməli, məsələ insan hüquqları ilə bağlı deyildi. Əgər həqiqətən insan hüquqları məsələsinə görə Azərbaycana qarşı belə addımlar atmaq istəyirdilərsə, bunun üçün 23 il imkanları var idi. Bəs niyə həmin müddətdə bunu etmirdilər? Niyə məhz Azərbaycan torpaqlarını azad etdikdən sonra belə münasibət sərgiləməyə başladılar? Buradan aydın olur ki, məsələ birbaşa Qarabağın azad edilməsi ilə bağlı idi. Onlar bunu həzm edə, qəbul edə bilmədilər. Bunun səbəbləri sırasında erməni lobbisinin təsirini, korrupsiya əlaqələrini, formalaşmış siyasi münasibətləri və Azərbaycana qarşı əvvəlcədən mövcud olan qərəzli yanaşmanı göstərmək olar. Azərbaycan əleyhinə, necə deyərlər, səlib yürüşü elan etmişdilər. Söhbət bundan gedir. Ancaq biz Avropa Şurasının qapısını bağlamamışıq. Avropa Şurası yalnız Parlament Assambleyasından ibarət deyil. Avropa İttifaqının Nazirlər Komitəsi, İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi və başqa qurumları var. Azərbaycan onların heç birindən çıxmayıb. Həmin qurumlarla əməkdaşlığımız davam edir. Müzakirələr də aparılır, tənqidlər də səsləndirilir. Ancaq bunlar normal, işgüzar münasibətlər çərçivəsində baş verir. Problem Avropa Şurası Parlament Assambleyası ilə bağlıdır. Çünki orada Azərbaycana qarşı qərəzli mövqe tutan, erməni lobbisinin təsiri altında olan və başqa dövlətlərin maraqlarını həyata keçirən qüvvələr üstünlük qazanıblar. Bir nəfərin adını çəkim: cənab Şvabe. O, faktiki olaraq Parlament Assambleyasını öz nəzarətində saxlayır. Azərbaycana münasibətlərin qurulmasının tərəfdarı olan şəxslərə dərhal təzyiq göstərilir, onların ünvanına korrupsiya ittihamları səsləndirilir. Guya həmin şəxslər Azərbaycandan pul alıblar. Halbuki söhbət siyasi fəaliyyət göstərən, öz mövqeyi olan insanlardan gedir. Belə bir ittihamla üzləşən siyasətçi özünü necə müdafiə etməlidir? Bunu kimə və necə sübut etməlidir ki, Azərbaycandan pul almayıb? Beləliklə, Avropa Şurasında çox mürəkkəb diplomatik mühit yaradılmışdı. İnsanlar haqlı mövqelərini müdafiə etməkdən çəkinməyə başlayırdılar. Çünki Azərbaycanı müdafiə edən hər kəsin üzərinə eyni damğa vurula bilərdi. Bu problem təsadüfən yaranmamışdı. Məqsəd Azərbaycanı Avropada çəkindirmək, beynəlxalq platformalardan kənarlaşdırmaq və onu müdafiə etmək istəyən qüvvələri susdurmaq idi. Kim Azərbaycanı müdafiə edirdisə, dərhal həmin şəxs də ittihamlarla üzləşirdi. Söhbət erməni lobbisinin, bəzi qonşularımızın və bizi istəməyən qüvvələrin birgə təşkil etdiyi, ciddi şəkildə düşünülmüş siyasi prosesdən gedir. Bütün detalları burada açıqlamaq mümkün deyil. Ancaq əsas məqsəd aydın idi: Azərbaycanın müdafiəsinə qalxmaq istəyən qüvvələrin qarşısını almaq. Biz bu mübarizədə də qalib gəldik. Cənab Prezidentin dəfələrlə vurğuladığı mühüm bir məqam var. O, iki anlayışdan istifadə edib: anaxronizm və atavizm. Anaxronizm keçmiş dövrə aid olan, müasir reallığı əks etdirməyən hadisə və yanaşma deməkdir. Atavizm isə artıq öz funksiyasını itirmiş, əvvəlki rolunu oynaya bilməyən bir xüsusiyyətdir. Prezident bildirdi ki, bu iki təşkilat artıq bizim üçün əvvəlki əhəmiyyətini itirib. Onlardan biri korrupsiyanın mənbəyinə çevrilib, digəri isə müasir proseslərdən kənarda qalıb. Ancaq bir daha deyirəm, biz qapıları bağlamamışıq. Sadəcə, beynəlxalq normalara uyğun fəaliyyət göstərən, bizə hörmətlə yanaşan və qarşılıqlı münasibətləri inkişaf etdirməyə hazır olan təşkilatlarla əməkdaşlıq edirik. Eyni zamanda ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verməyə başladıq. Bu gün Avropanın 10 dövləti ilə strateji tərəfdaşlıq və əməkdaşlıq sənədlərimiz var. Çünki gördük ki, beynəlxalq təşkilatlarda Şvabe kimi şəxslərin sayı az deyil. Bəzi məsuliyyətsiz qüvvələr müxtəlif təsirlər altında qərarlar qəbul edirlər. İkitərəfli münasibətlərdə isə vəziyyət fərqlidir. Çünki bu münasibətlərə görə məsuliyyəti dövlətlərin hökumətləri daşıyır. Hökumətlər xalqın iradəsi əsasında formalaşır və xalqın maraqlarını ifadə etməlidir. Bu baxımdan ikitərəfli əlaqələr tamam başqa siyasi səviyyəyə malikdir. Nəticədə bir çox Avropa ölkələri Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışırlar. İtaliya, Avstriya və digər dövlətlərlə əlaqələrimiz bunun nümunəsidir. Müasir dünyanın reallıqlarını əks etdirə bilməyən bəzi beynəlxalq təşkilatlar isə tədricən tarixin səhnəsindən silinirlər. Vaxtilə Avropa Şurası haqqında çox danışılırdı. Mən də uzun illər bu təşkilatın fəaliyyəti ilə bağlı çıxış etmişəm. İndi isə kim Avropa Şurası haqqında danışır? Sonuncu dəfə bu təşkilatla bağlı hansı mühüm xəbəri eşitmisiniz? Siz jurnalistsiniz. Avropa Şurası barədə son vaxtlar nə qədər məlumatla qarşılaşmısınız? Halbuki vaxtilə mən özüm də bu təşkilatın fəaliyyətini təbliğ edən, onun haqqında danışan şəxslərdən biri idim. Başqa sözlə, Azərbaycan da həmin platformada fəal iştirak edirdi. Bu gün isə həmin qurumlar özləri özlərinə problem yaradıblar və regiondan təcrid olunublar. Eyni sözləri Avropa Parlamenti haqqında da demək olar. Avropa İttifaqı ilə münasibətlərimizdə müxtəlif komissarların səfərləri, görüşlər və müzakirələr gündəmdədir. Ancaq Avropa Parlamentinin vaxtilə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrdən başqa, dünya problemlərinin həllinə yönəlmiş hansı mühüm təşəbbüsünü xatırlayırsınız? Cənab Prezidentin həmin qurumlarla bağlı işlətdiyi anaxronizm və atavizm ifadələri də məhz bu reallığı əks etdirir. Bununla belə, Avropa İttifaqının özünün fəallığını görürük. Bu qurum Rusiya-Ukrayna münaqişəsində iştirak etmək, ABŞ ilə münasibətlərini formalaşdırmaq istəyir. Yəni, müəyyən istiqamətlərdə fəaliyyət göstərir. Bizim üçün də həmin təşkilatların qapısı açıqdır. Gəlmək istəyirlərsə, xoş gəliblər. Biz qapını bağlamamışıq, onu bağlayan özləridir. Sadəcə, özlərində güc tapmalı və Şvabe kimi şəxsləri tarix səhnəsindən uzaqlaşdırmalıdırlar.
– Xarici səfərlər və beynəlxalq görüşlər parlamentlərarası işçi qruplarının, komitələrin fəaliyyətində mühüm yer tutur. Lakin bəzən bu görüşlərin nəticələri ictimaiyyətə tam aydın olmur. Əslində, həmin platformalarda ciddi işlər görülür, amma onların hamısı açıq şəkildə təqdim edilmir. Komitənizin və parlamentlərarası işçi qruplarının fəaliyyəti nəticəsində əldə edilmiş konkret nəticələri göstərə bilərsinizmi? Fəaliyyəti zəif olan qruplardan hesabat tələb olunurmu? Ümumiyyətlə, belə qruplar varmı?
– Dostluq qrupları da var, işçi qrupları da. Onların bəziləri çox fəaldır, bəziləri isə o qədər də aktiv deyil. Ancaq nəzərə almaq lazımdır ki, bunlar ikitərəfli işçi qruplarıdır. Məsələ yalnız Azərbaycandan asılı deyil. İndi konkret ölkələrin adlarını çəkmək istəmirəm. Elə qruplarımız var ki, bizim deputatlar, insanlar çox fəal işləmək istəyirlər, ancaq qarşı tərəfdən heç bir təşəbbüs yoxdur. Belə vəziyyətdə nə etmək olar? Qarşı tərəfdə aktivlik yoxdursa, sən də müəyyən məhdudiyyətlərlə üzləşirsən. Biz bu qrupları parlamentlərarası əlaqələri qurmaq və inkişaf etdirmək üçün yaradırıq. Parlamentin beynəlxalq münasibətlərinə gəldikdə isə, sizə tam əminliklə deyə bilərəm ki, bu sahədə əlaqələrimiz heç vaxt indiki qədər inkişaf etməyib. Avropa Şurasını bir kənara qoyaq. ATƏT-i, Qoşulmama Hərəkatını, ASYA-nı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını, NATO Parlament Assambleyasını götürün. Bütün bu platformalarda nümayəndə heyətlərimiz fəaliyyət göstərir. Beynəlxalq Parlamentlərarası İttifaqı (IPU) da misal gətirmək olar. Sahibə xanım həmin təşkilatda ikinci yeri qazandı. Cəmi 38 faiz fərq qalmışdı. Orada bəzi Avropa təşkilatlarının nümayəndələri insan hüquqları və digər məsələlərlə bağlı müxtəlif siyasi oyunlar aparmağa başladılar. Ancaq Azərbaycan üçün ikinci yeri qazanmaq, belə bir nəticə əldə etmək özlüyündə böyük uğurdur. Buna görə də parlamentin beynəlxalq əlaqələri hazırda çox yüksək səviyyədədir. Siz də bunu görürsünüz: görüşlər, səfərlər, müxtəlif platformalarda iştiraklar davam edir. Bizim bu sahədə başqa parlamentlərdən fərqlənən müəyyən prinsipimiz var. Beynəlxalq münasibətləri iki əsas istiqamətdə təşkil edirik. Birinci istiqamət bizim komitənin fəaliyyətidir. Bütün beynəlxalq məsələləri ekspertizadan keçirir, müvafiq təhlillər aparır, təqdimatlar hazırlayırıq və digər işləri həyata keçiririk. Komitəmiz parlamentin ən böyük komitəsidir. Prosedur qaydalarına əsasən, komitənin üzvlərinin sayı 20 nəfərdən artıq ola bilməz. Əvvəl 20 nəfər idik, indi isə 19 nəfərik. Ramil Həsən Türkiyəyə baş katib getdiyi üçün komitənin tərkibindən ayrılıb. Buna baxmayaraq, yenə də parlamentin ən böyük komitəsiyik. Bizdən sonra Təhsil komitəsi gəlir. Ancaq bizim əsas prinsipimiz beynəlxalq münasibətləri yalnız komitənin fəaliyyəti ilə məhdudlaşdırmamaqdır. Milli Məclisin 124 deputatının hamısı beynəlxalq münasibətlərlə məşğuldur. Məsələn, Türkiyə-Azərbaycan, ABŞ-Azərbaycan, İtaliya-Azərbaycan, Avstriya-Azərbaycan dostluq qrupları fəaliyyət göstərir. Bu qrupların üzvlərinin hamısı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü deyil. Onlar başqa komitələrdə də təmsil olunurlar. Ancaq həmin deputatların hamısı beynəlxalq fəaliyyətlə məşğuldur. Çünki deputatın əsas funksiyalarından biri də Azərbaycan xalqının nümayəndəsi kimi ölkəmizi beynəlxalq səviyyədə təmsil etməkdir. Bunun üçün onun mütləq Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olması vacib deyil. İstənilən başqa komitənin üzvü də bu işi həyata keçirə bilər. Bu baxımdan deputatların xarici səfərləri, beynəlxalq konfranslarda iştirakı, müxtəlif ölkələrin parlament üzvləri ilə görüşləri də beynəlxalq münasibətlərin tərkib hissəsidir. Məsələn, biz Səhiyyə komitəsinin fəaliyyətinə müdaxilə edə bilmərik. Ancaq Səhiyyə komitəsi də beynəlxalq münasibətlər sisteminin bir hissəsidir. Çünki səhiyyə sahəsində də Azərbaycan beynəlxalq səviyyədə təmsil olunur. Bizim üçün əsas məsələ ölkənin dünyanın hansı sahəsində təmsil edilməsidir.

– Səməd müəllim, uzun illərdir deputatsınız. Özünüz də qeyd etdiyiniz kimi, böyük bir komitəyə və geniş parlamentlərarası işçi qrupları sisteminə rəhbərlik edirsiniz. Beynəlxalq platformalarda Azərbaycanı ən uğurla təmsil edən deputatları sadalamağınızı istəsək, ilk beşliyə kimləri daxil edərdiniz?
– Xeyr, bunu etmək düzgün olmaz. Çünki insanın əldə edə biləcəyi ən böyük uğur Azərbaycan xalqı tərəfindən seçilməsidir. Deputat seçilməklə insan artıq böyük bir nailiyyət qazanır. O, Azərbaycan xalqını təmsil etmək hüququ əldə edir. Bu baxımdan bundan böyük uğur yoxdur. Beynəlxalq platformalarda fəaliyyətə gəldikdə isə, burada çoxsaylı amillər nəzərə alınmalıdır. Deputatın xarici səfərlərdə iştirakı, iş rejimi, ölkədə olub-olmaması, xarici dilləri bilməsi və digər xüsusiyyətləri mühüm rol oynayır. Hansı meyarı əsas götürəcəyinizdən də çox şey asılıdır. Elə bir meyar seçə bilərsiniz ki, həmin xüsusiyyət yalnız bir deputatda olsun. Başqa bir meyar isə hamıya aid ola bilər. Ona görə də kiminsə daha fəal, digərinin isə nisbətən az fəal olduğunu müəyyənləşdirmək üçün əvvəlcə qiymətləndirmə meyarlarını müəyyən etmək lazımdır.
– Bizim üçün əsas meyarlardan biri konkret nəticədir. Məsələn, Azərbaycan-Amerika parlamentlərarası işçi qrupu ABŞ-da müəyyən məsələlərə təsir göstərə bilirsə, konqresmenlərlə görüşlərdə fəal iştirak edirsə və gördüyü işləri ictimaiyyətə çatdıra bilirsə, bunu uğurlu fəaliyyət hesab etmək olar.
– Sizinlə razılaşmayacağam. Niyə? Gəlin, ABŞ nümunəsinə baxaq. ABŞ-da 907-ci düzəlişin qəbul edildiyi dövrü xatırlayaq. Deyəsən, 1992-ci il idi, yaxud 1993-cü il. Dəqiq tarix indi yanımda deyil, lazım olsa, dəqiqləşdirərəm. Üstündən 33-34 il keçib. Bəs 907-ci düzəliş ləğv olunubmu? Xeyr, hələ də qüvvədədir. Digər tərəfdən, bu gün ABŞ ilə strateji əməkdaşlıq münasibətləri qurulur. Konqresmenlər, senatorlar cənab Prezidentlə görüşür, parlamentə gəlirlər. Biz də tez-tez ABŞ-da senatorlarla görüşlər keçirir, müxtəlif istiqamətlərdə iş aparırıq. ABŞ-da formalaşan siyasi mühit başqa ölkələrlə münasibətlərimizə də təsir göstərir. Bir tərəfdən baxırsan ki, bütün bu işlər görülür, münasibətlər inkişaf edir, digər tərəfdən isə 907-ci düzəlişi hələ də ləğv edə bilməmişik. Bu, hazırkı mərhələdə onlar üçün də asan məsələ deyil. Bəlkə, gələcəkdə ləğv ediləcək. Ancaq bunun nə üçün çətin olduğunu izah etmək istəyirəm. Bir dəfə Cekson-Venik düzəlişini misal çəkmişdim. Bilirsiniz, bu, Sovet İttifaqı ilə bağlı qəbul edilmiş düzəlişdir. Həmin dövrdə Sovet İttifaqında yaşayan yəhudilər İsrailə köçmək istəyirdilər, lakin onlara buna imkan verilmirdi. Buna görə ABŞ Konqresi Sovet İttifaqına qarşı həmin düzəlişi, yəni müəyyən məhdudiyyətləri nəzərdə tutan mexanizmi qəbul etdi. İndi Sovet İttifaqı mövcuddurmu? Xeyr. Ancaq Cekson-Venik düzəlişi hələ də mövcuddur. Konqres onu ləğv edə bilmir. Deyirsən ki, Sovet İttifaqı artıq yoxdur, bəs bu düzəlişi niyə saxlayırsınız? Ancaq məsələ göründüyü qədər sadə deyil. Bu yaxınlarda, məsələn, senator Deysi cənab Prezident qəbul etmişdi. Həmin görüşdə də 907-ci düzəliş məsələsi gündəmə gəlmişdi. İnsanlar düşünürlər ki, bu düzəlişi ləğv etmək mümkündür. Halbuki Cekson-Venik düzəlişinin taleyi göstərir ki, belə məsələlər ABŞ-da çox mürəkkəb qanunvericilik prosedurlarından keçir. Bunun səbəbini ABŞ Konstitusiyasının işləmə mexanizmini bilməklə anlamaq mümkündür. Məsələn, Amerika filmlərinə baxanda tez-tez belə bir ifadə eşidirsiniz: "Mən Konstitusiyanın Birinci Düzəlişinə əsasən ifadə verməkdən imtina edirəm". Bu da həmin hüquqi sistemin bir nümunəsidir. ABŞ-da Konstitusiyaya qəbul edilən düzəlişlərin ləğvi son dərəcə mürəkkəb prosesdir. Mümkündür, ancaq çox çətindir. Niyə? Çünki ABŞ-da ikipalatalı parlament sistemi mövcuddur. Konqres dedikdə yalnız Nümayəndələr Palatasını nəzərdə tutmaq düzgün deyil. Konqres həm Nümayəndələr Palatasından, həm də Senatdan ibarətdir. Senatda 100 senator, Nümayəndələr Palatasında isə 435 üzv var. Nümayəndələr Palatasının üzvləri iki il müddətinə, senatorlar isə altı il müddətinə seçilirlər. Tutaq ki, 907-ci düzəlişin ləğvi ilə bağlı qanun layihəsi hazırlanır. Bu layihə əvvəlcə Konqresdə müzakirə edilməli, mətni formalaşdırılmalı və qəbul olunmalıdır. Daha sonra eyni mətn Senata göndərilməli və orada da təsdiqlənməlidir. Ən vacib məqam isə hər iki palatanın eyni mətn üzərində razılığa gəlməsidir. Mətnlərdə bir nöqtə, vergül, hətta bir söz fərqli olarsa, proses yenidən başlaya bilər. Bu mexanizmdən də siyasi məqsədlər üçün istifadə etmək mümkündür. Məsələn, hansısa konqresmen çıxış edərək düzəliş təklif edə bilər ki, sənəddə "Republic of Azerbaijan" əvəzinə başqa ifadə işlədilsin. Beləliklə, qanun layihəsinin müzakirəsi yenidən mürəkkəbləşir. Yəni, sistem elə qurulub ki, hər iki palatada ciddi siyasi iradə və konsensus olmadan belə düzəlişlərin ləğvi çox çətindir.Nəzərə almaq lazımdır ki, ABŞ Konqresinin həm aşağı, həm də yuxarı palatasında vaxtaşırı Azərbaycan əleyhinə çıxış edən qüvvələr kifayət qədər çoxdur. Belə şəraitdə konsensus əldə etmək asan deyil. Ancaq bu, o demək deyil ki, biz ABŞ Konqresi ilə işləmirik. Əksinə, bu münasibətlərin özünəməxsus xüsusiyyətləri var. Biz həmin xüsusiyyətləri nəzərə alaraq fəaliyyət göstəririk. Həyata keçirdiyimiz işlərin nəticəsi də digər ölkələrlə münasibətlərimizə təsir göstərir.

– Parlamentlərarası işçi qrupları Azərbaycan diasporu və Xarici İşlər Nazirliyi ilə necə əməkdaşlıq edir?
– Biz hər il parlament olaraq Xarici İşlər Nazirliyinin təşkil etdiyi böyük konfransda iştirak edirik. Həmin konfransa Azərbaycanın bütün səfirləri dəvət olunur. Mən də komitə sədri kimi hər il orada hesabat verirəm. Hər bir səfirlə parlamentlərarası işçi qruplarının fəaliyyəti müzakirə edilir, mövcud çatışmazlıqlar müəyyənləşdirilir, gələcək perspektivlər nəzərdən keçirilir. Bir neçə gün davam edən konfranslarda həm rəsmi çıxışlar edirik, həm də qeyri-rəsmi seminarlar çərçivəsində müxtəlif məsələləri müzakirə edirik. Bu, əməkdaşlığın bir istiqamətidir. İkinci istiqamət isə Sahibə xanım spiker seçildikdən sonra irəli sürülən mühüm təşəbbüslərdən biri ilə bağlıdır. Söhbət Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və Milli Məclis arasında xarici siyasətin koordinasiyasından gedir. Biz bu üç istiqamət üzrə məsləhətləşmələr aparır, xarici siyasət fəaliyyətinin və parlamentlərarası işçi qruplarının əlaqələndirilməsini təmin etməyə çalışırıq. Bu yaxınlarda ABŞ-a səfərimiz də olmuşdu. Səfər ötən ilin mart ayının sonunda baş tutmuşdu. Həmin məsləhətləşmələr nəticəsində nümayəndə heyətimizin tərkibinə diasporumuzun təklif etdiyi və təqdim etdiyi şəxslər də daxil edildi.Bütün bunları koordinasiya şəklində həyata keçiririk. Bəzən kənardan elə görünə bilər ki, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən qurumlar arasında müəyyən uyğunsuzluqlar var. Əslində isə bu gün Azərbaycanda xarici siyasət çox ciddi koordinasiya əsasında həyata keçirilir.
– Tutaq ki, Ermənistan parlamenti ilə birbaşa görüşünüz olsaydı, müzakirəyə çıxaracağınız ilk məsələ nə olardı? Hazırda qarşı tərəflə əlaqə saxladığınız tədbirlərdə Ermənistan deputatları da iştirak edirlərmi?
– Çox uzağa getməyə, məsələni dərindən mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Biz bəzən elə düşünürük ki, burada qeyri-adi məsələlər var. Əslində isə belə deyil. Sadəcə, başa düşməliyik ki, biz bu prosesi hansısa qurum və ya konkret şəxs üçün həyata keçirmirik. Daha dəqiq desəm, biz yalnız Paşinyanla sülh müqaviləsi imzalamaq istəmirik. Biz Ermənistanla sülhə nail olmaq istəyirik. Burada böyük fərq var. Paşinyan özünü nə qədər təcrübəli siyasətçi kimi təqdim etsə də, o da müvəqqətidir. Sabah başqa bir şəxs hakimiyyətə gələ bilər. Ola bilsin, Ruben Rubinyan, yaxud Alen Simonyan olsun. Mən Rubinyanı çox yaxşı tanıyıram, Avropa Şurasında bir yerdə çalışmışıq. Simonyan da kifayət qədər təcrübəli siyasətçidir. Bəlkə də, heç tanımadığımız başqa bir şəxs hakimiyyətə gələcək. Bu, həyatdır. Heç kim indiki siyasətin gələcəkdə tam şəkildə davam etdiriləcəyinə zəmanət verə bilməz. Azərbaycan üçün ən vacib məsələ konkret şəxslə deyil, dövlət və xalqla münasibətləri qurmaq, sülhü ən yüksək səviyyədə təmin etməkdir. Bunun üçün də yalnız Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalanmalıdır. Bu istiqamətdə müzakirə olunmalı çoxsaylı məsələlər var: sülhü necə davamlı etmək, qarşılıqlı etimadı necə bərpa etmək, kənar qüvvələrin prosesə müdaxiləsinin qarşısını necə almaq və regionda tamamilə yeni, müasir tarixə necə başlamaq. Heç kim üçün sirr deyil ki, Azərbaycan, Ermənistan və Gürcüstan birlikdə daha güclüdür və ayrı-ayrılıqda olduqlarından daha böyük müqavimət potensialına malikdirlər. Bu, çox vacib məsələdir və artıq öz təsdiqini tapıb. Avropa da bu istiqamətdə müəyyən addımlar atmağa çalışır. Əvvəlcə Gürcüstanı regiondan ayırmaq, Qafqaz daxilində ayrıca “Gürcü Avropası” yaratmaq istəyirdilər. Daha sonra, “binokl diplomatiyası” vasitəsilə Ermənistanı da regiondan qoparmağa çalışdılar. Guya Ermənistan üzərindən ayrıca Avropa formalaşdırmaq istəyirdilər. Ancaq onlar bir məqamı başa düşmürlər: bu üç ölkəni birləşdirən və istiqamətləndirən, yaxşı mənada, ölkə Azərbaycandır. Sadəcə, Azərbaycan 30 il ərzində qıfıl arxasında saxlanılmışdı. İndi isə ölkəmizin potensialı üzə çıxıb və daha da güclənib. Biz istəyirik ki, həm Gürcüstan, həm də Ermənistan müstəqil dövlətlər olsun, öz taleləri ilə bağlı qərarları özləri versinlər. Buna nail olduqları təqdirdə istər-istəməz Azərbaycana yaxınlaşacaqlar. Çünki müstəqil dövlət müstəqil dövlətin yanında olar. Əgər sən müstəqil deyilsənsə, kiminsə forpostusansa – istər Rusiyanın, istər İranın, istərsə də Avropanın – regionda destruktiv siyasət aparacaqsan. Destruktiv siyasət o deməkdir ki, öz maraqlarını deyil, səni idarə edən qüvvənin maraqlarını burada təmsil edəcəksən. Həmin maraqlar isə heç də həmişə regionun maraqları ilə üst-üstə düşmür. Əksinə, regiona zidd ola bilər. Ona görə də regiondakı maraqların təmin olunması üçün ilk növbədə özünü müstəqil dövlət kimi təsdiq etməlisən. Biz, təbii ki, Ermənistanın müstəqil dövlət olmasında maraqlıyıq. Ermənistan müstəqil dövlət kimi çıxış edəcəyi təqdirdə başa düşəcək ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə bağlıdır. Rusiya ilə heç bir sərhədi yoxdur. Müstəqil dövlət olduğunu dərk edəndə İranla yaxınlaşmaq əvəzinə Azərbaycanla ticarət əlaqələri qurmağın daha məqsədəuyğun olduğunu da anlayacaq. Bu söhbətdə çoxsaylı mövzulara toxunmaq olar. Ancaq əsas məsələ sülhdür.

– Perspektivdə Cənubi Qafqaz ölkələrinin birliyini necə görürsünüz? Siyasi kimlik baxımından soruşuram. Hətta bunun praktiki elementləri hələ görünməsə belə, həmin siyasi kimliyi necə təsəvvür edirsiniz?
– Bu istiqamətdə də proseslər gedir. Bu gün Azərbaycan-Gürcüstan münasibətləri ən yüksək səviyyədədir və strateji əhəmiyyət daşıyır. Yaddan çıxarmaq olmaz ki, ingilislərin ifadəsi ilə desək, Azərbaycan landlocked country – dənizə birbaşa çıxışı olmayan ölkədir. Bir tərəfimizdə Gürcüstan, digər tərəfimizdə Ermənistan, cənubda İran, şimalda Rusiya, şərqdə isə Xəzər dənizi yerləşir. Coğrafi baxımdan müəyyən mənada qapalı ölkəyik. Ona görə də bu üç iqtisadiyyatın bir-biri ilə sinerji əsasında işləməsi çox vacibdir. Sinerji nə deməkdir? Sən güclüsən, mən güclüyəm, o da güclüdür. Ancaq birlikdə yaratdığımız güc tamamilə yeni keyfiyyət formalaşdırır. Həmin yeni keyfiyyət Cənubi Qafqazdır.
– O qədər maraqlı danışırsınız ki, adam söhbəti davam etdirmək istəyir. Məsələn, Avropa, Amerika, Rusiya... Hərəsi Cənubi Qafqazı özünə yaxın görür. Biri Avropaya, digəri Asiyaya aid edir. Halbuki Cənubi Qafqaz özü ayrıca bir regiondur. Bunu dünyaya necə təqdim etməliyik? Necə göstərməliyik ki, Cənubi Qafqaz nə Avropadır, nə Şərq, nə Qərb, nə də Amerika? Regionu sadəcə parçalayırlar ki, öz təsir dairələrini genişləndirsinlər.
– Birincisi, məhz buna görə parçalayırlar. İkincisi, dünya siyasətindəki proseslər və mövcud vəziyyət istər-istəməz bu regionun əhəmiyyətini artırır. Bu, artıq təkcə bizimlə bağlı məsələ deyil. Bu gün dəniz yolu ilə yük daşımaları təhlükəli xarakter alır. Həm də söhbət hansısa piratın gəlib gəmiyə hücum etməsindən getmir. Müasir texnologiyalar o dərəcədə inkişaf edib ki, neytral sularda üzən gəmini batırmaq, partlatmaq, sualtı qayıqdan və ya drondan istifadə etməklə ona zərər vurmaq mümkündür. Gəmi neytral sularda hərəkət edir, heç bir dövlətin ərazisində deyil. Belə vəziyyətdə məsuliyyət daşıyan tərəfi müəyyənləşdirmək də çətinləşir. Hadisəni araşdırmaq, kimin və hansı vasitə ilə hücum etdiyini müəyyən etmək vaxt aparır. Rusiya-Ukrayna müharibəsi nəticəsində boru xətlərinin partladılması da bunun nümunəsidir. Üstündən illər keçməsinə baxmayaraq, hələ də həmin hadisələrin kim tərəfindən və hansı məqsədlə törədildiyi ilə bağlı suallar qalır. Ancaq sən kiminsə ərazisindən quru yolu ilə nəqliyyat marşrutu və ya boru xətti çəkirsənsə, həmin dövlət məsuliyyət daşıyır. Onun ərazisində hər hansı hadisə baş verdikdə, dövlət buna münasibət bildirməli və məsuliyyətini dərk etməlidir. Bu gün vaxtilə yaratdığımız Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də TANAP və digər layihələrin əhəmiyyəti daha aydın görünür. Çünki bu marşrutlar üzrə məsuliyyət konkret dövlətlərin üzərinə düşür. Azərbaycan, Özbəkistan, Çin və digər tərəfdaşlar öz ərazilərindəki proseslərə görə məsuliyyət daşıyırlar. Belə olan halda hadisənin ünvanını və məsul tərəfi müəyyənləşdirmək daha asan olur. Beləliklə, söhbətimizin lap əvvəlinə qayıdıram və bununla da yekunlaşdırmaq istəyirəm. Qeyri-müəyyənliyin hökm sürdüyü müasir dünyada ən qiymətli və vacib məsələlərdən biri məsuliyyəti öz üzərinə götürməkdir. Bu gün Azərbaycan regionda məsuliyyəti üzərinə götürməyə nəinki hazırdır, eyni zamanda, bunu real şəkildə həyata keçirir və üzərinə götürdüyü öhdəliklərə cavab verir. Ən böyük faciə ondan ibarətdir ki, ölkələr, dövlətlər, təşkilatlar və qurumlar məsuliyyətsiz davranırlar, yaxud da məsuliyyəti öz üzərlərinə götürmək iqtidarında olmurlar. Bizim məsuliyyətimiz isə güclüdür və əbədidir.