Modern.az

“Süni intellekt ikiağızlı silahdır” – İordaniyalı jurnalist

“Süni intellekt ikiağızlı silahdır” – İordaniyalı jurnalist

Müsahibə

Bu gün, 17:29

Modern.az xarici jurnalistlərlə silsilə müsahibələrini davam etdirir. Müsahibələrdə xarici jurnalistlərin Azərbaycan və azərbaycanlılar barədə təsəvvürlərini öyrənir, iki ölkə arasında ortaq cəhətləri araşdırır və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparırıq.

Budəfəki həmsöhbətimiz İordaniyadan olan jurnalist Majdi Taldır. O, İordaniya Xəbər Agentliyinin əməkdaşıdır.

– Ümumilikdə İordaniyada medianın mövcud vəziyyətini necə qiymətləndirirsiniz? Son illərdə ölkənin media mühitində hansı mühüm dəyişikliklər baş verib?

– İordaniyada media son illərdə azadlıqlar səviyyəsində nəzərəçarpacaq geriləmə yaşayıb. Bunun səbəblərindən biri rəqəmsal və sosial media səhifələrində yazılanları da əhatə edən Mətbuat Qanunudur. Digər tərəfdən, süni intellekt tətbiqlərinin və alqoritmlərin media fəaliyyətinin müxtəlif sahələrində istifadəsi müşahidə olunur.

– Dünyada ənənəvi media sosial media və rəqəmsal platformalarla ciddi rəqabətdədir. Bu proses İordaniyada ənənəvi medianın izləyici və oxucu kütləsinə, habelə onun təsirinə necə təsir edib?

– Bu inkişaf, xüsusilə ənənəvi mediaya – qəzetlərə, televiziya və radioya təzyiqlər artdıqca daha qabarıq şəkildə özünü göstərib. Cəmiyyət informasiyanı rəqəmsal platformalardan almağa yönəlib. Məncə, bunun səbəbi yalnız rəqəmsal aləmin və alqoritmlərin inkişafı deyil, həm də ifadə azadlığına yönəlmiş təzyiq siyasətləridir.

– Bu gün İordaniya jurnalistlərinin üzləşdiyi əsas problemlər və peşəkar çətinliklər hansılardır? Sizcə, müasir jurnalistikanı ən çox mürəkkəbləşdirən amillər hansılardır?

– Məncə, ən böyük çətinlik jurnalistika və jurnalistlər üzərində məhdudiyyətlərin olması, həmçinin öz fikir və düşüncələrini azad şəkildə ifadə etmək imkanının aydın və konkret formada məhdudlaşdırılmasıdır.

– Yaxın Şərqdə davam edən münaqişələr və siyasi gərginliklər jurnalistlərin fəaliyyətinə necə təsir edir? Belə bir mühitdə tərəfsizliyi və peşə prinsiplərini qorumaq nə dərəcədə çətindir?

– Şübhəsiz ki, Yaxın Şərqdəki jurnalistlər saysız-hesabsız böyük çətinliklərlə üz-üzədirlər. Bunlardan biri də bir çox ölkədə ifadə azadlığı ilə bağlı məhdudiyyətlərdir. Eyni zamanda, regiondakı münaqişələr və siyasi gərginliklər, xüsusilə İsrail-Fələstin qarşıdurması jurnalistlərin fəaliyyətini daha da mürəkkəbləşdirir.

Qərb mediasının regiondakı hadisələri, xüsusilə Fələstin məsələsini işıqlandırmasına dair də müxtəlif yanaşmalar mövcuddur. Bu amillər regionda baş verən proseslərin ictimaiyyətə çatdırılmasını çətinləşdirir.

Məncə, regiondakı əsas problemlərdən biri İsrail-Fələstin münaqişəsinin davam etməsi və bunun yaratdığı humanitar və siyasi fəsadlardır. Bu şəraitdə jurnalistlər həm təhlükəsizlik, həm də informasiyanın obyektiv və dəqiq təqdim olunması baxımından ciddi çətinliklərlə qarşılaşırlar.

– Qəzzədəki müharibə və regionda baş verən digər hadisələr İordaniya mediasının gündəminə necə təsir göstərib? Jurnalistlər bu mövzuları işıqlandırarkən hansı əsas çətinliklərlə qarşılaşırlar?

– Bu suala cavab verərkən əvvəlki fikirlərimə qayıdıram. Eyni zamanda vurğulamaq istəyirəm ki, İordaniya, onun mediası və jurnalistləri Fələstin xalqının Qəzzədə baş verən hadisələrdən zərər çəkməsini geniş şəkildə işıqlandıran ölkələrdəndir.

Eynilə, İordaniya dövləti də Kral II Abdullanın rəhbərliyi altında fələstinlilərə davamlı dəstək verib və verməkdədir. İordaniya Fələstin məsələsini və Fələstin xalqının öz tarixi torpaqlarında müstəqil, azad dövlət qurmaq hüququnu, eləcə də qanuni haqlarını əldə etməsini dəstəkləyən ölkələrdəndir. Bu dəstək rəsmi görüşlərdə və Kralın dünya liderləri ilə keçirdiyi danışıqlarda da açıq şəkildə ortaya qoyulur.

– Dezinformasiya və yalan xəbərlər xüsusilə münaqişə və böhran dövrlərində daha sürətlə yayılır. İordaniya mediası bu cür məlumatları dəqiqləşdirmək və etibarlı informasiyanı yanlış informasiyadan ayırmaq üçün hansı üsullardan istifadə edir?

– Bunu dəqiqləşdirmək üçün müxtəlif mexanizmlər, texnikalar və aidiyyəti rəsmi qurumlarla əməkdaşlıq imkanları mövcuddur.

– Süni intellektin jurnalistikaya təsirini necə qiymətləndirirsiniz? İordaniya mediasında süni intellekt texnologiyalarının tətbiqi hansı səviyyədədir? Bu texnologiyaların jurnalistlər baxımından yaratdığı başlıca imkanlar və risklər hansılardır?

– Əslində, süni intellekt İordaniyadakı ənənəvi jurnalistikaya geniş şəkildə daxil olmayıb. Çünki hələ də müəyyən ehtiyatlanma, daha doğrusu, naməlumluq vəziyyəti var.

Halbuki sosial və rəqəmsal media bu texnologiyalardan, indilik məhdud çərçivədə olsa da, istifadə edir. Məncə, bu texnologiyalardan ən yaxşı şəkildə necə istifadə edəcəyimizi öyrənmək üçün zamana ehtiyacımız var. Çünki bu, ikiağızlı silahdır.

Buna baxmayaraq, məlumatların, dataların, mənbə və istinadların tapılması kimi işlərdə köməkçi vasitə kimi tətbiq olunur. Xüsusilə data jurnalistikası tələb edən hallarda materialların daha sürətli hazırlanmasına töhfə verir.

– Sosial media insanların xəbərlərə çıxış formasını köklü şəkildə dəyişib. Sizcə, bu platformalar jurnalistika baxımından daha çox imkanlar yaradır, yoxsa yeni problemlər gətirir? Müasir jurnalistikada operativlik, yoxsa informasiyanın dəqiqliyi və təsdiqlənməsi daha vacibdir?

– Məncə, bu, çoxlu problemlər gətirib. Lakin eyni zamanda ifadə azadlığının məhdud olduğu ölkələrdə cəmiyyətin fərqli baxış bucaqlarını görməsinə də şərait yaradıb.

Mənim nöqteyi-nəzərimdən, informasiyanın dəqiqliyi, onun araşdırılıb təsdiqlənməsi sürətlə və dəqiqləşdirmədən paylaşılmasından daha vacibdir.

– Azərbaycan 44 günlük müharibə və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirir. Bu proseslər İordaniya mediasında necə işıqlandırılıb? İordaniya cəmiyyətinin bu hadisələrə münasibəti ilə bağlı hansı müşahidələriniz var?

– İordaniya olaraq Azərbaycan və onun qardaş xalqı ilə möhkəm əlaqələrimiz var. Bu münasibətlərin bünövrəsi hər iki qardaş ölkənin liderləri tərəfindən qoyulub. İordaniya hər zaman xalqların və ölkələrin öz torpaqlarındakı hüquqlarını və suverenliklərini bərpa etmək uğrunda mübarizəsinin yanında olub.

– Bu gün Qarabağda genişmiqyaslı yenidənqurma və bərpa prosesi həyata keçirilir. Sizcə, İordaniya bu prosesə hansı sahələrdə töhfə verə bilər? İki ölkə arasında bu istiqamətdə əməkdaşlıq üçün hansı imkanlar mövcuddur?

– İordaniya qardaş Azərbaycanla münasibətlərini yüksək qiymətləndirir. Zənnimcə, bu baxış bucağı ilə, eləcə də İordaniyanın rəsmi qurumları və özəl sektoru ilə təmaslar quraraq bu istiqamətdə çox iş görmək mümkündür.

– İordaniya mediasında Azərbaycan haqqında necə bir təsəvvür formalaşıb? İordaniya ictimaiyyəti Azərbaycanı daha çox hansı mövzular üzrə tanıyır?

– Düşünürəm ki, son illərdə iki qardaş ölkə arasındakı əlaqələrin inkişafı sayəsində İordaniya ictimaiyyətində Azərbaycan haqqında daha aydın təsəvvür formalaşmağa başlayıb.

İordaniya xalqı Azərbaycana və onun qardaş xalqına dərin sevgi, dostluq və ehtiram bəsləyir. Bu, xüsusilə hər iki ölkədə rəsmi heyətlərin keçirdiyi görüşlər, səfərlər və mətbuatda yayılan xəbərlər vasitəsilə formalaşır.

Bunun başında iki ölkə liderini bir-birinə bağlayan möhkəm münasibətlər və imzalanan sazişlər dayanır. Məncə, münasibətlərin dinamikası inkişaf edir. Lakin xüsusilə mədəniyyət, turizm və təhsil sahələrində daha çox təşviqə ehtiyac var. Çünki bu sahələr xalqlar üzərində daha böyük təsir buraxır.

– Azərbaycan–İordaniya münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Sizcə, iki ölkə arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr İordaniya mediasında kifayət qədər işıqlandırılırmı?

– Məncə, iki ölkə arasındakı münasibətlər rəsmi səviyyədə ən yüksək səviyyədədir. Lakin əvvəlki cavabımda qeyd etdiyim kimi, xalqlararası səviyyədə daha çox səy göstərilməlidir.

Bu da iki ölkə arasında turizm, təhsil və mədəni əlaqələrin gücləndirilməsi ilə təmin oluna bilər. Beləliklə, bu sahələr mediada da daha geniş işıqlandırılar.

– Azərbaycan və İordaniya arasında media sahəsində əməkdaşlığın inkişafı üçün hansı imkanlar var? İki ölkənin jurnalistləri arasında təcrübə və informasiya mübadiləsini gücləndirmək üçün hansı formatlar daha effektiv ola bilər?

– İki ölkə arasında media əməkdaşlığını təmin etmək üçün ilk növbədə az əvvəl qeyd etdiyim yumşaq güc sahələrində – yəni mədəniyyət, turizm və təhsil sahələrində daha sıx əməkdaşlıq həyata keçirmək lazımdır.

Bu sahələrdə əməkdaşlıq reallaşdırılıb inkişaf etdirilərsə, iki ölkə xalqları üçün geniş media mühitinin formalaşmasına töhfə verər və media sahəsində əməkdaşlığın qurulması üçün zəmin yaradar.

Bundan əlavə, hazırkı mərhələdə ilk addım olaraq aparıcı rəsmi media qurumları ilə təcrübə mübadiləsi aparmaq və ikitərəfli əməkdaşlıq müqavilələri imzalamaq da mümkündür.

– Beynəlxalq mediada Yaxın Şərqin, xüsusən də İordaniyanın təqdim olunmasında daha çox hansı yanlış və ya əskik təsəvvürlərlə qarşılaşırsınız? Sizcə, beynəlxalq media İordaniya haqqında hansı mövzulara daha çox diqqət yetirməlidir?

– Məncə, beynəlxalq media, xüsusilə də Qərb mediası Yaxın Şərq məsələlərinə ikili standartlarla yanaşır.

İordaniyaya gəlincə, əminliklə deyə bilərəm ki, Kral II Abdullanın bu istiqamətdəki səyləri sayəsində İordaniyanın beynəlxalq mediada güclü və təsirli varlığı var.

– Bir jurnalist kimi, İordaniyadan kənarda baş verən hansı hadisələr və proseslər peşəkar baxımdan diqqətinizi daha çox cəlb edir? Xüsusilə hansı regional və beynəlxalq mövzuları izləyirsiniz?

– Şəxsən bir jurnalist kimi, xüsusilə regional və lokal məsələləri, eyni zamanda başlıca beynəlxalq mövzuları izləyirəm. Bunların arasında Rusiya-Ukrayna müharibəsi, Çin-ABŞ rəqabəti və qlobal iqtisadiyyat da var.

– Sizcə, qarşıdakı 5–10 il ərzində Yaxın Şərq mediasının qarşılaşacağı ən böyük çətinlik nə olacaq? Bu dəyişikliklər jurnalistikanın gələcəyinə necə təsir göstərə bilər?

– Çətinliklər çoxdur, lakin ən başlıcası rəqəmsal aləmdə, alqoritmlərdə və süni intellekt texnologiyalarında yaşanan yeniliklərdir.

Jurnalistika peşəsinin gələcəyi ilə bağlı çox da nikbin deyiləm. Rəqəmsal texnologiyalardakı bu sürətli irəliləyişi nəzərə alsaq, onun bu şəkildə davam gətirmə ehtimalının aşağı olduğunu düşünürəm.

Məncə, ənənəvi jurnalistika geriyə çəkilə və alqoritmlər vasitəsilə anlıq, sürətli şəkildə formalaşan jurnalistikaya yer verə bilər.

Bəlkə də gələcəkdə böyük şəhərlərdə böyük ekranlarda, müxtəlif platformalarda yeni media formatlarını görə bilərik. Həmçinin mövcud mobil telefonların imkanlarını aşan yeni rabitə vasitələrinin ortaya çıxması da mümkündür.

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər