Noyabrın 6-10-da Türkiyənin Alanya şəhərində 34 ölkədən 350-yə yaxın jurnalistin iştirakı ilə VI Qlobal Media Görüşü keçirilib. Qlobal Jurnalistlər Şurasının (Global Journalism Council) təşkilatçılığı ilə baş tutan proqramda rəqəmsal dövrdə jurnalistikanın gələcəyi, süni intellektin mediaya təsiri, dezinformasiya ilə mübarizə, etik jurnalistika və media savadlılığı kimi aktual məsələlər müzakirə olunub.
Qlobal Jurnalistlər Şurasının (Global Journalism Council) sədri Mehmet Ali Dim Modern.az-a məsələ ilə bağlı müsahibə verib.
Qlobal Jurnalistlər Şurasının sədri ilə müsahibəni təqdim edirik:
– Mehmet Ali bəy, toplantıda hansı əsas mesajlar verildi?
– Bu görüşdə diqqət yetirmək istədiyimiz əsas məsələlərdən biri jurnalistikaya olan etimaddır. İnsanlar hər gün minlərlə xəbər, görüntü və iddia ilə qarşılaşırlar. Lakin onların hansının doğru olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bizim məsuliyyətimiz də məhz burada başlayır. Xəbəri araşdırmalı, ilkin mənbəyinə çatmalı və ictimaiyyətə düzgün şəkildə çatdırmalıyıq. Digər mühüm məsələ isə peşəkar həmrəylikdir. Müxtəlif ölkələrdən olan jurnalistlərin bir-birini tanıması, ehtiyac yarandıqda birbaşa əlaqə saxlaya bilməsi çox dəyərlidir. Türkiyə ilə Azərbaycan münasibətləri baxımından isə düşünürəm ki, qardaşlığımızı daha çox birgə xəbərlərə, qarşılıqlı səfərlərə və peşəkar əməkdaşlığa çevirməliyik.

–Qlobal Jurnalistlər Şurası dezinformasiyaya qarşı beynəlxalq media şəbəkəsi yaratmağı planlaşdırırmı?
– Şuramızın müxtəlif ölkələrdəki nümayəndələri arasında mövcud olan əlaqələr belə bir fəaliyyət üçün mühüm imkan yaradır. Bu əlaqələri məlumatların yoxlanılması istiqamətində daha səmərəli mexanizmə çevirə bilərik. Hər hansı ölkə ilə bağlı şübhəli xəbər yayıldıqda həmin ölkədəki həmkarımıza birbaşa müraciət edə bilməyimiz belə böyük fərq yarada bilər. Təbii ki, belə bir mexanizmin fəaliyyət prinsipləri əvvəlcədən müəyyənləşdirilməlidir. Məlumat kimdən alınacaq, hansı sənədlər araşdırılacaq, yanlış xəbər necə təkzib ediləcək? Bütün bunlar üzərində işləmək mümkündür. Bizim əsas prinsipimiz aydındır: xəbər hansı ölkə ilə bağlı olursa-olsun, eyni diqqət və məsuliyyətlə araşdırılmalıdır.
– Azərbaycan və Türkiyə jurnalistləri arasında ortaq xəbər platformasının yaradılması mümkündürmü?
– Bəli, mümkündür. İki ölkənin jurnalistləri arasında dil yaxınlığı, güclü əlaqələr və bir-birini daha yaxından tanımaq istəyi var. İlkin mərhələdə ortaq xəbər mübadiləsi sistemi yaradıla bilər. Media qurumları öz redaksiya kimliklərini qorumaqla xəbər, foto və video materialları paylaşa, birgə mövzular və araşdırma dosyeləri hazırlaya bilərlər. Lakin bir-birimizin gündəmini bir neçə mövzu ilə məhdudlaşdırmamalıyıq. Azərbaycanın mədəniyyətini, iqtisadiyyatını, gənclərini və Qarabağda aparılan yenidənqurma işlərini Türkiyədə daha geniş işıqlandırmalıyıq. Eyni zamanda, Türkiyənin müxtəlif şəhərləri, elm, incəsənət və gündəlik həyatı ilə bağlı xəbərlərə də Azərbaycan mediasında daha çox yer verilməlidir. Jurnalistlər qardaşlığın cəmiyyətlər arasında daha dərindən hiss olunmasına öz töhfələrini verə bilərlər.
– Türk dünyasında vahid informasiya və media məkanının formalaşdırılması üçün şuranız hansı konkret təşəbbüsləri həyata keçirə bilər?
– Bunun üçün ilk növbədə jurnalistlər arasında gündəlik əlaqələri gücləndirmək lazımdır. Hər ölkə üzrə müraciət edilə biləcək jurnalistlərin və media qurumlarının müəyyənləşdirilməsi, müntəzəm onlayn görüşlərin keçirilməsi, birgə xəbər dosyelərinin hazırlanması konkret başlanğıc addımları ola bilər. Xəbərlərin türk dilinin müxtəlif ləhcə və variantlarına uyğunlaşdırılması istiqamətində də əməkdaşlıq mümkündür. Türkiyə ilə Azərbaycan arasındakı yaxınlıq digər türk dövlətlərindən olan həmkarlarımızın da qoşulacağı layihələr üçün yaxşı başlanğıc nöqtəsidir. Ortaq tariximiz qədər bu gün bir-birimiz haqqında nə bildiyimiz də əhəmiyyətlidir. Jurnalistlərin qarşılıqlı səfərləri bu baxımdan çox faydalı olar. Hər kəsin öz redaksiya xəttini qoruduğu, eyni zamanda bir-biri ilə birbaşa əlaqə saxlaya bildiyi media münasibətlərini vacib hesab edirik.

– 34 ölkədən nümayəndənin iştirak etdiyi toplantıdan sonra hansı yeni beynəlxalq media layihələrinin həyata keçirilməsi planlaşdırılır?
– Belə görüşlərin əhəmiyyəti onların başa çatmasından sonra da əlaqələrin davam etdirilməsi ilə ölçülür. Eyni masa arxasında əyləşən jurnalistlər bir neçə ay sonra birlikdə xəbər hazırlaya bilirlərsə, deməli, həmin toplantı məqsədinə çatıb. Birgə müsahibələr, hər hansı məsələnin müxtəlif ölkələrdəki əks-sədasını araşdıran xəbər dosyeləri və qarşılıqlı jurnalist səfərləri üzərində işləmək olar. Xüsusilə gənc jurnalistlərin bu proseslərə cəlb olunmasını istərdik. Layihələr, tərəfdaşlar və həyata keçirilmə qrafiki dəqiqləşdikdən sonra onlar barədə açıqlama vermək daha doğru olar. Mənim üçün əsas məsələ toplantıda qurulan əlaqələrin gündəlik peşəkar əməkdaşlığa çevrilməsidir.
– Şuranın Azərbaycan mediası ilə əməkdaşlığı genişləndirmək istiqamətində konkret planları varmı?
– Azərbaycan mediası ilə münasibətlərin inkişafını çox önəmli hesab edirik. Bu istiqamətdə artıq birgə həyata keçirdiyimiz işlər var. Azərbaycan Mətbuat Şurası ilə təşkil etdiyimiz Türkiyə - Azərbaycan İkinci Media Görüşü çərçivəsində 2025-ci il mayın 27-dən 31-dək jurnalist heyətimizlə Gəncə, Şuşa, Xocalı və Bakıya səfər etdik. Azərbaycan mətbuatının 150 illiyi münasibətilə təşkil olunan proqram çərçivəsində Qarabağda yenidənqurma işlərini yerində görmək və azərbaycanlı həmkarlarımızla görüşmək imkanı qazandıq. Səfər zamanı, mayın 29-da Bakıda Hikmət Hacıyevlə ( Prezidentinin xarici məsələlər üzrə köməkçisi - red) də görüşdük. Azərbaycan-Ermənistan sülh prosesini, regional hadisələri və Türkiyə-Azərbaycan münasibətlərini birbaşa ondan dinlədik, suallarımızı ünvanladıq. Jurnalistlərin hadisələri yerində izləməsini, məlumatları ilkin mənbədən əldə etməsini çox dəyərli hesab edirəm. 2025-ci ilin noyabrında isə Alanyada təşkil etdiyimiz Beşinci Qlobal Media Çalıştayı çərçivəsində Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlıq protokolu imzaladıq. Mətbuat sahəsində təcrübə mübadiləsini və birgə tədbirlərin təşkilini əhatə edən bu protokol münasibətlərimizi daha sistemli şəkildə inkişaf etdirmək baxımından mühüm addım oldu. Qarşıdakı dövrdə bu əməkdaşlığı birgə nəşrlər, peşəkar səfərlər və təlim proqramları vasitəsilə genişləndirmək istərdik. Azərbaycanlı həmkarlarımızın təkliflərini dinləmək, hansı istiqamətlərdə birlikdə işləyə biləcəyimizi qarşılıqlı şəkildə müəyyənləşdirmək bizim üçün vacibdir. Məsələn, Qarabağa qayıdış prosesini, orada yenidən qurulan həyatı və mədəni irsin bərpasını birbaşa hadisə yerindən işıqlandıran birgə materiallar hazırlana bilər. Türkiyədən olan jurnalistlərin prosesləri yerində görməsi və xəbərləri ilkin mənbədən hazırlaması dəyərli olardı. Eyni zamanda, azərbaycanlı jurnalistlərin də Türkiyədə analoji layihələr həyata keçirməsini dəstəkləyirik. Burada əməkdaşlığın qarşılıqlı olması xüsusilə əhəmiyyətlidir.

– Süni intellekt vasitəsilə hazırlanan saxta xəbərlərə və manipulyativ görüntülərə qarşı beynəlxalq media qurumları arasında ortaq mexanizm yaratmaq mümkündürmü?
– Bu, mümkündür və hətta getdikcə daha zəruri xarakter alır. Artıq bir insanın səsini təqlid etmək, onun heç vaxt demədiyi fikirləri söyləmiş kimi təqdim etmək mümkündür. Belə bir material bir neçə dəqiqə ərzində müxtəlif ölkələrdə yayıla bilər. Buna görə də yalnız bir xəbər mərkəzinin səyi hər zaman kifayət etməyə bilər. Şübhəli məzmunlu materialların paylaşılacağı, texniki araşdırma dəstəyinin göstəriləcəyi və yoxlama nəticələrinin aidiyyəti qurumlara çatdırılacağı əməkdaşlıq mexanizmi yaradıla bilər. Lakin texnologiya qədər redaktorun diqqəti də vacibdir. Görüntünün ilkin mənbəyi haradır, nə vaxt çəkilib, haqqında danışılan şəxs məsələ ilə bağlı açıqlama veribmi? Bunları araşdırmadan materialı yayımlamamalıyıq. Yanlış xəbər dərc edildikdə isə düzəliş oxucunun görə biləcəyi şəkildə, açıq formada təqdim olunmalıdır.
– Ənənəvi media ilə rəqəmsal media arasında rəqabət əvəzinə əməkdaşlığın qurulması üçün hansı addımlar atılmalıdır?
– Uzun müddət region qəzetinə rəhbərlik etmiş biri kimi deyə bilərəm ki, qəzetlərin sahədə qazandığı təcrübə ilə rəqəmsal platformaların sürəti birləşəndə yaxşı nəticə əldə olunur. İllərdir öz şəhərini izləyən müxbirin təcrübəsi çox dəyərlidir. Eyni zamanda, həmin xəbəri gənc oxucuya çatdırmaq üçün uyğun təqdimat formalarını da inkişaf etdirmək lazımdır. Birgə məzmun istehsalı, təlimlər və texniki imkanların paylaşılması bu əməkdaşlığı gücləndirə bilər. Bunun iqtisadi tərəfini də unutmamalıyıq. Xəbər hazırlamaq üçün əmək sərf edən, müxbir çalışdıran media qurumunun hüquqları qorunmalıdır. Mənbəyə istinad etmək, icazə almaq və zəruri hallarda gəliri bölüşmək sağlam əməkdaşlığın əsas şərtləridir.
– Xarici media nümayəndələrinin iştirak etdiyi bu toplantı beynəlxalq media və informasiya siyasətinə necə təsir göstərə bilər?
– Təbii ki, bir toplantı ilə ölkələrin media siyasəti dəyişmir. Lakin jurnalistlərin bir-birinə münasibəti dəyişə bilər. Bir ölkəni yalnız kənardan gələn xəbərlər vasitəsilə tanımaqla həmin ölkədə çalışan həmkarınızı dinləmək arasında ciddi fərq var. Türkiyə və Azərbaycan haqqında xəbərlər hazırlanarkən də hadisələrin baş verdiyi ərazini yaxşı tanıyan jurnalistlərlə əlaqə saxlanılmasını vacib hesab edirik. Əlbəttə, fərqli fikirlər olacaq. Bizim gözləntimiz xəbərlərin araşdırılması, iddiaların sorğulanması və aidiyyəti tərəflərin dinlənilməsidir. Bu görüşlər nəticəsində qurulan birbaşa əlaqələr daha məlumatlı və ədalətli jurnalistikanın inkişafına töhfə verə bilər.
– Şura iştirakçı ölkələrin jurnalistləri üçün beynəlxalq təlimlər, təcrübə mübadiləsi və birgə araşdırma proqramları təşkil etməyi düşünürmü?
– Belə proqramları inkişaf etdirməyi çox istərdik. Xüsusilə gənc jurnalistlərin başqa bir ölkənin xəbər mərkəzində iş prosesini yaxından görməsi onlar üçün çox faydalı olar. Qısamüddətli peşəkar səfərlər, onlayn təlimlər və təcrübəli jurnalistlərlə birgə çalışmalar təşkil edilə bilər. Türkiyə ilə Azərbaycan arasında bu istiqamətdə uğurlu nümunələr yarada biləcəyimizə inanıram. Rəqəmsal jurnalistika, xəbərlərin yoxlanılması, süni intellektdən istifadə və hadisə yerlərində təhlükəsiz iş kimi mövzularda qarşılıqlı təcrübə mübadiləsi mümkündür. Birgə araşdırmalar çərçivəsində jurnalistlərin hər iki ölkədə eyni mövzunu izləyərək ortaq material hazırlamasını da dəyərli hesab edirəm. Bu proqramların reallaşması üçün aidiyyəti qurumlarla əməkdaşlıq şərtlərini və maliyyə imkanlarını müəyyənləşdirmək lazımdır.

– Şuranın gələcək fəaliyyətində Azərbaycan hansı rolu oynaya bilər? Bakıda beynəlxalq media toplantısının keçirilməsi gündəmdədirmi?
– Azərbaycan birgə layihələrin hazırlanmasında və həyata keçirilməsində mühüm məsuliyyət daşıya bilər. Azərbaycanlı həmkarlarımızın regional bilikləri, peşəkar təcrübələri və beynəlxalq əlaqələri hamımız üçün dəyərlidir. Türk dünyası və Cənubi Qafqazla bağlı aparılacaq araşdırmalarda onların töhfəsi xüsusilə əhəmiyyətli olacaq. Bakıda beynəlxalq media görüşünün keçirilməsini də çox mənalı hesab edirəm. Belə bir toplantı müxtəlif ölkələrdən olan jurnalistlərə Azərbaycanı yerində tanımaq və həmkarları ilə birbaşa əlaqələr qurmaq imkanı verər. Lakin tarix və təşkilati məsələlərlə bağlı dəqiq açıqlama vermək üçün müzakirələrin yekunlaşmasını gözləmək lazımdır. Azərbaycanlı həmkarlarımızla bu məsələni müzakirə etməkdən məmnun olarıq.