ABŞ Prezidenti Donald Trampın Ukraynada seçkilərin keçirilməsi məsələsini gündəmə gətirməsi, Kiyevin təhlükəsizlik narahatlıqları və Rusiyaya qarşı sanksiyaların yumşaldılması ehtimalı Vaşinqtonun müharibənin başa çatdırılması ilə bağlı yanaşmasını yenidən müzakirə mövzusuna çevirib. Ağ Evin bu addımları diqqət çəkir. Moskva ilə mümkün razılaşmaların Ukraynanın müdafiə imkanlarına, müharibənin gedişinə və Avropanın təhlükəsizliyinə təsirləri də ciddi suallar doğurur. Xüsusilə Rusiyanın enerji gəlirlərinin artması və Vaşinqtonun Kiyevə dəstək mexanizmlərindən təzyiq vasitəsi kimi istifadə etməsi ehtimalı ABŞ-ın vasitəçilik rolunun nə dərəcədə effektiv olduğu məsələsini ön plana çıxarır.
Modern.az bu mövzular ətrafında ukraynalı siyasi şərhçi Oleksi Buryaçenko ilə həmsöhbət olub.
- ABŞ Prezidenti Donald Trampın Ukraynada seçkilərin keçirilməsini gündəmə gətirməsi və Kiyevin Rusiyanın hücumları barədə əvvəlcədən xəbərdarlıq edilməməsindən narahatlığı Vaşinqtonun Ukrayna siyasətində hansı dəyişikliklərdən xəbər verir? Bu addımlar müharibəni ABŞ-ın siyasi və iqtisadi maraqlarına uyğun şərtlərlə başa çatdırmaq cəhdi kimi qiymətləndirilə bilərmi?
- Burada söhbət, əlbəttə ki, ABŞ-ın öz siyasi və iqtisadi maraqlarından gedir. Rusiya-Ukrayna müharibəsi və Ukraynaya dəstək məsələsi hazırda ABŞ-ın gündəmindədir. Bu mövzu isə aralıq seçkilər ərəfəsində xüsusilə həssas xarakter daşıyır. Buna görə də Donald Tramp ictimaiyyət qarşısında proseslərə nəzarət etdiyini nümayiş etdirməlidir. Üstəlik, Trampın prezidentlik müddətinin əvvəlində, hətta andiçmə mərasimindəki çıxışı zamanı başa çatdıracağına söz verdiyi yeganə müharibə məhz Rusiya-Ukrayna müharibəsi idi. Sonrakı hadisələr isə daha çox onu göstərdi ki, Tramp Rusiya ilə münasibətlərə üstünlük verir və ədalətli sülhə nail olmaqdansa, təcavüzkarla razılaşmağa hazırdır. Bütün bunlar sonda Ankoricdəki görüşün ruhunu əks etdirən yanaşma ilə nəticələndi və Trampın reytinqlərinin aşağı düşməsinə səbəb oldu.
Təəssüf ki, Vaşinqtonda hələ də başa düşmürlər ki, Rusiya ilə istənilən razılaşma Trampın reytinqinə mənfi təsir göstərir. O, xarici siyasətin digər istiqamətləri hesabına bu geriləməni kompensasiya etməyə çalışsa da, ümumi mənzərədə həm Trampın, həm də Respublikaçılar Partiyasının reytinqləri aşağı düşür. Tramp dizel sazişi hesabına siyasi dividendlər qazanmağa çalışırdımı? Bəli. Çünki o, bu addımı Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına yönəlmiş tədbir kimi deyil, ilk növbədə, ABŞ istehlakçılarının enerji daşıyıcılarının yüksək qiymətləri ilə bağlı problemini dərhal həll etmək cəhdi kimi təqdim edir. Burada əsas hədəf onun elektoratıdır. Söhbət ənənəvi olaraq respublikaçılara səs verən ştatların, məsələn, Ayova ştatındakı fermerlərin, konkret halda isə daha çox Texasdakı seçicilərin maraqlarından gedir. Deməli, sualınızda qeyd etdiyiniz kimi, burada birbaşa siyasi maraq var. İqtisadi maraqlar da, əlbəttə, mövcuddur. Sanksiyalar altındakı Rusiya ilə əməkdaşlıq, eləcə də Belarusla, xüsusən də kalium gübrələri sahəsində əməkdaşlıq kifayət qədər sərfəli imkanlar yaradır. Bu ölkələr sanksiyalar qüvvədə olduğu müddətdə qanuni ixraclarını həyata keçirməkdə ciddi məhdudiyyətlərlə üzləşirdilər. İndi isə ixracı təmin etmək üçün Amerika şirkətlərini biznesə cəlb etməyə maksimum dərəcədə maraqlıdırlar. Maliyyə baxımından bu cür əməkdaşlıq Ağ Evin hazırkı administrasiyanın biznesyönümlü yanaşmasına uyğundur. Tramp da hesab edir ki, bu yanaşma özünü doğruldur.
- ABŞ hazırda Ukraynanın maraqlarını nə dərəcədə nəzərə alır?
- Bu, böyük sual doğurur. Əslində, Rusiya-Ukrayna müharibəsini qurbanın, yəni Ukraynanın hesabına tənzimləmək cəhdinin özü yanlış strategiyadır. Bu strategiyanı həyata keçirmək mümkün deyil. Əgər bu formulda Ukrayna olmasaydı, Tramp və Putin, şübhəsiz ki, çoxdan öz aralarında razılığa gələ bilərdilər. Lakin müharibənin tərəflərdən birinin mövqeyi nəzərə alınmadan tənzimlənməsi, başa çatdırılması və ya sadəcə dayandırılması mümkün deyil. Xüsusilə də həmin tərəf təcavüzə məruz qalan ölkədirsə. Üstəlik, söhbət ABŞ-ın qarşısında hüquqi öhdəliklər götürdüyü dövlətdən gedir. Ukrayna Rusiyanın kapitulyasiya şərtlərini qəbul etmək niyyətində deyil. Təzyiqlərə baxmayaraq, ölkə mübarizəsini davam etdirir və suverenliyini qorumağa çalışır. Bütün bunları nəzərə alsaq, Donald Trampın hazırda sözügedən dizel sazişi ilə bağlı atdığı addımların, ilk növbədə, ABŞ-ın daxili siyasi maraqlarına xidmət etdiyi qənaətinə gəlmək olar. Aralıq seçkilər ərəfəsində o, diqqəti Yaxın Şərqdəki avantürasının aşkar uğursuzluğundan yayındırmağa çalışır. Bunun üçün yüksək qiymətlərin guya Rusiya-Ukrayna müharibəsi və Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrlə əlaqəli olduğu görüntüsü yaradılır. Halbuki bu amillər arasında birbaşa əlaqə yoxdur. Məsələn, Rusiyanın dizel yanacağının dünya bazarındakı payı rəsmi məlumatlara görə cəmi 2 faiz təşkil edir. Buna görə də həmin yanacağa dair sanksiyaların yumşaldılması nə ABŞ-da, nə də bütövlükdə dünyada qiymətlərə ciddi təsir göstərəcək. Bunlar kifayət qədər aydın məqamlardır. Lakin Tramp diqqəti hazırda dalana dirənən Yaxın Şərq istiqamətindən yayındırmağa çalışır və hətta Ukraynanın maraqlarını qurban vermək bahasına olsa belə, hazırda edə biləcəyi addımları atır.
Əlbəttə, tərəfdaş belə davranmaz. Kreml də bu ritorikanı dəstəkləyib. Əslində, Rusiya çoxdan belə bir ssenariyə ümid edirdi. Moskva Trampı, belə demək mümkündürsə, daha asan yolla getməyə sövq edir. Halbuki ilk baxışdan asan görünən bu yol son nəticədə Tramp üçün seçki baxımından mənfi nəticələr doğurur. Kəşfiyyat məlumatları və Rusiyanın hücumları barədə əvvəlcədən xəbərdarlıq edilməməsi ilə bağlı məsələyə gəlincə, burada da müəyyən məqamlar var. Ukrayna həmişə müharibənin başa çatmasında maraqlı olub. İstənilən formada atəşkəsə nail olmaq belə, Kiyev üçün əhəmiyyət daşıyıb. Rusiyanın mövqeyi isə bunun tam əksidir: Moskva daim müharibənin davam etməsində maraqlı olub. ABŞ-ən əsas funksiyası tərəflərin mövqelərini yaxınlaşdırmaq və onları ortaq məxrəcə gətirmək idi. Lakin gördüyümüz kimi, xüsusilə ABŞ-da aralıq seçkilər ərəfəsində Trampın bu işi kifayət qədər uğursuz alınır.
Rusiyanın bu gecə Ukraynaya kütləvi ballistik raket hücumları həyata keçirməsi və kəşfiyyat məlumatlarının lazımi qaydada ötürülməməsi məsələsi ABŞ-ın Kiyevə təzyiq göstərmək cəhdi kimi də qiymətləndirilə bilər. Məqsəd, belə demək mümkündürsə, həmin dizel sazişini danışıqlar prosesinin ümumi çərçivəsindən kənara çıxarmağa nail olmaqdır. Bu, çox pis vəziyyətdir. Çünki Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlarda Putinə təsir göstərmək üçün Trampın əlindəki ən təsirli vasitə məhz uzaqmənzilli sanksiyalar, ilk növbədə isə Rusiyanın neft emalı zavodlarına qarşı tətbiq edilən məhdudiyyətlər idi. Rusiya Prezidenti Putinə və bütövlükdə Rusiya iqtisadiyyatına bu dərəcədə ağrılı təsir göstərə biləcək başqa sanksiyalar, istər Avropa, istərsə də ABŞ tərəfindən tətbiq edilən məhdudiyyətlər arasında, demək olar ki, yoxdur. Beləliklə, Tramp özü üçün də Rusiya üzərində təzyiqin əsas vasitələrindən birini zəiflədir. Mövcud vəziyyətdə onun prezidentliyinin ikinci müddətinin əvvəlində irəli sürdüyü “güc yolu ilə sülh” prinsipinin reallaşacağına ümid etmək çətindir. Bu, Rusiyanın qurduğu növbəti tələdir və təəssüf ki, ABŞ Prezidenti həmin tələyə düşüb.
Ukrayna ilə ABŞ arasında əməkdaşlığın əhəmiyyətini qoruyub saxlayan iki əsas istiqamət var idi: peyk kəşfiyyatı məlumatlarının ötürülməsi və Amerikanın silahlarını satın almaq imkanı. Rusiya ilə gündəlik müharibə aparan Ukrayna üçün bu imkanların hər ikisi həyati əhəmiyyət daşıyır. Lakin indi, xüsusilə də peyk kəşfiyyatı məlumatlarının ötürülməsi məsələsində, ABŞ-ın bu imkanlardan Ukraynaya təzyiq vasitəsi kimi istifadə edib-etmədiyi barədə ciddi suallar yaranır. Düzdür, Tramp cəmi bir gün əvvəl açıq şəkildə Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinin davam etdiyini bildirmişdi. Ancaq baş verənlər onun sözlərinin nə dərəcədə etibarlı olduğu barədə şübhələr yaradır. Bundan başqa, bu gün “Starlink”lə bağlı məlumatlar da yayıldı və məsələ artıq rəsmi şəkildə gündəmə gətirildi. Ukrayna hərbçiləri hərbi məqsədlər üçün istifadə olunan “Starlink” sisteminin məlumat ötürmə sürətinin əhəmiyyətli dərəcədə azaldığını açıqlayıblar. Söhbət ABŞ-la ayrıca razılaşma əsasında hərbi məqsədlər üçün istifadə edilən “Starlink” xidmətindən gedir. Bu, həqiqətən də ciddi problemdir. Çünki pilotsuz sistemlərin rabitə infrastrukturu da, o cümlədən, həmin hərbi “Starlink” şəbəkəsinə əsaslanır. Nəticədə Ukrayna müdafiə qüvvələrinin fəaliyyətini həyata keçirməsi xeyli çətinləşir. Bütün bunları ümumiləşdirsək, belə bir təəssürat yaranır ki, ABŞ-ın hazırkı siyasəti və xüsusilə Donald Trampın atdığı addımlar Rusiya ilə müqayisədə daha çox Ukraynaya təzyiq göstərilməsinə yönəlib. Görünən odur ki, Vaşinqtonun bu razılaşmalar çərçivəsində Kiyevə təsir imkanlarından istifadə etməsi ehtimalı Rusiyaya təzyiq göstərməsindən daha yüksəkdir.
- Sizcə, artıq Vaşinqtonun Ukraynayla bağlı strateji yanaşması dəyişilib?
- Hazırkı administrasiyanın strateji yanaşmasından danışmaq müəyyən mənada şərti xarakter daşıyır. Çünki bu yanaşma daha çox taktiki və situativ qərarlara əsaslanır. Məsələ ondadır ki, ABŞ-ın Ukraynaya münasibətdə strategiyasını qiymətləndirmək son dərəcə çətindir. Çünki ümumiyyətlə, belə bir strategiyanın mövcud olub-olmadığı da aydın deyil. Ona görə də Ukraynaya qarşı hazırda müşahidə olunan təzyiqlərin, məsələn, aralıq seçkilərdən sonra Rusiyaya qarşı təzyiqlərlə əvəzlənəcəyini də istisna etmirəm. Əgər Donald Trampın siyasi və digər motivasiyaları dəyişərsə, o, bu istiqamətdə addımlar ata bilər. Aralıq seçkilərdən sonra Konqresdə formalaşacaq yeni siyasi konfiqurasiya da onu buna sövq edə bilər. Buna görə də hesab edirəm ki, ABŞ-ın hazırkı administrasiyasının bugünkü strategiyası və strateji yanaşması haqqında danışmaq, sadəcə olaraq, mümkün deyil.
- ABŞ lideri Donald Tramp müharibəyə necə son qoymaq istəyir?
- Əvvəla, məncə, əlbəttə ki, Tramp müharibəyə son qoymaq istəyir. O, özü Nobel Sülh Mükafatını almaq və doqquzuncu müharibəni başa çatdıran prezident olduğunu bəyan etmək istəyir. Lakin bunun üçün konkret bir yol var. Bu formula dəfələrlə, o cümlədən Trampın özü tərəfindən də səsləndirilib. Söhbət güc yolu ilə sülhdən gedir. Rusiya Prezidenti Vladimir Putinə qarşı güc nümayiş etdirmədən onu danışıqlar masasına əyləşdirmək və diplomatik uğurlara nail olmaq mümkün olmayacaq. Əks halda, Putin hər kəsi yenidən aldatmağa, vaxtı uzatmağa və Donald Trampa heç bir real nəticə əldə etməyə imkan verməməyə davam edəcək. Məhz buna görə də Tramp Putinə təzyiq göstərmək üçün əlindəki vasitələri qoruyub saxlamalı idi. O, özünün situativ məqsədlərinə çatmaq naminə ən təsirli təzyiq alətlərindən imtina etmək əvəzinə, onlardan istifadə etməliydi. Tramp müharibənin tənzimlənməsində vasitəçilik etməklə müəyyən siyasi nəticələr əldə etmək istəyir. Lakin hələlik bunu bacarmır. Hazırkı yanaşma davam edərsə, yaxın vaxtlarda buna nail olacağı da inandırıcı görünmür.
Yadınızdadırsa, ABŞ dövlət katibi Marko Rubio açıq şəkildə bildirmişdi ki, onun fikrincə, danışıqlar prosesi dalana dirənib və tərəflər arasında irəliləyiş əldə etmək mümkün olmur. Amma əslində, proses öz-özünə dalana dirənməyib. Onu vasitəçilər bu vəziyyətə gətirib çıxarıblar. Marko Rubionun qeyd etdiyi kimi, qarşıda iki mümkün ssenari var: ya qarşılıqlı eskalasiya baş verəcək, ya da tərəflərdən biri güzəştlərə gedəcək. İndi belə bir təəssürat yaranır ki, ABŞ vasitəçi kimi prosesi ikinci ssenari üzrə aparmağa çalışır. Yəni Ukraynanı Rusiya ilə danışıqlar çərçivəsində güzəştlərə getməyə sövq etmək istəyir. Hazırda gündəmdə olan dizel sazişi də mahiyyət etibarilə bu güzəştlər siyasətinin tərkib hissəsidir. Çünki həmin saziş Rusiyanın büdcəsinə əlavə vəsait axını təmin edəcək, bu vəsait isə sonradan Ukraynaya qarşı istifadə edilən silahların alınmasına və istehsalına yönəldilə bilər. Bu, Marko Rubionun qeyd etdiyi güzəştlər yoludur. Lakin belə yanaşma vəziyyəti yalnız daha da ağırlaşdıracaq, danışıqları mürəkkəbləşdirəcək və müharibənin tənzimlənməsini çətinləşdirəcək. Üstəlik, bu siyasət Marko Rubionun qeyd etdiyi birinci ssenariyə-eskalasiyaya gətirib çıxara bilər. Rusiyaya qarşı sanksiyaların yumşaldılması, əlbəttə ki, Moskvanı daha da cəsarətləndirəcək. Nəticədə Rusiya daha aqressiv davranmağa, münaqişəni yeni eskalasiya mərhələsinə keçirməyə və əvvəllər həyata keçirə bilmədiyi siyasi məqsədlərinə güc yolu ilə nail olmağa çalışacaq.
- Rusiya enerji daşıyıcılarının tədarükü ilə bağlı qərarlar Moskvanın iqtisadi və hərbi potensialına, Ukraynanın müdafiə imkanlarına və müharibənin bundan sonrakı gedişinə necə təsir göstərə bilər?
- Rusiya iqtisadiyyatı əsasən ixracyönümlüdür və bu ixracın başlıca hissəsini enerji daşıyıcıları təşkil edir. Əvvəllər onların büdcə gəlirlərindəki payı həddindən artıq yüksək idi, hətta 50 faizə çatırdı. Hazırda bu göstərici təxminən 30 faizə qədər azalıb. Bununla belə, enerji daşıyıcılarının ixracı hələ də Rusiyanın əsas gəlir mənbəyidir. Sanksiyaların hamısı və ya böyük əksəriyyəti məhz Rusiyanın enerji resurslarını-neft, qaz və neft məhsullarını satmaq imkanlarını məhdudlaşdırmağa yönəlib. Bu tədbirlər, həqiqətən də, ciddi təsir göstərib və Rusiya iqtisadiyyatında sistemli, struktur problemlərinin yaranmasına səbəb olub. İndi sanksiyaların yumşaldılması, şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsinin gedişinə mənfi təsir göstərəcək. Üstəlik, bunun nəticələri yalnız bu müharibə ilə məhdudlaşmaya bilər. Əvvəldə də qeyd etdiyim kimi, Putinin sərəncamında daha çox maliyyə vəsaiti olarsa, o, diqqətini təkcə Ukraynaya yönəltməyəcək. Rusiya NATO-ya, Cənubi Qafqaza, Mərkəzi Asiyaya və Yaxın Şərqə, o cümlədən Suriyaya münasibətdə də daha fəal siyasət yürütməyə çalışacaq. Moskvanın Afrikaya qayıtmaq cəhdləri də yenidən güclənə bilər. Bu, son dərəcə təhlükəli ssenaridir. Hazırda sanksiyaların yumşaldılması istiqamətində atılan addımların uzunmüddətli strateji nəticələri həm Avropanın, həm də bütövlükdə dünyanın təhlükəsizliyi üçün olduqca mənfi ola bilər. Rusiya-Ukrayna müharibəsi artıq çoxdan iki ölkənin sərhədlərini aşaraq demək olar ki, bütün regionlara və qitələrə müxtəlif formalarda təsir göstərir. Buna görə də Donald Trampın, ABŞ Prezidenti kimi, bu qərarını çox təhlükəli addım hesab edirəm.
Hazırkı şəraitdə Avropa İttifaqının və bütövlükdə Avropanın mövqeyi son dərəcə mühüm əhəmiyyət daşıyacaq. Belə razılaşmalara qarşı müəyyən addımlar atılmalıdır. İdeal halda isə bu qərarların geri çevrilməsinə nail olmaq lazımdır. Təəssüf ki, hazırda Avropa liderlərinin vahid və əlaqələndirilmiş mövqeyini görmürük. Ayrı-ayrı bəyanatlar səsləndirilir, lakin bunlar hələlik Tramp administrasiyasının qərarlarına təsir göstərə biləcək konkret və vahid siyasətə çevrilməyib. Bundan sonra hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir. Ancaq bir daha vurğulayıram ki, hazırda baş verənlər strateji baxımdan yalnız Avropa və ya qeyd etdiyim digər regionlar üçün deyil, Çin üçün də təhlükəlidir. Rusiya sanksiyaların təzyiqindən sonra enerji resurslarının satışını artıraraq iqtisadiyyatını bərpa etməyə başlasa, bu, onun Çindən asılılığının da dəyişməsinə səbəb ola bilər. Ona görə də Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri davam etdirməyə imkan verən müəyyən mexanizmlər və kombinasiya variantları tapmaq mümkündür. Bununla Moskvanı konstruktiv danışıqlara və Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına sövq etmək olar. Müharibə başa çatdıqdan sonra isə tərəflər iqtisadi əməkdaşlıq, tariflər və digər məsələlər barədə danışıqlar aparmaq üçün masa arxasına əyləşə bilərlər.
Lakin hazırda vəziyyət tamamilə fərqlidir. Qara dəniz hövzəsində gəmiçilik və ticarət faktiki olaraq ciddi məhdudiyyətlərlə üzləşib. Çinin inkişaf etdirdiyi İpək Yolu layihəsinin marşrutlarından biri olan, Gürcüstan limanları və Qara dəniz vasitəsilə keçməli olan istiqamət də faktiki olaraq bloklanıb. Xəzər dənizindəki vəziyyət də qeyri-sabitdir. Bütün bunlar göstərir ki, vəziyyət kifayət qədər mürəkkəbdir. Tramp kiçik addımlarla, məsələn, əvvəlcə atəşkəsə nail olmaq, daha sonra təhlükəsizlik təminatları barədə razılaşmalar əldə etmək yolu ilə sülhə yaxınlaşmaq əvəzinə, hazırda, belə demək mümkündürsə, Pandoranın qutusunu açıb. Hətta bir gözucu da olsa, onun içinə baxmağa başlayıb. Bunun hansı nəticələrə gətirib çıxaracağını hələlik söyləmək çətindir. Ancaq bir şey aydındır: hazırkı addımların müsbət nəticələr verəcəyinə ümid etmək üçün ciddi əsaslar yoxdur.