ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, İranın hazırda 1 500–2 500 ballistik raketi var. Bu isə genişmiqyaslı müharibənin yenidən başlanacağı təqdirdə Tehranın ABŞ-ın regiondakı hərbi obyektlərinə və müttəfiqlərinə zərbə endirmək imkanını qoruduğunu göstərir.
Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Amerikalı rəsmilər bildiriblər ki, raketlərin dəqiq sayını müəyyənləşdirmək çətindir. Xüsusilə yeraltı obyektlərdə saxlanılan və istifadəyə hazır olan raketlərin sayı ilə bağlı kəşfiyyatın qiymətləndirməsinə inam yüksək deyil.
Nəşrin məlumatına görə, İsrail hərbçiləri də İranın 1 500-dən çox ballistik raketə malik olduğunu düşünür. İsrailli rəsmilər Tehranın raket arsenalını bərpa etdiyini, silahlandığını və yeni genişmiqyaslı qarşıdurmaya hazırlaşdığını bildirirlər.
ABŞ rəsmilərinin sözlərinə görə, İran əvvəlcədən ehtiyatda saxladığı komponentlərdən istifadə etməklə raket istehsalını davam etdirir. Həmçinin bombardman edilmiş yeraltı obyektlərin girişlərini yenidən açır. İran kəşfiyyat məlumatlarını və hədəfgöstərmə sistemlərini təkmilləşdirərək raket və dronlardan ibarət kombinə edilmiş hücumlar həyata keçirir.
Məlumatda Rusiyanın da İrana bu sahədə dəstək verdiyi iddia olunur.
“The Wall Street Journal” yazır ki, İranın hərbi imkanlarını bərpa etməsi ABŞ administrasiyasında İsraillə birlikdə hərbi əməliyyatların yenidən başlanması məsələsi ətrafında müzakirələrə təsir göstərir.
İsrailin Baş naziri Benyamin Netanyahu hərbi əməliyyatların bərpasını dəstəkləyir. Lakin Fars körfəzi ölkələri öz ərazilərinə mümkün zərbələrdən ehtiyat edərək müharibənin yenidən başlanmasına qarşı çıxırlar.
ABŞ Prezidenti Donald Tramp hələlik İrana qarşı iqtisadi təzyiqləri, o cümlədən blokada və sanksiyaları davam etdirməyə üstünlük verir. Bununla belə, o, İran rejiminin prezidentlik müddətinin sonunadək hakimiyyətdə qalmasını ABŞ üçün məğlubiyyət hesab edəcəyini bildirib.