Hindistan Çinlə sərhəddə mümkün toqquşmalara operativ reaksiya vermək məqsədilə sərhəd polisi bölmələrinin yenidən təşkilinə başlayıb. “Nikkei Asia”nın məlumatına görə, mövcud bölmələrin bazasında xüsusi təyinatlı komando dəstələri yaradılır.
Modern.az xəbər verir ki, yeni bölmələrin hazırlıq proqramına yaxın məsafəli döyüş, yüksək dağlıq ərazilərdə əməliyyatlar və kəşfiyyat məqsədilə dronlardan istifadə daxildir. Xüsusi diqqət 2020-ci ildə Qalvan vadisində baş verən silahlı toqquşmalardan sonra yaradılmış “Şaurya” dəstələrinə yetirilir.
Hindistanın məqsədi mübahisəli sərhəd ərazilərinin müdafiəsini gücləndirmək və mümkün insidentlərə reaksiya müddətini azaltmaqdır.
Qeyd edək ki, Hindistan və Çin arasında Himalay dağları boyunca uzanan faktiki nəzarət xətti (LAC) uzun illərdir ərazi mübahisələrinin mənbəyidir. 2022-ci ilin dekabrında Tavanq rayonunda baş verən toqquşma zamanı hər iki tərəfin hərbçiləri yaralanmışdı.
Yeni komando bölmələrinin yaradılması Dehlinin sərhəddə hərbi hazırlığı və operativ imkanları artırmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.