Modern.az

Şagirdlərin oxuyub qavramamağının səbəbi ya dərslik, ya da müəllimdir - MÜSAHİBƏ

Şagirdlərin oxuyub qavramamağının səbəbi ya dərslik, ya da müəllimdir - MÜSAHİBƏ

Müsahibə

Bu gün, 14:00

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Modern.az və AzEdu.az-a geniş müsahibə verib. Millət vəkili müsahibədə təhsillə bağlı xeyli maraqlı məqama toxunub.

Müsahibənin birinci hissəsini oxumaq üçün 

– Anar müəllim, bu gün Azərbaycanda müəllim imici sizi qane edirmi?

– Məktəbimizin bir direktoru vardı. Bu gün də adı çəkiləndə siması gözümün qabağında canlanır, məsuliyyətim artır. Bir ədəbiyyat müəllimim olub, Əhməd Səmədov. Bu yaşımda da fikirləşirəm ki, Azərbaycanda ikinci Əhməd Səmədov ola bilməz.

Fərhad Zeynalov filologiya fakültəsində türk dili kafedrasının müdiri idi. Bir dəfə mənə dedi ki, sual verəcəyəm, cavab versən, bu iki nəfəri də qurtaracaqsan. Cavab verməsən, səni də onlara qatıb qovduracağam. Qovdurardı da, elə insan idi. Allah rəhmət eləsin. “Salur Qazanın evinin yağmalanması”nı soruşdu. Dedim, Fərhad müəllim, mən bunu əzbər bilirəm. Bizim orta məktəbdə ədəbiyyatdan dörd alan uşaq axşam muştuluq kimi xəbər gətirirdi ki, bəs, dörd ala bilib. O müəllimin qiymətindən bütün kənd məmnun olurdu. Obyektivlik, öz peşəsini sevmək, şagirdlərinin uğuruna sevinmək, dürüst olmaq – bütün bunlar bizim müəllimlərdə var idi. Bir daha qeyd etmək istərdim ki, müəllimlərin maaşı yüksək olmasa, bu sadaladıqlarıma tam nail ola bilməyəcəyik.

– Dövlət məktəbləri maliyyələşdirir, valideynlər də övladlarının təhsili üçün kifayət qədər pul xərcləyirlər. Bəzən eyni müəllim məktəbdə yaxşı dərs keçmir, amma repetitor kimi yaxşı nəticə göstərir. Sertifikasiyada yüksək bal toplayan müəllimlər üçün məktəbdə əlavə imkanların yaradılması bu problemi həll edə bilərmi? Siz çıxış yolunu nədə görürsünüz?

– Bilirsiniz, mən bu suala nəzəri cavab vermək, onu bəzəmək istəmirəm. Öz düşündüyümü deyim.

İctimai mülkiyyət heç vaxt istədiyimiz uğuru qazana bilmir. Təhsildə də buna baxmaq lazımdır. Müəllim niyə məktəbdən repetitorluğa gedir? Məktəbdə üç yüz, dörd yüz, beş yüz, altı yüz manat alır. Repetitorluqda isə məşhur, zəhmətkeş müəllim abituriyent yığır, üç min, dörd min manat qazanır. Kim olsa, ora gedəcək. Onun yolunu kəsməyin də.

Deyirlər, qanun qəbul olunsun. Hansı qanun müəllimə deyə bilər ki, sən evində şagird öyrətmə? Bunun qanuni tərəfi vergidir. Mən də burada vergi ödənilməsinin əleyhinə deyiləm.

Digər yol məktəbdə müəllimin maaşının beş-altı dəfə artırılması ola bilər. Ümumiyyətlə müəllim saathesabı deyil, saat 9-dan 6-a dək işləyənlər kimi ödəniş almalıdır. Vallah, heç bir müəllim istəməz ki, səhərdən axşama qədər əlində köhnə çanta, içində termos, bir az çörək, davamlı işləsin. Nə etsin? Aldığı əməkhaqqı yaşayışını təmin etmir, ailəsi var, uşaqları böyüyür.

Başqa bir məqama toxunmaq istəyirəm: cavanlar dövlət qulluğuna niyə gedirlər? Çünki orada əməkhaqqı yüksəkdir. Eyni yanaşmanı müəllimliyə də tətbiq edək. Onda təkcə xanımlar deyil, kişilər də müəllimliyə üz tutacaqlar.

– “Təhsil haqqında” qanunun müzakirəyə çıxarılması çox uzun illər çəkmişdi. İndi “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı da eyni vəziyyət yaşanır. Layihənin müzakirəyə çıxarılmasını nə çətinləşdirir?

– Biz dünya təcrübəsinə istinad edirik. Çünki bizdən çox irəli olanlar var. Bu məsələdə deyə bilmərik ki, Avropa və başqaları bizdən götürsünlər. Biz dünya təcrübəsinə uyğun düşünürük. Məsələn, on birinci sinif şagirdi niyə iki imtahan versin? Bir imtahan olsun. Bunu tətbiq etmək məsələsi var.

İkincisi, dissertasiya müdafiəsi. Köhnə adlarla elmlər namizədi, elmlər doktoru deyirdik. İndi fəlsəfə doktoru, elmlər doktorudur. Biz dünyaya inteqrasiya edirik. Sovet dövləti qapalı idi, on beş respublika bir ittifaqın içində idi. İndi dünyaya çıxırsan, görürsən ki, sənin diplomunla başqasının diplomu uyğun gəlmir.

Üçüncüsü, kolleclər. Niyə Tibb Universitetinin nəzdində tibb kolleci olmasın? Niyə kənd təsərrüfatı profilli texnikum Aqrar Universitetin tərkibində olmasın? Bu istiqamətdə işlər gedir. İstəyirik ki, Azərbaycanda təhsil alan, dissertasiya müdafiə edən gənc xaricə gedəndə problem yaşamasın. Axı biz təkcə Azərbaycanda fəaliyyət göstərmirik. Minlərlə Azərbaycan gənci dünyanın hər yerindədir. Bunları nəzərə almaq lazımdır.

“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasına beşinci çağırışda başlanılıb. Hər bir qanunda olduğu kimi, burada da tərəflər var: Elm və Təhsil Nazirliyi, DİM, universitetlər. Hərənin öz marağı var. Məsələn, universitet rəhbərləri istəyirlər ki, qanunda yaş həddi olsun. Biz isə deyirik ki, qanunda yaş həddi olmasın, bu məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənsin.

Altıncı çağırışda kifayət qədər iş görüldü. İndi yeddinci çağırışdır. Sizi əmin edirəm ki, bu qanun layihəsini hazırlamaq çox çətindir. Müstəqilliyin ilk illərində deyirdik ki, təzə başlamışıq. Otuz beş ildən sonra isə bu ifadəni işlətmək olmur. Artıq dünyada tanınırıq. Avropanın on altı ölkəsinə enerji verən dövlətik. Bizim qanunumuz da elə olmalıdır ki, bir neçə ildən sonra yenidən əlavə və dəyişikliklərə ehtiyac yaranmasın.

İşlər gedir. Nə vaxt son nöqtə qoyulacağını deyə bilmirəm. Bunu gecikmə kimi qəbul etmək də olar, deyə bilərlər ki, kaş beş il əvvəl qəbul olunaydı. Elm və Təhsil Nazirliyi kollecləri profillərinə uyğun universitetlərin tərkibinə daxil edir. Dövlət İmtahan Mərkəzi ilə nazirlik imtahanlar məsələsi üzərində işləyir. Orada da çətinliklər çoxdur.

– Amma dünya da dayanmır. Biz müzakirə edərkən başqa ölkələrdə yeni təhsil modelləri yaranır. Distant təhsil, bakalavr təhsilinin üç ilə endirilməsi, kolleclərin gələcəyi kimi məsələlər necə nəzərə alınır?

– Bəli, dünya təhsili dayanmır. Bunu başa düşürük. Amma elə şeylər var ki, qəbul etmək olar, sonra havada qalar, qanun kimi işləməz. Biz bunu da nəzərə alırıq.

Ali məktəblərə fikir verin. Mən Özbəkistanda olmuşam. Səmərqənd dünyanın gözüdür. O vaxt tikilən məscidlərin ətrafında on, iyirmi, əlli hektar ərazi, karvansara, mədrəsə, tut bağı var. Bizdə isə bu gün ali məktəblərin yerləşməsi, şəraiti ilə bağlı da islahat aparılmalıdır. Təkcə kadr məsələsi deyil. Tələbə dörd-beş il əzab çəkməməlidir.

Bizə ən yaxın gürcü cəmiyyətidir. Onlar magistratura təhsilini iki ildən bir ilə, bakalavr təhsilini dörd ildən üç ilə endiriblər. Biz də bu istiqamətdə düşünürük. Ancaq qanunun hazırlanması və təsdiqi təkcə qanunverici orqandan asılı deyil. Mən də istəyirəm ki, gecikməyək, sürətlə gedək, dünya ilə ayaqlaşaq. Bir dəfə deyirsən, qoy dincəlim, bir də görürsən ki, hamı gəlib keçib, sən axırda qalmısan.

Son dövrdə təhsil, peşə təhsili, şəhid ailələrinin təhsili ilə bağlı xalqın maraqlarını təmin edən kifayət qədər qanun qəbul edilib. Amma mən sizdən daha çox istəyirəm ki, “Ali təhsil haqqında” qanunu qəbul edək. Sizdən beş-on adam soruşa bilər. Məndən isə həmişə soruşurlar. Eləsi də var ki, heç yumşaq demir: “Bəs nə oturursunuz orada?” Ona görə bu işin başa çatmasını mən də istəyirəm.

– Universitetlərin birləşdirilməsi məsələsinə necə baxırsınız? Sovet dövründə institut adlanan ali məktəblər indi universitet adını daşıyır. Amma onların hamısı universitetin təyinatını yerinə yetirirmi?

– Adlarla işim yoxdur. Amma dünən hansı ali məktəbin qəbul planına baxırdınsa, beynəlxalq münasibətlər ixtisası vardı. Sizinlə razıyam, ali məktəblərdə ixtisasların bir-birini təkrarlaması düzgün deyil. Bu istiqamətdə də ciddi işlər görülməlidir. Dünya təhsilini Azərbaycana gətirmək, dünyaya inteqrasiya etmək üçün nə mümkündürsə, etməliyik.

Təhsil xalqın böyüklüyünü göstərən sahədir. Amma bir şərtlə ki, alim ehtiyac içində olmasın. Alim ehtiyac içindədirsə, dediklərinin hamısı yalandır, düz deyil. Türkiyədə dərs dediyim vaxtlar olub. Mən o cəmiyyəti sevmişəm. Tələbənin dərsdən çıxıb qız yoldaşı ilə siqaret çəkməsi mənim üçün önəmli olmayıb. Mənim üçün önəmli olan onların düşüncədə azad olmalarıdır.

Hər gün sual verirlər. O sual səni də məcbur edir ki, auditoriyaya “qorxudacağam” fikri ilə girməyəsən. Elə suallar verirlər ki, bir ziyalı kimi sən də açılırsan. Azərbaycan cəmiyyəti, Azərbaycan gəncləri üçün də bunu arzu edirəm.

– Qanun universitetlərə daha sərbəst fəaliyyət göstərmək üçün səlahiyyətlər verəcəkmi?

– Təbii ki... Universitetlər bu məsələdə daha bir addım irəliləyəcəklər. Amma burada başqa məsələ də var. Ali Attestasiya Komissiyasını götürək. Mən üç sədrin dövründə orada çalışmışam. İndi də ekspert komissiyasının rəhbəriyəm. Tarix və antropologiya üzrə ekspertlərə rəhbərlik edirəm. İndiki dövr əvvəlkilərdən kəskin fərqlənir.

İnanırsınız, elə şəxslər gəlirlər ki, öz işlərinin adını bilmirlər, amma deyirlər ki, elmlər doktoru olmalıyam. Mövzusu təsdiq olunub, elmi rəhbəri oxuyub, müsbət rəy verib. Seminardan keçib, müdafiə şurasına təqdim edilib. Dörd opponent oxuyub, müsbət rəy verib. Müdafiə olunub, iş gəlib komissiyaya. İddiaçını çağırırsan. Məhkəmə qurmursan ki... Sən bu işi yazmısan, elmi yeniliyin nədir? Adam durub sənə baxır. Ya da əlli adam zəng edir.

Məsələn, ABŞ–Misir münasibətlərini yazırsan. Burada elmi yeniliyin nədir? Yaxud Almaniya Demokratik Respublikasından Almaniya Federativ Respublikasına keçidi yazırsan. Almanların minlərlə kitabından onlarla kitab götürüb istifadə edirsən. Bəs sən nə yenilik gətirirsən? Belə işlər yüzlərlədir. Elmi yenilik olmayanda narazılıq da yaranır. Bu, təkcə tarixdə yox, ədəbiyyatda da var. Mən mart soyqırımının tarixşünaslığı ilə bağlı doktorluq işi yazanda çox adam deyirdi ki, bundan doktorluq çıxmaz. Dedim, niyə? Onlar tarixşünaslığın nə olduğunu bilmirdilər. Tarixşünaslıq yazılanların təhlilidir.

Mən elmə nə gətirdim? Yüz il ərzində yazılan əsərləri təhlil etdim, sovet tarixşünaslığını dövrlərə böldüm. Azərbaycan tarixşünaslığını, xarici tarixşünaslığı, Türkiyədə yazılanları araşdırdım. Mart soyqırımı haqqında bir düşüncə ortaya qoydum ki, bu, vətəndaş müharibəsi deyil.

– Biz universitetlərə inanmırıqsa, bu məsələni necə həll edəcəyik?

– Biz universitetlərə inanırıq, insanlara inanmırıq.

– Amma universitetləri də insanlar idarə edir.

– İnsanlar da... Maraqlı bir şey deyim. Bir dəfə bir gürcü mənə dedi ki, həmişə öz xalqını tərifləyirsən, sabah səni bir yerə aparacağam. Dedim, yaxşı. Biz Tiflis Şəhər Vergi İdarəsinə getdik. Orada məlum oldu ki, vergidən yayınanların doxsan doqquz faizi azərbaycanlılardır. Mən nə edim?

Doxsanıncı illərdən sonra polis rəisləri, prokurorlar elmlər namizədi, elmlər doktoru oldular.

Bu məqamda yada Həsən bəy Zərdabi düşür. O, bir zirvədir. Evində otağın birini məktəb edib, şagirdə geyim, kitab, çanta alıb. Bir tərəfdən Hənifə xanım, bir tərəfdən özü uşaqları hazırlayıblar. İkinci Həsən bəy Zərdabi olmayıb.

Mən Mirzə Cəlili bütün ədəbiyyatçılardan yaxşı bilirəm. Mirzə Ələkbər Sabirin bütün əsərlərini orijinaldan oxumuşam. Amma hərənin öz yeri var.

Həsən bəy haqqında mənim yazım da var. Onunla bağlı bir xatirə danışılır: Solovyov Moskva Dövlət Universitetinin rektorudur, qızı Həsən bəyi sevir. Ona deyirlər ki, bu qızı al. Razılaşmır. Sonra soruşurlar ki, niyə almadın? Deyir: “Xalqım məni başa düşməzdi”. Gör xalqına bağlılığı nə qədərdir ki, məhəbbətindən imtina edir.

– Nazir Emin Əmrullayev bildirib ki, uşaqların üçdə ikisi oxuduğunu qavraya bilmir. Oxuyuruq, amma başa düşmürük. Bunun səbəbini müəllimdə axtarmalıyıq?

– Burada iki hal var: birincisi, mövzu normal hazırlanmayıb. İkincisi, dərsi deyən onu şagirdə çatdıra bilmir.

– Deməli, məsələ şagirddə deyil?

– Yox, kitab və müəllimlə bağlıdır.

– Bu, sizin nəslə də aiddir?

– Əlbəttə. Mən nə qədər gedəcəyəm? Bu nəsil də qocalır. Mən qırx yaşımda dediyim mühazirənin bu gün nə qədər çalışsam da, iyirmi beş faizini söyləyə bilmərəm. Başqa fakültələrdən gəlirdilər ki, Anar müəllim mühazirə deyir. İndi istəsəm də, onu eləyə bilmərəm. Xəstə deyiləm, amma bunu qəbul edirəm.

Amma adam deyir ki, nəvəm mənim üstümdədir, oğlum, gəlinim atıb gedib. Aldığı pensiya ilə necə dolansın? Alınmır axı.

Arifə Kərimzadə
Esmira Əliyeva Azedu.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər