Modern.az

Düyməyə basıldıqda bir araya gələcəyik - Türkiyəli zabitlə MÜSAHİBƏ

Düyməyə basıldıqda bir araya gələcəyik - Türkiyəli zabitlə MÜSAHİBƏ

Müsahibə

Bu gün, 13:06

Türkiyənin Mersin şəhərinin Gülnar bələdiyyəsinin sədri, təqaüddə olan mayor Fatih Önge Modern.az-ın redaksiyasında qonaq olub. O, Türk dünyası, Turan Ordusu və digər mövzularla bağlı suallarmızı cavablandırıb.

Fatih Önge ilə müsahibəni təqdim edirik:

– Fatih bəy, son illər ən çox müzakirə olunan məsələlərdən biri türkdilli ölkələrin ortaq hərbi  birləşməsinin - Turan Ordusunun yaradılmasıdır. Turan Ordusunun yaxın vaxtlarda yaranması mümkündürmü? Format necə ola bilər?

– Türk dünyası ölkələri və ya Türk Dövlətləri Təşkilatına bağlı bir Turan Ordusu qurulmalıdır. Söhbət kazarma tikib bütün ölkələrdən əsgərləri orada yerləşdirməkdən getmir. Bu, düyməyə basıldıqda bir araya gələ biləcək və “hədəf” deyildikdə ona doğru birlikdə irəliləyə biləcək bir format olmalıdır. Mən bunu Almaniyada NATO-nun tərkibində xidmət edərkən təcrübədən keçirmişəm. Orada bir artilleriya divizionu olurdu, onun bölmələrindən biri Türkiyədən, biri Litvadan, digəri isə Fransadan idi. Üçümüz ingilis dilində danışaraq eyni atəş tapşırığını birlikdə yerinə yetirirdik. NATO ordusu kimi bizim Türk dövlətlərinin də bir hərbi təşkilata ehtiyacı var, amma bunun üçün əvvəlcə dilimizi ortaq dilə çevirməliyik. Azərbaycanla Türkiyənin dili bir-birinə çox yaxın olsa da, Özbəkistanla, Qazaxıstanla belə bir dil yaxınlığı yoxdur. Mən Əfqanıstanda xidmət etdiyim vaxtda 4 nəfər tərcüməçim vardı. Onlar Əfqanıstanda yaşayan özbəklər idilər. Mən Kabil küçələrində zirehli maşınlarla məktəblərə yardım aparırdım, qadın dərnəklərinə gedirdim. Əfqanıstanın qadın voleybol komandasını yaratmışdım. Həmin tərcüməçilərim özbəkcə danışanda, mən onları başa düşmürdüm. Çox az sayda sözləri anlayırdım. Ona görə də ortaq dil məsələsini həll etdikdən sonra ortaq ordu yaradıla bilər. Çünki bizim İkinci Qarabağ müharibəsindəki Türkiyə-Azərbaycan əməkdaşlığı kimi, birlik və bərabərliyimizə zərurət var. Bu ordu Türk Dövlətləri Təşkilatına üzv olan ölkələri bir araya gətirməlidir. Bu günlərdə keçirilən “Birliyin Gücü-2026” təlimində Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri iştirak edirlər. Sabah ora Qazaxıstanı, daha sonra Qırğızıstanı da əlavə edəcəyik. Bir sözlə, 5 ölkəni bir anda birləşdirəcəyik. “Birliyin Gücü-2026” kiçikmiqyaslı təlimlərdir. Kiçikmiqyaslı ola bilər, müəyyən çətinliklər yarana bilər. Onsuz da məqsəd budur. Bu işləri həyata keçirdikcə, real müharibə anında birgə hərəkət edə bilən və problemsiz əməliyyat həyata keçirən Türk Birliyi Ordusu olacaq.

– Turan Ordusunun yaradılması üçün ortaq dil məsələsinin çox vacib olduğunu bildirdiniz. Buna necə nail olunacaq?

–  Artıq məlum olduğu kimi, ortaq əlifba ilə bağlı işlər gedir. Ancaq bu işlər iki ildə yekunlaşacaq məsələlər deyil. Bayaq dediyim kimi, 1993-cü ildə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq başladı. Bu əməkdaşlıq 2020-ci ildəki Qarabağ qələbəsi üçün başladı. 1993-cü ildə başlanan prosesin nəticə verməsi 30 il çəkdi. Bu da belə olacaq. Bu gün ortaq əlifba üzrə işlərin getməsi, 5 ildən sonra hamımız bir-birimizlə tam rahat danışacağıq anlamına gəlmir. Uşaqlarımız Qazaxıstana gedəndə bir-birilə danışıb anlaşa bilməlidirlər. Demək istədiyim budur ki, dövlətlər tələsmirlər. Məsələn, ABŞ indidən 50 illik plan qurur, nələrsə edir. Bütün dövlətlər, eləcə də Türkiyə və Azərbaycan da belədir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlayan həmin proses yenə deyirəm, zəfərə gətirib çıxardı. 
Ümumilli lider Azərbaycan Ordusunun müasirləşdirilməli olduğunu anladı və bu istiqamətdə NATO üzvü Türkiyə ilə hərbi əməkdaşlıq genişləndirildi. Dərhal təhsil əməkdaşlığı, birgə təlimlər və digər işlər başladıldı. Mən Kuleli Hərbi Liseyində oxuyarkən azərbaycanlı dostlarımla birlikdə təhsil aldım. Hərbi məktəbdə birlikdə oxuduq, təlim keçdik. Daha sonra nə oldu? Gəlib Azərbaycan Ordusunda zabit kimi xidmət etdilər və Azərbaycan Ordusunun inkişafına töhfə verdilər. Çünki bir zabitin Azərbaycanda təhsil alması ilə dünyanın müxtəlif ölkələrində təhsil alması - xaricdəki hərbi strategiyaları, operativ-taktiki düşüncə məntiqini görməsi fərqlidir. Bu proses çox vacibdir. Əməkdaşlıq təhsillə kifayətlənmədi, eyni zamanda texnologiya transferi oldu, silah və silah sistemləri satıldı, birgə təlimlər keçirildi. Azərbaycan Ordusundan gəlirdilər, bizim kompüter təlimlərimiz olurdu. Kompüter üzərindən hərbi oyunlar keçirilir. Orada liderliyi öyrənirsən. “İndi nə edim? Tankları göndərim, hava qüvvələrini göndərim, yoxsa artilleriya atəşinə başlayım?”,- deyə qərarlar verirsən. Türkiyədə belə simulyasiya təlim mərkəzlərimiz var. Bu təlimlərlə də şəxsi heyət inkişaf etdirildi. Çünki nə qədər müasir təyyarələrimiz, silahlarımız olsa da, onu istifadə edəcək olanlar şəxsi heyətdir. Nə qədər PUA və SİHA-lar istehsal olunur, onları da operatorlar uzaqdan idarə edirlər. Şəxsi heyətin hazırlanması vacibdir. ABŞ ordusundan nümunə  göstərmək istərdim. Onların texnikaları mövcuddur. ABŞ hərbçisi belə düşünür, əgər bu mikrofondursa, deməli, yalnız mikrofondan istifadə etməlidir. Yəni ona bu qədər düşünmək kifayət edir. Türkiyə Ordusunda isə belə deyil. Biz hər cür alətdən istifadə etməliyik, taktikanı da, strategiyanı da, hərbi əməliyyatın idarə edilməsini də bilməliyik. Ona görə bir qədər daha yüksək intellektual qabiliyyət tələb olunur.

–  Siz NATO-da da xidmət etmisiniz. Almaniya, Fransa, Əfqanıstan, Suriyada hərbi fəaliyyətləriniz olub. Azərbaycan əsgərini həmin ölkələrin əsgərlərindən fərqləndirən əsas xüsusiyyətlər, sizcə, nələrdir?

– Azərbaycan əsgəri dedikdə, onsuz da, o da Türk əsgəridir. Biz türklər döyüşçü xalqıq. Ona görə də, Azərbaycan Ordusu ilk növbədə cəsarəti ilə seçilir. Belə bir nümunə deyim: mən Əfqanıstanda xidmət edərkən bir məktəbə getdik. Həmin məktəbdə şagirdlərə dərs ləvazimatları paylayacaqdıq. Mülki-Hərbi Əməkdaşlıq Birliyinin komandiri idim. Amerikalı qərargah nümayəndələri mənə məktəbə getməyimi, lakin oradan çölə qətiyyən çıxmamağımı, çölün təhlküləli olduğunu bildirdilər. Müsəlman ölkəsi olduğundan və biz türk əsgəri olduğumuz üçün məktəbdən çıxdıq və ətrafı gəzdik. Plov satan bir adama rast gəlib salam verdikdə, o da mənə qaşırılıq verdi və uniformamdakı türk bayrağını görüb, "sənin etdiyini heç bir amerikalı əsgər edə bilməz. Siz türklər cəsur millətsiniz" dedi. Mən orada  Fatih Öngə kimi yox, Türk əsgəri kimi vardım və fəaliyyət göstərirdim. Həmin Əfqanıstan vətəndaşına bu sözü dedirtmək artıq dövlətimin mənə verdiyi vəzifədir. Azərbaycan Ordusunun zabitləri, gizirləri və bütün əsgərləri də öz cəsarətlərini İkinci Qarabağ müharibəsində bütün dünyaya göstərdilər. Türklər deyərkən yalnız bizim Türkiyə Respublikasının ordusu nəzərdə tutulmur. Bu, Azərbaycan və Qazaxıstan üçün də belədir. Bu, mənim şəxsi fikrimdir. Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan bir siyasətçiyəm və milliyətçi kimi yetişmişəm. MHP siyasətinin təməlində dayanan əsas məqsəd və hədəfimiz Turan Birliyidir. Turan Birliyi demək Türkiyə, Azərbaycan, Qazaxıstan – “siz gəlin, hamımız bir ölkə olaq” demək deyil. Hər kəsin mədəniyyətdə, dildə, ticarətdə, enerjidə, turizmdə, silahlı qüvvələrdə birlik və həmrəylik içində olması deməkdir. Bunun çətiri də Türk Dövlətləri Təşkilatıdır. Bu təşkilatın zamanla daha da inkişaf etdirilməsinə ehtiyac var. Bu inkişaf da ortaq dil, birgə hərbi təlim və qarşılıqlı mədəni səfərlərlə baş tutacaq.

- Azərbaycanlı şagird və tələbələrin Türkiyədəki bələdiyyələrin təhsil layihələrindən faydalanması üçün gələcəkdə hansı imkanları görürsünüz?

- Bizim Gülnar Bələdiyyəsi kiçik və gəlirləri məhdud olmasına baxmayaraq, ötən il 75 universitet tələbəsinə aylıq 2 250 lirə təqaüd verib. Bu proqramdan yalnız Gülnarda yaşayan və ya valideynləri oradan olan tələbələr yararlanıb. Bu proqramı daha geniş şəkildə də həyata keçirmək mümkündür. Məsələn, Türk Dünyası Bələdiyyələr Birliyi vasitəsilə ortaq fond yaradıla bilər. Həmin fond hesabına Türkiyədə təhsil alan, xüsusilə Azərbaycan başda olmaqla, Türk dünyasından olan tələbələrə təqaüd verilə bilər. Ötən il başqa bir layihə də həyata keçirdik. Türkiyədə təhsil alan Türk dünyasından 10 tələbəni Gülnarda yerləşən beşulduzlu "Ulu Resort Oteli"ndə bir həftə qonaq etdik. Onların 6-sı Azərbaycan, 4-ü isə Qazaxıstan vətəndaşı idi. Tələbələri universitetdəki təhsil göstəricilərinə əsasən seçdik. Onları Mersində gəzdirdik, Gülnarı tanıtdıq və birlikdə vaxt keçirdik. Qazaxıstanlı tələbələrdən biri özü ilə dombra gətirmişdi, dombra çaldı və mahnı oxudu. Bu il bir qədər gecikdik və layihəni təşkil edə bilmədik. Amma bundan sonra hər il bu layihəni davam etdirmək istəyirik. Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün Milliyyətçi Hərəkat Partiyası və Gülnar Bələdiyyəsi olaraq bu cür ortaq layihələri davam etdirmək niyyətindəyik.

- Şagirdlərin asudə vaxtının səmərəli təşkili üçün kitabxana, gənclər mərkəzi, elm və texnologiya məkanları kimi hansı imkanlar yaradılır?

- Gülnarda universitetə hazırlaşan gənclər üçün etüd və çalışma mərkəzi yaradılır. Şəhərin mərkəzində köhnə bir kafemiz var idi. Həmin məkanı yenidən quraraq müasir kafeyə çevirdik. Aşağı mərtəbəni isə universitetə hazırlaşan gənclər üçün etüd və çalışma mərkəzinə çevirdik. Burada internet və fərdi çalışma bölmələri olacaq. Gənclər gecə saat 11:00-12:00-dək burada dərs oxuya biləcəklər. Yuxarı mərtəbədə isə kafe fəaliyyət göstərəcək. Bu layihə də Gənclər Məclisinin təkliflərindən biri idi. Gülnar Bələdiyyəsi olaraq 15 gəncdən ibarət Gənclər Məclisi yaratmışıq. Onlar hər üç aydan bir toplaşaraq gənclərlə bağlı hansı işlərin görülməsinin vacib olduğunu müzakirə edirik. Beləliklə, gəncləri şəhərin idarə edilməsində qərarvermə prosesinə cəlb edirik. Gənclər Məclisinin üzvlərinin əksəriyyəti 10, 11 və 12-ci sinif şagirdləridir. Onlar universitet imtahanlarına hazırlaşarkən rahat çalışa biləcəkləri məkana ehtiyaclarının olduğunu bildirdilər. Biz də bu təklifi nəzərə aldıq və kafemizin əvvəlcə anbar kimi istifadə etməyi planlaşdırdığımız aşağı mərtəbəsini onların istifadəsinə verdik. Bundan başqa, hər il Gülnarda Mədəniyyət və Yerli Məhsullar Festivalı keçirilir. Festivala sənətçi dəvət edərkən də gənclərin fikrini öyrənirik. Onlardan hansı sənətçini görmək istədiklərini soruşur və proqramı müəyyənləşdirərkən onların seçimlərini nəzərə alırıq.

- Azərbaycan və Türkiyə bələdiyyələri arasında təhsil sahəsində hansı birgə layihələri həyata keçirmək mümkün olar?

- Azərbaycan və Türkiyə bələdiyyələri arasında qardaş şəhər layihəsinin həyata keçirilməsi də mümkündür. İstəyirəm ki, qardaş şəhər layihəsi vasitəsilə gənclər arasında qarşılıqlı səfərlər təşkil edək. Məsələn, Gülnardan 10 gənci - 5 qız, 5 oğlan olmaqla, orta məktəb şagirdlərini Azərbaycana gətirək. Əvvəlcə Bakını gəzdirək, İçərişəhəri, Şəhidlər xiyabanını, Türk Şəhidliyini ziyarət etsinlər, daha sonra qardaş şəhərimizi görsünlər. Sonra Cəbrayıldan 10 gənc Gülnara gəlsin. Onları əvvəlcə Mersində gəzdirib, daha sonra Gülnara gətirmək olar. Gənclər burada yörük mədəniyyətini görsünlər, yerli yeməklərimizi dadsınlar, üzüm bağlarımızı gəzsinlər, Gülnarın kənd həyatını yaxından tanısınlar. Mənim əsas məqsədim bu cür layihələrlə mədəni yaxınlaşmanı və qarşılıqlı tanışlığı gücləndirməkdir. İstəyirəm ki, Cəbrayıldan olan bir gənc desin: “Bəli, mən Gülnarı tanıyıram, Mersini görmüşəm”. Yəni onun dünyagörüşü genişlənsin, yeni yerlər görsün və fərqli insanlarla tanış olsun.

– Fatih bəy, Azərbaycana ilk dəfə gələndə sizi ən çox nə təəccübləndirmişdi?

– 2019-cu ildə ilk dəfə Azərbaycana gəldim. Bakının gözəlliyi, səliqəsi, nizamı, insanların sakitliyi məni təəccübləndirmişdi. Yaddaqalan başqa bir xatirəm də var. Mən onda burada hərbçi kimi xidmət edəndə taksiyə minmişdim. Məndən nə iş gördüyümü soruşurdular. Əvvəla "subayam" deyəndə səhv başa düşürdülər. Sən demə, burada subay evli olmayanlar üçün işlədilən ifadə imiş. Sonra "zabitəm" deyirdim, özümü izah edirdim. Türk Ordusunun zabiti olduğumuzu deyəndə bizə böyük hörmət göstərirdilər. Hətta bir dəfə pul vermək istəyəndə götürmədilər.

– Müharibədən sonra Qarabağa getmisiniz?

–  Heç gedə bilmədim. İnşallah, gələn dəfə gələndə Qarabağa, Şuşaya da gedəcəm. Mən burada xidmət edərkən yalnız "Nar festivalı" üçün Göyçaya getmişdim. Özümüz avtobus tutduq, getdik. Rəsmi bir səfər deyildi. Göyçaylı bir müəllimimiz vardı, "sizi "Nar festivalı"na aparımmı", - deyə soruşdu, apar dedik. 

- Siz Azərbaycanda xidmət etmisiniz. Türkiyədə olanda Azərbaycanın hansı yeməkləri üçün darıxırsınız?

– Şəkərbura. Türkiyəyə gələndə şəkərbura gətirin. Bir də şah plovu çox sevirəm. İlk gələndə dostlarım məni şah plov yeməyə aparırdılar.  Aşın içində gavalı və kişmiş vardı. Mənə o vaxt bu qəribə gəlirdi. Amma yeməklər arasında şah plovu çox sevirəm. Heyva kompotu da dadı damağımda qalan ləzzətlərdəndir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Gərginlik artdı - Türkiyə ordusu hərəkətə keçdi