Arxiv
12 Dekabr 2019, 15:17 | MEDİA
Heydər Əliyevin tarixi çıxışı: “Mənə deyiləndə ki, “Jurnalistlərin dostu” seçilmişəm, əvvəl inanmadım” 

Bu gün görkəmli siyasi xadim Heydər Əliyevin anım günüdür. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə media sektoruna aid xeyli ciddi addımlar atıldı. 1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq olaraq, Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu.

1999-cu ilin sonunda isə “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbul olundu.


2000-ci ilin mart ayında Heydər Əliyevin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. 


Heydər Əliyev mətbuatın gücünü çox gözəl anlayan və jurnalistlərlə işin əhəmiyyətini qəbul edən siyasətçi idi.


Məhz bu böyük siyasətçinin milli mətbuatın inkişafına göstərdiyi qayğının nəticəsi idi ki, 2002-ci ildə Heydər Əliyev “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.  H.Əliyev dünya siyasətçiləri arasında bu mükafatı almış ilk dövlət başçısıdır.

22 mart 2002-ci il tarixində “Hyatt Regensy” mehmanxanasında “Jurnalistlərin dostu” mükafatının təqdim olunma mərasimində ümummilli lider maraqlı çıxış etmişdi.

Modern.az anım gününü nəzərə alaraq, Heydər Əliyevin həmin nitqini təqdim edir:


- Hörmətli jurnalistlər, xanımlar və cənablar!


Bu mənim üçün qeyri-adi bir hadisədir. İlk dəfə olaraq, mən jurnalistlərin, nəhayət, xoşuna gəlmişəm və onlar məni mükafatlandırıblar. Mənə 2001-ci ildə Azərbaycanda "Jurnalistlərin dostu" mükafatı verdiklərinə görə "Ruh" Jurnalistləri Müdafiə Komitəsinə, onun rəhbərliyinə təşəkkürümü bildirirəm. Əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də o jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam.


Burada bildirildi ki, bu mükafat beş il bundan öncə təsis olunubdur. İndiyə qədər bəzi adamlar mükafatlandırılıb, indi də növbə mənə gəlib çatıbdır. Ancaq onu demək istəyirəm ki, mənim üçün, yəni Azərbaycan prezidenti üçün bu mükafatı almaq başqalarına nisbətən heç də asan deyildi, qat-qat çətin idi. Çünki müxtəlif peşə sahibləri, jurnalistlərlə təmasda olanlar, jurnalistlərlə əməkdaşlıq edənlər, onlara yardım edənlər təbiidir ki, çoxdur və görünür, onların içərisində ən görkəmlisini hər il seçib mükafatlandırırlar.


Jurnalistika elə bir sahədir ki, ümumiyyətlə, tənqidlə məşğuldur, bütün başqa vəzifələri ilə bərabər, əsas məqsədi tənqid etmək, nöqsanları aşkar etmək, onların aradan qaldırılması üçün çalışmaqdır. Jurnalistika cəmiyyətdə həmişə bu işləri görüb, bu gün də görür və çox uğurla görür. Belə halda iqtidarı tənqid edənlər daha çox müxalifət düşərgəsindədirlər. Ona görə müxalifət düşərgəsində bu cür mükafat almaq da, hesab edirəm ki, o qədər çətin bir şey deyildir. Amma Azərbaycan prezidentinin belə bir mükafata layiq görülməsi, yenə də deyirəm, qeyri-adi haldır, asan deyildir. Görünür ki, mənim bu barədə təkcə 2001-ci ildə yox, əvvəlki illərdə də qoyduğum səylər, nəhayət, jurnalistlər tərəfindən tanınıb, qiymətləndirilib və mənə bu mükafatı vermək haqqında qərar qəbul olunubdur.


Mən bu mükafatı çox yüksək qiymətləndirirəm. Bizim dostumuz Əflatun Amaşov burada dedi ki, layiq görüldüyünüz bütün başqa mükafatlarla yanaşı, bu mükafat da öz yerini tutacaqdır. Təbiidir, mən çox mükafatlara layiq görülmüşəm. Ancaq bu mükafatın xüsusi yeri var. Çünki aldığım mükafatların əksəriyyəti dövlətlər tərəfindən verilən mükafatlardır, dövlət mükafatlarıdır. Düzdür, başqaları da var. Amma bu, jurnalistlər tərəfindən verilən mükafatdır.


Ümumiyyətlə, jurnalistlər inciməsinlər, onlar elə məxluqdurlar ki, heç vaxt heç nədən razı deyillər. Həmişə çalışırlar, yaxşı yerdə bir nöqsan tapıb, çıxarıb araya qoysunlar. Mən bunu pis mənada demirəm. Çox gözəl. Ancaq yenə də deyirəm, jurnalistlər çox tələbkardırlar. Həqiqətən artıq, xüsusən iqtidar nümayəndələrindən çox tələblər edirlər. Yenə də deyirəm, bizim işlərimizdə nöqsanlar da var, qüsurlar da var. Bunlara baxmayaraq, onlar, nəhayət, qeyrətə gəliblər, mənə mükafat veriblər. Çox sağ olsunlar.


Mənə məlumat verəndə ki, jurnalistlər məni 2001-ci ildə "Jurnalistlərin dostu" kimi qiymətləndiriblər, buna inanmadım. Sonra araşdırmağa başladım ki, bu dost nə deməkdir. Dedilər ki, Siz indi dostsunuz. Dedim, Allaha şükür olsun ki, nəhayət dost olduq. Ancaq jurnalistlər də bilirlər ki, - burada artıq deyildi -, Azərbaycanda mətbuat azadlığı, mətbuat son illər nə qədər çox inkişaf edibdir.


Mən təxminən 5-6 il bundan əvvəlki dövrü xatırlayıram. Senzura var idi. Elə bizim dövrümüzdə. İndi mən dost olmuşam, mənim dövrümdə. Amma senzura məndən qabaq da var idi. Senzura var idi, qəzetləri yoxlayırdılar. Hansı məqalə senzorun xoşuna gəlmirdisə, onu çıxardırdı. Qəzetlər də sonra mübarizəyə başladılar, etiraz əlaməti olaraq səhifələri ağ-ağ buraxdılar. Bunlar hamısı bizim xatirimizdədir. Ancaq biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, çox azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır.


Azərbaycanın böyük tarixi var. Bu böyük tarixə nəzər salsaq, görərik ki, heç vaxt Azərbaycanda söz bu qədər azad olmayıbdır, fikir bu qədər azad olmayıbdır, mətbuat bu qədər azad olmayıbdır.


Burada qeyd olundu ki, keçən ildə bəzi qəzetlər bağlanıb, bəzi jurnalistlər təqib olunub, jurnalistlərə qarşı başqa qanunsuz hərəkətlər edilibdir. Ola bilər bu, belədir. Ancaq biz çalışırdıq bunlara son qoyaq. Ona görə də xatirinizdədir ki, mən jurnalistləri dəvət etdim, onlarlarla çox mehriban söhbət etdik. Ondan sonra da qanuna dəyişikliklər etdik, mən fərman verdim və nə mümkündürsə etdik ki, azad mətbuat yaşaya bilsin, inkişaf edə bilsin və Azərbaycanda mətbuat həmişə azad olsun. Baxmayaraq ki, bu azad mətbuatın səhifələrində iqtidara qarşı böhtanlar da var, yalanlar da var, hətta bəzən biz təhqir halları ilə də rastlaşırıq - bunlar var.


Bizim iqtidar nümayəndələri bəzən çox narahat olurlar. Loru dildə desək, qızışırlar ki, məni ləkələdilər, şərəf və ləyaqətimi ləkələdilər və sair. Buna görə də belə insanlar bir vaxt imkanlardan istifadə edirdilər, məhkəməyə müraciət edirdilər, məhkəmələr qərar çıxarırdı. Təbii ki, qərarlar ədalətli idi. Bu da mətbuata çox zərər verirdi.


Biz bunların da qarşısını aldıq. İndi görürsünüz, heç kəs mətbuatı məhkəməyə vermir. Biz iqtidar nümayəndələrinə dedik ki, sən bunu məhkəməyə verəcəksən, sabah o biri yazacaqdır. Onu verəcəksən, o birisi yazacaqdır. Yaxşı olar, məhkəmə ilə məşğul olmasınlar. İndi məhkəmələr yoxdur, cərimə də yoxdur. Burada məndən xahiş edirlər ki, borclar dondurulub, amma tamamilə dondurulsun. Onun üçün gərək biz xüsusi bir kimyəvi vasitə tapaq ki, o "don əriməsin". Gərək biz düşünək, nə təhər edək. Hələ ki, dondurulubdur. Amma təbiidir ki, bu, Sizdən asılıdır. Siz özünüzü yaxşı aparsanız, borclar daha da çox dondurulacaqdır. Amma o yan, bu yan olsa, bir də gördünüz ki, əriməyə başlayıbdır. Mən istəməzdim ərisin. Mən də tərəfdaram ki, axıra qədər dondurulmuş kimi qalsınlar.


Biz mətbuat üçün bütün yardımları etmişik və lazım olsa, bundan sonra da edəcəyik. Mən indi buraya gələndə Gündüz Tahirli bir məktub verdi ki, qəzetlərə, mətbuata kreditlər üçün kömək etmək lazımdır. Bilmirəm, indi kreditləri hər adam ala bilər. Yəqin ki, hansısa bir güzəştli kredit almaq istəyirlər, ona görə mənə müraciət edirlər. Ona da baxacağam, indi imkan dairəsində o xahişin də yerinə yetirilməsinə çalışacağam.


Ancaq gəlin, həqiqi dost olaq. Mən sizinlə, jurnalistlərlə dost olmaq istəyirəm. Amma dostluq ikitərəfli şeydir. Gərək, iki tərəf də dost olmaq istəsin. İndi belə bir hadisə baş verib, iş belə gətirib ki, biz, iki tərəf də dost olmaq istəmişik. Amma gəlin danışaq ki, bu, daha pozulmasın, biz dost olaq, axıra qədər dost olaq. Mən dost olmaq istəyirəm.


Xatirimdədir, mən jurnalistlərlə görüşəndə dedim ki, çağırın, kim istəyir gəlsin. Siyahıda müxalifət qəzetlərinin jurnalistləri var idi. Bəziləri gəlmişdilər, amma bəziləri gəlməmişdilər. Mən düşünürəm, niyə, nə üçün? Ola bilər, sənin məndən xoşun gəlmir. Bəlkə mənim səndən dünəndən xoşum gəlmir. Ancaq bir halda ki, danışmağa, görüşməyə, fikir mübadiləsi aparmağa, açıq söz deməyə imkan var, bu imkandan nə üçün istifadə etməyək? Məhz həmin görüşdə belə bir imkan var idi. Oraya dəvət olunmuş hər bir adam, fəqri yoxdur, hansı partiyaya mənsubdur, hansı siyasi baxışlara mənsubdur, iqtidara müxalifdir, yaxud lap kəskin müxalifətdədir, yaxud da qatı müxalifətdədir - bizdə belələri var - bunun nə əhəmiyyəti var, gəlin, oturaq, danışaq, söhbət edək. Sən də öz fikirini de, mən də öz fikrimi deyim.


Biz bir xalqıq, bir xalqın övladlarıyıq. Bir millətik, bir millətin insanlarıyıq və bu cəmiyyətdə bir yerdə yaşayırıq. Heç bir yerə də getməyəcəyik, mən buradan çıxıb bir yerə getməyəcəyəm, sən də getməyəcəksən, niyə də gedək! Biz bir yerdə, bir Vətəndə, bir torpaqda, bir cəmiyyətdəyik. Bir cəmiyyətdə olduğumuz halda gərək, biz danışaq, fikir mübadiləsi aparaq, bir-birimizi anlamağa çalışaq.


Bəzən jurnalist haradasa hansısa faktı eşidir, oturub yazır və bir az da ona öz fikirlərini əlavə edir. Amma bu faktı araşdıranda, müəyyən adamlarla görüşəndə aydın olur ki, məsələ belə deyil, başqa cürdür. Ona görə də mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm.


Mən bir dəfə söylədim ki, keçmişdə, Sovet hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının liderləri içərisində başqalarına nisbətən mətbuatla ən yaxın olan adam mən olmuşam. Ən dost olan adam mən olmuşam. Bu, mənim xarakterimdədir, xasiyyətimdədir. Mən həmişə mətbuatla maraqlanmışam, qəzet-jurnalları oxumuşam, radio-televiziyada verilən məlumatlara həmişə diqqətlə yanaşmışam. Ona görə də jurnalistika sənəti mənə çox yaxın olubdur.


Jurnalistika çətin sənətdir. Bunu etiraf etmək lazımdır, asan sənət deyildir. Başqa bir yerdə, başqa bir peşə sahibi gəlib öz işində oturub işləyir, müəyyən saat qurtarandan sonra evinə gedir. Elmlə məşğul olur, ya istehsalatda işləyir, yaxud ticarətdə işləyir, yaxud da biznesdə işləyir, fərqi yoxdur. Amma jurnalistin iş yeri yoxdur. Qəzetin redaksiyası da jurnalistin iş yeri deyildir. Çünki o, redaksiyada otursa, elə ancaq yuxarıya baxsa, bir şey yaza bilməyəcək, fəaliyyət də göstərə bilməyəcək. Demək, jurnalist gərək, daim cəmiyyətlə əlaqədə olsun, insanlarla əlaqədə olsun, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqədə olsun və müxtəlif yerlərlə təmasda olsun ki, istədiyi məlumatları ala bilsin və onların əsasında işlədiyi sahədə öz məqalələrini, öz əsərlərini yaza bilsin. Bu, asan iş deyildir. Mən bunu bilirəm və öz fikrimi başqalarına da bildirmək istəyirəm. Ona görə də gərək biz jurnalistlərə kömək edək.


Belə bir vəziyyətdə olan jurnalistlər bəzən ədalətsizliklə rastlaşırlar, bəzən kobudluqla rastlaşırlar, başqa hallarla, xoşagəlməyən hallarla rastlaşırlar. Bu heysiyyətlərinə toxunduğuna görə onları incidir və etiraz əlaməti olaraq müxtəlif məqalələr yazırlar və səhvlər də buraxırlar. Ona görə əgər jurnalistlər cəmiyyətlə daha yaxın olsalar, cəmiyyətdə də jurnalistləri sevsələr, onlara hörmət etsələr, onların işlərinin, fəaliyyətlərinin həyata keçirilməsinə yardım etsələr, bunda cəmiyyət də udacaqdır, jurnalistlər də.


Biz həmişə arzu edirik ki, jurnalistlər obyektiv olsunlar. Mən düşünmürəm ki, jurnalistlər qəsdən qeyri-obyektivliyə yol verirlər. Ancaq onların sənəti belədir, gərək elə bir şey yazsınlar ki, oxucular üçün maraqlı olsun. Kəskin, sensasiyalı yazılar olmasa, oxucular üçün maraqlı olmur, qəzetlər alınmır və sairə və sairə. Siz bunları məndən yaxşı bilirsiniz. Mən bu barədə fikrimi genişləndirmək istəmirəm. Biz bunları nəzərə almalıyıq. Amma jurnalistlər də hücum obyektləri ki var, yaxud kəskin tənqid edirlər, gərək onların vəziyyətini nəzərə alsınlar. Əgər hər iki tərəf bir-birini nəzərə ala bilsə, hesab edirəm ki, bizim cəmiyyətdə jurnalistlərlə bütün insanların dostluğu təmin olunacaqdır.


Hər halda, mən sizi bir daha əmin etmək istəyirəm ki, bugünkü mükafatı yüksək qiymətləndirirəm və calışacağam ki, həmişə jurnalistlərin dostu olam. Bundan sonra da jurnalistlərə əlimdən gələn yardımı edəcəyəm. Jurnalistlərə də öz arzularımı, öz istəklərimi bildirdim. Mən bir daha sizə təşəkkür edirəm. Bütün Azərbaycan jurnalistlərinə cansağlığı, işlərində yeni-yeni uğurlar arzu edirəm. Sağ olun.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov Prezidentin tapşırıqlarının icrası ilə bağlı müşavirə keçirdi 17 Yanvar 2020, 17:55 Goranboyun Sarov kəndində səyyar qəbul keçirildi 17 Yanvar 2020, 17:50 Kreativ Azərbaycan” portalı – yaradıcı şəxslər üçün kreativ kontent, fürsətlər və yeniliklər 17 Yanvar 2020, 17:44 Azercell-in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atdı  17 Yanvar 2020, 17:38 Mərkəzi Bankda yeni TƏYİNATLAR 17 Yanvar 2020, 17:32 İstirahət günlərində səyahətə çıxanlara XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq! 17 Yanvar 2020, 17:26 Moskvadan VACİB MESAJ: “Qarabağ danışıqlarında irəliləyişə nail olunmayıb” 17 Yanvar 2020, 17:20 “Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir” - Qüdrət Həsənquliyev 17 Yanvar 2020, 17:17 Prezidentdən Cənnət Səlimova ilə bağlı SƏRƏNCAM 17 Yanvar 2020, 17:15 İqbal Məmmədov Qosmalian və Kələxan kəndlərində seçicilərlə görüşüb - FOTOLAR 17 Yanvar 2020, 17:10 Liviya Qoşunlarının komandanı Putinə məktub yazdı 17 Yanvar 2020, 17:05 100 yaşlı şair öz yubileyinə qatıldı - “Bu yaşıma baxmayaraq idman edirəm” 17 Yanvar 2020, 16:58 Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   17 Yanvar 2020, 16:55 Bakı polisində yeni rəis TƏYİNATI 17 Yanvar 2020, 16:48 Dünya lideriləri Liviya üçün Berlinə TOPLAŞIR 17 Yanvar 2020, 16:43 “Hələ də uşağın başqasından olduğunu zənn edənlər var” - ginekoloq 17 Yanvar 2020, 16:38 Beynəlxalq müşahidəçilərin sayı artır 17 Yanvar 2020, 16:32 Nazir Kamran Əliyevi əvvəlki işinə qaytardı - Rüfət Quliyevə isə yüksək vəzifə verildi 17 Yanvar 2020, 16:26 ELDAR QULİYEV – MƏNİM MİLLƏT VƏKİLİM 17 Yanvar 2020, 16:20 UNEC-də 20 Yanvar şəhidləri anıldı 17 Yanvar 2020, 16:14 Yol polisi Qubada gücləndirilmiş rejimdə çalışır 17 Yanvar 2020, 16:07 Çingiz Qənizadə görüşlərini davam etdirir - Fotolar 17 Yanvar 2020, 16:03 Məktəbi daha tez bitirmək istəyən 16 şagird imtahan verdi 17 Yanvar 2020, 16:02 BMU-da 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub 17 Yanvar 2020, 15:56 Rövzət Qasımovdan deputatlığa namizədlərə MÜRACİƏT 17 Yanvar 2020, 15:50 Hansı kafe-restoranlarda yemək yeyək? - Diqqətli olun! 17 Yanvar 2020, 15:45 “Nar” 4,5 G baza stansiyalarının sayını 60% artırıb 17 Yanvar 2020, 15:38 Ermənistanda daha bir eks-nazir müəmmalı şəkildə ÖLDÜ 17 Yanvar 2020, 15:32 MSK DSK-nın qərarını ləğv edib 17 Yanvar 2020, 15:26 İdarə rəisi: “Bakıda 57 cinayətkar qrup ifşa olunub” 17 Yanvar 2020, 15:20 Ceyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Fotolar 17 Yanvar 2020, 15:13 Yeni və sabiq baş nazirlər təkbətək görüş keçirdilər 17 Yanvar 2020, 15:07 Ülvi Quliyev təbliğat və təşviqat kampaniyasına start verdi - FOTOLAR 17 Yanvar 2020, 15:04 Lənkəranın Osakücə kəndində səyyar qəbul keçirilib - FOTO 17 Yanvar 2020, 15:01 Məzahir Pənahovdan deputatlığa namizədlərə ÇAĞIRIŞ 17 Yanvar 2020, 14:56
SORĞU Yeni parlamentdə kimlər olsun?