Modern.az

Əli Hüseynli: Vəziyyətə uyğun olaraq yeni qərarların qəbulu istisna olunmur - MÜSAHİBƏ

Əli Hüseynli: Vəziyyətə uyğun olaraq yeni qərarların qəbulu istisna olunmur - MÜSAHİBƏ

21 Mart 2020, 16:08

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli ölkədəki ictimai-siyasi durum, yeni seçilmiş parlamentin ölkə həyatındakı rolu və vəzifələri barədə Modern.az-a qısa müsahibə verib.

 

- Hörmətli Əli müəllim, bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə xalqa müraciətində bir sıra məqamlara toxunub. O cümlədən yeni parlamentin formalaşmasını və VI çağırış Milli Məclisin ilk iclasındakı fikirlərini xatırladıb. Bu barədə nə deyə bilərsiniz?

- Həqiqətən də möhtərəm cənab Prezident Parlamentin ilk iclaslında qarşımızda duran vəzifələrlə bağlı tövsiyələrini verdi və həmçinin ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin yeni konsepsiyasını açıqladı. Həm Parlament rəhbərliyində, həm də Komitə sədrlərinin müavini səviyyəsində parlament müxalifətinin təmsil olunması yeni siyasi mədəniyyətin göstəricisidir və cənab Prezidentin də müraciətində söylədiyi kimi – bu siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasıdır. Bununla yanaşı, artıq bir müddətdir ki, Prezident Administrasiyasında yaradılmış müvafiq şöbə həm Parlamentdə təmsil olunan, həm də digər siyasi partiyalara dialoq təklif edib. Bu gün mətbuatdan aldığımız məlumatlara əsasən deyə bilərik ki, siyasi baxışlarından asılı olmayaraq müstəqil dövlətçilik və xalqa xidmət təfəkküründə olan əksər siyasi qüvvələr bu təşəbbüsü müsbət dəyərləndirirlər. Ancaq marginallaşmış və ictimaiyyət arasında olan-qalan nüfuzunu da itirmiş bir qruplaşma məntiqsiz iddialarla bu görüşlərə qatılmayıb. Əlbəttə ki, keçən ilin 19 oktyabr mitinqindən sonra bu radikal müxalifətin düşdüyü rəzil duruma hamı şahid olub. Buna baxmayaraq, iqtidar rəsmiləri siyasi mədəniyyət nümayiş etdirərək onlara əl uzadaraq, normal siyasi ünsiyyət təklif etmişlər. Sözsüz ki, bu təklifdən imtina onların əsl məqsədlərindən xəbər verir. Ölkə Prezidenti özünün Novruz bayramı münasibətilə bağlı xalqa müraciətində bu qüvvələrin niyyətini bir daha ifşa edib. Ölkə Prezidentinin sözlərinə görə - onların çıxışları xalqa nifrətlə doludur, təxribatlar törətmək, ölkədə panika və ixtişaşlar olmasını istəyirlər. Sözsüz ki, belə olacağı təqdirdə yeni siyasi konfiqurasiyada xaricdən idarə olunan satqın və xəyanətkar ünsürlərə yer olmayacaq. Bu yaxınlarda Azərbaycan ictimaiyyəti beşinci kolonun nümayəndələrindən birinin azadlıqdan məhrumetmə müəssisəsindən çıxdıqdan sonra hansı təmtəraqla öz havadarları tərəfindən xarici ölkəyə yola salındığını müşahidə etdi.

 

 -Cənab Prezident müraciətində koronovirusla bağlı fövqəladə vəziyyətin də elan olunmasını istisna etmədi. Belə olacağı təqdirdə Parlamentin rolu nədən ibarətdir?

- Bilirsiniz ki, dünyanın bir sıra ölkələrində bu rejim artıq tətbiq olunub. Azərbaycanın yerləşdiyi coğrafi mövqeyi nəzərə alsaq, fövqəladə vəziyyətin bizdə də elan olunması ehtimalı tam anlaşılandır. Qeyd edim ki, belə bir fikir koronovirusla bağlı Parlamentin Komitə dinləmələrində də bir neçə deputat tərəfindən də səsləndirilib. Zənnimcə, koronavirusa qarşı mübarizədə hüquqi rejim vəziyyətin dəyərləndirilməsinə uyğun olaraq adekvat həyata keçirilir. Məhz buna görə də ilkin mərhələdə biz bir neçə qanunlara dəyişiklik etməklə məsuliyyəti ciddiləşdirən qanunlar qəbul etdik. Vəziyyətə uyğun olaraq yeni qərarların qəbulu isə istisna olunmur. O ki, qaldı fövqəladə vəziyyətlə bağlı ehtimala bu məsələ qanunvericilikdə tam əksini tapıb. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə uyğun olaraq Prezident ayrı-ayrı yerlərdə fövqəladə vəziyyət tətbiq edilməsi barədə fərman verə bilər və bu fərman 24 saat müddətində Milli Məclisin təsdiqinə təqdim olunur. Belə olduğu halda, “Fövqəladə vəziyyət haqqında qanun”un 5-ci maddəsinə görə Milli Məclisin deputatları dərhal iclasa gəlməli, fərman qəbul edildiyi andan etibarən 48 saat ərzində onun təsdiqi məsələsinə növbədənkənar baxıb, müvafiq qərar qəbul etməlidirlər. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi aktın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı Milli Məclis deputatlarının 63 səs çoxluğu ilə qəbul edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?