Modern.az

“İnsanlar başa düşmür ki, artım olarsa, böyük faciə yaşanacaq” - Karantin xəstəxanasının həkimi ilə MÜSAHİBƏ

“İnsanlar başa düşmür ki, artım olarsa, böyük faciə yaşanacaq” - Karantin xəstəxanasının həkimi ilə MÜSAHİBƏ

2 Aprel 2020, 16:55

Modern.az “Koronavirus məsləhəti” rubrikasına start verir. Rubrikada ilk müsahibimiz hazırda karantin rejimində fəalliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyevdir.  O, xəstəxanadkı vəziyyət və koronavirusla bağlı ümumi durum haqqında fikirlərini bölüşüb, insanlara koronavirusla bağlı məsləhətlərini ifadə edib. Həkimlə müsahibəni təqdim edirik.

 

- Bir həkim kimi mövcud durumu necə qiymətləndirirsiniz?

- İnsanlar çox diqqətli olmalıdırlar. Paytaxtda metronun bağlanması çox yaxşı addım idi. Lakin indi isə insanlar avtobuslara doluşub, işə bununla gedib-gəlirlər. Səhər saatlarında avrobuslar çox basabas olur. Bir avtobusda bəzən 40-50 insan görürük. Bu məsələyə də əl gəzdirmək lazımdır. İctimai nəqliyyat tamamilə dayandırılıb, həyati vacib işlərlə məşğul insanlar üçün müəssisələrə məxsus xüsusi avtobuslar ayrılmalıdır. İnsan maska da, əlcək də geyinsə, bayıra çıxdıqda yoluxma ehtimalı var. Bu virus gözün selikli qişasına düşməklə də yoluxmaya səbəb ola bilər. Gözün selikli qişasına düşən virus mikrobları oradan buruna keçərək, inkişaf edir və aşağı tənəffüs yollarına çatır.

Hazırda hökumətin gördüyü tədbirlər, Nazirlər Kabineti yanında Operativ Qərargahın addımları sayəsində koronavirusa yoluxmada kütləvi artım yoxdur. Amma insanlar başa düşmür ki, artım olarsa, böyük faciə yaşanacaq. Yüz minlərlə insan yoluxarsa, nə həkim, nə də dərman çatdırmaq olacaq. Bu gün qadağalara riayət etməyən insanlar peşmançılıq keçirdikdə gec olacaq.

Qadağaları, tövsiyələri anlamayan insanlar üçün ciddi tədbirlər görülməlidir. Hər şeyi anlayan özünü qorumağa çalışan insanları laqeyd adamların güdazına vermək qətiyyən olmaz. Dünyada koronavirusa yoluxma statistikası 1 milyona çatmaq üzrədir. Ola bilər, çox insan yüngül keçirsin, amma biz bilmirik ki, kim yüngül, kim ağır keçirəcək. Bütün faciələrin qarşısını almaq üçün özünü qorumaq lazımdır.


- Koronavirusun simptomları hər xəstədə fərqli şəkildə özünü göstərdiyindən, müalicə metodları da individual olur. Həkimlər bu müalicə üsullarını necə təyin edirlər?

- Bu xəstəlik əlamət göstərənə qədər insanda gizli şəkildə viruslar inkişaf etməyə başlayır. Ola bilər, təxminən 2 həftə ərzində koronavirus heç bir şikayət verməsin. Adam özünü xəstə hesab etmir, amma yoluxdurucudur. Konkret olaraq, insan yoluxub, başqalarını da yoluxdurur, amma nə özü, nə də ətrafı bunu bilmir. Karantin rejiminə əməl etməyəndə, məsələn yoluxmuş insan 40-50 nəfər olan avtobusa minib. O, ən azı 15-20 nəfəri yoluxdura bilər. Siz nəzərə alın ki, həmin insanlar da öz ailə üzvlərini, təmasda olduqları insanları yoluxduracaqlar. Bu zaman yayılmanın qarşısını almaq mümkün olmayacaq.

Ona görə, heç kim arxayın olmasın  ki, onda virus yoxdur.


- Özündə narahatlıq hiss edən insan hansı addımları atmalıdır?


- Baş-boğaz ağrısı, burun axması, burun-boğazın qıcıqlanması, öskürək, hərarət, iştahsızlıq, əzələ ağrıları, halsızlıq və s. kimi simptomları özündə hiss edənlər qəti şəkildə poliklinikalara, xəstəxanalara getməməlidirlər. Hazırda tibb işçilərindən də koronavirusa yoluxanlar var. Çünki özündə narahatlıq hiss edən insanlar poliklinikaya getdikdə həkimi, tibb bacısını da yoluxdururlar. Bu simptomları özündə hiss edən insan qətiyyən evdən çıxmamalı, təcili tibbi yardıma müraciət edərək, narahatlığını deməlidir. Xüsusi ayrılmış briqadalar xəstənin evinə göndərilir, xəstədən test götürülüb, onun cavabına uyğun müalicə yazırlar.


- Karantin olmayan sıravi xəstəxanalarda çalışan tibb personalı virusdan qorunmaq üçün hansı tədbirlər görürlər?


- Həkimlər xəstə qəbul etmək üçün xəstəxanada oturublar. Əlcək, maska geyinirlər. Amma dediyimiz kimi bu yüzdə yüz qoruya bilmir. Xəstə ilə təmas zamanı göz vasitəsilə, yaxud virus bulaşan digər səthlərə toxunmaqla və s. şəkildə bu virus yayıla bilir. Gözün tamam bağlanması karantin rejimindəki xəstəxanalarda və təcili tibbi yardımın həkim briqadalarında həyata keçirilir.


- Siz özünüz də karantin xəstəxanasındasınız. Oradakı ümumi durum barədə məlumat verməyinizi istəyərdik.


- Bizim həkimlər, tibb bacıları, tibb işçiləri tamamilə qoruyucu vasitələrlə təmin olunublar. Daxil olan xəstələrin xəstəliyi yüngül keçirməsi, sağalması üçün bütün müvafiq dərmanlar verilir. Yoluxmuş insanların müalicəsi üçün bütün önəmli addımlar atılır. Əsas məsələ yoluxmanı azaltmaq lazımdır. Azərbaycanda təxmini rəqəmlərlə götürsək, 35 min həkim, 50 min tibb bacısı var. Bu personal milyonlarla yoluxmuş insana qulluq üçün kifayət etməyəcək. Dünyadan yayılan görüntülərdə müşahidə edirik. İranda, İtaliyada və s. ölkələrdə artıq xəstələr üçün çarpayılar belə tapılmır. Pilləkənlərdə, xəstəxanaların dəhlizlərində insanlar köməksiz gözləyirlər. Biz bu vəziyyətin yaşanmaması üçün vaxtında ayılmalıyıq. Özümüzü, yaxınlarımızı qorumalıyıq ki, yoluxma sayı artmasın.


- Müqayisə aparsaq, Azərbaycanda və xaricdə mövcud vəziyyət necədir?


- Bu gün Azərbaycanda yoluxma kütləvi xarakter almayıb. Hər gün yoluxma halı müəyyən olunur, amma ağır vəziyyət yoxdur. Lakin qətiyyən bu durumdan arxayınlaşmaq olmaz. Operativ Qərargahın tövsiyyələrinə, qadağalarına ciddi şəkildə əməl edilməlidir.


- Koronavirusun xəstəlik kimi qalıcı fəsadlarından biri də psixoloji təsirlərdir. Bu psixoloji gərginliyi aradan qaldırmaq üçün insanlara məsləhətiniz varmı?

 

-Düzdür, cəmiyyətdə böyük psixoloji qorxu var. Bu, əslində obyektivdir. Çünki qorxunun olması insanları özünü qorumağa, virusdan mühafizə olunmağa vadar edir.

 
-Koronavirusa yoluxması təsdiqlənən, vəziyyəti stabil olan xəstələr həkimin yazdığı müalicəni evdə tətbiq edərək, sağala bilərmi? 


 -Dünyanın inkişaf etmiş ölkələrində, harada ki, insanlar həkimlərin tövsiyəsinə qulaq asırlar, koronavirus testi müsbət çıxdıqda evdə qalırlar. Onlar evdə izolyasiya edilir, həkimin yazdığı müalicəni axsatmadan tətbiq edirlər. Onların vəziyyəti ağırlaşdıqda xəstəxanaya yerləşdirilə bilərlər. Xəstəliyi yüngül keçirən şəxslər sağalırsa, test edilirlər. Testin cavabları mənfi çıxarsa, yenə də müalicə 1 sutka davam etdirilir. Növbəti test də mənfi çıxdıqda həmin şəxs sağalmış sayılır. Beləliklə, karantindən azad edilə bilərlər. Təəssüf ki, biz insanlarımızın buna əməl edəcəyindən, həkimlən bütün məsləhətlərini dinləyəcəyindən əmin deyilik.

 

 

 

- Karantin  rejimi hələlik Azərbaycanda aprel ayının 20-nə qədər müəyyən edilib. Ehtiyac olduğu halda uzadılacağı da bildirilir. Bir həkim kimi proqnozunuz necədir? Aprel ayının sonuna qədər dünyada vəziyyət sabitləşə bilərmi?


- Biz bu prosesə nikbin baxırıq, optimist düşünürük. Düşünürük ki, ayın sonuna vəziyyəti nəzarət altına almaq mümkün olacaq. Hazırda sərhədlər, gediş-gəliş bağlıdır və xaricdən bizə koronavirus gəlməsi mümkün deyil. İndi biz qarşıya qoyulan tələbləri həyata keçirib, ölkə daxilindəki yoluxmanın qarşısını alsaq, karantin rejimini uzatmağa da ehtiyac qalmayacaq. Yoluxmanın artması dayanarsa, xəstələri də müalicə edərik və virus aradan qalxar. Ona görə, biz bu qadağalara əməl etsək, karatin rejimi bitənə qədər koronavirusun yayılması dayanar.


- Belə inanc var ki, havaların istiləşməsi vəziyyətin sabitləşməsinə, hətta yay aylarında koronavirusun aradan qalxmasına gətirib, çıxaracaq. Bu həqiqəti əks etdirirmi?


- Təxmini 40 dərəcəlik hava şəraiti koronavirusun sabitləşməsinə səbəb olacaq. Alimlər müəyyən ediblər ki, təxmini 57 dərəcədə koronavirus tamamilə ölür. Bu dərəcədə günəş temperaturu mövcud olası deyil.


- Karantində müəlicə alan şəxslərdən xəstəxananın daxilində qadağalara tabe olmayanlar varmı?


- Karantində saxlananlara, xəstələrə ciddi nəzarət var. Həm polis əməkdaşları, həm də səhiyyə işçiləri insanlara ciddi nəzarət edirlər. Xəstəxanalarda müalicə, nəzarət prosesi ciddi təşkil olunub. Amma yenə də qeyd etdiyim kimi, xəstələrin özünü qoruması, yoluxmanın azalmasına çalışmağımız vacibdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır