Modern.az

Köçəryanla Karapetyan Paşinyana rəqib ola bilməz - Erməni baş redaktorla MÜSAHİBƏ

Köçəryanla Karapetyan Paşinyana rəqib ola bilməz - Erməni baş redaktorla MÜSAHİBƏ

Müsahibə

Bu gün, 09:37

Türkiyədə erməni icması tərəfindən nəşr olunan həftəlik “Agos” qəzetinin baş redaktoru Yetvart Danzikyan Modern.az saytına müsahibə verib. O, müsahibədə Türkiyə-Ermənistan münasibətləri, sərhədlərin açılması, Paşinyan hakimiyyəti, Azərbaycan-Ermənistan sülh prosesi və regiondakı dialoq imkanlarından danışıb.

Yetvart Danzikyan, yaşadığınız Türkiyə demokratik və dünyəvi bir ölkədir. Yəqin ki, bu fikirlə razısınız və Türkiyə vətəndaş olaraq bundan məmnunsuznuz.

- Biz Türkiyə Cümhuriyyətinin vətəndaşları olaraq bu torpaqlarda yaşayırıq. Bir erməni buradakı universitetdə müəllim və ya professor ola bilər. Bir neçə il əvvəl də erməni milliyyətindən olan şəxs "kaymakam" təyin edilib. Bununla yanaşı, ermənilər kilsələrində ibadətlərini edir, öz məktəblərində təhsil alır və ana dillərini öyrənirlər.

Təbii ki, gündəlik həyatda müəyyən problemlərlə də qarşılaşırlar.

 - “Agos” bu gün daha çox nəyə xidmət edir, biz zamanla bu media qurumunda bölücülük elementləri də görürük.

- “Agos”un əsas missiyası Türkiyədəki erməni toplumunun problemlərini çatdırmaqdır. İkinci məqsədimiz Türkiyə-Ermənistan münasibətlərinin qurulmasına töhfə verməkdir. Üçüncü məqsəd isə Türkiyə siyasətində ermənilərə qarşı olan sərt münasibətləri yumşaltmaqdır. Eyni zamanda, türk və erməni xalqları arasında dialoqun qurulmasını istəyirik. Bizim dörd əsas məqsədimiz bunlardır.

Türkiyədə ermənilərə qarşı heç zaman sərt siyasət müşahidə etməmişik. Əksinə, ermənilər ən yüksək postlardadırlar, ən imkanlı iş adamları sırasındadırlar. Türkiyə-Ermənistan münasibətlərində normallaşma prosesi gedir. Bu prosesdə qəzetiniz hansı rolu oynayır? Gərginliyi artırmağa, yoxsa dialoqu gücləndirməyə çalışmısınız? Bəzən xoşagəlməz ritorikalara da yer verirsiniz.

- Qəzetimizin qurucusu Hrant Dink hər zaman Türkiyə-Ermənistan sərhədinin açılmasını dəstəkləyib. Biz sərhədlərin açılmasını istəyirik. Əsas məqsədimiz türklərlə ermənilər arasında dialoqun, qarşılıqlı əlaqələrin inkişaf etməsidir. Hesab edirik ki, sərhədlər açılsa, bu münasibətlər daha da inkişaf edəcək. Bizim gərginlik yaratdığımızı deyənlər, yəqin ki, Türkiyə-Ermənistan sərhədinin açılmasını istəməyən radikal millətçi çevrələrdir. Ola bilsin, Azərbaycanda da sərhədlərin açılmasını istəməyən müəyyən millətçi qruplar belə ittihamlar səsləndirirlər. Amma fəaliyyətə başladığımız gündən bizim belə bir məqsədimiz olmayıb. Biz hər zaman dialoqun və sərhədlərin açılmasının tərəfdarı olmuşuq.

- Jurnalistika bir millətə mənsub olmaqdan əlavə fərqli peşəkar yanaşma tələb edir. Sizcə, qəzetiniz milli emosiyaları kənara qoyaraq, peşəkar jurnalistikanı qoruya bilibmi?

- Bunun cavabını oxucular verməlidir. Amma düşünürəm ki, 30 ildir həm Türkiyədə, həm də dünyada müəyyən hörmət qazanmışıqsa, deməli, peşəkar jurnalistikanı milli emosiyaların önündə tutmuşuq.

- Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasına Türkiyədə yaşayan bir erməni kimi necə baxırsınız?

- Əlbəttə ki, sərhədlərin açılmasını istəyirəm. Türkiyə ilə Yunanıstan arasında tarix boyu problemlər olub. Müharibələr, Kipr məsələsi və digər gərginliklər yaşanıb. Amma buna baxmayaraq, sərhədlər açıqdır. O zaman Türkiyə-Ermənistan sərhədi niyə bağlı qalmalıdır? Ölkələr arasında problemlər ola bilər, amma bu, sərhədlərin bağlı qalmasına əsas verməməlidir.

- Sizcə, sərhədlərin açılması regionu necə dəyişə bilər?

- Düşünürəm ki, sərhədlər açılsa, insanlar bir-birini daha yaxından tanıyacaq. Gediş-gəliş artacaq. İnsanlar tanış olduqca yaxınlaşırlar. Mən Türkiyə və Ermənistan xalqları arasında fundamental düşmənçilik olduğunu düşünmürəm. Əksinə, dialoq və təmas artdıqca, ön mühakimələr azalır. Bu həm də iqtisadi baxımdan faydalı olacaq. Türkiyə və Ermənistan arasında ticarət və qarşılıqlı əlaqələr genişlənəcək. Məsələn, artıq Ermənistandan Türkiyəyə göndərilən malların üzərində “Ermənistan”, Türkiyədən Ermənistana daşınacaq malların üzərində isə “Türkiyə” yazılacaq. Bunlar müsbət addımlardır.

- Bu yaxınlarda İrəvanda Türkiyə bayrağı yandırıldı. Türkiyədə yaşayan ermənilər buna necə münasibət göstərdi?

- Biz heç vaxt heç bir ölkənin bayrağının yandırılmasını düzgün hesab etmirik. Belə addımları təqdir etmirik. Ermənistanın Baş naziri Nikol Paşinyan da həmin hadisəni pislədi. Türkiyədəki ermənilər arasında da bayrağın yandırılmasına dəstək verən olmayıb.

- Azərbaycan-Ermənistan sülh prosesini necə qiymətləndirirsiniz?

- Sülh hər zaman yaxşıdır. Vaşinqtonda sülh sazişi paraflanmışdı. Ermənistan sənədi imzalamağa hazır olduğunu bildirir. Azərbaycan isə Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyir. Ermənistan tərəfi isə bildirir ki, Konstitusiyada Azərbaycana qarşı ərazi iddiası yoxdur və beynəlxalq müqavilələr Konstitusiyadan üstündür. Məncə, artıq sülh sazişinin imzalanması regionun xeyrinə olar.

- Siz Ermənistan Konstitusiyası ilə tanışsınızmı? Yaxından tanış olsaydınız hər halda ərazi iddiası yoxdu deməzdiniz. Ermənistan mediasında Azərbaycan cəmiyyəti və dövləti barədə stereotiplər hələ də qalırmı?

- Sərhədlər açıldıqdan və sülh müqaviləsi imzalandıqdan sonra bu stereotiplər də zamanla azalacaq. Bu gün Paşinyan hökuməti Qarabağ məsələsini gündəmindən çıxarıb. Metroda onunla mübahisə edən bir qadına cavab verir, seçki kampaniyasında Qarabağla bağlı ona qarşı yönləndirilən tənqidləri əsəblə qarşılayır. Düşünürəm ki, Ermənistan bu məsələdə əlindən gələni edir.

- Ermənistanda Paşinyana qarşı revanşist qüvvələrin yenidən hakimiyyətə gəlmək ehtimalı barədə nə düşünürsünüz?

- Mən Ermənistanda yaşamıram. Sadəcə mediada yayılan sorğulara əsasən danışa bilərəm. Hazırda Paşinyanın öndə olduğu görünür. Ən yaxın rəqibi Rusiyaya yaxın iş adamı Samvel Karapetyandır. Amma onun da reytinqi Paşinyana yaxın görünmür. Seçki günü nə olacağını isə heç kim dəqiq deyə bilməz. Amma Robert Köçəryanın və Samvel Karapetyanın seçilmə ehtimalı yüksək görünmür. Təkcə Ermənistanın yox, bütün regionun rifahı və sülhü naminə Paşinyanın qazanmasının daha yaxşı olacağını düşünürəm.

- Sizcə, jurnalistika “itirilmiş status-kvo”nun arxasınca getməlidir, yoxsa yeni regional reallığı izah etməlidir?

- Bu cür ritorikadan istifadə edənlərin özlərindən bu barədə soruşmaq lazımdır. Mən Ermənistanda yaşamıram və erməni mediasını sizin qədər yaxından izləmirəm. Mənim izlədiyim əsas bir-iki internet səhifəsi var. Ona görə də mənim onlar barədə nəsə deməyim düzgün olmaz. Çünki mən hökumətin siyasətinə baxıram. Hökumət də bu məsələnin artıq davam etdirilməməli olduğunu söyləyib. Bu ölkənin daxilində mübahisələrin olması normaldır. Qarabağda yaşayan ermənilər Ermənistana köçdülər. Bir ölkədə fərqli baxışların olması mümkündür. Qarabağdan Ermənistana gedən ermənilər Paşinyanı sərt sözlərlə tənqid edirlər. Bunlar Ermənistanın öz daxili işləridir. Bu barədə nəsə deyə bilmərəm.

Deyəsən Ermənistandakı seçki prosesini izləyirsiniz...

- Mediada görünən qədər prosesləri izləyirik.

- Türkiyədəki ermənilər əsasən hansı namizədi dəstəkləyirlər?

- Türkiyədə ümumilikdə 50 min erməni yaşayır. Bunların bir qismi yaşlı, bir qismi də uşaqdır. Bunları çıxanda 20-30 min nəfər qalır. Onlardan bir qismi siyasətlə maraqlanır, digərləri isə yox. Siyasətlə maraqlananların bir qismi Ermənistana yönəlib, digəri isə Türkiyəyə. Bunları da çıxanda geriyə çox az adam qalır. Onlardan neçə nəfərinin Ermənistan siyasətini yaxından izlədiyini bilə bilmərəm. Mən dəqiq bir şey deyə bilmərəm. Amma Paşinyanın Türkiyəyə gəlməsi, sərhədlərin açılma ehtimalı təbii ki, ona ümumi baxımdan simpatiya qazandırıb.

- Azərbaycan və erməni jurnalistləri arasında peşəkar təmasların artması region üçün faydalı ola bilərmi?

- Əlbəttə. Keçən ay Azərbaycandan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getmişdi. Demək ki, belə görüşlər ola bilir. Azərbaycanla Ermənistan vətəndaş cəmiyyətləri arasında dialoq həmişə olub. Jurnalistlər arasında da dialoqların olacağını düşünürəm. Dialoq da hər zaman faydalıdır. Jurnalistlər arasında da belə təmasların artması yalnız müsbət nəticə verə bilər.

- Ermənistan cəmiyyətində Azərbaycanla bağlı informasiya boşluğu varmı? Məsələn, Azərbaycan mediasını izləyənlər çoxdurmu?

- Mən Ermənistanda obyektiv, dəlillərlə xəbər verən, qarşı tərəfin fikirlərinə də yer verilən media quruluşlarını izləyirəm. Mən açıq deyim, Azərbaycanla bağlı “BBC Azərbaycanca”nı izləyirəm. Ondan başqa hansı media quruluşlarını izləyəcəyimi bilə bilmirəm.

Jurnalist obyektivliyindən danışdıq. Siz Azərbaycana, Qarabağa gəlməyi planlaşdırırsınız? Ən az Ermənistanın işğalı dövründə yerlə yeksan edilmiş evləri, qəbirləri görmək istərdinizmi?

- Bununla bağlı xüsusi planım yoxdur. Heç 2-3 ildir Ermənistana da getmirəm. Ümumiyyətlə, tez-tez Ermənistana gedib-gələn jurnalistlər deyilik. Getmək üçün bir səbəbin olmasına ehtiyac var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı