Sevinc Qarayeva: “Elə qadınlar var ki, illərlə ginekoloqa müraciət etmirlər”
“Gecikmiş müraciət uşaqlıq boynu xərçənginə qədər gətirib çıxara bilər”
Bakı Sağlamlıq Mərkəzinin həkimi, mama-ginekoloq Sevinc Qarayeva Modern.az saytına müsahibə verib, onu təqdim edirik:
- Sevinc xanım, ilk sualımız qadınların həkimə müraciəti ilə bağlıdır. Qadınların ginekoloqa müraciət mədəniyyətini necə qiymətləndirirsiniz? Sizcə, onlar vaxtında həkimə müraciət edirlərmi?
- Təəssüf ki, qadınlarımızın əksəriyyəti vaxtında ginekoloqa müraciət etmir. Halbuki qadınlar ən azı 6 aydan bir müayinədən keçməlidirlər. Bəzi xanımlar düşünür ki, klimaks dövrünə daxil olduqdan və ya doğuşdan sonra artıq ginekoloqa getməyə ehtiyac yoxdur. Amma bu, düzgün yanaşma deyil. Müntəzəm müayinələr xüsusilə uşaqlıq boynu xəstəliklərinin və xərçəng riskinin erkən aşkarlanması baxımından vacibdir. Təəssüf ki, elə qadınlarımız var ki, illərlə ginekoloqa müraciət etmirlər.
- Daha çox hansı yaş qrupundan olan qadınların ginekoloqa müraciəti müşahidə olunur?
- Burada konkret yaş faktoru deməzdim. Xanımlar əsasən sonsuzluq, hormonal pozuntular, uşaqlıq qanaxmaları kimi problemlər olduqda müraciət edirlər. Son dövrlər 14-15 yaşlı qızlarda menstruasiya pozuntuları və tez-tez qanaxmalarla daha çox rastlaşırıq. Bunu əsasən düzgün qidalanmama, stress və dərs yükü ilə əlaqələndirə bilərik. Əfsuslar olsun ki, qadınlarımız daha çox problem yarandıqdan sonra həkimə üz tuturlar.
- Ginekoloqa müraciət edən pasiyentlərdə ən çox hansı şikayətlər qeydə alınır?
- Ən çox şikayətlər uşaqlıq qanaxmaları, menstruasiya gecikmələri və sonsuzluq halları ilə bağlıdır.
- Regionlarla müqayisədə Bakıda ginekoloji problemlərlə müraciət edənlərin sayında fərq varmı?
- Əlbəttə, fərq var. Rayonlarda yaşayan bəzi qadınlar maddi və ya digər səbəblərdən vaxtında həkimə müraciət edə bilmirlər. Bakıda isə imkanlar daha genişdir, qadınlar istədikləri vaxt müayinəyə gələ bilirlər. Biz də çalışırıq ki, bölgələrdə yaşayan qadınlarla daha sıx əlaqədə olaq.
- Erkən nikahların qadın orqanizminə təsiri ilə bağlı hansı risklər mövcuddur?
- Mən deyərdim ki, erkən nikahların ciddi riskləri var. Qızların ən azı 19 yaşdan sonra ailə qurması daha məqsədəuyğundur. Hazırda 16-17 yaşında ailə həyatı quran qızlarımız var. Onlar məktəbi, təhsillərini yarımçıq qoyurlar. Belə pasiyentlərlə daha çox bölgələrdə rastlaşırıq. Mən həmişə tövsiyə edirəm ki, qızlarımız əvvəlcə təhsil alsın, peşə sahibi olsunlar.
- Təcrübənizdə erkən nikah nəticəsində sağlamlıq problemi yaşayan pasiyentlər olubmu?
- Açığı, çox ağır hallarla rastlaşmamışam. Amma erkən yaşda hamilə qalan qadınlarda preeklampsiya, yəni arterial təzyiqin yüksəlməsi riski daha çox olur. Bəzən ananın vəziyyətinə görə körpəni vaxtından əvvəl götürməyə məcbur qalırıq.
- Azərbaycanda erkən nikahlara daha çox hansı regionlarda rast gəlinir?
- Daha çox cənub bölgəsində - Lənkəran, Lerik rayonlarında belə hallarla qarşılaşırıq. Eləcə də Şamaxı və Şəki rayonlarından da müraciətlər olur. Bəzən yaşı çatmayan hamilə qızlarla bağlı müraciətlər edilir. Tibbi göstəriş olduqda həm qeysəriyyə, həm də təbii doğuş həyata keçirilir. Əgər qeysəriyyəyə ehtiyac yoxdursa, təbii doğuşa üstünlük veririk.
- Tibbi baxımdan qadının ana olmaq üçün ən uyğun yaşı hansı hesab olunur?
- Ən uyğun yaş 19-20 yaşdan sonrakı dövrdür.
- Təbii doğuş və qeysəriyyə əməliyyatı arasında risklər baxımından hansı fərqlər var?
- Əgər qadının sağlamlıq vəziyyəti normaldırsa, dar çanaq və ya dölün oksigen çatışmazlığı kimi problemlər yoxdursa, təbii doğuşa üstünlük veririk. Qeysəriyyə əməliyyatı isə əsasən preeklampsiya, eklampsiya, yüksək arterial təzyiq, dar çanaq, dölün hipoksiyası və digər tibbi göstərişlər olduqda aparılır.
- Ana və uşaq ölümləri daha çox hansı doğuş növündə müşahidə olunur? Son illərdə vəziyyət necədir?
- Son illər doğuşla bağlı riskli hallar artıb. Bunun əsas səbəblərindən biri yanaşı xəstəliklərdir. Şəkərli diabet, qan laxtalanma problemləri, doğuşdan sonrakı qanaxmalar və xüsusilə gec müraciət olunan preeklampsiya halları ciddi risk yaradır. Bəzi qadınlar ayaqlarda şişkinliyi önəmsiz hesab edib gec müraciət edirlər. Halbuki vaxtında diaqnoz və düzgün müalicə ilə bir çox ağırlaşmaların qarşısını almaq mümkündür. Heç bir həkim ana ölümü ilə qarşılaşmaq istəməz.
- İlk doğuşdan sonra ikinci hamiləlik üçün nə qədər fasilə tövsiyə olunur?
- Əgər təbii doğuş olubsa, ən azı 6-12 ay fasilə verilməsi məsləhətdir. Qeysəriyyə əməliyyatı keçirən qadınlarda isə 18-24 ay sonra hamilə qalmaq daha məqsədəuyğundur. Amma hazırda bəzi qadınlar qeysəriyyədən qısa müddət sonra yenidən hamilə qalmaq istəyirlər. Belə hallarda pasiyentləri daha tez-tez yoxlanışa, nəzarətə çağırırıq. Çoxsaylı qeysəriyyə əməliyyatı keçirən qadınlarda uşaqlıqda çapıq toxuması riski olduğuna görə hamiləlik xüsusi nəzarətdə saxlanılır və əksər hallarda 36-cı həftədə qeysəriyyə əməliyyatı icra olunur.
- Abortların qadın sağlamlığına qısa və uzunmüddətli təsirləri nələrdir?
- Abortların qadın sağlamlığına təsiri böyükdür. Tez-tez abort etdirən qadınlarda uşaqlıq əzələlərinin yığılması zəifləyə, gələcəkdə müxtəlif ağırlaşmalar yarana bilər. Bəzi hallarda qadınlar artıq iki övladı olduğu üçün üçüncü hamiləlikdə uşağın cinsiyyətinə görə seçim edirlər. Ultrasəs müayinəsində arzuolunmayan cinsiyyət müəyyənləşəndə aborta müraciət edirlər. Bu isə qadın sağlamlığı üçün çox zərərlidir. Xüsusilə böyük həftələrdə edilən abortlar ciddi fəsadlara səbəb ola bilər.
- Bəzən deyilir ki, soyuq daşın üzərində oturmaq və ya bədənin soyuqdəyməsi ginekoloji problemlərə səbəb olur. Bu fikirlər nə dərəcədə doğrudur?
- Mən bu fikirlə razı deyiləm. Soyuq daşın üzərində oturmağın birbaşa sonsuzluğa və ya ciddi ginekoloji problemə səbəb olduğunu demək düzgün deyil. Çöldə, ağır şəraitdə işləyən qadınlar var ki, sağlam övlad dünyaya gətirirlər və normal həyat tərzi keçirirlər. Ona görə “soyuq daşda oturdu, uşağı olmadı” kimi yanaşmalar tibbi baxımdan əsaslı deyil.
- Qadınlarda sıx rast gəlinən problemlərdən biri də uşaqlıq boynu xərçəngidir. Uşaqlıq boynu xərçəngi nə qədər yayılıb və ondan qorunmaq üçün hansı profilaktik tədbirlər vacibdir?
- Uşaqlıq boynu xərçəngi bizim ən həssas mövzularımızdan biridir. Bu xəstəlik daha çox çoxsaylı partnyoru olan qadınlarda müşahidə olunur. Doğuşdan sonra uşaqlıq boynunda travma, tikiş və ya zədələnmə olarsa, həmin nahiyədə infeksiya inkişaf edə və eroziya yarana bilər. Uşaqlıq boynu eroziyası vaxtında və düzgün müalicə olunmadıqda gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər. Mən həmişə vurğulayıram ki, qadınlar uşaqlıq boynu müayinəsini gecikdirməməlidirlər. Uşaqlıq boynundan yaxma götürülməli, infeksiyalar yoxlanılmalı, ehtiyac olduqda PAP-smear və kolposkopiya aparılmalıdır. Aybaşı olan qadınlarda bu müayinələrin adətin 7-8-ci günlərində aparılması daha məqsədəuyğundur. Çünki digər dövrlərdə ovulyasiya və ya infeksion proses nəticələri yanlış göstərə bilər. Əgər uşaqlıq boynunda eroziya varsa, onu dərhal yandırmaq düzgün yanaşma deyil. İlk növbədə konservativ müalicə aparılmalıdır. Çünki bəzi hallarda yandırılmadan sonra çapıq toxuması əmələ gəlir və bu da gələcəkdə əlavə problemlərə şərait yarada bilər. Uşaqlıq boynu xərçəngi ilə yanaşı, vulva xərçəngi də var. Bu barədə daha az danışılır. Xüsusilə klimaks dövründə estrogen hormonları azalan qadınlarda, şəkərli diabet və insulin dirənci olan pasiyentlərdə vulva nahiyəsində quruluq, qaşınma və atrofik dəyişikliklər yarana bilər. Bəzən bu hallar dəri xəstəliyi kimi qiymətləndirilir, amma gec mərhələdə vulva xərçəngi aşkarlanır. Ona görə belə şikayətlər zamanı qadınlar mütləq ginekoloqa müraciət etməlidirlər.
- Qadınlar ginekoloji müayinədən nə qədər müddətdə bir keçməlidirlər?
- Qadınlara ən azı 6 aydan bir ginekoloji müayinədən keçməyi tövsiyə edirəm. Klimaks dövründə olan qadınlar da yalnız ginekoloqa deyil, həm də mamoloqa müraciət etməli, süd vəzi müayinəsindən və lazım olduqda mamoqrafiyadan keçməlidirlər. Çünki qadın orqanizmində uşaqlıq və süd vəzi bir-biri ilə əlaqəlidir. Təəssüf ki, bəzi qadınlar “doğmuşam”, “klimaksdayam”, “artıq problem olmaz” deyərək müayinədən yayınırlar. Bu düzgün yanaşma deyil.
- Doğuşdan sonra qarın sallanması ilə bağlı aparılan əməliyyatlar gələcək hamiləliyə təsir edirmi?
- Bu əməliyyatlar gələcək hamiləliyə ciddi maneə yaratmır. Amma qeysəriyyə əməliyyatından dərhal sonra abdominoplastika etdirməyi məsləhət görmürəm. Hamiləlikdən sonra bədənin əvvəlki formasına qayıtması üçün vaxt lazımdır. Ən azı 6 ay gözləmək daha doğru olardı. Çünki hamiləlik dövründə maddələr mübadiləsi dəyişir, toxumalarda boşalma olur. Erkən müdaxilə edildikdə yaralarda infeksiyalaşma, tikişlərin açılması və digər ağırlaşmalar yarana bilər.
- Təbii doğuş və qeysəriyyə ilə bağlı cəmiyyətdə yayılan hansı yanlış təsəvvürlər var?
- Bəzən elə düşünürlər ki, həkimlər qeysəriyyəni işi tez bitirmək üçün seçirlər. Bu, da doğru yanaşma deyil. Əgər tibbi göstəriş varsa, qeysəriyyə əməliyyatı aparılır. Amma hər qadın üçün qeysəriyyə ən rahat yol deyil. Qeysəriyyədən sonra da ağırlaşmalar ola bilər: tikiş yerində problem, dəri altında hematoma, infeksiya və digər hallar. Son dövrlər qadınların bir qismi gələcəkdə uşaqlıq yolu sallanması, sidik saxlamazlıq və plastik əməliyyat ehtimalından çəkindikləri üçün qeysəriyyəyə üstünlük verirlər. Amma doğuş üsulu yalnız tibbi göstərişlərə əsasən seçilməlidir.
- Hamiləlikdən qorunma üçün ən etibarlı və təhlükəsiz üsullar hansılardır?
- Hamiləlikdən qorunmaq üçün ən çox tövsiyə etdiyimiz üsullardan biri uşaqlıqdaxili spiraldır. Əgər qadında uşaqlıqda anomaliya yoxdursa, adi uşaqlıqdaxili spiral daha məqsədəuyğundur. Bəzi hallarda qoldan qoyulan spirallardan da istifadə olunur. Amma bu üsul hər kəs üçün uyğun deyil. Çünki hormonal təsir nəticəsində bəzi qadınlarda uşaqlıq qanaxmaları, bəzilərində isə aybaşı gecikmələri yarana bilər. “Mirena” spiralı isə hər qadına qoyulmur. Bu daha çox adenomioz, endometrial hiperplaziya kimi göstərişlər olduqda, əsasən 30-35 yaşdan yuxarı qadınlarda istifadə edilir. Göstəriş yoxdursa, hamiləlikdən qorunmaq üçün adi uşaqlıqdaxili spiral daha uyğundur.
- Sonsuzluq genetik faktorlarla bağlı ola bilərmi? Əsas səbəbləri nələrdir?
- Sonsuzluğun səbəbləri çoxdur. Burada həm kişi, həm də qadın faktoru rol oynaya bilər. Kişi faktorunda spermanın zəifliyi və ya genetik problemlər müşahidə olunur. Qadın faktorunda isə yumurta rezervinin azalması, boruların bağlı olması, endometrioz, hormonal pozuntular və digər səbəblər ola bilər. Bəzən isə hər iki tərəfdə ciddi problem aşkarlanmır, buna səbəbi izah olunmayan sonsuzluq deyilir. Belə hallarda əvvəlcə stimulyasiya aparılır. Əgər 3 dəfə nəticə alınmırsa, süni mayalanma tövsiyə olunur. Qadınlarda 30 yaşdan sonra yumurta rezervi azalmağa başlayır. Amma həyat tərzi normal olan, maddələr mübadiləsi qaydasında gedən qadınlarda 35 yaşdan sonra da hamilə qalmaq mümkündür.
- Sonsuzluq daha çox hansı yaş qruplarında müşahidə olunur?
- Əvvəllər sonsuzluğa daha çox 30 yaşdan sonra rast gəlinirdisə, indi bu problem xeyli cavanlaşıb. Artıq 22 yaşında ailə quran, amma hamilə qala bilməyən qadınlar da müraciət edirlər. Polikistoz yumurtalıq sindromu olan pasiyentlərdə bəzən stimulyasiya nəticə vermir, laparoskopik müdaxilə edilir. Bu da effekt vermədikdə süni mayalanmaya müraciət olunur. Bəzi hallarda isə süni mayalanma alınmasa belə, qadın sonradan spontan hamilə qala bilir.
- Dar geyimlərin sonsuzluğa və ya digər ginekoloji problemlərə təsiri varmı?
- Birmənalı şəkildə deyə bilərəm ki, geyimlərin sonsuzluğa səbəb kimi heç bir təsiri yoxdur.
- Menstrual pozğunluqların əsas səbəbləri nələrdir və bu hal nə vaxt ciddi siqnal sayılır?
- Menstrual pozğunluqların bir çox səbəbi var. Normal aybaşı tsikli adətən 28-35 gün aralığında olur. Əgər tsikl bundan xeyli uzun çəkirsə, bu artıq araşdırılmalıdır. Polikistoz yumurtalıq sindromu, insulin dirənci, qalxanabənzər vəz xəstəlikləri, TSH yüksəkliyi, prolaktin artımı, böyrəküstü vəzi hormonları və kortizol səviyyəsi menstrual pozğunluqlara səbəb ola bilər. 36, 38, 40 gündən bir aybaşı olmaq normal sayılmır və belə hallarda mütləq həkimə müraciət edilməlidir.
- Vaginizm nədir və onun müalicəsi mümkündürmü? Tövsiyələriniz nədən ibarətdir?
- Vaginizm hazırda ölkəmizdə geniş yayılıb. Bu, daha çox psixoloji faktorlarla bağlı olur. Sosial şəbəkələrdə, ətraf mühitdə toy gecəsi ilə bağlı yanlış və qorxuducu fikirlər gənc qadınlarda narahatlıq yaradır. Vaginizmin müalicəsi mümkündür. Müalicədən sonra qadınlar hamilə də qala bilirlər. Amma vaginizm olan qadınlarda doğuş adətən qeysəriyyə göstərişi ilə aparılır. Bəzi pasiyentlər hətta ginekoloji müayinə zamanı venadaxili anesteziya istəyirlər. Belə hallarda ginekoloqla yanaşı, psixoloqa müraciət də vacib sayılır.
- Ev şəraitində tətbiq olunan “türkəçarə” üsulların qadın sağlamlığına hansı zərərləri ola bilər?
- “Türkəçarə” müalicələri düzgün yanaşma deyil. Qadında uşaqlıq boynu və ya digər ginekoloji şikayət varsa, ilk növbədə həkimə müraciət etməlidir. Müayinə və diaqnozdan sonra lazım olan müalicə təyin olunmalıdır. Bəzi prosedurlar qadın məsləhətxanasında və ya poliklinikada aparıla bilər. Amma ev şəraitində özbaşına tampon, məlhəm və ya digər vasitələrdən istifadə etmək ağırlaşmalara səbəb ola bilər.
- Bəzi dərman preparatlarının qəbulu zamanı hamilə qalmağın təhlükəli olduğu deyilir. Bu nə ilə bağlıdır?
- Əgər qadın terapevtik, kardioloji, endokrinoloji, uroloji və ya digər səbəblərlə dərman qəbul edirsə və hamilə qalmağı planlaşdırırsa, mütləq ginekoloqla məsləhətləşməlidir. Ginekoloq lazım gələrsə, həmin sahə üzrə həkimlə birlikdə qərar verməlidir. Çünki bəzi dərmanlar hamiləlik dövründə dölə mənfi təsir göstərə bilər.
- Qohum evlilikləri nəticəsində doğulan uşaqlarda hansı sağlamlıq riskləri artır?
- Qohum evlilikləri son dövrlər geniş yayılıb və bu cür ailələrdə qüsurlu doğulan uşaqlara rast gəlinir. Hamiləlik dövründə ikili, üçlü testlər, genetik müayinələr, amniosentez və NIPT kimi analizlər aparılsa da, bütün xəstəlikləri əvvəlcədən müəyyən etmək həmişə mümkün olmur. Bəzən uşaqlarda problemlər doğuşdan dərhal sonra deyil, 1-2 yaşdan sonra üzə çıxır. Talasemiya kimi genetik xəstəliklərdə isə süni mayalanma zamanı embrion genetik müayinədən keçirilə bilər. Sağlam embrion seçilərək anaya transfer olunur. Belə hallarda sağlam uşaq dünyaya gələ bilər və gələcəkdə bacı-qardaşı üçün donor olması da mümkündür.
- Bəzi hallarda qohum evliliklərindən doğulan uşaqlarda problem olmur. Bəs həmin uşaqların gələcək övladlarında problemlər yarana bilərmi?
- Bəli, mümkündür. Əgər genetik daşıyıcılıq varsa, problem iki-üç nəsildən sonra da üzə çıxa bilər. Bu, yalnız qohum evliliklərində deyil, qohum olmayan ailələrdə də baş verə bilər. Əgər qadın və ya kişinin genetikasında müəyyən faktor varsa, həmin risk növbəti nəsillərə keçə bilər.
- Estetik bədən şəkilləndirmə əməliyyatları keçirmiş qadınlar sonradan problemsiz hamilə qala bilərlərmi?
- Bəli, hamilə qala bilərlər. Bununla bağlı problem yoxdur.
- Müasir dövrdə qadınlarda rast gəlinən ginekoloji xəstəliklər arasında artım müşahidə olunurmu?
- Bəli, ginekoloji xəstəliklərdə artım müşahidə olunur. Hətta deyərdim ki, bu xəstəliklər digər problemlərlə müqayisədə daha çox gündəmə gəlir.
- Stress, həyat tərzi və qidalanmanın qadın reproduktiv sağlamlığına təsiri barədə nə deyə bilərsiniz?
- Qidalanma, stress və həyat tərzi qadın sağlamlığına ciddi təsir edir. Qadın vaxtında qidalanmalı, səhər, günorta və axşam yeməklərinə diqqət etməlidir. Stress, gərginlik, düzgün qidalanmamaq gələcəkdə hormonal pozuntulara, menstrual disfunksiyaya və sonsuzluğa səbəb ola bilər. İndi xanımlar fast-food, çipsi və digər zərərli qidalardan çox istifadə edirlər. Bu da piylənməyə, piylənmə isə polikistoz yumurtalıq sindromuna və hormonal pozuntulara gətirib çıxara bilər.
- Qadınların gecikmiş müraciəti hansı ağır fəsadlara səbəb ola bilər?
- Gecikmiş müraciət gələcəkdə uşaqlıq boynu və uşaqlıq cismi xərçəngi kimi ağır xəstəliklərə səbəb ola bilər. Qadın sonradan “kaş vaxtında həkimə müraciət edərdim” deməməlidir. Ona görə vaxtında müayinə, düzgün diaqnoz, ginekoloji və mamoloji nəzarət çox vacibdir.
- Ginekoloji xəstəliklərin erkən diaqnostikasında ən effektiv üsullar hansılardır?
- Ən effektiv üsullar ultrasəs müayinəsi, uşaqlıq boynundan götürülən yaxma, PAP-smear, kolposkopiya və ehtiyac olduqda digər laborator analizlərdir.
- Son illərdə HPV peyvəndi ilə bağlı maarifləndirmə artır. Bu peyvəndin əhəmiyyəti nədir?
- HPV peyvəndi ilə bağlı müraciətlər çoxalıb. Bəzi valideynlər qızlarına peyvənd vurdurmaq istəyirlər ki, gələcəkdə uşaqlıq boynu xərçəngi riski olmasın. Mənim yanaşmam odur ki, müayinəsiz qərar verilməməlidir. İlk növbədə həkim baxışı, lazım gəldikdə yaxma və kolposkopiya aparılmalıdır. Əgər ehtiyac varsa, peyvənd barədə qərar verilə bilər. Əsas odur ki, xanımlarımız müntəzəm müayinədən yayınmasınlar.
- Süni mayalanma prosedurlarına maraq artıb. Bu üsula daha çox hansı hallarda müraciət olunur?
- Süni mayalanmaya daha çox uzun müddət səbəbi bilinməyən sonsuzluq, uşaqlıqdan kənar hamiləlik, boruların bağlanması və ya keçiriciliyinin pozulması, kiçik çanaq orqanlarında keçirilmiş infeksiyalar, borularda hidrosalpinks, kişi faktoruna bağlı sperma zəifliyi və qadınlarda yumurta rezervinin aşağı olması zamanı müraciət olunur. Əgər qadında yumurta rezervi aşağıdırsa və stimulyasiyadan nəticə alınmırsa, bəzi əlavə müalicə üsullarından istifadə edilir. Məqsəd yumurtalıq fəaliyyətini yaxşılaşdırmaq və süni mayalanma şansını artırmaqdan ibarətdir.
- Son illər kişi ginekoloqların sayı artır. Sizcə, kişilərin ginekoloq işləməsi cəmiyyətdə necə qarşılanır?
- Mən buna həm həkim, həm də cəmiyyətin bir üzvü kimi normal baxıram. Həkim həkimdir, cinsindən asılı olmayaraq öz işini peşəkar şəkildə yerinə yetirməlidir. Qadın uroloqlar da var, kişi pasiyentlər onlara müraciət edirlər. Qadın cərrahlar kişiləri əməliyyat edirlər. Bu baxımdan kişi ginekoloqlara da normal yanaşmaq lazımdır.
- Qadınlar hansı yaşadək uşaq dünyaya gətirə bilərlər?
- Müasir dövrdə qadınlar 50 yaşadək də uşaq dünyaya gətirə bilirlər.
- Bəs sizin təcrübənizdə 50 yaşında uşaq dünyaya gətirən pasiyent olubmu?
- Bəli, olub. 50 yaşında bir pasiyentimiz süni mayalanma ilə hamilə qalıb və övladı Zəfər Günündə dünyaya gəlib. Uşağın adını da Zəfər qoyublar. 45-46 yaşlarında ana olan pasiyentlərimiz də olub. Hətta şəhid anaları var ki, övlad itkisinə görə yenidən ana olmaq istəyirlər.
- Müşahidələrə görə, son vaxtlar ana olmağa hazırlaşan gənc xanımlar təbii doğuşa deyil, qeysəriyyə əməliyyatına üstünlük verirlər. Sizcə, bu nədən irəli gəlir?
- Əsas səbəblərdən biri ağrı qorxusudur. Bundan başqa, qadınlar gələcəkdə uşaqlıq yolu sallanması, sidik saxlamazlıq, ön və arxa divar plastikası kimi problemlərdən çəkinirlər. Bəziləri düşünür ki, qeysəriyyə zamanı kiçik kəsik edilir, izi bilinmir və bu daha rahat yoldur. Amma qeysəriyyə əməliyyatına yalnız tibbi göstəriş olduqda üstünlük verilməlidir.
- Hamiləlik dövründə bəzi irsi və genetik xəstəlikləri əvvəlcədən müəyyən etmək mümkün olsa da, bir sıra əqli və nevroloji pozuntular yalnız uşaq doğulduqdan sonra üzə çıxır. Müasir tibbdə bu sahədə hansı yeniliklər və irəliləyişlər var, hazırda hansı xəstəlikləri prenatal mərhələdə aşkar etmək hələ də mümkün deyil?
- Hamiləlik dövründə NIPT və amniosentez kimi müayinələr aparılır. Ən dəqiq diaqnostik üsullardan biri amniosentez hesab olunur. Amma buna baxmayaraq, bütün xəstəlikləri hamiləlik dövründə müəyyən etmək mümkün deyil. Məsələn, autizm kimi hallar çox vaxt uşaq doğulduqdan, xüsusilə 1 yaşdan sonra üzə çıxır. Daun sindromu və bəzi genetik problemlər isə hamiləlik dövründə aparılan müayinələrlə aşkarlana bilər. Buna görə də hamiləlik dövründə düzgün qidalanma, mütəmadi müayinə və həkim nəzarəti vacibdir.