Modern.az

“Deyirlər ki, bəs səni niyə deputat seçmişik?!” - MÜSAHİBƏ

“Deyirlər ki, bəs səni niyə deputat seçmişik?!” - MÜSAHİBƏ

Müsahibə

5 Mart 2021, 08:45

Razi Nurullayev: “Müxalifət arasında gedən birincilik mübarizəsi hamını iyrəndirir”

“Hansı məmuru silkələsən, gərək həbsxanaya atasan”

“Bəziləri zarafatla deyir ki, gələn dəfə namizəd olmasan belə, papağını İmişlidə qoy, gəlib  papağına səs verəcəyik”

VI Çağırış Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Modern.az saytına  müsahibə verib. Deputatla söhbəti təqdim edirik:


- Razi müəllim, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən qısa müddət keçib. Bu, həm ölkəmiz, həm də bütün region üçün əlamətdən bir zəfər idi. İki Qarabağ müharibəsilə müqayisədə  Azərbaycanın inkişafını necə xarakterizə edərsiniz?


- Birinci Qarabağ müharibəsində Azərbaycan dövlətçiliyi oturuşmamışdı. Milli birliyin olması ümumiyyətlə müzakirə mövzusu belə deyildi. İkinci Qarabağ müharibəsində isə Azərbaycan tam fərqli idi. Həm milli birlik oldu, həm də Azərbaycanın hərbi texnologiyası, Azərbaycan Ordusu güclü idi, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə demək olar ki, bütün siyasi partiyalar Ali Baş Komandanın ətrafında birləşdi. Azərbaycan bütün dünyada Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu hüquqi cəhətdən də sübut etmişdi. Ona görə, İkinci Qarabağ müharibəsində ölkəmiz daha qətiyyətli addımlar atıb, qələbə qazana bildi.


- Siyasi təşkilatlar birlik nümayiş etdirdiyi halda bəzi partiyalar bu birliyə qoşulmadılar. Sizcə, həmin partiyaların kənarda qalmaq istəməsinin səbəbi nə idi?

- Müharibə vaxtı 50 siyasi partiya bəyanat imzaladı, Ali Baş Komandanın ətrafında sıx birləşdi, bu sonacan belə davam etdi. Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Şura və Müsavat partiyaları təklif edilən birlik formatında olmadı. Amma, onlar da ümumi prosesi dəstəklədiklərini bildirdilər.

Hesab edirəm ki, siyasi partiyalar özündən müştəbeh olmamalıdır. Bəzi partiyalar müştəbehlik göstərdilər, hər kəslə bir yerdə birlikdə olmaq istəmədilər, istədilər ki, onlarla ayrılıqda söhbət aparılsın. Amma bu gün görürük ki, yalançı qəhrəmanlıq uzun getmir. Onlar özlərini ona görə fərqləndirmək istəyirdilər ki, guya sosial şəbəkələrdə onları minlər izləyir, bəyənmə alır və baxış qazanırlar. Bu müştəbehlik yaratmışdı. İndi isə onlarla partiya sədri çox populyar olub və onların baxışı “ayrıcalıq” yaradanları bir neçə dəfə ötüb keçir. Onları da yüz minlərlə insan dinləyir, on minlər bəyənir və paylaşır. Onlardan biri də mənəm. Düşünürəm ki, insan onun üzünə açılan pəncərədən istifadə etməyi bacarmalıdır. Xalqın, millətin mənafeyi naminə çalışmalıdır. Özündən başqa kimsəni bəyənməmək Azərbaycan siyasətində parçalanmaya gətirib çıxarır, birliyi əngəlləyir. Müxalifət cəbhəsinin özündəki pərakəndəlik də bundan qaynaqlanır.



- Azərbaycanda ana müxalifət kimdir?

- Çox ölkələrdə olmuşam, siyasi prosesləri mediadan izləyirəm. Dünyanın heç yerində Azərbaycandakı qədər müxalifət bir-biri ilə mübarizə aparmır. Müxalifət arasında gedən birincilik mübarizəsi insanlarımızı, xalqımızı, seçicilərimizi iyrəndirir. Həmişə də onları iyrəndirib, müxalifətdən kənar salıb. Mən müxalifətdəkilərin bir-birinə ləkə vurmaqdakı məqsədini anlaya bilmirəm.

Bəzi partiya sədrlərinə mənimlə bağlı sual vermişdilər ki, Razi Nurullayev çox populyar olub və xalq onu dəstəkləyir. Çoxu mənə ləkə yaxmağa başladı. Mən xalq üçün çalışıram, xalqın sözünü deyirəm, amma məni nüfuzdan salmağa çalışırlar. İnanın ki, bunu heç iqtidar da etmir. İqtidaryönlülərin nəyinə lazımdır, düşünürlər ki, biz güclüyük, nə edə bilərlər?! Müxalifət isə bir-birinin “başını əzməyə” hazırdır.

Mən çalışıram ki, bu polemikalardan kənarda qalım. Amma bəzi dövlətçilik məsələlərində mütləq qarşı çıxmaq lazım gəlir. Onların qabağından qaçdıqca, düşünürlər ki, həmişə qova bilərlər. Bu əməllərdən əl çəkməsələr, elə müxalifətdə də həyatlarını başa vuracaqlar.


- Sizə qarşı ittihamlardan biri də budur ki, sifarişlə Milli Məclisdə yer almısınız. Buna münasibətiniz maraqlıdır...

- Deyirlər ki, niyə partiyalar parlamentdə təmsil olunurlar, niyə xalqın dərdinə çarə qılmırlar. Halbuki,  parlamentdə daha çox danışan, fikir bildirən, xalqın problemlərini dilə gətirən elə müxalifət partiyalarıdır. Amma onların qanunvericiliyi dəyişmək üçün həlledici səsləri yoxdur. Mən, Tahir Kərimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Erkin Qədirli və digərləri parlamentdə olmasaydıq, başqaları olacaqdı. Onlar bizdən fərqli nə edəcəkdilər? Bizə qədər də parlamentdə təmsil olunan müxalifət nümayəndələri olub. Onlar xalq üçün nə edə bilib ki, biz onu edə bilmirik? Hökumətin hansı qanununu dayandıra, fikrini dəyişdirə və onlara çətin anlar yaşada biliblər?

Dava budur ki, niyə mən yox, sən? İnanın, bizi qınayanlar da gəlib parlamentdə düşsələr, bizdən çox heç nə edəsi deyillər. Əgər onlar mənim bu bir ildə etdiklərimi 10 ilə etsələr, təəccübdən gözüm alnıma çıxar. Hər kəs parlamentdə təmsil olunmaq hüququ qazanana qədər parlamenti pisləyir. Amma bura gələndə Milli Məclis olur gözəl!...  Parlamentə düşməyəndə isə saxta adlandırırlar. Bu fikirlər şəxsidir, təəssüf ki, hər kəs özünün “kreslo davası”nı aparır. Buna fikir vermək lazım deyil.

Mən heç vaxt “kreslo davası”nda olmamışam. Bu gün də kompromisə maraqlıyam. Hər şey insanların maraqları naminə olmalıdır.


- Parlamentin 1 ili tamam oldu. 1 yaşlı Milli Məclisi və bu fonda öz fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Milli Cəbhə Partiyası bu müddətdə qeydiyyatdan keçdi, parlament partiyasına çevrildi. Mən bu 1 il ərzində həmişə seçicilərimin yanında oldum, əhalinin problemlərini işıqlandırmışam. Sosial şəbəkələrdə minlərlə məktub alıram, şikayətlər olur. Bir rəsmi, iki qeyri-rəsmi köməkçim var. Qeyri-rəsmi köməkçilərim könüllü fəaliyyət göstərirlər. Gələn şikayətlərin hamısını reaksiya verib həll edə bilməsi üçün gərək deputatın 10 köməkçisi olsun. Bir il ərzində parlamentdə təmsil olunan partiya nə edə bilərsə, hamısını reallaşdırmağa çalışmışıq.


- Ən çox şikayətlər hansı sahə ilə bağlıdır?

- Hazırda ən çox qazilərin problemləri haqqında şikayət alıram. Yaralıdır, müalicəsi yarımçıq dayandırılıb, dolanmağa imkanı, ev-eşiyi yoxdur. Şikayətlərin bir çoxunu şəxsən özüm araşdırıram və onları haqlı sayıram. Canlarını qoyublar, onlara münasibət belə olmamalı idi. Onların psixoloji durumu gərgindir. Onları taleyin ümidinə buraxmaq olmaz, uzun müddət psixoloji yardım almalıdırlar. Xəstəxanalarda pulsuz müalicə və dərmanla təmin olunmalıdırlar. Amma bunlar doğru-dürüst yerinə yetirilmir.

Ən çox şikayət aldığım məsələlərdən biri də pensiyadır. İnsanlar çox narazıdır. Bu gün bir çox hallarda haqlı olan insanların da pensiyası dayandırılır. Pensiyaların yenidən təyinatında haqsız durumlar meydana çıxır. Mən səbəblərdən birini işlərin çoxluğunda görürəm. Belə çıxır ki hər kəsə fərdi yanaşma mexanizmləri və imkanları məhduddur. Nəticədə, subyektiv amillər ədalət prinsipini pozur.  Əlillik dərəcəsinin verilməsi ilə bağlı növbəyə duranlar çoxdur. Haqqı olduğu halda əlillik dərəcəsi ala bilməyənlər də var, çünki proseslər deyilənə görə şəffaflıq naminə çox çətinləşdirilib.

Əvvəllər təqaüdlərin təyin olunması ilə bağlı qanunsuzluqlar çox idi. Haqqı olmayan şəxslər rüşvətlə əlillik dərəcəsi, təqaüd alırdılar. Sayı-hesabı olmayan bu halların qarşısını almaqla bağlı ciddi tapşırıqlar var. Nazir Sahil Babayev barışmaz mövqe sərgiləyir və bu məsələdə həqiqəti deyək ki, haqlı olanlar da qurbana çevrilir. Qaydalar sərtləşdiriləndə quruların içərisində çoxlu yaşlar da yanır. Təqaüdə layiq olanların kənarda qalmaması üçün çalışmaq lazımdır. Mən narazılıq faktlarını toplayıram, cənab nazirlə görüş istəyəcəm ki, bunları müzakirə edək.



- Heç olubmu sizə müraciət edən seçicinizə kömək edə bilməyəsiniz?

- Əlbəttə. Çox üzülürəm hansısa vətəndaşa kömək edə bilməyəndə. Bəzən emosiyalara qapılıb, Milli Məclisdə sərt çıxışlar edirəm. İnsanların şikayətlərini açıq və olduğu kimi səsləndirdiyim üçün məktubların ardı-arası kəsilmir. Bəzən bunların altından çıxa bilmirəm.


- Sizə müraciət edənlər arasında işsizliklə bağlı problemləri olanlar varmı? Necə kömək edirsiniz?

- Hər kəs iş istəyir. Hər kəs də kart alıb cibinə qoymaq arzusundadır. İş təklif etdikdə, bəyənməyənlər də olur. Fikirləşirlər ki, elə dövlət kart versin, hər ay oradan yardım alıb, dolansın. Çünki, təklif edilən işlərin məbləği azdır deyə, evdə oturub yardım almağa üstünlük verirlər. Həmin insanlara ən azı 500-600 manatlıq iş təklif edilsə, qəbul edənlərin sayı çoxalar.   


- İnsanları çalışmağa, daha çox irəli getməyə necə təşviq etmək olar?

- Partiyamızın proqramında əsas yeri təhsil tutur. İnsanlarımız savadsız yetişir. Diplom almaq savadlı olmaq demək deyil. Azərbaycanın bütün övladları orta məktəbi bitirsə də, cəmiyyətə xeyir verə biləcək savada malik olmur. Biliyi, savadı, məsləyi yoxdur. Çoxları hətta düzgün yazı yaza bilmir. Bizə müraciət edirlər, ərizə istəyəndə deyirlər ki, yaza bilmirəm. Üzündən doğru-dürüst oxuya bilmirlər. Valideynlər bəzən məcbur edirlər ki, oğlu, qızı getsin attestat alsın. Axı bu övladların bir qram savadı yoxdur. Hara gedib işə düzələ bilər? Müraciət edəndə deyirlər ki, nə iş olsa məni düzəldin. Belə olmamalıdır. Hərənin öz peşəsi olmalıdır. Peşə təhsili ilə bağlı agentlik belə yaradılıb, irəliləyiş isə zəifdir.

Yeni Təhsil naziri problemləri bilir. Bəlkə ürəyində məndən də sərt şəkildə düşünür. Amma bir çox obyektiv və subyektiv səbəblər var, nazirin bəzi məsələlərdə tam sərbəst olduğunu düşünmürəm.


- Mane olan səbəblər nədir?

- Cənab nazirə tam sərbəstlik verilsə, daha faydalı olar. Maliyyə vəsaiti gərək indikindən iki dəfə çox olsun. Ən əsası, cəmiyyət atılan qətiyyətli, sərt addımlara cavab verməyə hazır olmalıdır.  Nazir Emin Əmrullayev ciddi çalışır. Amma o nə zaman nazir təyin edildi, düşünək  – təhsil olmayanda, məktəblər bağlanıb, distant təhsilə məcbur qaldıqda. Belə vəziyyətdə nazir Emin Əmrullayev təhsili necə düzəldə bilər?

Distant təhsil üçün Azərbaycanda sürətli internet də vacibdir. Bu gün Azərbaycanın rayonlarında, ucqar kəndlərində normal internet yoxdur. İnternet problemi həll olunsa belə, təhsil alanların elektron vəsaiti, smartfonu, planşeti, kompüteri də gərək olsun. Azərbaycan şagird və tələbələrin, hətta müəllimlərin neçə faizində bu imkanlar mövcuddur? Müəllimlər onlayn təhsil üçün tam hazır deyil. Nisbətən yaşlı müəllimlər üçün isə xüsusilə problemdir.

Universiteti bitirən tələbələr həmin an peşəsi üzrə işə başlamağa hazır olmur. Tək-tük universitetlərimiz var ki, təyinatlı formada məzunlarını işlə təmin edə bilir. ADA, UFAZ, BANM və s. universitetlərin məzunu olan mütləq əksəriyyət işlə təmin olunur.

Rayonlarda fəaliyyət göstərən peşə məktəbləri də sahələr üzrə peşəkarlar yetişdirə bilmir. Bakıda Binəqədi rayonunda Cənubi Koreya ilə əməkdaşlıq formasında fəaliyyət göstərən peşə məktəbi var. Çox yaxşı praktika olsa da, bu cür məktəblərin sayı  bir əlin barmaqları qədər deyil. Peşə məktəbləri ilə bağlı böyük vəsait ayrılmasına, dövlət proqramının genişləndirilməsinə ehtiyac var.



- Sadaladıqlarınızdan əlavə təhsillə bağlı Azərbaycanda çatışmazlıq daha nələrdədir?

- Mənim əlimdə ixtiyar olsa, yaşlıların yenidən təhsili ilə bağlı geniş layihə həyata keçirərəm. Çünki Azərbaycanda öz hüquqlarını bilməyən orta və yaşlı nəslin nümayəndəsi kifayət qədərdir. 70 yaşa qədər hər kəsi yenidən parta arxasına əyləşdirib, həyatı vacib bilikləri öyrətmək lazımdır. İnsanlar bilməlidir ki, özünü necə müdafiə etsin, hüquqları, vəzifələri nədir, dövləti necə qorusun, ailə münasibətlərini necə tənzimləsin, təbiəti necə mühafizə etsin və s. Ətrafımızda ekoloji maarifləndirməsi kifayət qədər aşağı olan minlərlə insan var. Ailə qursa belə övladına düzgün tərbiyə verməkdə çətinlik çəkən insanlar var. Bu gün Azərbaycanın ən ağrılı yeri təhsil və səhiyyədir. Bura böyük dövlət vəsaitləri, sərmayələr gərəkdir ki, az da olsa irəliləyişə nail olunsun. 


- Son zamanlar vəzifədən çıxarılan nazirlər, məmurlar arasında korrupsiya əməlləri sübut olunanlar, həbs edilənlər oldu. Necə düşünürsünüz, vəzifədən çıxarılan lakin həbs edilməyən, vaxtilə düzgün işləməmiş məmurlar qalırmı?

- Azərbaycanda hansı məmuru silkələsən, ciddi yoxlasan, gərək həbsxanaya atasan. Birincisi, Azərbaycanda tam şəffaf işləmək üçün o şərait olmayıb. Hər kəs bir-birinin əməlini örtüb, öz əməlini nəyinsə hesabına gizlədə bilib. Bu durum cəmiyyətə sarmaşıq kimi dolanıb. Həmin sarmaşığın bir qolunu təmizləsən belə bu bütövlükdə problemi həll etməyəcək. Bütün bunları həll etmək üçün Azərbaycanın siyasi sistemində olan korrupsiyanı aradan qaldırmaq lazımdır.

Hesab edirəm ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə yeni idarəçilik sistemi yaratması da bununla əlaqədar idi. Azərbaycanda idarəçiliklə bağlı Konstitusiya dəyişikliklərinə ehtiyac var. Bu idarəçilik özünü doğrultmadı. Bu məsələdə ictimai dinləmələr, xalqın fikri vacibdir. Bu gün deyirlər ki, İcra hakimiyyətləri ləğv olunsun. Nə fərqi var? Sistemi dəyişməyənə qədər səthi dəyişiklik etməyə nə ehtiyac var? Bütövlükdə köhnə sistemdən imtina edib, yeni sistem qurmaq lazımdır. Cənab Prezident sistemin özündə dəyişikliklər üçün çalışır. Amma yenə də nəticə çox aşağıdır. Siyasi idarəçilik dəyişməlidir. Lazımdırsa, Konstitusiya dəyişikliklərinə gedilsin, qanunlarımız buna uyğunlaşdırılsın. Parlament, şəxsən mən bununla bağlı gecə-gündüz işləməyə hazıram.


- Təklif etdiyiniz yeni sistemdə xalqın iştirakı hansı səviyyədə ola bilər?

- Çarpaz nəzarət formasında xalqın iştirakı təmin oluna bilər. Yəni, vəzifəyə təyin etmə, vəzifədən çıxarma mexanizmi dəyişsə, xalq da bu prosesdə nəzarətçi olmaqdan imtina etməz. Bununla bərabər məmur olmaq şərəfli vəzifəyə çevrilə bilmir. İmkanları, əməkhaqqı yaxşı olmalı, məmura xalqa xidmətə görə qiymət verilməsi işlərə təkan ola bilər.


- Milli Məclisdə təqaüdlər, müavinətlər, uşaqpulu və yardımlar barədə məsələ qaldırılır. Amma müharibə veteranlarının təqaüdlərinin qaldırılması barədə təkliflər səsləndirilmədi. Bu məsələyə necə diqqət ayrılmalıdır?

- Parlamentin hər bir sessiyasında mən daxil olmaqla bir neçə deputat həmkarım maaşların, müavinətlərin artırılması ilə bağlı çıxışlar edirik. Hərbçilərlə bağlı mən hər zaman demişəm ki, müharibə iştirakçılarına fərqli münasibət olmalı idi. Veteranların təqaüdlərinin artırılması ilə bağlı da fikirlər səsləndirilib.


- VI Çağırış Milli Məclis fəaliyyətə başlayandan sonra bir müddət deputatların maaşı da müzakirə olunurdu. Maaşınız normaldır?

- Millət vəkili olmazdan qabaq düşünürdüm ki, parlamentari bu qədər maaş alır, nə iş görür? Amma indi görürəm ki, elə iki dəfə rayona gedib-gəlməyimlə əməkhaqqı xərclənir. Hər dəfə parlamentin qarşısında gözləyən, ehtiyacı olan, pul istəyən insanlar olur. Verməmiş keçə bilmirəm. Bütün bunların hamısını hesablasaq, deputatın əməkhaqqından heç nə qalmır. Millət vəkilinin büdcəsi olmalıdır ki, bəzi məsələləri özü həll edə bilsin. Mən özüm rayona tez-tez gedə bilmirəm, çox istəyirəm, amma bunu ödəmək imkanım yoxdur. Elə seçicilərim də bilsinlər və məni qınamasınlar. Hər dəfə gedəndə şikayətçilər üstümə sel kimi gəlir, çoxuna etiraz edə bilmirəm, ən azı 10-15 ailəyə baş çəkməli oluram və bəzən əliboş getməyə məcbur olursan. Deputatın əməkhaqqı ilə bunu görə bilməsi mümkün deyil. Ona görə, çox zaman deputatların fəaliyyəti də effektiv olmur. Ola bilər, bəzilərinin fərqli qazancları var, amma heç də hamısı elə imkanlı deyil axı...


-  Şəxsi nömrənizə zəng edən seçiciləriniz olur?

- Əlbəttə, heç telefonum susur ki... Hətta gecə saat 10-11-də zəng edən seçicilər olur. İnanın, bəzi vətəndaşlar düşünür ki, deputata səs vermişəmsə, istismar edə bilərəm. Deputatı istismar halları da olur. Bəzən deyirlər, bəs səni niyə deputat seçmişik? Məgər deputatın sehrli çubuğu var, yoxsa Süleyman peyğəmbərin sehrli üzüyü? İmişlidə ikinci dairə ləğv edilib, 100 min seçicinin hamısı mənim üzərimdədir. Bütün Azərbaycandan da saysız-hesabsız məktublar alıram. İnanın, çox zaman ailəmlə təmasım, istirahətim belə olmur. Milli Cəbhə Partiyasının üzvləri və rəhbərliyi məni görəndə sevinirlər. Partiyadakı stulumda sonuncu dəfə oturduğum yadıma gəlmir. Axı mən partiya quruculuğu ilə də məşğul olmalıyam. Gərək Azərbaycan xalqı bu işdə mənə kömək etsin, bizə qoşulsunlar və gücümüzü artırsınlar ki, sözümüz daha yaxşı eşidilsin.


- Seçiciləriniz, İmişli camaatı fəaliyyətinizdən razıdırmı?

- Məncə, razıdırlar. Bəziləri zarafatla deyir ki, gələn dəfə namizəd olmasan belə, papağını İmişlidə qoy, gəlib, papağına səs verəcəyik. Bu bir ildə alnımda xeyli yeni qırışlar əmələ gəlib. İnsanlar çox çarəsizdir. Hərdən sosial şəbəkədə şərh yazanlar da olur ki, Razi müəllim ancaq danışır, bəs nə iş görüb?! İndiyə qədər 750 nəfərdən çox adamın işlə təmin olunmasına, işinə bərpa edilməsinə köməklik göstərmişəm. Yüzlərlə insanın təqaüdünün bərpasına kömək etmişəm. Cəmiyyətdə deputata və siyasi partiyalara münasibətin yaxşı yöndə dəyişməsində mənim də rolum var. Müxalif düşüncəyə və yanaşmaya az qala tarixi yeniliklər gətirmişəm. Bunlar azdır? Bəziləri heç 30 ildə buna nail ola bilmir, mən isə bir ildə nail olmuşam. Bir ildə Herkules əməyi sərf etmişəm desəm yanılmaram.


- İmişli korrupsiya faktı ilə adı anılan rayon oldu. Sabiq icra başçısı, həbs edilən Vilyam Hacıyevlə münasibətiniz necə idi?

- Mən icra başçısını ancaq seçki ərəfəsində tanıdım. İmişlidə işləyəndə çox insanla münasibətləri olub. Mən indi o rayonun, o insanların deputatıyam və mənə yaraşmaz ki, bu vəziyyətdə sabiq icra başçısını hədəfə alım. Allah qapısını açsın.


- Bəs İmişlinin yerli məmurlarından, vəzifəli şəxslərdən sizə şikayət edirlər? Onların qanunsuzluqlarını gördükdə necə addım atırsınız?

- Sosial təminat, ümumi problemlər bir tərəfdə, yerli çalışmazlıqlar, qaz, su, məmur özbaşınalığı, İcra hakimiyyəti, bələdiyyə, təsərrüfat, ekologiya, yaşıllıq – hər sahə ilə bağlı şikayətlər almışam. Biz bunu mütləq araşdırırıq, vətəndaş haqlıdırsa, onun xeyrinə həll edilməsinə mütləq çalışırıq. Bütün idarələrlə, İcra hakimiyyəti ilə isti, işgüzar münasibətim var. Çünki ora öz rayonumdur. İmişlidə kimləri isə hədəf almağa məsul deyiləm. Vəzifəm problemlərin həllinə çalışmaqdır. Yerli məmurlar da bu istiqamətdə müraciətlərimə həmişə isti yanaşır.


- Müharibədən öncə mövcud olan “5-ci kolon” müzakirəsi müharibə vaxtı da gündəmə gəldi. Çox zaman iddia edilir ki, “5-ci kolon” kiçik bir boşluq olanda istifadə etməyə çalışır. Bu fəaliyyətin qarşısını necə almaq olar?

- “5-ci kolon” bütün ölkələrdə var. Məsələn, bir qisim düşünür ki, Azərbaycanın nicat yolu Rusiyada, İranda, Amerikada və ya Avropadadır. Amma bu baxışların fonunda dövlətçilik öz yerində olmalı, qorunmalıdır. Bəzi hallarda həmin qüvvələr vəziyyətdən istifadə edərək, özlərinin imkanlarını genişləndirməyə çalışırlar. Bunun qarşısı alınmalıdır. Bilirsiniz, hər kəs “5-ci kolon” deyəndə ilk olaraq Ramiz Mehdiyevin adını çəkir. Bu məsələləri xeyli absurd sayıram. “5-ci kolon”a xidmət edən şəxs necə vəzifədə qala bilər? Elmlər Akademiyasının prezidenti, iqtidarın parlaq siması, Təhlükəsizlik Şurasının üzvüdür. Kimsə “5-ci kolon” adı ilə Ermənistana xidmət edirsə, bu vətənə xəyanətdir, cəzası ağır olmalıdır. Bizdə isə rusca danışana, yazana “Rusiyanın adamı”, ingiliscə danışana “Amerikanın adamı”, Fransızca danışana “Fransanın adamı” damğası vururlar...



- Sizə də “Fransanın adamı” deyən olubmu?

- Əvvəllər Avropaya meylliliklə bağlı özümə qarşı tənqidlər oxuyurdum. Bəli, mən Avropaya inteqrasiyanın tərəfdarıyam. Özüm də Avropa təxəyyüllü insanam. Amma mənim üçün ən önəmlisi Azərbaycanın maraqlarıdır. Bir istiqamət seçiləcəksə, Azərbaycanın xeyrinə olmalıdır. Fransanın ermənipərəst siyasəti pisdir, amma inkişaf etmiş dövlət olaraq, Fransa kifayət qədər öndədir. Fransız xalqı gözəl xalqdır. Fransız dilini də sevirəm. Fransa dövlətinin Qafqaz siyasətini, Azərbaycana qərəzliliyini isə bəyənmirəm.


- Partiyanız artıq yeni bir dövrə qədəm qoyur. Fərqli adla qeydiyyatdan keçdi. Bundan sonra üzvlərin sayı, insanların cəlb olunması necə tənzimlənəcək?

- Gəlin, sizə səmimi etiraf edim. Partiyaların üzvlərinin sayı artır və eyni zamanda da azalır. Əgər üzv varsa, sən bunu siyasi proseslərə cəlb etməyi bacarmalısan. Üzv gəlir və nəyəsə nail olmaq istəyir. Onun üçün yer, avadanlıq təmin etməlisən. İndiki resurslarla bunu etmək çətin olacaq. O halda da üzvü itirmiş olursan. Çünki rayon şöbələrinin ofisi, resursları və pulu olmalıdır. Fəaliyyət göstərməsi, kütləvi tədbirlər üçün imkanlara və şəraitə ehtiyacı var. Bir çoxları söz olsun deyə üzvlərin artırılmasını gündəmə gətirirlər, amma heç də buna maraqlı deyillər. Çox üzv, çox məsuliyyət deməkdir. Amma, üzvlərimizin sayının kəskin artırılmasında maraqlıyıq.


- Hazırda partiyanızın neçə üzvü var?

- Biz partiyamızı 1450 nəfər üzvlə qeydiyyatdan keçirmişik. Ümumi 2000-dən çox üzvümüz var hərçənd ki, bir vaxtlar bu say 10 mindən çox idi. Əgər bir dəfə üzv sayının artırılması ilə bağlı sosial şəbəkəyə müraciət eləsəm, inanıram ki, bir ay ərzində 10 mini ötər. Gələcək üzvlərin yerləşdirilməsi də bir problem olduğuna görə yeni üzvlərin cəlbi istiqamətində fərqli taktikalar üzərində işləyirik.


- Qeydiyyatdan keçiməsinə baxmayaraq, fəaliyyət göstərməyən partiyalar da var...

- Düşünürəm ki, partiyaların sayının təbii azalmasına ehtiyac var. Çünki onların sadəcə adı qalıb. Onların ofisləri belə yoxdur. Sədrlərini tapmaq belə olmur. Hazırda partiyalarını atıb başqa işlərlə məşğul olurlar. Siyasi partiyaların cəmiyyətin ehtiyaclarına qarşı daha həssas ola bilməsi üçün bəzi məsələlər sərtləşməli, bəziləri isə yüngülləşdirilməlidir.



- Müxalifət cəbhəsində dostunuz olan siyasətçi və ya partiyalar varmı?

- Hər kəslə az da olsa əlaqəmiz var, amma deyərdim ki, Azərbaycanda partiyalar arasında həqiqi dostluq yoxdur. Bunun olmasını da gözləmirəm. Yalandan “biz birik” deməyə ehtiyac da yoxdur. Müxalifət deputatları olaraq salamlaşırıq, hal-əhval tuturuq, amma bir məsələ üzərində toplum çalışmamız yoxdur.


- Bəzən siyasətçilər, tanınmış şəxslər mövqe dəyişdirir. Siz əks tərəfdəkiləri öz tərəfinizə cəlb etməyə çalışırsınızmı?

- Bizim o tərəflərdə elə də gözümüz yoxdur. Hər fərd ictimai və kollektiv maraqlarla bərabər həm də öz çıxarlarını, karyerasını düşünür. Tənqidçi müxalifət nümayəndəsi kimi təmsil olunuram və bilmirəm ki, gələn insanlar yanımda hansı gələcəyi görə bilər. Bu gün biz daha çox xalqın, çarəsiz insanların çıxarlarını düşünüb hərəkət edirik.

Cəmiyyətimizdə siyasi proseslər biraz eybəcərləşdirilib deyə tanınmış ziyalılar siyasi proseslədən kənar qalır. Populyar insanlar da əgər xalqımızın yanında olmaq, problemlərin həllinin ictimai müzakirəsini, səmimiyyəti, fərqli yanaşmanı istəyirlərsə Milli Cəbhə Partiyasına qoşulmaqla töhfə vermiş olarlar. Gücümüzə güc, səsimizə səs qatmış olarlar.


- Proposional seçki sistemi təklif olunur. Müharibədən çıxmış ölkə kimi bizdə bu dəyişikliklərə ehtiyac varmı?

- Partiyaların inkişafı baxımından proposional seçkiyə ehtiyac var. Amma hazırki siyasi şəraitdə bu anormal olacaq. Bunun üçün bir sıra dəyişikliklərə, partiyaların güclənməsinə ehtiyac var. İndiki halda bu nəyi dəyişdirəcək ki? İqtidarın sistemə baxışları 90 dərəcə dəyişməlidir. Dəyişməsə, majoritar olsun, ya proporsional - nə fərqi var... Toplananların yerini dəyişdikdə cəm dəyişməz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir