Modern.az

Əyir-böyür missiya...

Əyir-böyür missiya...

Analitika

12 Sentyabr 2021, 18:55

Qəzənfər Həmidoğlu

 

Mixail Kosobokov Putinin son 5-6 ildəki “hərbi tapıntısı” - postsovet məkanındakı “mübahisəli regionlar” üzrə bir növ “general-canişini”dir. Ukraynanın hərbi cinayətkar damğası vurduğu general-mayor Kosobokovu sülhməramlı saymaq ən azı ayıb, sülh sözünə isə həqarətdir. Hər halda, kimsə separatçı-terrorçularla oturub-duran, təxribatları ilə məşhur olan bir qırğı-generalı “sülh göyərçini” sayacaq dərəcədə abdal deyil.
Düzdür, komandan postu özlüyündə heç nəyi həll etmir, Rusiyanın hər hansı məramlı missiyaları ölkənin hərbi-siyasi rəhbərliyinin qərarlarını icra edir. Lakin Bakının bəyənməyəcəyi hərbi fiqurun - Rusiyanın ilhaq etdiyi Krımda Rusiya HDD-nin tərkibindəki ordu korpusu komandanının müavini, daha sonra Rusiyanın Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsindəki 7-ci hərbi bazasının komandanı və daha sonra Rusiya Silahlı Qüvvələrinin Şimali Qafqazdakı 58-ci ordusunun ( bu ordunun bir hissəsi Gürcüstanın işğal edilmiş Cənubi Osetiya regionunda yerləşir) komandan müavini olan Kosobokovun Qarabağa göndərilməsi özündə Putinsayağı yekəxana və həyasızcasına mesajı ehtiva edir. Görünür ki, Moskva Bakıdan nələrsə istəyir, amma ala bilmir...


Rusiyanın Cənubi Qafqazdakı anti-sülh məramını gizlətməyə ehtiyac duymaması fonunda bu, postsavaş dövrünün ikinci ilində Moskva-Bakı münasibətlərində gərginliyin artacağından, Kremlin bu prosesi yeni gərginlik elementləri ilə “zənginləşdirəcəyi”ndən xəbər verir. Rusiya “sülhməramlıları”nın əvvəlki təcrübəsi göstərmişdi və Qarabağdakı missiyasının praktikasında gördük ki, Kremldən istənilən xoşagəlməz sürpriz mümkündür. Məsələn, RF Müdafiə Nazirliyinin rəsmi saytında atəşkəs rejiminin pozulmasında “Qarabağdakı silahlı birləşmələri” tərəf kimi göstərməsindən hibrid və ya proksi-savaşa zəmin hazırlığı aşkar sezilir. Digər tərəfdən, Rusiya İkinci Qarabağ savaşı bitəndən faktiki olaraq Azərbaycana qarşı əsəb müharibəsinə başlayıb.
Rusiyanın köntöy manevrləri qarşısında Azərbaycan öz oynunu açıq kartlarla qurmağa və etiraz “doza”sını artırmağa məcburdur. Məsələn, Azərbaycan Müdafiə Nazirliyinin 10 noyabr Üçtərəfli Bəyanatının pozulmasına göz yumulması və ya bəyanatın müddəlarının bilərəkdən pozulması qarşısında Rusiya Müdafiə Nazirliyinə son məktubunun tələb deyil, xahiş formasında olmasının çətin ki, bir effekti olsun.
Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi göstərdi ki, Bakı regiondakı mümkün arzuolunmaz gedişata qarşı yetərli kontrarqumentlərə sahibdir.


Yeri gəlmişkən, “kосбокий” azərbaycanca “böyrü əyri” və ya “əyri-böyür” anlamı verir...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır