Modern.az

Tehran Moskvadan əliboş qayıdır...

Tehran Moskvadan əliboş qayıdır...

Analitika

6 Oktyabr 2021, 17:19

Tehran Moskvada istədiyini ala bilməyib: Xarici işlər nazirləri Lavrov-Abdullahian görüşü ilə bağlı açıqlamalar bu nəticəni önə çıxarır.


Lavrovun mətbuat konfransında Cənubi Qafqazla bağlı fikirləri iki hissədən ibarət idi:


Birincisi, Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolunun göstərilməsi;

İkincisi, “altılıq platforması”nın (3+3) yaradılmasının vacibliyi.

Abdullahian dünən Moskvada görüşdən öncə bildirdi ki, “Tehran Moskvadan regionda “sionistlər və terrorçular”ın mövcudluğuna reaksiya gözləyir: "Lavrovla görüşdə biz Cənubi Qafqazdakı proseslər haqqında mövqelərimizi çatdırmaq niyyətindəyik. Gözləyirik ki, Rusiya regionda sərhədlərin mümkün dəyişikliyinə həssas reaksiya verəcək”.


İran görüşdə öz istəklərini – Zəngəzur dəhlizinin açılmasının maraqlarına zidd olduğunu, əgər açılacaqsa, İranın bölgədəki maraqlarının necə olacağını – çatdırıb. Rusiyanın nə cavab verdiyini Lavrovun açıqlamasından anlamaq olar.


Moskva Tehrana bildirir ki, Qarabağ münaqişəsini Rusiya həll edib, regionun gələcəyi də rusların vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmalar çərçivəsində olacaq.


- Kommunikasiyalar açılacaq;

 - Zəngəzur dəhlizi olacaq;


- İrəvanın Bakı və Ankara ilə münasibətləri normallaşacaq;


Bu, İranın Cənubi Qafqazda yeganə kartının – Ermənistanın – da əlindən çıxması deməkdir. Tehranın Bakıya hücumları, Abdullahianın Moskvaya səfəri də Ermənistanın Ankara-Bakı-Moskva masasına qoşulmasından sonrakı vəziyyəti anlamaq, maraqlarını qorumaq məqsədi daşıyır.


Moskva Tehrana iki məsələni izah edib:


- Qafqazdakı yeni reallığın qarantı Türkiyə və Rusiyadır;


- İran üçün bölgədə varlığının davam etməsinin yeganə yolu “3+3” formatına qoşulmaqdır.


Tehranın Moskvadan “əliboş” dönməsi İranı çıxılmaz vəziyyətə salır. Və görünür, İranda çıxış yolunun “əzələ nümayişi” olduğunu düşünənlərin qərarlara təsir gücü hazırda daha çoxdur: bu, Azərbaycana qarşı təzyiqi gücləndirəcəkləri gözləntisini də artırır.

                                                                                                                         
Asif Nərimanlı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!