ABŞ, Azərbaycan və Ermənistanın TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində üçtərəfli texniki planlaşdırma qruplarının yaradılması barədə razılığa gəlməsi layihənin praktiki icrası baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. İlk mərhələdə nəqliyyat və enerji infrastrukturu üzrə fəaliyyət göstərəcək qrupların yaradılması tərəflər arasında koordinasiyanın gücləndirilməsi və texniki məsələlərin həlli baxımından əhəmiyyət daşıyır. Bununla belə, layihənin reallaşması üçün qarşıda hansı addımların dayanması, Azərbaycanın prosesdə iştirakı və mümkün maneələrin necə aradan qaldırılacağı diqqət çəkən məsələlərdəndir.
Modern.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, TRIPP yalnız nəqliyyat layihəsi deyil, energetika və digər kommunikasiya sahələrini də əhatə edə biləcək genişmiqyaslı təşəbbüsdür.
Onun sözlərinə görə, layihənin reallaşması üçün Azərbaycanın prosesdə iştirakı zəruridir:
"Burada üç tərəfli - Azərbaycan, Ermənistan və ABŞ-nin iştirakı ilə işçi qrupunun yaradılmasına ehtiyac yarandı. Çünki istər energetika sistemlərinin birləşdirilməsi, istərsə də dəmir və avtomobil yollarının çəkilməsi baxımından Azərbaycanın iştirakı vacibdir. Elektrik enerjisinin ötürülməsi, Ermənistanın enerji şəbəkəsinə qoşulması və vahid enerji sisteminin yaradılması məsələlərində Azərbaycanın rolu var. Ona görə də bu layihənin koordinasiyalı şəkildə həyata keçirilməsi vacibdir".

Politoloq qeyd edib ki, işçi qrupunun yaradılmasının əsas məqsədi layihənin icrasını sürətləndirmək və qarşıya çıxan məsələləri operativ həll etməkdir. Onun sözlərinə görə, Ermənistan artıq öz ərazisində müvafiq hazırlıq işlərinə başlayıb:
"Ərazinin ayrılması, təmizlənməsi, elektrik xətlərinin və dəmir yolunun çəkiləcəyi sahələrin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Perspektivdə avtomobil yolunun çəkilməsi məsələsi də gündəmdədir. Bu baxımdan işçi qrupunun yaradılması prosesin koordinasiyalı və daha sürətli aparılması üçün vacibdir".
N.Miri hesab edir ki, hazırda layihənin qarşısında ciddi texniki maneələr yoxdur, lakin avtomobil yolunun istiqaməti ilə bağlı Ermənistanın müəyyən çətinlikləri mövcuddur. O bildirib ki, ərazinin coğrafi xüsusiyyətləri səbəbindən alternativ marşrut variantları da nəzərdən keçirilə bilər:
"Bu ərazidə müəyyən darlıq məsələsi var. Ola bilsin ki, perspektivdə razılaşdırılarsa, avtomobil yolu tamamilə başqa istiqamətdən Naxçıvana gedişi təmin edə bilər. Ancaq bunun üçün də mütləq Azərbaycanın razılığına ehtiyac var".
Politoloq vurğulayıb ki, işçi qrupunun yaradılması layihənin icrasına başlanması istiqamətində mühüm mərhələ olsa da, proses bununla yekunlaşmır. Onun sözlərinə görə, növbəti mərhələdə ABŞ və Ermənistanın birgə şirkətinin yaradılması, eləcə də müvafiq hüquqi mexanizmlərin tamamlanması gözlənilir:
"Bu şirkətin səhmlərinin təxminən 76 faizinin ABŞ-a, 24 faizinin isə Ermənistana məxsus olması nəzərdə tutulur. Rəqəmlərdə müəyyən dəyişiklik də ola bilər. Yaxın müddətdə, ən azı bir ay ərzində belə bir şirkətin yaradılmasına və hüquqi mexanizmlərin həllinə ehtiyac var. Yalnız bundan sonra şirkət fəaliyyətə başlayaraq layihənin icrasına keçə biləcək. Bu, ilin sonuna qədər və ya gələn ilin əvvəlində baş verə bilər".
N.Miri əlavə edib ki, üçtərəfli işçi qrupunun fəaliyyəti layihənin icrası zamanı yarana biləcək problemlərin vaxtında həllinə və vaxt itkisinin qarşısının alınmasına imkan verəcək.