Modern.az

Məşhur “xalq mahnısı”nın tanınmayan müəllifi - O, hazırda xəstədir

Məşhur “xalq mahnısı”nın tanınmayan müəllifi - O, hazırda xəstədir

21 Sentyabr 2015, 17:17


Yəqin ki, hamınız Nəzakət Teymurova, Mənsum İbrahimov, Alim Qasımov, eləcə də digər sənətkarların ifasında məşhur “Getmə, kimsəsizəm, qal, sənə qurban” misrası ilə başlayan mahnını dinləmisiniz. Yazıya keçməzdən əvvəl yaddaş üçün həmin mahnının sözlərini təqdim edirik:

Getmə, kimsəsizəm, qal, sənə qurban.
Bu dilsiz, ağızsız, lal sənə qurban.
Mənlə şirin danış, mənlə şirin din.
Ələnsin ləbindən bal, sənə qurban,

Getmə, uzaqlara, qal sənə qurban.
Ömürlük həmdəmim ol, sənə qurban.
Amandır... Düşməsin qəlbinə ey yar...
Lalə yanağında xal, sənə qurban,

Şeirin tam hissəsini yazmadıq. Hansı ki, müəllifin mahnıda təhrif olunmamış misraları ilə birgə əlavə bəndlər də var. Bəli, bəli, müəllifin. Çoxlarının xalq mahnısı kimi bildiyi “Getmə uzaqlara, qal sənə qurban” əslində xalq mahnısı deyil. Şeirin sonu bu cürdür:

“Ala gözlərini süzdürəndə sən
 Qalmadı Asifdə hal sənə qurban”

Modern.az saytı xalq mahnısı kimi tanınan məşhur musiqinin müəllifindən danışacaq. Qeyd edək ki, bu barədə sayta şairin oğlu Elnur Babazadə məlumat verib və atasının “Getmə uzaqlara, qal sənə qurban” adlı şeirlər kitabından faktları da təqdim edib. Odur ki, mahnının necə yaranması və kim tərəfindən bəstələnməs, ilk dəfə kimin oxumasını sonraya saxlayaraq, sözlərin müəllifindən danışacağıq.

Son misralardakı Asif adına qayıdaq. Məşhur “xalq mahnısı”ndakı sözlərin müəllifi Asif Babazadədir. Oğlunun dediyinə görə, çox təəssüf  ki, hazırda səhhəti o qədər də yaxşı deyil. Amma həm özü, həm də ailəsi istəyir ki, heç olmasa bu şeirin ona məxsus olduğunu bilsinlər.

Şair 1933-cü ildə Bakıda anadan olub və uzun müddət “Sovetski”də 120 nömrəli evdə yaşayıb. 1975-85-ci illərdə “Azərbaycan” nəşriyyatında elanlar şöbəsinin müdiri kimi çalışıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində mətbəənin direktoru işləyib.

Elnur Babazadənin sözlərinə görə, bir çox şeirlərin müəllifi olan Asif Babazadə bu gün əksər xalq artistlərinin sevərək oxuduğu və səhv olaraq xalq mahnısı adlandırılan  musiqinin sözlərinin müəllifidir.

Elmin NURİ

Qeyd: Modern.az saytı həm şair haqqında, həm də məşhur mahnının tarixçəsi haqqında araşdırmalarını davam etdirəcək.






Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan xəbərdarlıq etdi- bütün təxribatçılar saxlanılacaq