Modern.az

Tariximizi yaşadan Qobustan

Tariximizi yaşadan Qobustan

Ölkə

26 Yanvar 2011, 19:28

Əgər ermənidə belə qədim, yaşı minilliklərlə ölçülən tarixi abidələr olsaydı  gecə-gündüz dünyada təbliğat aparmaqla məşğul olardı. Biz isə belə zəngin tariximizi nədənsə dünyaya yetərli şəkildə tanıtmamışıq. Bu gün təbliğatın mahiyyəti, dili, texnologiyası təkmilləşir. Ona  görə də belə mədəniyyət abidələrinin  daha yaxşı qorunub, dünyada tanıdılması üçün  bu sahəyə  böyük həcmdə sərmayələrin yatırılmasına ehtiyac var.

Milli dəyərlərin öyrənilməsinə, yaşadılmasına qoyulan sərmayə ola bilər ki, rentabelli olmasın.  Lakin bu yatırımlar millətin gələcəyinə hesablanır. Necəki, vaxtı ilə Hacı Zeynalabdin Tağıyev,  Ağamusa  Nağıyev  və digərləri bu missiyanı yerinə yetiriblər. Əgər Qobustan hər hansı səfalı yerdə, yaşıllıqlar qoynunda olsaydı, indi orada sərmayə qoymağa can atanların sayı çox olardı. Çünki Tağıyevdən, Nağıyevdən fərqli  indiki sahibkarlar dəyərlərə deyil daha  maraqlara üstünlük verirlər. Millətin keçmişi ilə bağlı olan elə dəyərlər var ki, o heç bir maddiyyətlə ölçülmür.

Qobustanla bağlı onu demək olar ki, bu ərazilərə geniş auditoriyanı, xüsusilə, xarici turistləri cəlb etmək üçün daha optimal variantlar tapmağa, cəlbedici layihələrin  gerçəkləşməsinə, istirahət obyektlərinin tikintisinə,  yaşıllıq zonalarının sürətlə salınmasına ehtiyac var. Digər tərəfdən  tariximizin  bu mərhələsini  dünyaya tanıtmaq üçün ilk öncə bizim Qobustanı öyrənməyimiz, bilməyimiz zəruridir

Hər zaman öyündüyümüz İçəri şəhərə Qobustanla müqayisədə münasibət fərqlidir. Heç olmasa  İçəri şəhər paytaxdadır və bu tarixi abidəyə ictimai nəzarət var. Bakıya gələn istənilən əcnəbi qonaq İçəri şəhərlə tanış ola bilər. Ancaq  paytaxtdan xeyli uzaqda, səhrada yerləşən Qobustanla belə tanışlıq imkanı zəifdir.Təbii ki, həm İçəri şəhərə, həm də Qobustana doğma münasibət  milli dəyərlərmizə verilən qiymətdir.  

Qeyd edək ki, Qobustan qoruğu Abşeron yarımadasının  cənubi-qərbində, Bakının 60 km-də yerləşən, Böyük Qafqazın  cənubi-şərq qollarının alçaq dağlıq və dağətəyi ərazisidir.

Tədqiqatçıların  qənaətincə, Qobustanın adı qobu sözündən götürülmüşdür.Ona görə də Qobustan qobular və yarğanlar diyarı sayılır. Ən böyük hündürlük burada 1047 m-dir. Palçıqlı, dərətəpəli,  gilli relyefə malikdir. Cənubunda palçıqlı yanardağlar mövcuddur.

Burada əsasən yarımsəhra landşaftları hökm sürür və  qış otlaqları olub. Ehtimal olunur ki, heyvandarlığın  bu qədər çoxalması nəticəsində bu ərazilərdəki  yaşıllıqların  kökü kəsilib. Bəlkə də Qobustanın sovet dönəmində qoyun qışlaqlarla əhatə olunması, yolsuzluq, səhralaşma  bu mədəniyyət abidəsinə qarşı  biganəlik yaratmışdı.

Son dövrlər Qobustan tarixi  qoruq ərazisində görülən işləri, həmin yerlərə müasir standartlara uyğun yolların çəkilməsini, bəzi infrastuktur layihələrinin həyata keçirilməsini müsbət qiymətləndirmək olar. Xüsusilə, Ceyrankeçməz çayı üzərində tikilib istifadəyə verilən  körpü  qoruğa girişi xeyli yaxşılaşdıracaq. Digər tərəfdən  həmin tarixi qoruğa  ayrılan səmərəli vəsaitlər  turizm  üçündə yeni imkanlar yarada bilər.  

Onu qeyd edək ki, Qobustan tarixi abidələrinin öyrənilməsi 1939-1940-ci illərdən başlayaraq, bu günə qədər də davam edir.  Bu sahədə  çalışan bütün tədqiqatçıların əməyini yüksək dəyərləndirmək lazımdır.Yalnız onların sayəsində  Qobustanla bağlı ətraflı məlumatlar  əldə edərək  bu mədəniyyət tariximizi tanıya bilmişik. Onu da qeyd edim ki, Azərbaycan SSR Nazirlər Sovetinin 9 sentyabr 1966-cı il 503 saylı qərarına əsasən Qobustan qoruğu təşkil edilmişdir. Qoruğun ərazisi 4400 hektar olub.

Tədqiqatçıların verdiyi məlumatlara görə, Qobustan dağlarında Azərbaycan xalqının  maddi və mənəvi mədəniyyətini əks etdirən 6 mindən çox qədim rəsmlər tapılmışdır. Qədim yaşayış məntəqələri, mağaralar və dayanacaqlar, 40 kurqan qazıntıları və 100 mindən çox maddi mədəniyyət əşyaları aşkar olunmuşdur. Ən qədim rəsmlər mezazoy erasına aid olduğu bildirilir. Ancaq burada bizim eradan əvvəl də yaşayışın olması istisna edilmir. Elə buna görə də Qobustan qədim mədəniyyətin beşiklərindən biri sayılır.

Qobustanın abidələr məcmusu nadir rəsmlər kolleksiyası və ibtidai insanların yaşayış tərzini əks etdirən bir material kimi dünyada qəbul olunur. Xalq tamaşaları və incəsənətin başqa növləri öz başlanğıcını məhz Qobustan abidələr kolleksiyasından götürür. Qobustandan  başlayaraq şimala tərəf  Xəzərin sahili boyunca Bakıya və Abşeron yarımadasının ucqarlarına qədər bu tarixi memarlıq ənənələrinə təsadüf olunur.

Alimlərimizin qənaətincə, Qobustanın qayaüstü təsvirləri bizim eradan əvvəl  X-VIII əsrlərə aid  edilir. Böyük bir tarixi əhatə etdiyinə görə Qobustan qayaüstü təsvirləri başqa qayaüstü kolleksiyalardan daha üstündür. Qədim rəsmlərdən başqa Qobustanda, Böyükdaş dağının ətəyində latınca yazılmış sözlər aşkar edilmişdir. Bu yazının bizim eradan əvvəl I əsrə (84-96-cı illər) aid olması və Bakının yaxınlığına qədər Roma qoşunlarının  gəlməsi ehtimal edilir

Bundan başqa Qobustanda XII-XIV əsrlərə aid olan ərəb əlifbası ilə həkk olunmuş yazılara da təsadüf olunur.

Şübhəsiz  Qobustan elə bir tarixi məkandır ki, orada hələ çox tədqiqatlar aparılacaq, ehtimallar irəli sürüləcək. Ola bilər  kimlərsə bu yazı ilə razılaşmasın. Mən hər kəsin fikirlərinə hörmətlə yanaşıram.Ən yaxşısı odur ki, ora səfər edib həmin abidələrlə əyani tanış olmaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı