Modern.az

Bələdiyyələrin seçkilərdən sonrakı bir ili

Bələdiyyələrin seçkilərdən sonrakı bir ili

Ölkə

4 Mart 2011, 19:22

Seçkilərdən sonrakı gözləntilər hələ də müzakirə mərhələsini aşa bilməyib


Bu yaxınlarda Milli Məclisin regional məsələlər komitəsinin iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” məsələyə baxılıb. Həmin iclasda yerli əhəmiyyətli məsələlərin həllində özünüidarə orqanlarının rolunun artırılması məqsədilə 2009-cu ildə qəbul olunmuş qanunlara əsasən 2010-cu ildə Azərbaycandakı 1567 bələdiyyədən 1552-si birləşdirilərək 569 yeni bələdiyyə yaradıldığı, bir il əvvəl isə bələdiyyələr növbəti seçkilər keçirildiyi xatırlanıb.

Bəs görəsən, 2009-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərindən sonra yerli özünüidarə orqanlarının fəaliyyətində hansı dəyişikliklər baş verib? Seçkilərdən əvvəl ictimaiyyətin gözləntiləri özünü doğrulda bilibmi?

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar Tofiqli bildirir ki, bələdiyyə seçkilərindən keçən bir il ərzində yerli özünü idarəetmə qurumlarının fəaliyyətində heç bir irəliləyiş olmayıb. Onun sözlərinə görə seçkidən sonra təkcə bələdiyyələrin yenidən formalaşmasına və birləşmə ilə bağlı sənədləşmə prosesinə 2-3 ay vaxt sərf olunub: “Çünki birləşmədən sonra bələdiyyələr hüquqi status alaraq yenidən Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli idi. Bu isə xeyli vaxt apardı”.

Seçkilərdən sonrakı gözləntilər

Vüqar Tofiqli hesab edir ki, ümumilikdə seçkilərdən sonrakı bir ildə bələdiyyələrin fəaliyyətində əvvəlkilərdən fərqli heç bir irəliləyiş müşahidə olunmayıb. Əksinə, 2010-cu ildə bələdiyyələrin iqtisadi durumu daha da ağırlaşıb.  Onun sözlərinə görə, uzun müddətdir bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi barədə müzakirələr aparılsa da, bu, reallaşmayıb: “Hətta Milli Məclisdə fikirlər səslənirdi ki, bələdiyyələrə əlavə maliyyə mənbələri veriləcək, parlament səviyyəsində müəyyən qanunlar hazırlanacaq. Üstəlik əmlak vergisi ilə bağlı məhdudiyyətlərin də aradan qaldırılacağı deyilirdi. Amma bu yeniliklərin heç biri reallaşmadı”.

Ekspert sonuncu seçkisindən sonra ölkə ictimaiyyəti bələdiyyə qanunvericiliyində müəyyən dəyişikliklər ediləcəyini gözləyirdi. Bu gözləntilər isə təkcə bələdiyyələrdən yox, bələdiyyələrlə əlaqəli işləyən dövlət qurumlarının bu istiqamətdə aktiv fəaliyyətə keçəcəyi ilə bağlı olub. Onun sözlərinə görə, 2009-cu il dekabr seçkilərindən sonra Ədliyyə Nazirliyinin strukturlarında, Milli Məclisdə, icra orqanlarında bu istiqamətdə olan məhdudiyyətləri, maliyyə sıxıntılarının aradan qaldırılacağı gözlənilirdi: “Şəxsən mən seçkilərdən sonra Ədliyyə Nazirliyinin bələdiyyələrə fəal şəkildə dəstək verəcəyini düşünürdüm. Amma cəmiyyətdə, ictimaiyyətdə, o cümlədən qanunverici orqanda belə dəstək ya olmadı, ya da çox cüzi oldu. Halbuki bələdiyyələrə müəyyən köməkliklərin edilməsi, lobbiçilik xidməti nəticədə yerli əhəmiyyətli problemlərin həllinə kömək edərdi”.

Siyasi iradə var...

Müsahibimiz bildirir ki, bələdiyyələrə hüquqi-siyasi, sosial-iqtisadi dəstəyin artırılması siyasi iradədən daha çox bu sahə ilə əlaqəli olan icra orqanlarının işə münasibətindən asılıdır. Onun fikrincə, artıq ölkə başçısı son çıxışlarında bələdiyyələrin fəaliyyətinin genişləndirilməsinin, onlara müxtəlif istiqamətlərdə dəstəyin verilməsinin zəruriliyini bir neçə dəfə xüsusi qeyd edib və bu, dövlətin özünüidarə orqanlarına açıq dəstəyin göstəricisidir: “Prezident artıq öz mövqeyini ortaya qoyaraq açıq şəkildə söyləyib ki, bələdiyyələr yerli özünüidarə orqanı kimi inkişaf etsin və əksmərkəzləşmə siyasətinin əsas prinispini həyata keçirsin. Yəni bələdiyyələrin əksmərkəzləşməninin əsas təmsilçisi olduğunu prezident də deyir. Bu baxımdan dövlət başçısının iradəsi məlumdur. Amma Milli Məclisin, Ədliyyə Nazirliyinin, digər icra strukturlarının, o cümlədən yerli icra strukturlarının üzərinə düşən məsələlər də həllini tapmalıdır”.

Bununla belə, AVCİYA-nın təmsilçisi sonuncu seçkilərdən sonra bəzi bələdiyyələr üçün mühüm bir addım atıldığını söyləyir. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, Kür və Araz çayları boyu kəndlərdə sutəmizləyici qurğuların idarə edilməsi üçün bələdiyyələrə dövlət büdcəsindən 777 min manata yaxın vəsait ayrılıb. Bu yeniliyi təqdirəlayiq hal kimi dəyərləndirən Vüqar Tofiqli hesab edir ki, bu cür tədbirlərin coğrafiyası genişləndirilməli və davamlı xarakter daşımalıdır. Onun fikrincə, belə dəstək pilot şəklində bir neçə bələdiyyəyə deyil, 1718 özünüidarə orqanının hamısına şamil edilməlidir.   

“Bu sahəyə daha çox diqqət yetirmək lazımdır. Dövlətin yerli icra orqanlarındakı strukturlar bələdiyyələr üçün sifarişlər verə, ayrı-ayrı şirkətlərin görməli olduğu işi bələdiyyələr vasitəsilə həyata keçirə bilər. Bu, müəyyən mənada həm bələdiyyələr xeyir gətirər, həm də yerli əhəmiyyətli problemləri daha səmərəli və sürətli şəkildə həll etmək olar” – Vüqar Tofiqli belə düşünür.

...İşlək mexanizm isə yoxdur

Bundan başqa, ekspert hesab edir ki, bələdiyyələrin fəaliyyətinə birbaşa təsir edən bir çox məsələlər seçkilərdən sonrakı dövrdə də həll edilməmiş qalır. O, buna misal olaraq, dövlət tərəfindən bələdiyyələrə ayrılan subsidiyaların yerlərə gedib çatıb-çatmaması, həmin vəsaitlər üzərində şəffaflıq məsələlərini qeyd edir. Vüqar Tofiqlinin fikrincə, əvvəlki illərdə də ayrılan vəsaitlərin bələdiyyələrə gedib çatmadığı, bu sahədə neqativ hallara yol verildiyi barədə faktlar olub: “Ona görə də bu məsələlər kompleks şəkildə yanaşılmalıdır, bir tərəfdən qanunvericilik, digər tərəfdən isə onun icra mexanizmləri müəyyənləşdirilməlidir. Bir tərəfdə icra strukturları barədə statistik rəqəmlər, digər tərəfdən normativ-hüquqi sənədlər dəqiqləşməlidir”.

Ekspert bildirir ki, qanunvericiliklə icra mexanizminin bir-birini tamamlamaması  bələdiyyələrin mülkiyyətindəki torpaqların satışında da özünü göstərir. Belə ki, bələdiyyə torpaqlarının hərrac və müsabiqələr yolu ilə satışa çıxarılmasının hüquqi-normativ sənədləri hazırlansa da, region bələdiyyələrinin 50-60 faizində indiyədək belə hərraclar keçirilməyib. Bu səbəbdən də bələdiyyələr torpaq satını həyata keçirə bilmir: “Çünki son qiymət məlum deyil, bazar qiymətləri müəyyənləşməlidir. Yəni bələdiyyələrin fəaliyyətinə təsir edən belə məsələlər var ki, onların hamısı kompleks şəkildə həyata keçirilməlidir”.

Bərdə rayonun Xanərəb kənd bələdiyyəsinin sədri Cavid Abdullayev isə seçkilərdən sonrakı bir il ərzində yerli özünü idarə orqanlarının fəaliyyətində müsbət meyllərin olduğu qənaətini bölüşmür. Onun fikrincə, nə seçkilər ərəfəsində müvafiq qurumlar tərəfindən aparılan müzakirələrin nə də, seçkilərdən az əvvəl kiçik bələdiyyələrin birləşməsinin bu sahədə inkişafa təsir etməyib.

Bununla belə, Cavid Abdullayev alternativ imkanlardan mümkün qədər istifadə etməklə müəyyən irəliləyişlərə nail olmaq istədiklərini söyləyir. Onun sözlərinə görə, Xanərəb bələdiyyəsi 2010-cu ildə Azərbaycanda ilk dəfə olaraq, xarici donorların maliyyə dəstəyi ilə kənddə meyvə-tərəvəz üçün soyuducu anbar tikib. Hazırda yerli əhali istehsal etdiyi kənd təsərrüfatı məhsullarını bu anbarda saxlayır: “Bələdiyyələrin dövlətdən birbaşa maliyyə almaq imkanları yoxdur. Nə də bələdiyyələrin layihələrini indiyədək heç bir dövlət qurumu maliyyələşdirməyib. Amma bəzi qeyri-hökumət təşkilatları bizim layihələrə vəsait ayırmaqdan imtina etmir”.

Xanərəb bələdiyyəsinin sədri hazırda bir neçə sosial layihələrinin olduğunu da deyir. Bu layihələrin ən vacibləri kəndə təbii qaz xəttinin çəkilməsini, digəri orta məktəb binasının əsaslı təmiri və yenidən qurulmasını nəzərdə tutur: “Bu layihələrimiz hazır vəziyyətdədir. Gözləyirik maliyyə mənbələri tapaq və işə başlayaq”.

Cavid Abdullayev bildirir ki, hazırda region bələdiyyələrinin dövlətdən ən böyük gözləntisi səlahiyyətlərinin artırılmasıdır. Onun fikrincə, bəzi xidmət sahələrinin, vergi və ödənişlərin yerli özünüidarə orqanlarına verilməsi bələdiyyə üçün yaxşı şərait yarada və bu qurumların fəaliyyətini genişləndirə bilər.

“Biz çox istərdik ki, Vətəndaş vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) xidməti bələdiyyələrin səlahiyyətinə verilsin. Belə olsa, cəmiyyətlə bələdiyyələr arasında bir körpü yaranar, özünüidarə orqanlarına müraciət edənlərin də sayı artar. Amma indi səhərdən axşamadək kabinetdə otursaq belə, bir nəfər də olsun qapımızı açıq nəsə müraciət edən yoxdur” - deyə, bələdiyyə sədri əlavə edir.

Birləşmə nəticə verib

Bərdənin Zümrüxan bələdiyyəsinin sədr müavini Kərəm Hüseynov isə ötən seçkilərdən sonra təmsil etdiyi qurumun maliyyə təminatının qismən də olsa, yaxşılaşdığı qənaətindədir. Amma bu təminat dövlətin özünüidarə orqanlarına verməyə hazırlaşdığı əlavə səlahiyyətlərdən deyil, yerli vergilərdən qaynaqlanır. Onun sözlərinə görə, 2009-cu il seçkiləri ərəfəsində Zümrüxan bələdiyyəsi qonşu İmamqulubəyli və Dilənçilər bələdiyyələri ilə birləşib və bu, vergi yığımında xeyli irəliləyiş yaradıb.

Müsahibimiz bildirir ki, 3 bələdiyyənin bir qurumda birləşməsindən sonra növbə ilə kəndlərdə yollar abadlaşdırılır, yerli əhəmiyyətli digər sosial layihələr reallaşdırılır: “Əvvəllər yığılan vergi ödənişləri cüzi məbləğ olduğundan heç bir iş görmək olmurdu. İndi isə 3 kənd birləşib və əldə olunan vəsaitlər vacib sosial layihələrə xərclənir. Bununla həm bələdiyyələr öz fəaliyyətini qurur, həm də əhali arasında özünün mövcudluğunu göstərə bilir”.

Bununla belə, Kərəm Hüseynov da hesab edir ki, seçkidən sonra dövlətin bələdiyyələr fəaliyyətini genişləndirməsi, yerli problemlərin həllinə nail olması real görünmür. Onun fikrincə bələdiyyələrin bu çətinliklərlə üzləşməməsi üçün yerli özünüidarə orqanlarının səlahiyyətləri artırılmalıdır: “Açığını deyim ki, seçki ərəfəsində biz dövlətdən bələdiyyələrə belə dəstək verəcəyini gözləyirdik. Hətta seçkilərdən sonra nəzarət orqanları ilə keçirilən iclaslarda da bu məsələlər müzakirə olunurdu. Amma hələ ki, bu istiqamətdə yeni bir şey yoxdur”.

Bələdiyyə sədri deyir ki, yerli icra hakimiyyəti orqanları bu istiqamətdə özünüidarə qurumlarına dəstək verməyə çalışsalar da, onların buna imkanı çatmır. Onun sözlərinə görə, hesabat yığıncaqlarda rayon icra hakimiyyətinin rəhbərləri də şəxsən iştirak edir və dövlət strukturlarını yerli özünüidarə orqanları ilə birgə işləməyə çağırır: “Amma bu çağırışların real nəticəsi olmur. Çünki yerli icra orqanlarının nə əlində böyük səlahiyyətləri var, nə də maliyyə mənbələri”.

E.Salahov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı