Modern.az

Polad Bülbüloğlu müzakirələrinə sərt REAKSİYA

Polad Bülbüloğlu müzakirələrinə sərt REAKSİYA

Aktual

28 Avqust 2026, 15:07

Son günlər Xalq artisti, deputat Polad Bülbüloğlunun şəxsi həyatı ilə bağlı yayılan məlumatlar və sosial şəbəkələrdə aparılan müzakirələr şəxsi həyatın toxunulmazlığı, ictimai marağın sərhədləri və insanların şəxsi seçimlərinə müdaxilə məsələsini gündəmə gətirib.

Modern.az xəbər verir ki, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, ictimai şəxslərin fəaliyyəti ilə onların şəxsi həyatı arasında sərhəd düzgün müəyyənləşdirilməlidir.

Onun sözlərinə görə, deputatın, nazirin və ya yüksək dövlət vəzifəsi daşımış şəxsin fəaliyyəti, qəbul etdiyi qərarlar, gəlirləri, mümkün maraqlar toqquşması, dövlət resurslarından istifadə etməsi ictimai müzakirə və araşdırma predmeti ola bilər.

“İki insanın münasibətində zor, məcburetmə, hüquq pozuntusu, vəzifədən sui-istifadə, maraqlar toqquşması, dövlət imkanlarından şəxsi məqsədlər üçün istifadə və ya başqa şəxslərin hüquqlarına toxunan hal varsa, məsələ artıq yalnız onların şəxsi işi sayıla bilməz. Bu halda ictimai maraq yaranır və sual vermək, araşdırmaq təbiidir. Bunların heç biri yoxdursa, üçüncü şəxslərin həmin münasibətə müdaxilə etməsinin əsası yoxdur”, - hüquqşünas qeyd edib.

Ə.Nuriyev bildirib ki, iki yetkin insan arasındakı yaş fərqi kiminsə şəxsi və mənəvi baxışlarına uyğun gəlməyə bilər, lakin bu, özlüyündə ictimai ittiham üçün əsas yaratmır:

“İctimai sual yaş fərqinin özündən deyil, münasibətdə vəzifədən, nüfuzdan və ya asılılıqdan sui-istifadəyə dair əsaslı şübhənin yarandığı yerdən başlaya bilər. Bizim zövqümüz hüquq deyil. Mənəvi təsəvvürümüz də avtomatik olaraq başqasının həyat qaydasına çevrilmir”.

Hüquqşünasın sözlərinə görə, qanuni olan hər davranış cəmiyyətin bütün üzvlərinin əxlaqi baxışlarına uyğun gəlməyə bilər və insanların buna münasibət bildirmək hüququ var. Lakin bu hüquq şəxsin alçaldılması, təhqir edilməsi və şəxsi həyatının kütləvi müzakirə obyektinə çevrilməsi kimi başa düşülməməlidir.

“‘Mən belə münasibəti qəbul etmirəm’ demək başqa şeydir. Bir insanın şəxsi həyatını didik-didik etmək, onu yaşına görə ələ salmaq, ailə münasibətlərini sensasiyaya çevirmək isə tamam başqa məsələdir”, - Ə.Nuriyev vurğulayıb.

O qeyd edib ki, şəxsi həyatın toxunulmazlığı insanın ictimai mövqeyindən, xidmətlərindən və ya məşhurluğundan asılı deyil:

“Polad Bülbüloğlu böyük sənətkar, dövlət və ictimai xadim olmasaydı belə, onun şəxsi həyatına hörmət edilməli idi. Şəxsi həyat toxunulmazlığı xidmətlər müqabilində verilən imtiyaz deyil”.

Ə.Nuriyevin fikrincə, əsas problemlərdən biri ictimaiyyətin marağı ilə ictimai marağın bir-birindən fərqləndirilməməsidir. Onun sözlərinə görə, kiminsə boşanması, yenidən ailə qurması və ya özündən yaşca böyük, yaxud kiçik şəxslə münasibət yaratması cəmiyyətin diqqətini çəkə bilər, lakin insanların maraq göstərdiyi hər məsələ avtomatik olaraq ictimai maraq daşımır.

Hüquqşünas bildirib ki, sosial şəbəkələr başqalarının ailə həyatına müdaxiləni daha geniş və sərt miqyasa çıxarıb:

“Hər tənqid linç deyil. Bir insanın davranışını bəyənməmək, onunla razılaşmamaq və bunu açıq şəkildə bildirmək demokratik cəmiyyətdə normaldır. Amma yüzlərlə insanın bir şəxsin üzərinə yönəlməsi, onun təhqir edilməsi, yaşına görə məsxərəyə qoyulması, təsdiqlənməmiş şəxsi məlumatların yayılması, ailə üzvlərinin müzakirəyə çəkilməsi və şəxsi həyatının kütləvi əyləncəyə çevrilməsi artıq başqa hadisədir”.

Ə.Nuriyev əlavə edib ki, şəxsi həyatın toxunulmazlığı şəxsi qanundan və ictimai məsuliyyətdən azad etmir. Zorakılıq, məcburetmə, korrupsiya, maraqlar toqquşması, vəzifədən sui-istifadə və digər şəxslərin hüquqlarının pozulması hallarında məsələnin “şəxsi həyat” adı altında müzakirədən kənarda saxlanılması doğru deyil.

“Amma iki yetkin insanın sərbəst qərarını sırf yaş fərqinə, keçmişinə və ya bizim həyat təsəvvürümüzə uyğun gəlmədiyinə görə ümumi mühakiməyə çıxarmaq başqa şeydir. Şəxsi həyatın toxunulmazlığı yalnız Konstitusiyada və qanunlarda təsbit edilmiş hüquq deyil, həm də cəmiyyətin mədəniyyət göstəricisidir”, - hüquqşünas deyib.

O vurğulayıb ki, ictimai şəxs olmaq insanın bütün həyatının ictimai mülkiyyətə çevrilməsi anlamına gəlmir:

“Polad Bülbüloğlunun ictimai fəaliyyəti, dövlət vəzifəsində fəaliyyəti, siyasi mövqeyi, qərarları, sənəti və yaradıcılığı tənqid edilə bilər. İctimai şəxs buna hazır olmalıdır. Amma kiminlə yaşayacağı, kimi sevəcəyi, hansı yaşda ailə quracağı və şəxsi münasibətlərini necə quracağı - qanunu və başqa insanların hüquqlarını pozmadığı müddətdə - ilk növbədə həmin şəxsin öz seçimidir”.

Ə.Nuriyevin fikrincə, başqasının şəxsi həyatını müzakirə etməzdən əvvəl hər kəs özünə sadə bir sual verməlidir: “Mənim burada nə işim var?”.

Hüquqşünas hesab edir ki, bu sərhədin qorunması həm insanların əsassız kütləvi hücumdan müdafiəsi, həm də başqasının şəxsi həyatına müdaxilənin cəmiyyətdə adi davranış formasına çevrilməsinin qarşısının alınması baxımından vacibdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...