Milli Məclisin deputatları seçki kampaniyası zamanı seçicilərinə müxtəlif vədlər verir, mandat aldıqdan sonra isə bu vədlərin icrası və vətəndaşların müraciətlərinin həlli istiqamətində fəaliyyət göstərirlər. Bəzi hallarda deputatlar verdikləri vədləri tam şəkildə yerinə yetirə bilsələr də, müəyyən məsələlərin həlli onların səlahiyyət və imkanlarından kənarda qalır.
Bəs deputatlar seçicilərinə verdikləri vədlərin nə qədərini yerinə yetirə biliblər? Hansı məsələlər hələ də həllini gözləyir və buna nə səbəb olur?
Modern.az bu suallar ətrafında deputatların mövqeyini öyrənmək məqsədilə başladığı rubrikanı davam etdirir.
Rubrikanın növbəti qonağı Milli Məclisin Cəbrayılı təmsil edən deputatı Ceyhun Məmmədovdur.
Deputat “Seçicilərinizə verdiyiniz vədləri yerinə yetirə bilirsinizmi?” sualını cavablandırarkən bildirib ki, vətəndaşların bütün istək və müraciətlərinin həlli hər zaman deputatdan asılı olmur və o, seçki dövründə əsasən həyata keçirə biləcəyi məsələlərlə bağlı vədlər verməyə çalışır:
“Ümumiyyətlə, vətəndaşın bütün müraciət və istəklərini həyata keçirmək asan məsələ deyil. Haqlı olaraq, vətəndaş deputatdan, dövlət məmurundan çox şey umur. Təbii ki, deputat da verdiyi vədi yerinə yetirməyə çalışır. Seçicilərin bütün istək və arzularını yerinə yetirmək olduqca çətin və mürəkkəb məsələdir. Adətən, mən yerinə yetirmədiyim vədləri verməməyə çalışıram. Nəyi edə bilirəmsə, o barədə söz verirəm. Düşünürəm ki, hazırda vəd verdiyimiz və yerinə yetirmədiyimiz işlər yoxdur”.
C.Məmmədov qeyd edib ki, seçicilərlə daim əlaqədədir və daxil olan müraciətləri aidiyyəti qurumlar qarşısında qaldırır:
“Biz daxil olan bütün müraciətlərimizi qaldırırıq. Sosial media hesablarından, mesajlaşma platformalarından daim seçicilərimizlə təmasdayıq. 24 saat əlaqə, ünsiyyət və yazışma var. Burada bir nüans var ki, biz məsələni qaldırırıq, amma onu aidiyyəti qurumlar həll etməlidir. Onun nəticəsini bilmədiyimiz üçün əvvəlcədən öhdəlik üzərimizə götürmürük. Bəzən vətəndaşlar narazı olur, amma məsələ ondadır ki, bu, bizdən asılı olmur. Yəni bizim işimiz məsələni qaldırmaqdır, onun həlli isə mərkəzi icra hakimiyyəti orqanlarından asılıdır”.
Deputat bildirib ki, bəzi müraciətlər nəticəsiz də qala bilir. Onun sözlərinə görə, xüsusilə əlillik, təhsil, qaçqın və məcburi köçkünlərlə bağlı müraciətlərdə müəyyən çətinliklər yaşanır:
“Nəticəsi olmayan müraciətlər də var. Bu da tək məndə yox, hamıda belə olur. Daha çox əlilliklə bağlı müraciətləri biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında qaldırırıq. Əksər hallarda, təəssüf ki, müsbət cavab almırıq. Bəzən təhsillə bağlı da belə müraciətlər olur. Son günlər qaçqın və məcburi köçkünlərlə bağlı çoxlu müraciətlər olur. Müraciətləri ünvanlasaq da, onların hamısı həllini tapmır. Ona görə biz əvvəlcədən söz vermirik. Əvvəlcədən deyirik ki, müraciət edin, biz yönləndirəcəyik”.